Haqqı gözləyən ustad
O, Novruzun ətri duyulan vaxtda
- 1919-cu ilin martında Bakıda doğulmuşdu. İndi izi-tozu da qalmayan qədim Çəmbərəkənd
məhəlləsində. Elə bu qədim
məhəllədə çörəyi dənizdən
çıxan, bir çətən külfət yiyəsi
Hüseynəli kişinin ocağında dünyaya göz
açmış, on səkkiz körpənin arasında
Allahın izniylə qismətinə xata-bəladan salamat
çıxıb yaşamaq səadəti yazılmış
yeddi uşağın ən böyüyü Hacıbaba idi.
Taleyin gərdişindən cəmi beş
sinif təhsil alıb, klassik ədəbiyyata, əruza,
ilahiyyata dərindən yiyələnməyi, güclü hafizəyə,
qaynar təbə, yüksək hazırcavablığa, bədii-yaradıcı
təxəyyül imkanlarına malik bir insanı başqa
cür necə adlandırmaq olar. Maraqlıdır ki, tamam-kamal
orta təhsili olmayan Hacıbaba Hüseynov otuz ildən
artıq müddətdə Asəf Zeynallı adına
Bakı Musiqi məktəbində xanəndəlik sənətindən
dərs deyib.
Həyat,
doğrudan da, qəribəliklərlə doludur. Gözünü dünyaya
açan gündən qulağı azan səsi, Quran avazı
eşidən, ata nənəsinin arzusuna qalsa din xadimi kimi
yetişməli olan və bütün ömrünü Allah-təalaya
etiqadda keçirən, vaxtlı-vaxtında orucunu tutub,
namazını qılan Hacıbabanın vətəndən kənarda
ilk səfər etdiyi şəhər məhz Kərbəla
idi. Hacıbaba Hüseynov imam Hüseyn aşiqi,
mövlanə Füzuli vurğunuydu. Və
görünür, ulu yaradan bu kişinin halal haqqının qiyməti,
əvəzi olaraq, o çağacan Azərbaycandan kənara
bir addım atmamış yetmiş yaşlı sənətkarı
beləcə hörmətə, ehtirama layiq bilmişdi. Söyləyirlər
ki, ustad həmin səfərdən çox-çox illər
qabaq elə hey " bircə imam
Hüseynin qəbrini ziyarət eləyib, o müqəddəsin
ayaqları altında yatan Füzuli babamla
"görüşsəydim", heç dərdim
olmazdı" deyirmiş. Demə, bu onun qismətindəymiş.
Hələ üstəlik, İraq səfərinin
ardınca Türkiyə, Fransa, İsveçrə, Hollandiya,
Belçika və İrana da yolu düşəcəkmiş
xanəndənin. Bütün bunlar sənətkarın
yetmişdən sonrakı həyatının üç ili ərzində baş verənlərdi. Daha
sonrasa il yarım qalırdı son səfərə.
Və bu il yarımda xanəndə
artıq ayağını kənara atası halda deyildi. Amansız xərçəng öz işini
görürdü. Cəmi bir-iki il əvvələcən
pəhləvan cüssəli görünən Hacıbaba qəfil
başının üstünü kəsdirmiş xəstəlik
səbəbindən get-gedə yumağa dönür, şam
kimi əriyirdi.1992-ci ilin əvvəlində sənətkarın
İranda verdiyi konsertlərdən birində lentə
alınmış kadrlardan boylanan da sınıxmış
Hacıbabadı. Amma təsəlliverici məqam
da var həmin kadrlarda. Onun oxuması həminki
ləngəri, bəzək-düzəyi və pəsxan
ustalığıyla yenə gözəl və təravətlidi.
Heç elə bil il üstünə il gəlməyib,
qarşındakı da artıq yavaş-yavaş ürək-tənəffüs
yolundakı problemdən əziyyət çəkən
Hacıbaba Hüseynov deyil. Və o da
maraqlıdı ki, bu minvalla ömrünün axır günlərinəcən
oxudu. Hərçənd İrandan sonra
onun güzarı daha heç bir ölkəyə düşmədi.
Gərək ki, həmin arada onun dövlət səviyyəli
tədbirlərdə və radio-televiziyada
çıxışı da olmadı. Hacıbaba
müəllimi son aylarda, demək olar, yalnız Bakı kəndərindəki
toylarda görə bilərdin. Arada get-gedə
yoxa çıxmaqda olan, şükürlər ki, son illər
yenidən saya-sanbala minmək istəyən mağar
toylarında. O toylarda ki, xanəndə qırx ildən
artıq yol keçmişdi, neçə-neçə ustadlar
görmüşdü. Mütəllim Mütəllimovun, Yaqub
Məmmədovun ifasına vurulmuşdu, Seyid Şuşinskinin
tilsiminə düşmüşdü, Zülfü
Adıgözəlovun yanğı və ustalığına,
Xan Şuşinskinin təkrarsız şirin səsinə
heyran qalmışdı. Bəzilərinin nəzərində
təhsil ala bilmədiyindən savadsız sayılacaq
Hacıbaba əslində istedadına və öyrəndiklərinə
görə yaradandan sonra məhz bu toylara, adını çəkdiyimiz
və çəkmədiyimiz sənətkarlara borclu idi.
Bu böyük ustadın yetişməsində, ortaya
çıxmasında, milyonların sevimlisinə çevrilməsində
Əhməd Bakıxanovun, Cahangir Cahangirovun, Bəhram
Mansurovun, Əhsən Dadaşovun, Sara Qədimovanın və
başqalarının əməyini qeyd etmək gərəkdi.
Ümumiyyətlə, Hacıbaba Hüseynovun bəxti
gətirmişdi desəm, məncə, yanılmarıq. Doğrudu, o uşaqlıqdan böyük ailələrini
saxlamaq üçün atasına kömək durmuşdu.
Hələ bərkiməmiş can-cəsədini
ağır yük altına vermişdi. Əvvəl-əvvəl
pudluq daşlardan yapışmışdı və
vaxtından qabaq böyüyüb, güclənib, kişiləşmişdi.
Sonrasa məşhur "
Hüsnünün
şövqü kimi mehrdə mah olmaz imiş,
Baxıb ol ayinəyə
etməmək ah olmaz imiş.
Hələ də Hacı
gedir dərsi-dəbistan oxuya,
Çalışıb
hər oxuyan Molla Pənah olmaz imiş.
Xanəndə
ilə uzun illər dərs prosesində, toy-düyündə
yoldaşlıq etmiş tarzən Valeh Rəhimov və
kamança ustası Mirnazim Əsədullayev (eyni zamanda qastrol
səfərlərində onu müşayiət edib-S.E.) Hacıbaba
Hüseynovun istər tələbələrlə işinə,
istərsə də konsert, teleçəkiliş və toy məclislərinə
necə məsuliyyətli münasibətindən
danışdılar. Sən demə,
üçlüyün müşayiətilə xanəndəliyinin
xeyir-duasını da Zülfü Adıgözəlov
veribmiş...
Hacıbaba
müəllim ilk dəfə televiziya ekranında görünəndə
təqribən qıx yaşı varmış. Həmin gün bəstəkar
Cahangir Cahangirov onu studiyaya dəvət edib və orada tarzən
Əhsən Dadaşovun və kamançaçalan Fərhad
Dadaşovun müşayiətilə "Zabul",
"Rast" və "Şur" muğamlarını
oxuyub.
Sənətkarın ən böyük təbliğatçılarından biri Rafael Hüseynovdur. Haqqında bir neçə dəfə mətbuatda yazılarla çıxış edib, "Ocaq başı" sənədli filminin ssenari müəllifi, yetmiş illik yubiley gecəsinin aparıcısı olub.
Aradan illər ötdü və yalnız yetmiş yaşının bircə addımlığındaykən Hacıbaba Hüseynov qısa fasiləylə əməkdar və xalq artisti fəxri adlarına layiq görüldü. Üstündən dörd il yarım keçdi. Daha dəqiqi, 1993-cü il oktyabrın 24-ü idi. Hacıbaba müəllim tanrı əmanəti canını tapşırdı. Amma gedən tək cismi deyildi, illər boyu çinədanına yığdıqlarını da özüylə aparırdı...
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Vaqif Mustafazadənin "Bayatı Şiraz" kompozisiyasında oxuduğu məlum bayatısa onu yazan Xudu Məmmədov da daxil olmaqla bu üç insanın ölməzliyi barədə bizlər üçün təsəllidi.
Seymur Elsevər
Azərbaycan.-2009.-30 mart.-S.6.