Milli Məclis deputatlarının Almaniyaya səfəri başa çatmışdır

 

Almaniya Federativ Respublikası Bundestaqının dəvəti ilə Milli Məclisin Almaniya-Azərbaycan dostluq qrupunun üzvləri bu il martın 23-dən 27-dək Almaniyada səfərdə olmuşlar. Nümayəndə heyətinə Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədr müavini Fəttah Heydərov, Rövşən Rzayev, Adil Əliyev, Çingiz Əsədullayev, Fuad Muradov, Fazil Mustafayev və Əhməd Vəliyev daxil idilər. Nümayəndə heyətinə F.Heydərov başçılıq etmişdir.

Nümayəndə heyətinin üzvləri səfərin ilk günü Potsdam şəhərində Brandenburq əyalət parlamentinin sədri Qünter Fritşlə görüşmüşlər. Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və onun daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin iqtisadi inkişafı haqqında ətraflı məlumatlar alman tərəfinə çatdırılmışdır. Tərəflər münasibətlərin yaxşılaşdırılması üçün bu cür görüşlərin və faydalı fikir mübadilələrinin vacibliyini vurğulamışlar.

Milli Məclisin deputatları Brandenburq əyalət parlamentinin bir sıra komissiyaları ilə də ayrıca görüşlər keçirmiş, Potsdam şəhərində aparıcı elmi tədqiqat mərkəzləri ilə tanış olmuşlar.

Martın 24-də Almaniya-Azərbaycan Forumunun sədri, Almaniyanın keçmiş dövlət katibi O.Hauzer Milli Məclisin deputatları ilə görüşərək ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparmışdır.

Elə həmin gün axşam Azərbaycanın Almaniyadakı səfirliyinin binasında Almaniya Bundestaqının və Milli Məclis deputatlarının, Berlin Senatının nümayəndələrinin, Almaniyanın tanınmış elm, siyasət və mədəniyyət xadimlərinin, habelə Almaniyadakı Azərbaycan diaspor cəmiyyətlərinin sədrlərinin iştirakı ilə rəsmi qəbul təşkil edilmişdir. Səfir Pərviz Şahbazov tədbiri açaraq iştirakçıları salamlamış, Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafını vurğulayaraq bu səfərin əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirmişdir. Azərbaycan nümayəndə heyəti adından Milli Məclisin deputatı F.Heydərov çıxış edərək Azərbaycanın Almaniya ilə münasibətlərinin inkişafına xüsusi önəm verildiyini qeyd etmiş və əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulamışdır.

Bundestaqın üzvü, Almaniya-Cənubi Qafqaz dostluq qrupunun sədri Şteffen Rayxe çıxış edərək parlamentlərarası əlaqələrin inkişafının sevindirici hal olduğunu bildirmiş və bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu söyləmişdir. Daha sonra görüş ziyafət süfrəsi arxasında davam etdirilmişdir. Tədbir münasibətlərin inkişafı baxımından faydalı olmuşdur.

Nümayəndə heyəti martın 25-də "EİTİ" Cəmiyyəti (Xammal istehsal olunan ölkələrdə şəffaflıq təşəbbüsü) və "Transparency İnternational" təşkilatının banisi Peter Ayqner və bu təşkilatların əməkdaşları ilə, Almaniya Bundestaqının vitse-prezidenti Susanna Kastnerlə, Bundestaqın Almaniya-Cənubi Qafqaz dostluq qrupunun sədri Şteffen Rayxe ilə, federal hökumətin insan hüquqları və Humanitar Yardım məsələləri üzrə müvəkkili Qünter Nooke ilə görüşərək müzakirələr aparmışdır. Deputatlarımız, həmçinin Almaniyanın nüfuzlu təşkilatları Konrad Adenauer, Fridrix Ebert, Haynrix Böll, Roza Lüksemburq fondlarında görüşlər keçirmişlər.

Martın 26-da isə deputatlarımız AFR XİN-in Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə xüsusi tapşırıqlar üzrə səfiri Hans Diter Lukasla görüşmüşlər.

Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, siyasi, iqtisadi və humanitar sahələrdə Almaniya-Azərbaycan münasibətləri ətrafında müzakirələr aparılmışdır. Almaniyalı diplomat Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirmişdir.

Milli Məclisin deputatları daha sonra Bundestaqın xarici siyasət komissiyasının sədri Ruprext Polents və komissiya üzvləri ilə, Yaşıllar Partiyasının deputatı, Bundestaqın üzvü, Almaniya-Cənubi Qafqaz dostluq qrupunun sədr müavini Raynder Ştenblokla görüşlər keçirərək müxtəlif məsələlərə dair fikir mübadiləsi aparmışlar.

Milli Məclis deputatlarının Almaniyadakı Azərbaycanlılarla İş üzrə Əlaqələndirmə Mərkəzində Azərbaycan diasporunun nümayəndələri ilə görüşü olmuşdur. Mərkəzin icraçı direktoru Samirə Patser-İsmayılova qonaqları salamlayaraq Azərbaycan diasporunun fəaliyyəti haqqında danışmışdır. Milli Məclisin deputatları diaspor üzvləri ilə söhbətdə onların vəzifələri və problemləri ətrafında fikir mübadiləsi aparmışlar. Daha sonra deputatlar Almaniyada fəaliyyət göstərən "Azərbaycan evi" Cəmiyyətinin təşkil etdiyi ziyafətdə iştirak etmişlər.

Səfərin sonuncu günü Azərbaycan deputatları Almaniyanın Sənaye və Ticarət Palatasının idarə rəisi Tobias Baumanla görüşmüşlər. Görüşdə Azərbaycan-Almaniya iqtisadi əlaqələri, alman sərmayələrinin Azərbaycan iqtisadiyyatına daha geniş miqyasda cəlb olunması imkanları və iqtisadi əməkdaşlıq üçün mövcud potensialdan daha geniş istifadə yolları müzakirə olunmuşdur.

 

 

Vüqar Seyidov,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.-2009.-30 mart.-S.5.