Bakıda keçirilən
Beynəlxalq muğam festivalı hələ uzun illər yaddaşlarda yaşayacaqdır
Bir həftə
ərzində Bakı
"Muğam aləmi"
Beynəlxalq festivalına
ev sahibliyi etmişdir. Milli mədəniyyətimizin və
xalq sənətimizin qorunması və inkişafına yüksək
diqqət və qayğı göstərən
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə dünyanın
40-dan çox ölkəsinin
muğam ifaçısı
Beynəlxalq muğam festivalında bir araya gəlmişdir. Martın 25-də Heydər
Əliyev Sarayında Beynəlxalq muğam festivalının təntənəli
bağlanış mərasiminə
həsr edilən konsert olmuşdur.
İslam mədəniyyətinin
paytaxtı Bakı bir həftə ərzində dunya mədəniyyətinin şah
əsəri adlandırılan
muğamın məkanına
çevrilmişdir. Martın
18-dən 25-dək Şərq dünyasının ən
qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində
muğama həsr olunan müzakirələr,
klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin
unudulmaz çıxışları,
məşhur musiqiçilərin
konsertləri qədim
və həmişəyaşar
muğam sənətinin
bütün zənginliyini
nümayiş etdirərək
festival proqramını həm
rəngarəng, həm
də yaddaqalan etmişdir.
Festivalın təntənəli
bağlanış mərasiminə
həsr edilən konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri açmışdır. Orkestrin
bədii rəhbəri
Rauf Abdullayevin dirijorluğu ilə Fikrət Əmirovun "Şur" simfonik muğamı ifa olunmuşdur.
Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova
"Şur" təsnifini
ifa etmişlər.
Tamaşaçılar Azərbaycan
musiqisinin ən gözəl incilərini dinləmişlər. "Muğam
aləmi" Beynəlxalq
festivalının bağlanış
mərasiminə həsr
edilən konsert proqramı zənginliyi ilə fərqlənmişdir.
Azərbaycan musiqisi böyük maraqla izlənilmiş, hər bir ifa sürəkli
alqışlarla qarşılanmışdır.
Beləliklə, Azərbaycanda
martın 18-dən başlayan
"Muğam aləmi"
Beynəlxalq festivalına
martın 25-də yekun
vurulmuşdur.
Muğam sənətinin
qorunması və inkişafına xidmət edən "Muğam aləmi" Beynəlxalq festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və
Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının
təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin
Dostları Fondu, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilmişdir.
2009-cu ildə
Bakının İslam
mədəniyyətinin paytaxtı
elan edilməsi çərçivəsində Novruz bayramı günlərində şəhərimizdə
keçirilən bu möhtəşəm musiqi
bayramı muğam ifaçılığı tarixində
ilk belə tədbir kimi artıq tarixə çevrilmişdir.
Bakı bir həftə ərzində,
həqiqətən də,
xalqımızın milli
sərvəti, dünya
mədəniyyətinin şah
əsəri olan muğamın paytaxtına
çevrilmişdir. Yenidən
nəzərlər Avropa
ilə Asiyanın qovuşuğunda yerləşən
ölkəmizə yönəlmişdi
- bu dəfə Azərbaycan mədəniyyətinin
təntənəsinə...
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü
ilə keçirilən
"Muğam aləmi"
Beynəlxalq festivalının
açılışı martın 20-də Beynəlxalq
Muğam Mərkəzində
olmuşdur.
Tədbirdə nitq söyləyən Prezident
İlham Əliyev ölkəmizdə keçirilən
birinci Beynəlxalq muğam festivalını yüksək qiymətləndirərək
demişdir: "Bu hadisə
bizim üçün
çox önəmlidir.
Muğam Azərbaycanın
milli sərvətidir.
Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır.
Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır,
qorunur, inkişaf edir. Bizim görkəmli
muğam ustalarımız
öz məharətini,
öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda
ənənəvi olaraq
keçirilən muğam
müsabiqələri də
bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız
və muğamı Azərbaycansız təsəvvür
etmək mümkün
deyildir. Təsadüfi
deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində
keçirilir"...
Beynəlxalq muğam
festivalının açılışında,
festival çərçivəsində keçirilən bir sıra tədbirlərdə
YUNESKO-nun baş direktoru
Koişiro Matsuura da iştirak etmişdir.
Beynəlxalq muğam
festivalı çərçivəsində
martın 18-də Milli
Tarix Muzeyində "Muğam aləmi" beynəlxalq elmi simpoziumu keçirilmişdir.
Simpoziumun açılış
mərasimində xalqımızın
mədəni irsinin keşiyində ləyaqətlə
dayanan Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva çıxış etmişdir.
Azərbaycan muğamı
YUNESKO-nun Dünya İrs
Siyahısına da məhz Mehriban xanım Əliyevanın xidməti sayəsində daxil edilmişdir. "Biz azərbaycanlılar muğamımızla
fəxr edirik" - deyən Mehriban Əliyeva muğamı gözəlliyin və məhəbbətin rəmzi
adlandıraraq qeyd etmişdir ki, bu simpozium muğamın
təkcə Azərbaycanda
yox, bütün dünyada məşhurluğunun
göstəricisidir. Mehriban
xanım Əliyeva demişdir: "Mən bu gün çox
böyük fəxr hissi ilə demək istəyirəm ki, həm Heydər
Əliyev Fondu, həm Azərbaycan Mədəniyyətinin Dostları
Fondu bu sahədə öz layiqli töhfəsini vermişdir. Bildiyiniz kimi, son illər biz bir sıra irimiqyaslı
layihələr həyata
keçirmişik: muğam
müsabiqələri, "Qarabağ xanəndələri"
albomunun buraxılması,
"Muğam" jurnalının
nəşri və sair. Bu sırada "Muğam ensiklopediyası"nın
nəşri xüsusi
yer tutur".
YUNESKO təmsilçisi,
Paris Milli Elmi Araşdırmalar Mərkəzinin
professoru Jan Dürinq
"Muğam ümumi
bir dil, ümumi bir məqamdır, o, musiqiçilər
arasında anlaşma,
ünsiyyət vasitəsidir"
deyərək Azərbaycan
muğamının inkişaf
etdiyini, zənginləşdiyini
və onun bu istiqamətdə digər ölkələrə
yol göstərdiyini vurğulamışdır.
Üç gün davam edən elmi simpoziumda Azərbaycandan və dünyanın müxtəlif
ölkələrindən gələn
muğam tədqiqatçılarının
məruzələri dinlənilmişdir.
Muğam sənətinin
tarixində yeni, mühüm bir mərhələ olan simpozium muğamın qorunması və inkişaf etdirilməsi, onun müsəlman ölkələrinin mədəniyyətləri
arasında əlaqələrin
möhkəmləndirilməsinə təsiri baxımından yüksək qiymətləndirilmişdir.
Festival çərçivəsində
Azərbaycan Dövlət
Filarmoniyasında italiyalı
Silvio Barbatonun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konsertini Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva və YUNESKO-nun Baş direktoru Koişiro Matsuura da izləmişlər.
Beynəlxalq Muğam
Mərkəzində keçirilən
festival konsertlərdə azərbaycanlı
ustad ifaçılarla
yanaşı, İtaliyanın
"Maraği", Suriyanın
"Al Kindi", İraqın
"Anqam Al Rafidain",
Mərakeşin "Nahda",
Özbəkistanın "Çargox",
Misirin "Əl Ədvar" ansambllarının
çıxışları anşlaqla keçmişdir.
Martın 22-dən 24-dək Dövlət Kukla Teatrında keçirilən
Muğam müsabiqəsi
isə əsl sənət yarışmasına
çevrilmişdir. Müsabiqədə
11 ölkədən 20 ən
istedadlı ifaçının
çıxışları münsiflər heyətinin
işini çətinləşdirsə
də, seçimin nəticəsindən hamı
- ifaçılar da, münsiflər heyətinin
bütün üzvləri
də, tamaşaçılar
da razı qalmışlar. "Qran-pri"
Azərbaycan ifaçısına
- Təyyar Bayramova nəsib olmuşdur. Birinci yerə Özbəkistandan Yulduz Turdıyeva, ikinci yerə İrandan Məhəmməd Motamidi,
üçüncü yerə
misirli Mustafa Səid layiq görülmüşlər.
Bakı Caz Mərkəzində keçirilən
etno-caz gecələri
də festivala bir rəngarənglik gətirmişdir.
Bütövlükdə "Muğam
aləmi" Beynəlxalq
festivalı mədəniyyətin,
incəsənətin, musiqinin,
ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı
xalqların nümayəndələrini
bir araya gətirmək baxımından
özünü misilsiz
bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına
mühüm bir töhfə olmuşdur.
"Muğam aləmi"
Beynəlxalq muğam festivalı indiyədək
bu istiqamətdə mühüm tədbirlər
həyata keçirən
Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə
çatdırılması sahəsində atdığı
daha böyük bir addımdır. Bu
festival bütün türk
dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etmişdir. Bir həftəlik möhtəşəm muğam
bayramından sonra çoxsaylı qonaqlar İslam mədəniyyətinin
paytaxtı olan, Şərq və Qərb mədəniyyətini
özündə sintez
edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı
arzusu ilə ayrılmışlar.
AzərTAc
Azərbaycan.-2009.-30 mart.-S.6.