Mərkəzi Seçki Komissiyası referenduma yekun vurmuşdur

 

Martın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, iclasda 2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunlarına dair məsələ müzakirə olunmuşdur. Məsələ barədə məlumat verən MSK-nın sədri bildirmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il 26 dekabr tarixli qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. İlin əvvəlindən respublika üzrə seçicilərin siyahısı mükəmməl şəkildə tərtib edilərək dəqiqləşdirmə üçün internet vasitəsilə ictimailəşdirilmiş, habelə seçicilərin tanış olmaları üçün vaxtında nümayiş etdirilmişdir. Referenduma hazırlıq və onun keçirilməsi prosesi sistemli, mütəşəkkil, MSK tərəfindən təsdiq edilmiş Təqvim Planı əsasında aparılmışdır. Bu işlərə seçki təşkilatçılarının təkliflərinə əsasən beynəlxalq qurumlarla yanaşı, respublikanın aidiyyəti üzrə müxtəlif orqanları da cəlb edilmişdir.

"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi 2008-ci il dekabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edildikdən sonra seçicilərin maarifləndirilməsi, təklif edilən düzəlişlərin mahiyyətinin vətəndaşlara izah edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Referendum Aktının layihəsi rəsmi qəzetlərdə dərc edilmiş, komissiyanın internet səhifəsində yerləşdirilmişdir. Layihəyə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılmış hissələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış müqayisəli təqdimatı seçicilərin sayı nəzərə alınmaqla çap edilmiş, aşağı seçki komissiyaları vasitəsilə 5 milyona yaxın vətəndaşın ünvanına çatdırılmışdır. Arzu edən şəxslərin həmin sənədləri əldə edə bilmələri üçün seçki məntəqələrində müvafiq şərait yaradılmışdır.

Referendum Aktının layihəsi və Mərkəzi Seçki (Referendum) Komissiyasının hazırladığı müqayisəli təqdimat plakat şəklində də çap edilmiş, seçicilərin tanış olmaları üçün yaxşı görünən yerlərdə asılmaqla ölkə ərazisində mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarının ərazisində yayılmışdır.

Referendum üzrə səsvermə bülleteninin nümunələri rəsmi qəzetlərdə Azərbaycan və rus dillərində dərc edilmiş, habelə plakat şəklində hazırlanaraq müvafiq yerlərdə asılmaqla seçicilərin diqqətinə çatdırılmışdır.

Referenduma çağırış, onun keçirilmə tarixi və səsvermə qaydaları barədə məlumatlar 28 növ plakat şəklində çap edilərək bütün yaşayış məntəqələrinin ərazilərində əhalinin gur olduğu yerlərdə asılmışdır. Maarifləndirici materialların bəziləri, o cümlədən televiziya kanallarında nümayiş etdirilən 4 reklam çarxından biri Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə hazırlanmışdır.

MSK-nın üzvləri və Katibliyin əməkdaşları tərəfindən referendum prosesi və səsvermə prosedurları ilə əlaqədar geniş maarifləndirmə işi aparılmış, bununla bağlı televiziya və radiolarda 100-dək çıxış olmuş, mətbuatda 120-dən çox məqalə dərc edilmiş, Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən hətta vaxtından əvvəl çoxsaylı təlimat, qayda, izah, yaddaş və digər normativ aktlar qəbul olunmuş, toplu halına salınmış, mətbuat və internet vasitəsilə ictimailəşdirilmişdir. Aşağı seçki komissiyalarının 31 mindən çox üzvünü və mütəxəssisini əhatə edən çoxsaylı müxtəlif növ konfranslar, seminar-müşavirələr və treninqlər keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi Bakı, Gəncə və Şirvan şəhərlərində ölkənin bütün yerli icra hakimiyyəti başçılarının və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə referendum prosesinə müdaxilənin yolverilməzliyinə dair regional məlumat sessiyaları keçirmişlər.

Referendum təyin edildikdən sonra fəal seçki hüququna malik olan 600 mindən çox vətəndaşı əhatə edən referendum üzrə təşviqat qruplarının 9-u MSK-da, 124-ü isə dairə seçki komissiyalarında qeydə alınmışdır. Respublika ictimaiyyətinin müxtəlif təbəqələrini özündə əks etdirən təşviqat qruplarının qeydə alınması Referendum Aktının geniş və hərtərəfli müzakirəsində əhəmiyyətli rol oynamışdır. Onlara referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq üçün bərabər əsaslarla geniş imkanlar yaradılmış, referendumqabağı təşviqat sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilmişdir.

MSK-nın sədri təşviqat qruplarının referendumqabağı təşviqat aparmaları üçün yaradılan şərait barədə danışaraq bildirmişdir ki, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış təşviqat qrupları İctimai Televiziya və Radio Yayımları Şirkətinin kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüququ qazanmış, Şirkət təşviqat qruplarına həftə ərzində 90 dəqiqəsi televiziyada, 90 dəqiqəsi isə radioda olmaqla 3 saatlıq pulsuz efir vaxtı ayırmışdır. Təşviqat kampaniyası başlayan gün - 2009-cu il fevralın 18-də ödənişsiz efir vaxtının 9 təşviqat qrupu arasında bərabər bölünməsi məqsədilə püşkatma keçirilmiş, püşkatmanın nəticələrinə uyğun olaraq, hər həftənin çərşənbə günləri radioda, şənbə günləri isə televiziyada Referendum Aktı layihəsinin seçicilərə çatdırılması üçün "dəyirmi masa"lar təşkil edilmişdir. 4 həftə ərzində bütün təşviqat qrupları ayrılmış efir vaxtından tam istifadə etmişlər.

"Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetləri həmin təşviqat qruplarına öz materiallarını ödənişsiz çap etdirmək üçün bərabər həcmdə yer ayırmışlar.

Referendumqabağı təşviqatın aparılması üçün Mərkəzi Seçki (Referendum) Komissiyasında qeydə alınmış 9 təşviqat qrupunun hər birinə dövlət büdcəsi hesabına 23.300 manat vəsait ayrılmış, bu vəsaitdən istifadə edən təşviqat qrupları kütləvi informasiya vasitəsində öz təşviqat materiallarını ödənişli əsaslarla yerləşdirə bilmişlər.

Referendum üzrə təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın şəhər və rayonlarında 2.478-i açıq, 2.065-i qapalı olmaqla cəmi 4.543 yer ayrılmış və təşviqat kampaniyası müddətində referendum subyektləri həmin yerlərdə vətəndaşlarla 7 minədək görüş keçirmişlər.

Referendumqabağı təşviqat kampaniyası dövründə təşviqat qrupları televiziya, radio və mətbuatda çıxışlar etmək, plakatları və digər çap materiallarını yaymaq, kütləvi tədbirlər, o cümlədən yığıncaqlar, vətəndaşlarla görüşlər və müzakirələr keçirmək yolu ilə 4 milyondan çox seçicini əhatə edə bilmişlər.

Aparılmış ilkin təhlillər təşviqat dövründən bütövlükdə səmərəli istifadə edildiyini, seçicilərin maarifləndirilməsi və referenduma çıxarılan məsələlərin vətəndaşlara dolğun çatdırılması istiqamətində əhatəli iş görüldüyünü təsdiq edir.

Sədr səsvermənin lazımi səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü vurğulamış və bildirmişdir ki, seçki məntəqələri kifayət qədər kabinə və səsvermə qutuları ilə təmin edilmişdir. Səsvermə seçicilərin 70,83 faizinin iştirakı ilə, yüksək fəallıqla keçmişdir. Səsvermə prosesi 47.000-dən çox yerli müşahidəçinin, habelə 25-ə yaxın ölkənin 30-a qədər nüfuzlu beynəlxalq qurumunun 177 nümayəndəsinin, 10 beynəlxalq nüfuzlu KİV nümayəndəsinin və çoxsaylı yerli KİV nümayəndələrinin müşahidəsi ilə, ölkə ərazisində fəaliyyət göstərən seçki məntəqələrinin 500-də quraşdırılmış veb-kameralardan geniş miqyasda izlənməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq azad, ədalətli, şəffaflıq və aşkarlıq şəraitində keçirilmiş, səsvermənin nəticələri həmin gün Mərkəzi Seçki Komissiyası tərəfindən ictimaiyyətə çatdırılmış, ümumilikdə isə nəticələr vaxtında müəyyən edilərək rəsmiləşdirilmiş və ictimailəşdirilmişdir.

Səsvermə prosesi başa çatdıqdan sonra MSK-ya cəmi 1 müraciət daxil olmuşdur ki, o da qanunla müəyyən edilmiş qaydada araşdırılmışdır.

Seçki dairələri üzrə səsvermənin nəticələri müəyyən edilərək qanunda nəzərdə tutulmuş müddətdə referenduma yekun vurulması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, MSK tərəfindən bununla əlaqədar müvafiq araşdırma aparılaraq referendumun nəticələrinə dair Protokol tərtib edilmişdir. Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu referenduma çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab olunmalıdır.

M.Pənahov qeyd etmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 138-ci və 140-cı maddələrinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası referendumdan sonra 25 gündən gec olmayaraq referenduma yekun vurmalı, referendumun rəsmi nəticələrini elan etməli və referendum yolu ilə qəbul olunmuş aktın mətnini dərc etməlidir.

İclasda ümumxalq səsverməsinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilmiş və qərara alınmışdır ki, referendum baş tutmuş sayılaraq Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul olunmuş hesab edilsin. Eyni zamanda, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətninin dərc edilməsi haqqında qərar çıxarılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında Milli Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-31 mart.-S.1.