"Biz indi on il əvvəlki ölkə deyilik. Biz dəyişmişik
və özümüzə qarşı münasibəti də
dəyişirik"
- Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsinə dair elə dünən
referendum keçirilmişdir. Siz onun hazırlanması və
keçirilməsi prosesini necə qiymətləndirirsiniz?
- Elektoratın fəallığını,
habelə bütün təşviqat qruplarının səmərəli
işini nəzərə alsaq, bütövlükdə bu
prosesi çox müsbət qiymətləndirirəm. Ölkə
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi təşəbbüsünü üzvlərinin
sayı 500000 nəfərdən çox olan hakim Yeni Azərbaycan
Partiyası irəli sürmüşdür. Bu, sanballı
elektoratdır və onun rəyi ilə hesablaşmaq
lazımdır. Demokratiyanın mahiyyəti məhz bundadır
ki, cəmiyyətin bu və ya digər hissəsinə bizim
inkişafımız üçün ümdə olan məsələlər
barədə öz mövqeyini ifadə etmək imkanı
verilsin. Demokratiya isə cəmiyyətə səsvermə
qutularının yanına gəlmək və təklif edilən
əlavələrə və dəyişikliklərə
"hə" və ya "yox" cavabını vermək
üçün imkan yaradır. Bu təkliflərin dövlətin
mənafelərinə cavab verib-vermədiyini təkcə
iqtidar və əks-elita deyil, bütövlükdə cəmiyyət
özü həll etməlidir. Yalnız bu halda biz səmərəli
demokratik nəzarət və davamlı inkişaf haqqında
danışa bilərik. Azərbaycan parlamenti bu həqiqəti
əsas götürərək referendum keçirilməsi
haqqında qərar qəbul etmişdir.
Referendum, ilk növbədə,
xalqın öz iradəsini sərbəst ifadə etməsi deməkdir.
İqtidar, əks-elita və cəmiyyət bu yolla dövləti
inkişaf etdirmək məqsədi ilə
qarşılıqlı fəaliyyət göstərir. Mən
bu referendumu ölkənin modernləşdirilməsi, demokratik
dəyişikliklərin intensivləşdirilməsi və təbii
ki, ölkədə sabitliyin qorunub saxlanması istiqamətində
irəliyə doğru bir addım kimi qiymətləndirirəm.
Qlobal və lokal transformasiyalar, yeni
çağırışlar nəzərə alınmaqla
Konstitusiyaya dəyişikliklər edilməsi vətəndaşın
hüquq və azadlıqlarının müdafiəsini təkmilləşdirməyə,
ən başlıcası isə, Azərbaycan dövlətçiliyinin
davamlı və səmərəli inkişafını təmin
etməyə imkan verir.
- Siz "İnkişaf
strategiyasını müəyyənləşdirərkən:
modernləşmə xətti" monoqrafiyanızda və məqalələrinizdə
yazırsınız: "Müstəqillik əldə edilməsi
ölkəmizin qarşısında diktaturadan demokratiyaya,
komanda iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına,
iki əsrlik işğalçılıq tarixi olan
imperiyanın bir hissəsindən milli dövlətə
çevrilmək vəzifələrini qoydu". Azərbaycan
üçün bu tranzit başa
çatmışdırmı? Siz ölkənin siyasi sisteminin
müasir inkişaf səviyyəsini necə səciyyələndirərdiniz?
- Müstəqil milli Azərbaycan
dövlətinin qurulması artıq başa
çatmışdır. Azərbaycan xalqı özünün
bütün çoxəsrlik tarixi boyu mürəkkəb
sınaqlardan keçərək dövlət suverenliyinə
nail olmuşdur. İnzibati-amirlik iqtisadi ukladına malik olan sərt
diktatura dövrünü yaşamış ən iri fövqəldövlətin
dağılması nəticəsində 1991-ci ildə
qazanılmış müstəqillik Azərbaycanın
inkişafı üçün geniş imkanlar
açmışdır. Lakin transformasiyanın mürəkkəbliyi
onda idi ki, 1991-ci ilin axırlarından 1993-cü ilin
ortalarına qədər ölkəni idarə edən rəhbərlik
qlobal sosial gerçəkliyin ən mühüm amillərini nəzərə
almırdı. Müstəqilliyin ilk illərində hakimiyyət
sükanı arxasında dayananlar yeni dövlət
quruculuğu proseslərinin nə qədər mürəkkəb
və dərin olmasını başa düşmürdülər.
Onlar ölkədə hökm sürən hərc-mərclikdən,
nifaq və səbatsızlıq şəraitindən istifadə
edərək hakimiyyəti ələ keçirmişdilər,
onların dövlətin idarə edilməsinə dair dərk
olunmuş və peşəkarlıqla hazırlanmış
planı yox idi. Nəticədə dövlətin müstəqilliyi
təhlükə qarşısında qaldı.
Yalnız Heydər Əliyevin
hakimiyyətə gəlməsindən sonra daha böyük
sarsıntılardan yaxa qurtarmaq mümkün oldu. Təxirə
salınmadan həllini tələb edən birinci dərəcəli
məsələlər arasında ölkəni siyasi və
iqtisadi tənəzzüldən çıxarmaq vəzifəsi
də vardı. Milli sosiomədəni dəyərlərin
itirilməsinə son qoymaq, siyasi hərc-mərcliyi cilovlamaq və
xarici siyasətdə Dağlıq Qarabağ problemi ilə əlaqədar
yaranmış qeyri-tarazlığı aradan qaldırmaq
lazım idi. Sonrakı bir neçə ildə Heydər Əliyev
qətiyyətli hərəkət etməli oldu, çünki
sabit fəaliyyət göstərən sosial-iqtisadi və
ictimai-siyasi strukturun yaradılması, ölkənin anarxiyaya
doğru getməsinin qarşısının alınması
üçün radikal tədbirlərin bütöv bir
kompleksini həyata keçirmək lazım idi. XX əsrin
90-cı illərinin ortalarında həyata keçirilmiş
siyasət ölkədə real hakimiyyətsizlik
dövrünün - 80-ci illərin axırları - 90-cı
illərin əvvəllərində baş vermiş hadisələrin
ağır nəticələrini bir qədər aradan
qaldırmağa imkan verdi. Nəticədə siyasi həyatın
və iqtisadi şəraitin sabitləşməsi istiqamətində
sanballı uğurlar qazanmaq mümkün oldu. Aparılan siyasətin
əsas məzmunu cəmiyyətin təkamül yolu ilə
demokratikləşməsi və iqtisadiyyatın inkişafı
üçün şərait yaratmaq idi.
Azərbaycan yeni dövrə qədəm
qoyur və bu dövrdə cəmiyyət sabahkı
günün perspektivini haqlı olaraq indiki iqtidara etibar edir
2003-2008-ci illərdə
İlham Əliyevin Prezidentliyinin əsas konsepsiyası modernləşmiş
iqtisadiyyatdan konsolidasiyalı demokratiyaya keçidi təmin edən
yeni paradiqma yaratmaqdan ibarət idi
Demokratikləşmənin təkamül
və suveren xarakteri siyasi sistemin səmərəli
inkişafını, rəqabətə davamlı bazaar iqtisadiyyatının
formalaşdırılmasını və vətəndaş cəmiyyətinin
sabit inkişafını təmin etməyə imkan verir
Təbii ki, tranzit hələ
başa çatmamışdır, çünki dövlətin
inkişafı uzun və çətin prosesdir. 2003-cü ildən
sonra daxili inkişafın nəticələri beynəlxalq aləmdə
ölkənin milli mənafelərini irəlilətmək
üçün, - o cümlədən Dağlıq
Qarabağ probleminin həlli məsələsində, - təbii
şəkildə daha artıq maliyyə-iqtisadi və siyasi
imkanlara çevrilməyə başlamışdır. Əlbəttə,
Azərbaycan rəhbərliyi öz fəaliyyətinin daxili və
xarici aspektlərində iqtisadi məsələlərə
birinci dərəcəli əhəmiyyət verməyə
başlamışdır, axı, rəqabətin getdiyi
dünya məkanında lazımi yer tutmaq üçün əvvəlcə
gərək özünü möhkəmləndirəsən.
Hamıya məlumdur ki, məhz iqtisadi rifah milli demokratik
tranzitin mahiyyətini və uğurunu irəlicədən
müəyyənləşdirir. Bu tranzit Azərbaycan cəmiyyətində
qlobal transformasiyanın tələbləri və şərtləri
əsasında islahatlar aparmağa imkan vermişdir.
İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, təmsilçi demokratiyanın əsasını
sərbəst bazarın təşəkkülündə ifadə
olunmuş iqtisadi demokratiya təşkil edir. Məhz bu səbəblərə
görə Prezident İlham Əliyev belə bir məntiqi əsas
götürür ki, demokratiyanı möhkəmlətməyin
ən yaxşı üsulu sərbəst bazar münasibətlərinin
təşviq edilməsidir. Yalnız sərbəst bazar fəaliyyət
qabiliyyətli demokratik rejim, ictimai inkişafın bəhsləşməyə
və alternativliyə əsaslanmasını şərtləndirən
açıq vətəndaş cəmiyyəti və ənənələr
formalaşdırmağa imkan verə bilər.
- 1990-cı illər artıq
tarix dərsliklərinə düşmüş, bu dərsliklərin
səhifələrində məlum tərif verilmişdir. Sizin
məqalənizdə həmin tərif belə səslənir:
"Müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev
idarəetmə proseslərinin mərkəzləşdirilməsinə
və milli iqtisadiyyatın durğunluq proseslərinin
dayandırılmasına yönəlmiş sosial-siyasi və
iqtisadi dəyişikliklər həyata keçirməyə
başladı". Siz deyirsiniz ki, "milli tariximizin bu
dövrünü etatist dövr kimi səciyyələndirmək
olar". Bu məntiqdən yanaşsaq, belə
çıxır ki, İlham Əliyev atasının işini
davam etdirir, dövlət sistemini inkişaf etdirir və onu daim
möhkəmləndirir. Lakin belə güman etmək olar ki,
indi bu sahədə "incə işlər" görməyin
vaxtı çatmışdır. Necə bilirsiniz, Azərbaycan
cəmiyyəti siyasi müstəvidə özünün
mütərəqqi niyyətlərini həyata keçirməkdən
ötrü dövlətdən daha çox hüquq və vəzifələr
əldə etmək üçün yetişibmi? Dövlətin
nəzarəti azalacaqmı?
- XX əsrin axırları
milli transformasiya üçün çıxış
nöqtəsi oldu. Azərbaycan yeni minilliyə siyasi-iqtisadi
inkişafın elə səviyyəsində qədəm
qoymuşdur ki, hazırda həmin səviyyə əvvəlki
dövrdə səmərəli dövlətçilik
sisteminin qurulması istiqamətində atılmış real və
təsirli addımlar haqqında mühakimə yürütməyə
imkan verir. Məsələn, həyata keçirilmiş modernləşmə
qərarlarının bütöv bir kompleksi Azərbaycanı
zəif və tənəzzül edən iqtisadi sistemə,
düşkün institusional siyasi quruluşa,
marginallaşmış ictimai şüura malik sosiumdan yeni
davranış normaları və stereotipləri, davamlı
siyasi sistemi, mərhələlər üzrə
formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə
xas iqtisadi strukturu olan məkana çevirməyə imkan
vermişdir.
Azərbaycanın
timsalında dövlətçiliyin güclənməsi vətəndaşın
həyat və fəaliyyətinin bütün sahələri
üzərində dövlətin total nəzarəti demək
deyildir. Etatizm Azərbaycanın qarşısında istər
bütövlükdə dövlətin, istərsə də
ayrıca bir vətəndaşın fəaliyyət motivlərinin
əsas kateqoriyası kimi dayanırdı. Dövlətçilik
mövqeyi vətəndaşların şüurunda kök
salmalı, görülən tədbirlər də məhz bu məqsədə
xidmət etməli idi.
Bu mövqeyin nə dərəcədə
düzgün olmasını müasir dövr özü
nümayiş etdirdi. Bu gün bizim qarşımızda milli
dövlətçiliyi daha da möhkəmlətmək və
inkişaf etdirmək vəzifələri dayanır.
Qarşıya konkret məsələlər qoyulmuşdu:
iqtisadi güc və siyasi sabitlik yaratmaq, yeni dünya nizamı
çərçivəsində regional və qlobal proseslərdə
ölkənin fəal iştirakını təmin etmək,
xarici siyasətdə müdafiə konsepsiyasından hücum
konsepsiyasına keçmək, ölkəmizin bir sıra
ümdə problemlərinə beynəlxalq təşkilatların
biganə münasibətini aradan qaldırmaq lazım idi. Sosial-iqtisadi
istiqamətdə iqtisadiyyatı intensiv modernləşdirmək,
600 min insanı iş yerləri ilə təmin etmək, orta
sinfin formalaşmasının təməlini qoymaq,
bütün ölkənin dinamik inkişafını təmin
etmək, habelə milli iqtisadiyyatın
liberallaşdırılmasına başlamaq və ölkədə
yoxsulluğun səviyyəsini minimuma endirmək zəruri idi.
Regional və beynəlxalq
miqyasda əsas vəzifə Azərbaycan cəmiyyəti
üçün ən mühüm problem olan Qarabağ
probleminin həllinə dair səyləri artırmaqdan ibarət
idi. Bu məqsədə nail olmaq üçün xarici siyasi fəaliyyətin
xarakterini dəyişmək, ölkənin mənafelərini
daim lobbiləşdirmək və diasporu ümummilli əhəmiyyətli
məsələlər ətrafında birləşdirmək tələb
edilirdi. Son illərdə Milli Ordunun müdafiə qabiliyyəti
xeyli artmış, keçən il onun büdcəsi bir milyard
iki yüz milyon ABŞ dollarına bərabər olmuşdur. Hələ
bu yaxınlaradək ölkə büdcəsini on qat
artırmağın mümkünlüyü ilə
bağlı tənqidi çıxışlar eşidirdik,
lakin indiki reallıq Prezident İlham Əliyevin verdiyi vədlərin
əsaslı olduğunu göstərdi.
İndi Azərbaycan
özünün yetkinlik imtahanının yeni mərhələsinə
yaxınlaşır. Son illərdə təkcə meqapolisin
deyil, bölgələrin də siması xeyli dəyişmişdir.
İctimai şüur postmodernist meyilləri latent şəkildə
transformasiya edir və sonrakı illərdə bu meyillər gələcəyin
strategiyasını müəyyən edəcəkdir.
Məlumdur ki, davamlı
iqtisadi sistem labüd olaraq ictimai şüurun daha çox
demokratikləşməsinə doğru aparır. Ona görə
də hazırda Azərbaycanın siyasi elitasının
prioritet vəzifələrindən biri iqtisadi nailiyyətləri
yeni demokratik şüurun formalaşması amilinə
çevirməkdir.
- Gəlin demokratiya barədə
söhbət edək. Yenə sizin məqalənizdən sitat gətirmək
istəyirəm: "Bizi çox vaxt onda
günahlandırırlar ki, guya biz azadlığa adət etməmişik
və guya bizə daim kənardan nəzarət edilməsinə
ehtiyac var. Lakin demokratik transformasiya ilə Qərbin geosiyasi təsiri
arasında hədd qoymaq lazımdır. Axı, biz çox
vaxt demokratiyanı yalnız nümayəndəliyin və xalq
hakimiyyətinin bir forması hesab edir, onu həyata keçirənlərin
ideya və vəzifələrini nəzərə almırıq.
Artıq xeyli vaxtdır ki, demokratiya yalnız çoxluğun
nümayəndəliyinin forması deyildir, çünki biz
çox vaxt ancaq azlığın öz qaydalarını diktə
etməsinin və bu mövqeyin dəstəklənməyə
layiq görülməsinin şahidi oluruq". Azərbaycan
iqtidarının ən yüksək vəzifəli və
nüfuzlu nümayəndələrindən biri kimi siz
demokratik quruculuğun vəzifələrini necə ifadə
edirsiniz və bu vəzifələr milli spesifikaya nə dərəcədə
uyğundur. Çox vaxt politoloqlar və Qərbin kütləvi
informasiya vasitələri haqlı olaraq bildirirlər ki, RF və
Azərbaycan da daxil olmaqla, postsovet ölkələri dəyişikliklər
edilməsində ifrat ehtiyatlı mövqelərini "suveren
demokratiya", "inkişaf etməkdə olan demokratiya",
"milli demokratiya" terminləri ilə pərdələyir.
- Müasir Azərbaycan cəmiyyəti
demokratikləşməni milli inkişafın ən
mühüm sosial amili kimi qəbul edir. Xüsusi vurğulamaq
istəyirəm ki, azərbaycanlılar üçün
demokratiya təzə anlayış deyil. 1918-ci ildə biz
müsəlman Şərqində ilk demokratik dövlət - Azərbaycan
Xalq Cümhuriyyəti qurmuşduq, onun parlamentinə o dövrdə
ölkədə mövcud olan siyasi qüvvələrin, demək
olar ki, hamısının nümayəndələri daxil idi.
Tarixə dərindən nəzər salsaq deməliyik ki, Azərbaycan
mentalitetinin arxetiplərində bərabərlik və
azadlıq idealları ta qədim dövrlərdən mövcud
olmuşdur. Hamıya məlumdur ki, Azərbaycan türklərinin
qəbilə qurumları olan elatlarda demokratik idarəetmə
prinsipi qüvvədə olmuşdur.
Tamamilə aşkardır ki,
müasir demokratiya sadəcə dəbdə olan termin deyil. O,
siyasi anlayışın hüdudlarından kənara
çıxan yeni dünya nizamının formalaşması
obrazıdır. Dünya sivilizasiyası liberal dəyərlərə,
insanın hüquq və azadlıqlarının prioritetinə,
vətəndaş cəmiyyətinə və demokratik
şüura əsaslanan model formalaşdırmağa doğru
irəliləyir. Lakin indiki minillikdə formalaşmaqda olan
dünya nizamı qlobal inkişafdakı fərqləri
bütün aktorların özlərinə xas xüsusiyyətlərdə
nəzərə alması ilə müasir dövrün
geosiyasi reallıqlarını əks etdirməli, inteqrasiya
proseslərində və mədəni mübadilədə bərabər
hüquqlu iştirakı təmin etməlidir.
Biz açıq və
demokratik cəmiyyəti inkişafımızın prioriteti
kimi müəyyən etmişik. Bu, bizim strateji seçimimiz,
dövlət siyasətinin ən mühüm vektorudur. Lakin
yadda saxlamaq lazımdır ki, Azərbaycan bəzi ölkələrin
yüzillər boyu keçdiyi yolun
başlanğıcındadır. Buna baxmayaraq, o, islahatlar
prosesinin uğurlu olmasının fundamental şərtlərindən
birinə - daxili siyasi və iqtisadi sabitliyə nail olmuşdur
ki, bu da bizim demokratiyaya doğru mərhələlər
üzrə irəliləməyimizi təmin edir. Demokratikləşmənin
təkamül və suveren xarakteri siyasi sistemin səmərəli
inkişafını, rəqabətə davamlı bazar
iqtisadiyyatının formalaşdırılmasını və
vətəndaş cəmiyyətinin sabit inkişafını
təmin etməyə imkan verir.
Bu prosesdə dövlət
aparıcı və istiqamətləndirici rol oynayır. Azərbaycanda
məhz hakimiyyətin mərkəzləşdirilməsi sayəsində
müstəqillik prinsiplərinə əsaslanan milli dövlətçilik
yaratmaq mümkün olmuşdur. Dövlət müstəqilliyi
də, öz növbəsində, institusional demokratiyanın
formalaşması üçün çıxış
nöqtəsi idi. Beləliklə, dövlətçiliyin
prioritetliyi demokratik transformasiya üçün zəmin
yaratmışdır.
Müasir suveren dövlətlərin
hər biri müəyyən şərtlər daxilində
demokratik idarəetmə forması əldə edə bilər.
Lakin demokratiyanın qorunub saxlanması və onun davamlı
xarakter alması üçün müvafiq iqtisadi baza
olmalıdır. Buna görə də 2003-2008-ci illərdə
İlham Əliyevin Prezidentliyinin əsas konsepsiyası modernləşmiş
iqtisadiyyatdan konsolidasiyalı demokratiyaya keçidi təmin edən
yeni paradiqma yaratmaqdan ibarət idi. Demokratikləşmə azərbaycanlıların
sosiomədəni həyatına yeni seqmentlər daxil edir, yeni
davranış normaları aşılayır.
Demokratik dəyərlərin
universallaşması prosesinin tərs üzü
"demokratiyanı müdafiə etmək" bayrağı
altında müstəqil ölkələrin daxili işlərinə
kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək,
dövlətin öz vətəndaşının hüquq və
azadlıqlarına riayət etməsinin səviyyəsini qiymətləndirərkən
ikili standartlar qəbul etdirmək cəhdləridir.
Razılaşın ki, XXI əsrdə demokratiyadan
danışarkən ikili standartlar, yəni kiçik ölkələr
üçün bir standart, iri dövlətlər
üçün başqa standart tətbiq etmək
praktikası yolverilməzdir. Əsrlər boyu yaranmış
milli ənənələri bir anda məhv etmək
mümkün deyil və ümumiyyətlə, xalqın milli
xüsusiyyətlərinə məhəl qoymamaq
ağılsızlıqdır. Demokratiyanın kənardan zorla
qəbul etdirilməsi cəhdləri isə bu gün İraqda
və Əfqanıstanda müşahidə etdiyimiz vəziyyətlərə
gətirib çıxarmışdır. Cəmiyyətin
demokratikləşməsi sosial, siyasi və iqtisadi prosesdir və
hər bir konkret sosium üçün onun özünəməxsus
fərqləndirici cəhətləri vardır. Axı,
demokratiyanın müxtəlif formaları var və ciddi tədqiqatçıların
hamısı bunu qəbul etmişdir.
Bəzən Azərbaycanda
demokratiyanı tənqid edirlər, lakin bizim
çatışmazlığımızın nədən
ibarət olmasını aydın şəkildə izah etmirlər,
bəziləri bizi demokratiyanın kifayət qədər
mükəmməl olmamasında günahlandırırlar. Lakin
tənqidçilər bununla hesablaşmırlar ki,
demokratiyanın təkmilləşdirilməsinin hüdudu
yoxdur. Bəzən onlar subyektiv dəlillər gətirir, bunu
demokratiya prinsiplərindən uzaqlaşmağın əsası
kimi təqdim edirlər. Lakin bir məsələ şəksizdir
- Azərbaycan yeni dövrə qədəm qoyur və bu
dövrdə cəmiyyət sabahkı günün perspektivini
haqlı olaraq indiki iqtidara etibar edir.
- Adətən, belə hesab
edirlər ki, demokratik cəmiyyətin siyasi, sosial və mədəni
həyatının müxtəlif sahələrində elita həyat
standartlarını müəyyənləşdirir və cəmiyyətin
inkişafının sivilizasiya vektorunu ifadə edir. Lakin vətəndaş
fəallığı olmayan yerdə elita yarana və
mövcud ola bilməz. Siz bu prosesin daha bir aspektini göstərirsiniz:
"Hər hansı ölkə üçün üstün
siyasi təsisatların formalaşmasını xeyli dərəcədə
məhz iqtisadi inkişafın səviyyəsi müəyyən
edir. Sərvət azadlıq üçün əlverişli
şərait yaradır? Avropa tarixindən nümunələri
yada salaq: iqtisadi inkişaf prosesi, adətən, liberal demokratiyanın
uğur qazanması üçün həlledici əhəmiyyəti
olan iki elementin yaranmasına gətirib çıxarır. Biz
dərk edirik ki, siyasi məkan daim təzələnməlidir
və hesab edirik ki, demokratik inkişafımızın daha
mükəmməl və davamlı olması üçün
irəliyə doğru getməliyik". Azərbaycan
elitası necə və kimlərin hesabına
formalaşır, ölkənin siyasətində nə cür
iştirak edir?
- Elita hər bir sosiumun
ayrılmaz və mühüm tərkib hissəsidir və
sosiumun idarə edilməsi funksiyalarını həyata
keçirir. Cəmiyyətin baş verən dəyişikliklərə
uyğunlaşmaşına, özünüqoruma instinkti
yaranmasına, yeni çağırışlara və təhdidlərə
cavab verməsinə imkan yaradan yeni davranış modellərinin
və stereotiplərin formalaşmasına görə məsuliyyət
də elitanın üzərinə düşür. Elita, ilk
növbədə, xüsusi sosial qrup, bu qrupa daxil olan, vahid məqsədlər
ətrafında birləşən insanların dərin daxili əlaqələrinə
əsaslanan davamlı birlikdir. Onun hakimiyyət və dövlət
barədə, ölkənin inkişafı və xarici aləmlə
qarşılıqlı münasibətləri, ictimai problemlər,
dövlətin idarə edilməsində sosiumun yeri və rolu
barədə öz baxışları var. Bu da təbiidir,
çünki hər bir cəmiyyətdə hakimiyyət və
əks-elitadan başqa, cəmiyyətin inkişafı
üçün məsuliyyət daşıyan insanlar qrupu da
olmalıdır. Buna görə də elitanın özünəməxsus,
bəzən cəmiyyətdəki mövcud baxışlar və
əhval-ruhiyyə üçün o qədər də
anlaşıqlı olmayan dünyagörüşü var.
Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra ölkə elitası bolşevik idarəetmə
sisteminin, sonra isə kommunist idarəetmə sisteminin prinsiplərinə
uyğun olaraq formalaşmağa başlamışdı. Əvvəlki
elitanın bir qismi repressiyaya məruz qalmış, bir hissəsi
ölkədən mühacirət etmişdi. 1950-ci illərin
ortalarına qədər elitanın formalaşması prosesi
böyük çətinliklərlə müşayiət
olunurdu, çünki totalitar sistemin repressiya
maşınının vaxtaşırı həyata
keçirdiyi cəza tədbirləri kadrların tərkibini bərpa
etməyə imkan vermirdi. Yalnız keçən yüzilliyin
50-60-cı illərində elitanın formalaşması
üçün şərait yaranmışdı. Bunu belə
bir fakt da təsdiq edir ki, məhz həmin dövrdə Azərbaycan
elm, ədəbiyyat və incəsənət sahəsində
dünyaya çoxlu parlaq istedadlar bəxş etmişdir.
Bütün bunlara baxmayaraq, elitada bütövlük, mütəşəkkillik,
birlik, vəhdət, həmrəylik, yüksək konsolidasiya
kimi keyfiyyətlər yox idi. Bunlar olmadıqda isə elita, sadəcə,
qeyri-mütəşəkkil qrup olur.
Mənim fikrimcə, Azərbaycan
şəraitində elita yalnız milli birlik, həmrəylik,
konsensus mövqelərindən çıxış etməli,
dövlətin səmərəli inkişafı
üçün bazis yaratmalıdır. Siyasi, iqtisadi,
intellektual və mədəni elitanın, eləcə də vətənpərvərlik,
Vətənə sevgi hisslərini təcəssüm etdirənlərin
rolu bundan ibarətdir. Ağına-bozuna baxmadan, yalnız
mövcud nöqsanların tənqidi üzərində diqqəti
cəmləşdirmək cəmiyyətə heç də həmişə
fayda gətirmir. Mən bu gün Azərbaycanın üzləşdiyi
bütün amilləri nəzərdə tuturam və elita
bunları başa düşməli və nəzərə
almalıdır.
Digər tərəfdən,
qeyd etmək lazımdır ki, demokratiya elitanın fasiləsiz
surətdə formalaşması və yeniləşməsi,
ideyaların və qərarların rəqabəti
üçün şərait yaradır. Mövcud olan
elitanın yüksək keyfiyyətlərinə nail olmaq, habelə
daim keyfiyyətli elitanın yetişməsini təmin etmək
hər bir cəmiyyətin mühüm vəzifələridir.
Eyni zamanda, demokratik cəmiyyətin
açıqlığı və transparentliyi (şəffaflığı)
ölkənin yeni siyasi məkanının
formalaşmasının əsası, ictimai maraqların
reallaşması uğrunda rəqabət və bəhsləşmə
isə siyasi partiyalar şəklində təmsil olunmuş
siyasi qüvvələrin əsas vəzifəsidir.
- Sizin bu cavabınızdan
siyasi partiyalar, onların taleyi və parlament sisteminin
inkişafı haqqında sual yaranır. Siz
yazırsınız ki, "ölkədə vətəndaş
cəmiyyəti iqtisadiyyatın modernləşməsi - ictimai
həyatın demokratikləşməsi - milli məkanın
sistemli liberallaşması paradiqması gerçəkləşdikcə
formalaşacaqdır". Bununla bərabər, Azərbaycanda
partiyaların dövlət tərəfindən dəstəklənməsinin
mümkünlüyü, onların büdcəsinin bir hissəsinin
dövlət xəzinəsindən formalaşması
haqqında müzakirələr gedir. Doğrudanmı bu,
ölkənin siyasi elitasının, o cümlədən
müxalifətçilərin istəklərinə
uyğundur?
- Ölkəmizin intensiv
iqtisadi inkişafı siyasi modernləşmənin yeni mərhələsinə
keçməyə imkan vermişdir. Lakin etiraf etməliyik ki,
Azərbaycanın siyasi sistemi hələ təşəkkül
və inkişafın bütün mərhələlərindən
keçməmişdir. Təbii ki, plüralist cəmiyyətdə
partiyaların və siyasi təşkilatların rolu çox yüksəkdir.
Axı, partiyaların səmərəli fəaliyyəti siyasi
sabitliyin və demokratik dəyişikliklərin ən
mühüm amilidir.
Siyasi partiyaların dövlət
tərəfindən maliyyələşdirilməsi məsələsinə
gəldikdə isə, bu təşəbbüs partiya sisteminin
inkişafı üçün yeni imkanlar açır. Hətta
bütün xərclərini ödəməyə imkan verməsə
belə, partiyaların sabit maliyyələşdirmə mənbəyinin
olması onlara özlərinin birbaşa funksiyalarına - əhali
ilə iş, ictimai sorğuların iqtidara
çatdırılması, ideologiyanın işlənib
hazırlanması, kadrların yetişdirilməsi məsələlərinə
daha çox diqqət yetirmək imkanı yaradır. Yəni
bu halda partiyalar cəmiyyətdən daha artıq dərəcədə
asılı olur, çünki dövlət maliyyələşdirməsi
vergi ödəyicilərinin vəsaitləri hesabına maliyyələşdirmə
deməkdir. Partiyaların vergilər və cəmiyyət
üzvlərinin məcburi ödəmələri hesabına
formalaşan dövlət büdcəsindən maddi
asılılığı onların vətəndaşların
fərdi elektoral seçimindən
asılılığını səmərəli şəkildə
tamamlayır. Eyni zamanda, pul axınlarını tənzimləyən
normaların tətbiq olunması siyasi partiyaların fəaliyyətində
zəruri şəffaflığı təmin edir. Üstəlik,
dövlət dəstəyi siyasi rəqabətdə
partiyaların imkanlarının qeyri-bərabərliyini
azaldır, bu isə bizim Azərbaycanda açıq və
demokratik cəmiyyət qurmaq istəyimizin ruhuna uyğundur.
Almaniya, Fransa və Rusiyanın nümunəsində dövlət
maliyyələşdirməsinin partiyaların fəaliyyətinin
səmərəsini necə artırdığını
görə bilərik.
Dövlət maliyyələşdirməsi
üçün əsas meyar əhalinin dəstəyidir, bu isə
partiyaların seçkilərdə topladığı səslərdə
özünü göstərir. Adlarını çəkdiyim
ölkələrdə partiyaların dövlət maliyyələşdirməsinin
həyata keçirilməsi üçün işlənib
hazırlanmış sxemlər mövcuddur. Bu sxemlər əsasında
seçkilərin nəticələrinə görə
qanunvericiliklə müəyyən edilmiş minimum səviyyəyə
nail olmuş partiyalara büdcə vəsaitləri
ayrılır.
Biz hər bir işə müasirlik
baxımından yanaşaraq, tədricən inkişafın
yeni vektoruna keçirik. Növbəti onillikdə dünyada
ölkəmizin yerini məhz bu inkişaf yolu müəyyən
edəcəkdir. Martın 18-dəki referendumda Azərbaycan
xalqının seçimi dövlətimizin demokratik təsisatların
təkmilləşdirilməsi mərhələsinə
keçməsini göstərir.
Ümumiyyətlə,
müasir Azərbaycan şəraitində siyasi partiyaların
dövlət tərəfindən maliyyələşdirilməsi
mütərəqqi və lazımlı addımdır. Lakin
partiyalar yalnız dövlətin hesabına
yaşamamalıdır. Siyasi partiyaların büdcədən
hədsiz maliyyələşdirilməsinin mənfi nəticələri
də ola bilər. Məsələn, Almaniyada siyasi
partiyaların maliyyələşdirilməsi prosesi partiya
aparatlarının hədsiz şişməsinə və
bürokratiyanın artmasına gətirib
çıxarmışdır. Eyni zamanda, partiyaların
seçki kampaniyalarını israfçılıqla
aparması və öz kassalarına büdcədən
mümkün qədər çox vəsait almaq istəyi kimi
meyillər də müşahidə olunur. Beləliklə,
partiyaların əsas vəzifəsi - öz seçicilərinin
maraqlarını təmsil və müdafiə etmək vəzifəsi
ikinci plana keçir. Bunun da nəticəsində siyasi təsisat
kimi partiyalara ümumi etimad azalır, əhalinin xeyli hissəsinin
partiyalardan narazılığı və məyusluğu kimi
hallar baş verir.
Parlamentdə təmsil
olunmuş siyasi partiyaların birbaşa dövlət maliyyələşdirməsi
inkişaf etmiş demokratik ölkələrin çoxunda
müasir seçki sisteminin mühüm elementidir və Azərbaycanda
da belə olmalıdır. Axı, partiyalara pul lazımdır.
Onlar təkcə öz fəallarının səyləri və
üzvlük haqları hesabına yaşaya bilməz. Dövlət
partiyaların birbaşa maliyyələşdirilməsindən
imtina etməklə onları maliyyə-sənaye qruplarından
və əcnəbi sponsorlardan asılılığa sövq
edir. Xüsusən Azərbaycanda öz maraqlarına nail
olmağa çalışan əcnəbi sponsorların
külli məbləğdə pul müqabilində parlament
deputatlarının səslərini qazanmaq istəyi çox
şirnikləndiricidir.
- Bəzi ekspertlər ehtiyat
edirlər ki, İlham Əliyevin prezidentlik müddətinin
artırılması nəticəsində Azərbaycanın
ictimai-siyasi həyatında durğunluq yarana bilər. Siz bu fikri
necə şərh edərdiniz? Bu məsələdə sizin
hansı tutarlı dəlilləriniz var?
- Sizin dediyiniz kimi, bəzi
ekspertlərin müasir Azərbaycanda durğunluq barədə
təşvişə düşməsi, əlbəttə, əsassızdır.
Azərbaycan həm siyasi, həm də iqtisadi sahələrdə
sabitliyə nail olmuşdur. Bizim opponentlərimiz permanent
böhrana, permanent sarsıntılara, müxtəlif
qruplaşmalar arasında bitib-tükənməyən
mübarizəyə, sadəcə, adət ediblər. Lakin Azərbaycan
başqa yol seçmişdir. Bizdə çoxlu partiya, o
cümlədən müxalifət partiyaları fəaliyyət
göstərir və müxalifət öz mövqeyini istədiyi
yerdə və açıq şəkildə səsləndirə
bilər.
Durğunluq
anlayışı bizim şüurumuzda dəyişməz
reallıqlar kimi kök salmışdır. Durğunluq o deməkdir
ki, həyatda heç nə dəyişmir, heç bir irəliləyiş
yoxdur. Lakin Azərbaycan dinamik inkişaf edən, sanballı
transmilli layihələr, o cümlədən prioritet milli
proqramlar həyata keçirən ölkədir. Sadə
insanların həyatı sürətlə dəyişir.
Razılaşın ki, müasir şəraitdə beynəlxalq
iqtisadi və sosiomədəni proseslərə dinamik inteqrasiya
edən dövlətdə durğunluq haqqında
danışmaq mümkün deyildir.
Sadə insanların ölkədə
sabitliyi qoruyub saxlamaq istəyi durğunluqla eyniləşdirilə
bilməz. Bu istək ondan irəli gəlir ki, son iyirmi ildə
Azərbaycan çoxlu sarsıntılarla, o cümlədən
hələ də həll edilməmiş Qarabağ
münaqişəsi ilə üzləşmişdir. Opponentlərimizin
fikrinin səhv olmasını təsdiqləyən başqa bir
fakt demokratik prosesin ardıcıl şəkildə dərinləşməsi,
güclü vətəndaş cəmiyyətinin
formalaşması və qanunun aliliyinin təmin edilməsidir.
Ona görə də liderin hakimiyyətdə nə qədər
- iki və yaxud dörd müddət olması vacib deyil,
başlıcası odur ki, iqtidarla cəmiyyətin dialoqu
canlı və daimi olsun. İlham Əliyev isə iqtidarla cəmiyyət
arasında dialoqu çox inamla və açıq aparır.
Bu, hər şeydən əlavə, özünü onda da
göstərir ki, onun qərarları və fərmanları cəmiyyətin
tələblərinə cavab verir. Üstəlik, seçkiləri,
siyasi rəqabəti və siyasi prosesi heç kim ləğv
etmir. Ölkənin hər bir vətəndaşı istənilən
seçkili vəzifəyə seçilmək kimi konstitusiya
hüququndan azad və sərbəst şəkildə istifadə
edə bilər. Demokratiya xalqa imkan verir ki, ölkə
prezidenti vəzifəsində kimi görmək istəməsi
məsələsini özü həll etsin.
Biz hər bir işə
müasirlik baxımından yanaşaraq, tədricən
inkişafın yeni vektoruna keçirik. Növbəti onillikdə
dünyada ölkəmizin yerini məhz bu inkişaf yolu müəyyən
edəcəkdir. Martın 18-dəki referendumda Azərbaycan
xalqının seçimi dövlətimizin demokratik təsisatların
təkmilləşdirilməsi mərhələsinə
keçməsini göstərir.
- Sizin fikrinizcə,
qloballaşma şəraitində informasiyanın
aşkarlığı, şəffaflığı, cəmiyyətin
nəzarətində olması baxımından dövlət
aparatının, dövlət orqanlarının işi necə
qurulmalıdır? Siz yazırsınız: "Təhsilin beynəlmiləlləşməsi
və qlobal rəqabət şəraitində intellektual səviyyənin
daim artırılması və xidmətlər sahəsinin
prioritet olması üçün zəruri şəraitin
yaradılması son dərəcə vacibdir. Gündəlikdə
duran məsələləri informasiya-kommunikasiya
texnologiyalarının və nanotexnologiyaların diktə
etdiyi müasir dünyada Azərbaycanın bu yarışda
iştirak etmək üçün lazımi təməl
yaratması zəruridir. Təhsil və elm lazımi səviyyədə
olmasa, milli inkişafın perspektivləri və Azərbaycan
dövlətçiliyinin davamlı inkişafı barədə
düşünməyimiz çətin olacaqdır. Bu gün
aşkar görünür ki, qarşıdakı illərdə
İlham Əliyevin əsas vəzifəsi məhz millətin
intellektual bazisinin yeniləşdirilməsi və genişləndirilməsindən
ibarət olacaqdır. Bu bazis gələcək
üçün inkişaf strategiyasını müəyyən
edəcəkdir". Bu baxımdan yaxın gələcəkdə,
İlham Əliyevin ikinci prezidentlik müddətində
praktikada nəyin tətbiq edilməsi nəzərdə tutulur?
- Tamamilə
haqlısınız, qarşıdakı illərdə bizim
prioritet vəzifəmiz Azərbaycan millətini intellektual
baxımdan yeniləşdirməkdir. Bir şeyi başa
düşməliyik ki, informasiya-kommunikasiya texnologiyaları
postmodernist cəmiyyətin rəmzidir, bizim strateji vəzifəmiz
isə həmin cəmiyyətə keçməkdir. Deməli,
biz cəmiyyətin yaxın gələcəkdə üzləşə
biləcəyimiz çağırışlarına cavab vermək
barədə fikirləşməliyik. Ona görə də gələcəkdə
ölkəni idarə edə biləcək və idarə etməli
olan yeni intellektuallar sinfinin, yeni top-menecerlər qrupunun
yaradılması bizim üçün həyati zərurətdir.
Bu, çox mühüm təşəbbüsdür, ona
görə ki, istər sovet dövründə, istərsə
də postsovet dövründə nə Azərbaycanda, nə də
qonşu dövlətlərdə belə bir proqram həyata keçirilmişdir.
Açığını deyək, biz uzun illər ölkənin
və cəmiyyətin inkişafının uzun müddətə
hesablanmış strateji mənzərəsinə malik
olmamışıq. Belə bir sosial təbəqədə gənclərin
və dövlətin rolu strateji əhəmiyyət kəsb
edir.
Prezident İlham Əliyev
artıq elan etmişdir ki, kreativ millətlər birliyinə
yol açmaq üçün xammal iqtisadiyyatı intellektual
iqtisadiyyata çevrilməlidir. Perspektivdə bizim milli vəzifəmiz
məhz intellektual, mənəvi, siyasi və iqtisadi azadlıq
resurslarının yaradılmasının səmərəli
praktikasına nail olmaqdan ibarətdir. Biz millətin intellektual
bazisinin sosial sistemlərin formalaşmasında
oynadığı mühüm rolu dərk edirik. Azərbaycan
bundan sonra da özünün intellektual resurslarının səviyyəsini
təkmilləşdirməli və innovasiya texnologiyaları sahəsində
regionda yetərli lider olmalıdır. Gənclərimizin
mövcud təhsil və elm potensialı rəqabətədavamlı,
yüksək intellektə və biliklərə əsaslanan
iqtisadiyyat yaratmağa imkan verir. Bu transformasiyanın təməli
artıq qoyulmuşdur.
Prezident İlham Əliyevin 5000
Azərbaycan gəncinin xaricə oxumağa göndərilməsi
barədə qərarı ən yeni ixtisaslar üzrə ali təhsil
almaq imkanlarını genişləndirir, gənclərin
ümumi intellektual səviyyəsini yüksəldir, yeni
dünyagörüşü mühiti formalaşdırır.
Bu istiqamətdə həyata keçirilən siyasətin əsas
vəzifəsi yeni idarəçilər üçün zəruri
bazis yaratmaq, ölkəni müasir kateqoriyalarla
düşünməyi, dövlətimizin maraqlarını
müdafiə etməyi bacaran kadrlarla təmin etməkdir. Bu
strateji məqsədin əsasını üç
başlıca amil təşkil edir: modernləşmə xəttinin
uğurunu təmin etmək, siyasi təsisatları və ənənələri
möhkəmləndirmək, intensiv qərbləşmə və
qloballaşma şəraitində Azərbaycan xalqının
milli özgünlüyünü qoruyub saxlamaq.
Millətin yüksək
intellektual bazisinin olması cəmiyyətimizin daxili məsələlərini
həll etməyə imkan verməklə yanaşı, ümumən
dövlətin xarici problemlərinin həllinə də təsir
göstərmək üçün zəmin yaradacaqdır.
Son illərdə təcavüzkarın intellektual və
informasiya hücumu müstəvisinə getdikcə daha
çox transformasiya etməsinin hiss olunduğu Dağlıq
Qarabağ probleminin həlli məsələsinə də bu
mövqedən yanaşmaq lazımdır.
- Siz Konstitusiyaya eyni bir şəxsin
qeyri-məhdud sayda prezident vəzifəsində olmasına məhdudiyyətləri
götürən dəyişikliklər etməklə Azərbaycanın
gələcəyi üçün narahatlıq keçirmirsinizmi?
Konstitusiyalara dəyişikliklər tez-tez edilmir, təsəvvür
edək ki, iyirmi ildən sonra demokratik seçkilər yolu ilə
siyasi cəhətdən natəmiz birisi, yaxud da,
ağıllı idarəçilik qabiliyyəti olmayan bir
diktator hakimiyyətə gəlir. Ölkə belə adamdan necə
yaxa qurtara bilər? Gələcəkdə hakimiyyətin qəsb
edilməsi təhlükəsi yoxdur ki?
- Mən sizə bundan da
artığını deyərəm. Sizin əvvəlki
suallarınıza cavab verərkən dediyimiz səviyyəyə
çatmamış ölkələr o qədər də
adekvat olmayan seçim edə bilər. Prosesləri aydın
başa düşən, inkişafın
reallıqlarını və perspektivlərini sayıq qiymətləndirən
cəmiyyətlərdə ekstremist qüvvələrin hakimiyyətə
gəlməsi mümkün deyildir. Bunu biz Fransanın
timsalında müşahidə etmişik, ultramillətçi
Li Pen fransız seçicilərinin lazımi miqdarda səsini
toplaya bilmədi.
Azərbaycanda gələcək
hakimiyyət məsələsi ilə əlaqədar
açıq deyə bilərəm ki, Prezident İlham Əliyevin
həyata keçirdiyi və əhalinin mütləq əksəriyyəti
tərəfindən dəstəklənən islahatların
mahiyyəti məhz ölkədə natəmiz siyasətçinin
siyasi səhnədə görünməsinə və
xüsusən hakimiyyətin qəsb edilməsinə yol verməməyi
bacaran inkişaf etmiş və demokratik cəmiyyət qurmaqdan
ibarətdir. Prezident İlham Əliyevin sözlərini sitat gətirirəm:
"Biz belə hesab edirik ki, regionumuzun gələcəyi cəmiyyətimizin
nə dərəcədə uğurla modernləşdirilməsindən
asılı olacaqdır". İqtisadi tərəqqiyə,
demokratikləşmə prosesinin möhkəmlənməsinə,
hüquqi dövlət quruculuğuna əsaslanan inkişaf
etmiş vətəndaş cəmiyyətinin
yaradılması, sadəcə, şüarlar və ya niyyətlər
deyil, Azərbaycanın inkişafının başlıca
şərtidir.
Hazırda Azərbaycanın
inkişafı yeni səviyyəyə çıxır. Biz
indi 10 il əvvəlki ölkə deyilik, biz dəyişmişik
və özümüzə qarşı münasibəti də
dəyişirik. Bugünkü Azərbaycan təkcə
etibarlı və bərabər hüquqlu tərəfdaş
deyil, həm də səmərəli və keyfiyyətli
müttəfiq, dost və qonşudur. Bizim
qarşılıqlı strateji münasibətlərimiz
regionun gündəliyini formalaşdırır. Ona görə
də referenduma çıxarılmış məsələlər
bizim ümumi inkişafımıza, bütövlükdə
qlobal və lokal proseslərə uyğundur, ölkənin
uğurla modernləşməsi üçün şərait
yaradır. Hazırda qüvvədə olan Konstitusiyanın qəbul
edilməsindən keçən 13 ildə çox şey dəyişmişdir
- yeni nailiyyətlər qazanılmış və təbii ki,
yeni təhdidlər və çağırışlar
yaranmışdır. Buna müvafiq olaraq, Konstitusiyaya dəyişikliklər
zamanın tələblərini əks etdirir, bizim nail
olduğumuz inkişafın mahiyyətini təcəssüm
etdirir.
Əminəm ki, gələcəkdə
Azərbaycanda modernləşmə müəyyən kompromislərin,
güzəşt və kompensasiyaların
labüdlüyünün dərk edilməsindən ibarət xəttin
davamlılığından asılıdır. Əlbəttə,
belə qısa müddətdə və sosial baxımdan
yekcins olmayan cəmiyyətdə bütün problemləri birdən-birə
və sürətlə həll etmək mümkün deyildir. Ölkənin
modernləşməsi bütün ictimai qüvvələr
üçün ağır və çoxşaxəli, bir neçə
nəslin görə biləcəyi işdir. Bu işin
xarakterini isə yaxın onillik müəyyən edəcəkdir.
Modernləşmənin mahiyyəti Azərbaycan cəmiyyətinin
total demokratik transformasiyasından ibarətdir. Bu isə
ümumən hakimiyyəti nə vaxtsa və kiminsə
hansısa şəkildə qəsb etməsinin
mümkünlüyünü istisna edir.
Azərbaycan.-2009.-30 mart.-S.2-3.