1918-ci ilin soyqırımı ermənilərin
xalqımıza qarşı törətdiyi ən qanlı
cinayətdir
Azərbaycan torpaqları
hesabına dövlət quran ermənilər tarixin
bütün mərhələlərində xalqımıza
qarşı insanlığa yaraşmayan qanlı əməlləri
ilə yadda qalıblar.
Azərbaycanlılar, o
cümlədən Anadolu türkləri, yəhudilər,
gürcülər ötən əsrin ayrı-ayrı dönəmlərində
erməni şovinizminin təcavüzünə məruz
qalsalar da, dünya ictimaiyyəti həqiqəti, əslində
nəyin baş verdiyini etiraf etməkdən uzaq olubdur. "Məzlum
xalq" adı altında gizlənən ermənilər nəinki
Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində
ən qanlı hadisələrə, terrora,
qırğınlara imza atıblar.
XIX əsrdən başlayaraq
kök atan erməni millətçiliyi və separatizmi Qafqazda
və Türkiyə ərazisində
işğalçılıq niyyətlərini həyata
keçirmək, tarixi torpaqlarımız hesabına
"Böyük Ermənistan" xülyasını
reallaşdırmaq üçün ardıcıl olaraq həm
hərbi, həm də ideoloji vasitələrdən
yararlanıb. "Daşnaksütyun" və
"Hnçak" kimi təşkilatları yaradıb mənfur
ideyalarına start verən ermənilərin Azərbaycan
xalqına qarşı həyata keçirdiyi
soyqırımı və deportasiya siyasəti
planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə
davam etmişdir. Yüzillər boyu davam edən bu şovinist və
davakar siyasət nəticəsində əzəli Azərbaycan
torpaqları qəsb olunmuş, on minlərlə
soydaşımız vəhşicəsinə
öldürülmüş, minlərlə maddi və mənəvi
mədəniyyət abidələrimiz vandallıqla
dağıdılmış və ya erməniləşdirilmişdir.
XIX əsrin sonlarında, XX əsrin
əvvəllərində, xüsusən 1905-1907-ci illərdə
Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara
qarşı həyata keçirilən qətliamlar ermənilərin
çirkin və məkrli niyyətlərini
reallaşdırmaq üçün başladıqları
soyqırımı siyasətinin ilkin mərhələsi idi.
1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf
edən ikinci mərhələdə erməni quldur dəstələri
yenə Bakıda və qəzalarda misli görünməmiş
soyqırımı həyata keçirmişlər. Həmin
dövrdə minlərlə azərbaycanlı, həmçinin
etnik azlıq təşkil edən dağ yəhudiləri
soyqırımına məruz qalmış, yüzlərlə
kənd dağıdılmış, dinc əhali
qaçqın vəziyyətinə
düşmüşdür. Ermənilərin azərbaycanlılara
qarşı soyqırımı və deportasiya siyasəti
sonrakı illərdə də davam etmişdir. 1948-1953-cü
illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə
indiki Ermənistan ərazisində öz ata-baba yurdlarında
yaşayan azərbaycanlıların deportasiyasına nail olan
ermənilər 1988-ci ildə yüz minlərlə azərbaycanlını
Ermənistandan qovmaqla etnik təmizləmə siyasətini
başa çatdırdılar. Bu müddətdə Avropa
ölkələrində xüsusən türk diplomatlarına
qarşı çoxlu sayda terror həyata keçirən ermənilər
ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda
da terroçuluq dalğasını genişləndirdilər.
Soyqırımı siyasətinin növbəti mərhələsinə
rəvac verərək 1992-ci ilin fevralında Xocalı faciəsini
törətdilər.
1918-ci ilin
qırğınları ermənilərin xalqımıza
qarşı törətdikləri çoxsaylı soyqırımı
cinayətlərindən biridir. Həmin ilin mart-aprel
aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada,
Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını
qətlə yetirmiş, evlərini talan etmiş, 10 minlərlə
insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə
Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi
amansızlıqla öldürülmüş, Şamaxı qəzasının
58 kəndi yandırılmış, 8 mindən çox adam, o
cümlədən 1653 qadın və 965 uşaq
öldürülmüş, Quba qəzasının 122 kəndi
yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində
150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi
vəhşicəsinə dağıdılmış, əhaliyə
qəddarcasına divan tutulmuşdur. İrəvan
quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi
dağıdılmış və
yandırılmışdır. İrəvan azərbaycanlılarının
müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan
şəhərində və onun ətrafında 1920 azərbaycanlının
evi yandırılmış, 132 min azərbaycanlı qətlə
yetirilmişdir.
Erməni vandalizmi, azərbaycanlılara
qarşı soyqırımı siyasəti tarix boyu davam etsə
də, baş verənlərə lazımi qiymət verilməmiş,
dünyaya çatdırılmamışdır. Erməni
yalanlarının illər boyu ayaq tutub yeriməsinin
qarşılığında heç bir addım
atılmamış, susqunluğun, həqiqətin təhrif
olunmasının acı nəticəsini isə xalqımız
bütün XX əsr boyu yaşamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti
yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə
xüsusi diqqət yetirmişdir. 1919 və 1920-ci illərdə
mart ayının 31-i milli matəm günü kimi qeyd
edilmişdir. Əslində bu, azərbaycanlılara
qarşı yürüdülən soyqırımı və
bir əsrdən artıq davam edən torpaqlarımızın
işğalı proseslərinə tarixdə ilk dəfə
siyasi qiymət vermək cəhdi idi.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə ermənilərin azərbaycanlılara
qarşı soyqırımını araşdırmaq məqsədilə
yaradılan komissiya Rusiyanın ölkəmizi işğal etməsi
səbəbindən öz işini başa çatdıra bilmədi.
Sovet hakimiyyəti illərində isə ermənilərin
xalqımıza qarşı törətdiyi cinayətlər
barədə danışmaq mümkün deyildi.
1918-ci ilin mart-aprel
soyqırımına əsl siyasi - hüquqi qiymət Azərbaycan
dövlət müstəqilliyinə qovuşduqdan sonra verildi.
Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd
hadisədən 80 il sonra qəbul edildi. Ümummilli lider Heydər
Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların
soyqırımı haqqında" fərmanla ilk dəfə
olaraq dövlət səviyyəsində 1918-ci ilin
qırğınlarına siyasi qiymət verildi. Fərmanda
deyilir: "1918-ci ilin mart ayından etibarən əksinqilabçı
ünsürlərlə mübarizə adı altında
Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan
təmizləmək niyyəti güdən mənfur plan həyata
keçirməyə başladı. Həmin günlərdə
ermənilərin törətdikləri cinayətlər Azərbaycan
xalqının yaddaşına əbədi həkk
olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali
yalnız milli mənsubiyyətinə görə məhv
edilmişdir. Ermənilər evlərə od vurmuş,
insanları diri-diri yandırmış, milli memarlıq incilərini,
məktəbləri, xəstəxanaları, məscid və
digər abidələri dağıtmış, Bakının
böyük hissəsini xarabazarlığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı,
Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda və Azərbaycanın
başqa bölgələrində də xüsusi qəddarlıqla
həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali
kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər
dağıdılmış, milli mədəniyyət abidələri
məhv edilmişdir".
Azərbaycan tarixində ilk dəfə
olaraq ulu öndər Heydər Əliyevin faktların dili ilə
erməni məkrini ifşa etdiyi fərmanında onların Azərbaycana
qarşı təcavüzünün tarixi köklərinə
də toxunulur, mərhələlərlə törətdikləri
soyqırımı və terror siyasətinin mahiyyəti
açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə
üzləşdiyi yeni nəsillərə anladılır,
xalqımızın qarşılaşdığı müsibətlərin
tarixinə, siyasi və çağdaş aspektlərinə nəzər
salınır. Ən əsası bu fərman terrorizmə,
soyqırımına qarşı mübarizə aparmaq
üçün ulu öndərin müəyyən etdiyi bir
yoldur. Azərbaycanlılara qarşı ermənilər tərəfindən
aparılmış soyqırımı və deportasiya siyasətini
geniş təhlil edən bu tarixi sənədlə martın
31-i Azərbaycanlıların soyqırımı günü
elan edilib.
Hər il martın 31-ni Azərbaycanlıların
soyqırımı günü kimi qeyd etməklə biz bir
daha tarixi keçmişə qayıdır, xalqımıza
qarşı açıq şəkildə həyata keçirilən
soyqırımı qurbanlarının xatirəsini ehtiramla
anırıq. Ermənilərin xalqımıza qarşı
törətdikləri soyqırımı, deportasiya və
işğal siyasətinin intensivliyi bu gün də zəifləməmiş,
əksinə, bədnam qonşumuz təbliğat və
qarayaxma kampaniyasını bir az da gücləndirmişdir. Ermənilər
Avropa və Amerikadakı lobbisinin imkanlarından məharətlə
yararlanaraq "əzabkeş erməni milləti"
obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq
normalarına məhəl qoymur, bütün yolverilməz vasitələrdən
istifadə edərək, əsl soyqırımı haqqında
həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini
Azərbaycan torpaqlarının işğalı faktı ilə
barışdırmağa çalışırlar.
Azərbaycan rəhbərliyi
dünya siyasətini müəyyən edən böyük
dövlətlərlə, beynəlxalq təşkilatlarla
ardıcıl və müntəzəm iş aparır, onilliklər
boyu formalaşmış stereotipləri və yanlış
siyasi yanaşmaları dəyişdirməyə
çalışır. Artıq bu istiqamətdə müəyyən
uğurlardan da danışmaq olar. Ulu öndər Heydər Əliyevin
siyasi xətti ilə yanaşı, onun qoyduğu ənənələri
layiqincə davam etdirən Prezident İlham Əliyev
bütün görüşlərində, xarici ölkələrə
səfərlərində, çıxışlarında Azərbaycan
xalqına qarşı soyqırımı həyata keçirən
erməniləri ifşa etmiş, soyqırımı cinayəti
törədənləri və ona göz yumanları kəskin
tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına
son qoymağa çağırmışdır. Prezident
İlham Əliyevin azərbaycanlıların
soyqırımı günü ilə bağlı
xalqımıza müraciətlərində ermənilərin
müxtəlif illərdə dinc azərbaycanlılara
qarşı soyqırımı həyata keçirmələri,
soydaşlarımızın yurd-yuvalarından didərgin salınması,
ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin
xalqımıza qarşı təcavüzünün bu gün
də davam etməsi, onun ağır nəticələrinin
yüz minlərlə soydaşımızın taleyində
özünü büruzə verməsi, Ermənistanın və
havadarlarının təcavüzkar siyasətinin iflasa məhkum
olması, bunun hazırkı dünya siyasətinin
aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi
qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və
hər birimizin qarşısında duran başlıca vəzifələr
göstərilir. "Bizim siyasi-diplomatik və informasiya-təbliğat
mübarizəsi sahəsində görməli olduğumuz
işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər
etməli, daha səmərəli işləməliyik" -deyə
Prezident İlham Əliyev bildirir.
Qarşımızda duran əsas
vəzifələr xalqımıza qarşı həyata
keçirilən soyqırımı haqqında indiki və gələcək
nəsillərdə möhkəm milli yaddaş
formalaşdırmaq, bu faciələrə bütün
dünyada siyasi və hüquqi qiymət verilməsinə nail
olmaqdır. Bunun üçün isə yalnız möhkəm
və yenilməz milli birlik tələb olunur.
Rəşad Cəfərli
Azərbaycan.-2009.-31 mart.-S.1.