1918-1920-ci illər türk-müsəlman
soyqırımları
Azərbaycan Xalq Cümhuriyyətinin
23 aylıq fəaliyyəti dövründə həyata
keçirdiyi mühüm tədbirlərdən biri də
1918-ci ildə ermənilərin Azərbaycanda türk-müsəlman
əhalisinə qarşı törətdikləri
soyqırımı təhqiq etmək oldu. Belə ki,
hüquqşünas Ələkbərbəy Xasməmmədovun
sədrliyi ilə 1918-ci il iyulun 15-də yaradılmış
Fövqəladə təhqiqat komissiyası çox qısa
bir zamanda ermənilərin törətdikləri cinayətləri
tam üzə çıxartdı. Lakin Cümhuriyyətin
devrilməsi ermənilərin cəzalandırılmasına
imkan vermədi. Uzun müddət bu cinayətlər
xalqımızdan gizlədilsə də, müstəqillik əldə
edildikdən sonra bütün bu hadisələr yenidən
obyektiv şəkildə öyrənilmiş və tariximizin
faciəli səhifəsi kimi yaddaşlara daxil olmuşdur. Faciənin
baş verməsi və nəticələri ilə
bağlı bəzi məqamlara diqqət yetirək.
Məlumdur ki, 1917-ci ilin
oktyabrında V.İ.Lenin başda olmaqla hakimiyyəti zorla ələ
keçirən bolşeviklər fəhlə-kəndli
hökuməti qurmaq adı altında əvvəlki
imperiyanı bərpa etməyə başladılar.
1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində
Bakıda daşnak-bolşevik birləşmələrinin milli
qüvvələrə qarşı açıq mübarizəsi
daha geniş vüsət aldı. 1917-ci ilin dekabrında Rusiya
Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən
Qafqazın fövqəladə komissarı təyin olunmuş
S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi
İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi
buradakı siyasi vəziyyəti xeyli gərginləşdirdi. Qafqaz
cəbhəsindən geri qayıdan rus əsgərləri vətənlərinə
getmək əvəzinə Bakıda saxlanıldı. Həmin
əsgərlərin Bakıda saxlanılmasında Şaumyan
xüsusi fəallıq göstərirdi. Bolşevik-daşnak
qüvvələrinin birləşdiyi Bakı Sovetinin
ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti
ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə
cəmləndi.
1918-ci ilin martında
Bakıda siyasi vəziyyət son dərəcə gərgin
idi. Bakı Sovetinə keçirilən seçkilərdə
"Müsavat"ın böyük səs çoxluğu ilə
qələbə qazanması bolşevikləri və
daşnakları ciddi narahat edirdi. Şaumyan başda olmaqla
bolşevik qüvvələri, erməni milli şurası və
"Daşnaksütyun" rəhbərləri Azərbaycanın
milli-demokratik qüvvələrinə qarşı əsl
müharibəyə başladılar. Bakıda Azərbaycan
milli qüvvələrinin sayca az və zəif
silahlanmış olduğunu yaxşı bilən Şaumyan
müsəlmanlara "dərs vermək" üçün
milli qırğına hazırlaşırdı.
1918-ci il martın 29-da şəxsi
heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin
Bakıda bolşevik qüvvələri tərəfindən tərk-silah
edilməsi milli qırğına başlamaq üçün
bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla
ehtiyatsız davranışdan həlak olmuş
H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini
Lənkərandan Bakıya gətirən müsəlman
diviziyasının 48 nəfərdən ibarət kiçik bir
dəstəsi bolşevikləri təşvişə
saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi
"Evelina" gəmisi ilə Lənkərana geri
qayıtmalı idi. Gəminin körpüdən aralanmasına
az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin
tərk-silah olunmasını tələb etdi. Müsəlman dəstəsinin
rədd cavabına tüfənglərdən və pulemyotlardan
atılan atəşlə cavab verildi. Gəmidəki silahlar
bolşeviklər tərəfindən müsadirə olundu.
Martın 31-də səhər tezdən şəhərin
müsəlmanlar yaşayan hissəsinə hücumlar
başladı. Azğınlaşmış erməni quldur dəstələri
dinc azərbaycanlı əhaliyə qarşı ən
amansız üsullara əl atırdılar. Fövqəladə
təhqiqat komissiyasının üzvü A.Y.Kluge bu
komissiyanın sədrinə yazırdı: "Yaxşı
silahlanmış və təlim keçmiş erməni əsgərləri
çoxlu miqdarda pulemyotların müşayiəti ilə
hücum edirdilər... Ermənilər müsəlmanların
evlərinə soxulur, evlərin sakinlərini qırır,
onları qılınc və xəncərlərlə
doğram-doğram və süngülərlə
deşik-deşik edir, uşaqları yanan evin alovları
içərisinə atır, üç-dörd günlük
çağaları süngünün ucunda oynadır,
öldürülən valideynlərin südəmər
körpələrinə rəhm etmir, hamısını
qırırdılar".
Təhqiqat
komissiyasının sənədlərinə əsasən məlum
olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı
şəhərində 11 min nəfərədək
türk-müsəlman öldürülmüşdür.
Onların çoxunun meyitləri tapılmamışdır.
Çünki şahidlərin dediklərinə görə,
ermənilər meyitləri od-alova bürünmüş evlərə,
dənizə və quyulara atırdılar ki, cinayətin izini
itirsinlər.
Müsəlmanları
öldürməklə yanaşı, ermənilər
onların əmlaklarını da dağıdır,
az-çox qiymətli olan əşyalarını isə
özləri ilə aparırdılar. Daşnak-bolşevik birləşmələri
Bakının şəhər camaatından 400 milyon
manatlıq daş-qaş və əmlak müsadirə
etmiş, bir çox ziyarətgahları və tarixi abidələri
dağıdaraq yerlə-yeksan etmişdilər. Daşnaklar
uzaqvuran toplarla Təzəpir məscidini zədələmiş,
Bakıda dünya memarlığının incilərindən
sayılan "İsmailiyyə" binasına od vurub
yandırmışdılar.
Talançılar
İsmailiyyə binası ilə yanaşı, "Kaspi" qəzeti
redaksiyasını, "Dağıstan" və "İsgəndəriyyə"
mehmanxanalarını da yandırmışdılar.
"Kaspi" qəzeti redaksiyasında Azərbaycan dilində
kitablar nəşr edilirdi. Bina yandırılan vaxt burada
Quranın yenicə çap edilmiş 5 min nüsxəsi
saxlanılırdı. Onların hamısı yanıb külə
dönmüşdü.
Mart qırğınında
yaxşı təşkil olunmuş hərbi hissələrlə
yanaşı, erməni ziyalıları və gəncləri də
iştirak edirdilər. Təhqiqat komissiyasının
materiallarında göstərilir ki, "erməni əhalisinin
bütün siniflərini təmsil edən nümayəndələr
bu "müharibə"də iştirak etməyi özlərinə
borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər,
müəllimlər var idi, bir sözlə, erməni əhalisinin
bütün təbəqələri öz "vətəndaşlıq
borcu"nu yerinə yetirirdi".
1918-ci ilin mart günlərində
Azərbaycanın qədim şəhəri Şamaxı da dəhşətli
talan və vəhşiliklərə məruz
qalmışdı. Şamaxı şəhərində və
Şamaxı qəzasında ermənilərin törətdikləri
vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən
ibarət təhqiqat materialları toplanmışdı.
S.Lalayan və T.Əmiryanın azğınlaşmış dəstələri
müsəlmanları soyub talayır və
qırırdılar. Şamaxının müsəlmanlar
yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə
məscidi və məşhur müqəddəs ocaq - Cümə
məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara
həm bir qibləgah, həm də qədim abidə kimi əziz
idi.
Şamaxı qəzasının
müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də
bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin
həddi-hüdudu yox idi.
Fövqəladə təhqiqat
komissiyasının Şamaxı qəzası üzrə
apardığı təhqiqatlarda 53 kənddə tərtib
olunmuş yekun aktlarında öldürülənlərin
sayı və hər bir kəndə dəymiş ümumi zərərin
miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə
əsasən Şamaxı qəzasının 53 kəndində
ermənilər 8027 azərbaycanlını qətlə
yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri
qadın və 1277 nəfəri uşaq idi. Bu kəndlərə
dəyən ümumi maddi zərər o dövrün qiymətləri
ilə 339.5 milyon manat olmuşdur.
Təhqiqat
komissiyasının sənədlərindən aydın olur ki,
təkcə Şamaxı şəhərinin azərbaycanlı
əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan
çox olmuşdur.
Əvvəlcədən
qurulmuş plana görə, daşnak-bolşevik qüvvələri
Şamaxını işğal etdikdən sonra Quba qəzasına
daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə
xəbərdar edilmiş, onlara xeyli əlavə silah və
sursat göndərilmişdi. Sovet rejiminə rəhbərlik edən
Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti
yaratmaq üçün bütün imkanlardan istifadə edirdi
ki, Azərbaycan deyilən dövlət qurumu yaranmasın. Quba
qəzasında qırğınlar əvvəlcədən
düşünülmüş və buna geniş
hazırlıq işləri görülmüşdü. Qırğına
başlamaq üçün bəhanə milli münaqişə
ola bilərdi. Erməni daşnak qüvvələri
dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar
tərəfindən
sıxışdırıldığı barədə
teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov,
H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən
göndərilən teleqramda iddia olunurdu ki, guya Qubada müsəlmanlar
milli ədavət, qırğın törədir, erməni və
rus kəndlərini dağıdır, kilsələrə od
vurub yandırırlar.
1918-ci il martın əvvəllərində
əmlaklarını sataraq Qubadan tələsik
çıxıb gedən varlı ermənilərdən bunun
səbəbini soruşduqda demişdilər: "Sizinlə
bizim aramızda nə isə gözlənilir, ona görə də
komitə bizi geri çağırır".
Fövqəladə təhqiqat
komissiyasının sənədlərindən məlum olur ki,
top və pulemyotlarla silahlanmış Amazaspın quldur dəstəsi
aprelin ortalarında Qubaya daxil olub şəhəri odlamağa
başladı. Daşnaklar küçədə
qarşılarına çıxan bütün adamları
ucdantutma gülləyə tutur, yerə yıxılmış
yaralıların bədənlərini tüfənglərin
süngüləri ilə deşik-deşik edir, gözlərini
oyurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər
evlərinə girib qapıları bağlayırdılar.
Onları evlərindən zorla çıxarır, yerindəcə
güllələyir və yaxud qabaqlarına qatıb meydana
aparırdılar. Bir neçə saatın ərzində
yüzlərlə insan qətlə yetirildi.
Şahidlərin biri
yazır: "Daşnakların son dərəcə
azğınlaşdığını görəndə
onlarla qeyri-bərabər döyüşə girməli olduq.
Bir gün davam edən atışmada 200-dən çox
döyüşçünü itirib, 40 nəfərlə
Digah kəndinə tərəf geri çəkildik. Amazasp
bundan həm hirsləndi, həm də bir qədər ehtiyat
etdi. Quba camaatını meydana yığıb bildirdi ki, mən
minlərlə türkün başını kəsən Ərzurum
ermənisiyəm. 200-dən çox türk kəndini
yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə
vuruşmuşam, erməni xalqının mənafeyini
müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm.
Əgər müqavimət göstərsəniz,
hamınızı bir nəfər kimi qıracağam".
Şahidlərdən biri
yazır: "Amazasp daşnak dəstəsinə bələdçilik
edən qubalı erməni Harun Hayrapetovu yanına
çağırdı və ona nəsə dedi. Harun cibindən
bir siyahı çıxarıb oxumağa başladı. Həmin
siyahıda Qubanın varlılarından 26 nəfərin
adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən
bir neçə nəfəri göndərdi. Silahlı əsgərlər
altı nəfərlə geri qayıdanda daşnak komandiri daha
da qızışdı. Gətirilənlərin 4-ü
qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı
ilə yeniyetmələrin başlarını kəsdilər.
Qadınları uşaqlarının qanını içməyə
məcbur etdilər. Onlar şivən qoparıb
daşnakların üstünə atılanda
qarınlarını süngülərlə deşdilər.
Sonra qılıncla bədənlərini tən ortadan ikiyə
böldülər. Meydanda ah-nalə yüksələndə
Amazasp əsgərləri cərgə ilə
düzdürüb əliyalın, günahsız əhaliyə
atəş açmağı əmr etdi. Yüzlərlə
adam qırıldı. İnanmaq olmurdu ki, insan insana
qarşı bu qədər vəhşilik törətsin".
"Mən sizin qanınızı içəcəyəm"
- deyən Amazasp siyahıda adları çəkilən adamların
mülklərini odlayıb külə döndərmək
üçün əmr verdi. Bütün bu hərəkətləri
ilə o, son dərəcə qəddar və qaniçən
olduğunu sübuta yetirirdi.
Amazasp Bakıdan mənfur
Şaumyan rejimindən belə bir tapşırıq
almışdı: Quba qəzasında bütün müsəlmanları
qırıb məhv etmək, onların yaşayış məntəqələrini
dağıtmaq. Sonra isə bu qırğını sünni və
şiə məzhəbləri arasında toqquşma kimi qələmə
vermək.
Təhqiqat materiallarından
məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən
daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən
artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə
azğınlıqla divan tuta bilmiş, iki gün ərzində
yalnız Quba şəhərində 4 minədək insanı
məhv etmişdilər. Bu, Quba şəhər əhalisinin
beşdə biri demək idi.
Qırğının
canlı şahidlərindən olan Şahbalı oğlu
xatırlayır: "Ermənilər o qədər adam
qırmışdılar ki, Qubanın küçələri
al-qana boyanmışdı. Əllərinə keçən 2
mindən çox adamı meydana yığıb ucdantutma
güllələmək istəyəndə bir nəfər
onların başçısına yaxınlaşdı. Deyilənə
görə, komissar idi. Bir qədər söhbət etdikdən
sonra əsgərlərə təzədən əmr verildi ki,
silahları aşağı salsınlar. Qadınlar və
uşaqlar ağlayırdılar. Yekəpər bir erməni
beş nəfərlə camaata yaxınlaşıb, cavan,
gözəgəlimli qadınları seçməyə
başladı. Əllidən çox qadını hara isə
apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə
yerindəcə güllələdilər. Onun meyitini yerə sərib
bıçaqla gözlərini çıxartdılar. Əli
qana batmış erməni ovcunda tutduğu gözləri
camaatın üstünə tulladı. Kütlədən
uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə
qabaqdakıları qundaqla döyməyə başladılar.
Sonra irəli çıxmış yaşlı bir kişinin
qarnını süngü ilə deşdilər. Bu, göz ilə
baxılası müsibət deyildi".
Başqa bir şahid
yazır: "Ermənilər dindarları Qubanın mərkəzinə
gətirdilər. Bu, döyülən insanlar qəzanın ən
hörmətli ağsaqqalları sayılırdılar. Amazasp
hamının tanıdığı Quba ermənisi Harunu
çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər
və şiələr hərəsi bir tərəfə
çəkilib üz-üzə dursunlar. Elə o cür də
durdular. Araları 20-30 metr olardı. Sonra iki tüfəng gətirib
dedilər ki, onsuz da sizin hamınızı
qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə
əməl etsin. Sünnilər və şiələr
növbə ilə bir-birilərinə güllə atsın.
Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli
çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi
Məhəmməd, o birisi isə şiələrin
ağsaqqalı Məşədi Mirsadıq idi. Onların
heç biri erməni silahını əlinə almaq istəmirdi.
Qundaqla başlarını yarıb onları tüfəngləri
götürməyə məcbur etdilər. İkisi də
tüfənglərini qaldırıb bir-birlərini nişan
aldı. Hamı məəttəl qalmışdı. Nisbətən
cavan olan Məhəmməd heç kimin gözləmədiyi
halda geri döndü və bir daşnakı yerə sərdi.
Qarışıqlıqdan istifadə edən Məşədi
Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən
yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin
çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin
qollarını kəsdilər, sonra ayaqlarını.
Başını kəsib süngüyə keçirdilər
və hamı görsün deyə yuxarı qaldırdılar.
Məşədi Mirsadığın gözlərini
çıxarıb, qollarını sındırdılar və
boynunu qırdılar. Həmin gün daşnaklar məscidi
dağıdıb, həm sünnilərdən, həm də
şiələrdən 20-dən çox din xadimini qətlə
yetirdilər". A.Novatski qeyd edir ki, müsəlmanların
dini heysiyyətınə toxunan daşnaklar təkcə Quba,
Qusar və Xaçmaz ərazisində 26 məscid
yandırmışdılar.
Amazaspın vəhşilikləri
nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində
Quba qəzasında üst-üstə 16 mindən çox
insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə
və şahidlərin dediklərinə əsasən,
qırğın zamanı 12 minədək ləzgi, 4 mindən
çox azəri türkü və tat əhalisi
öldürülmüşdü. 1918-ci ilin
qırğınları zamanı daşnak-bolşevik birləşmələri
Quba qəzasında 162 kəndi dağıtmışdılar
ki, bunlardan 35-i hazırda mövcud deyil.
Lənkəranda olan
"Dikaya diviziya"nı tərk-silah etmək
üçün bura dəniz vasitəsilə bolşevik dəstələri
göndərilmişdi. Bunların hamısı erməni milli
şurasının göstərişi ilə edilirdi.
Bolşevik əsgərləri yolda qabaqlarına çıxan
müsəlman kəndlərini dağıdıb
talayırdılar. Astara bolşevik əsgərləri tərəfindən
topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti
yaşayış yerlərini tərk etməyə məcbur
oldu. Xəzər dənizi sahilində Qızılağac ilə
Lənkəran arasındakı müsəlman kəndləri
"Aleksandr Candar" gəmisindən top atəşinə
tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da
şiddətləndi.
Osmanlı
qoşunlarının Bakını azad etməsindən bir az əvvəl
Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək
yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman
yeməkxanalarına girib oradakıları təhqir edir, yediklərinin
pulunu vermir, özlərini Osmanlı türklərindən
qorumaq üçün onları səngər qazmağa məcbur
edirdilər. İş o yerə çatmışdı ki, erməni
əsgərləri məhərrəmlik mərasimi verilən
məscidlərə girib müsəlmanlara öz təziyələrini
keçirməyə mane olurdular. Müsəlman əhalisi dini
ayinlərini icra etmək üçün məscidlərə
yığışdıqları zaman ermənilər ora
soxularaq müsəlmanları qarət edir, məscidi isə
yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə
yüzlərlə ev dağıtdı və minlərlə
günahsız insanın həyatına son qoydular. 1919-cu ilin
avqustunda "Molokan qiyamı" yatırılana qədər
bu bölgədə erməni və rus birləşmələri
tərəfindən 2 min insanın həyatına son
qoyulmuşdu.
Göyçay qəzasının
Kürdəmir kəndində daşnaklar 56 ev və dükan,
127 malikanə, iki məscid yandırmış, yerli imamın
mənzilini talan etmişlər. Mənzildəki
"Quran"ın təfsirinə dair zəngin kitabxanadan
tonqal düzəldilmiş, "Quran"ın özü isə
təhqir olunmuşdur.
1918-1920-ci illərdə erməni
vəhşiliklərindən ən çox ziyan çəkən
Azərbaycan bölgələrindən biri də Zəngəzur
qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü
nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri
tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi.
Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də
ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki
silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada
general Andranikin erməni əsgərlərindən ibarət
yaxşı təşkil olunmuş nizami qoşunları da var
idi. Andranik erməni hökumətinin
tapşırığı ilə Azərbaycan ərazisinə
soxularaq müsəlman əhalisindən tələb edirdi ki,
ya Ermənistan hökumətinə tabe olmalı, ya da qəzanın
ərazisini tərk etməlidirlər. Guya bu ərazi Ermənistan
Respublikasına daxildir. Qəzanın çox zəif
silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini
rədd etdiyinə görə ermənilər həmin əhaliyə
qarşı görünməmiş vəhşiliklər
törətdilər.
Fövqəladə təhqiqat
komissiyasının məruzəsində Zəngəzur qəzasında
115 müsəlman kəndinin ermənilər tərəfindən
dağıdılaraq yer üzündən silindiyi qeyd olunur.
Dağıdılmış bütün kəndlərin
adları bu sənədlərdə sadalanır.
Zəngəzur qəzasında
115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196
uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və
485 uşaq yaralanmışdır. Nəticədə təkcə
Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlı
öldürülmüş və ya şikəst edilmişdi.
Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər
hələ erməni vəhşilikləri haqqında tam məlumat
vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərinin
qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli
qarışıqlıq şəraitində onları tam şəkildə
müəyyənləşdirmək mümkün
olmamışdır.
Qəzanın Vaqudu kəndində
400-dən yuxarı azərbaycanlı məscidə
sığınaraq güman edirlər ki, ermənilər
müqəddəs yerə basqın etməzlər. Ancaq məscidi
mühasirəyə alan erməni vandalları əvvəlcə
bura əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla
birlikdə yandırırlar. Şəki kəndinin
küçələrində iki yerə şaqqalanmış
uşaq meyitləri atılıb qalmışdı.
İrmişli kəndini talan edərkən ermənilər
südəmər uşaqları süngülərə taxaraq
göyə qaldırır, meyitləri tikə-tikə
doğrayırdılar. Aqudi kəndində ermənilər
müsəlmanlardan xristianlığı qəbul etməyi tələb
edir, bundan imtina edən qadınlara qarşı ən
amansız cəza tədbirlərini həyata keçirirdilər.
Ermənilər Çullu kəndində yorğan-döşəkdə
xəstə yatan 9 müsəlmanı qılıncla doğramışlar.
Bağıbəyli kəndində 7 nəfər azərbaycanlını
bir evə yığıb evlə birlikdə diri-diri
yandırmışlar. Müsəlman meyitlərin əli,
ayağı, başı kəsilmiş və o qədər
eybəcər hala salınmışdılar ki, həmin əzaların
hansı meyitə məxsus olduğunu bilmək olmurdu. Zəngəzur
qəzasında 1918-ci il yayın axırları və
payızında baş verən bu hadisələr bilavasitə
cəllad Andranikin rəhbərliyi altında həyata
keçirilmişdi.
Zəngəzur qəzasının
100-dən çox müsəlman kəndi
dağıdılmış, əhalisinə isə 1 milyard
manata yaxın maddi ziyan vurulmuşdu. Erməni millətçilərinin
azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşiliklləri
1920-ci ilin əvvəllərində daha amansız şəkil
aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baş verən
bütün hadisələrin bilavasitə təşkilatçısı
məhz Ararat respublikasının özü idi. Əsas məqsəd
Zəngəzur qəzasını tamamilə müsəlmanlardan
təmizləyərək Paris sülh konfransı dövlətlərinin
əli ilə buranı Ermənistanın tərkibinə daxil
etmək idi. Həmin təmizləmə əməliyyatlarında
erməni quldur dəstələri ilə yanaşı, Ararat
respublikasının on mindən yuxarı nizami qoşun dəstələri
iştirak edirdi. Ermənilərin irimiqyaslı hücumları
ilə əlaqədar 1920-ci ilin yanvarından Azərbaycan
Respublikasının parlamentinə, hökumətinə
müxtəlif partiya fraksiyalarının rəhbərlərinə
Zəngəzurdan çoxlu həyəcanlı xəbər
daxil olurdu.
1920-ci il yanvarın 21-də
Azərbaycan Respublikasının parlamentinin üzvü Cəlil
Sultanov tərəfindən Azərbaycan parlamentinə göndərilimiş
teleqramda deyilirdi: "Dörd gündür ki, erməni quldur dəstələri
nizami ordu ilə birlikdə top və pulemyotların atəşi
altında Zəngəzura hücumları davam edir... İtkilər
olduqca çoxdur. Əhali vahimə içərisində
qaçır və kömək umur... Qəzanın bədbəxt
əhalisi adından yalvarıram, kağız üzərindəki
etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın
ən gözəl guşələrindən birini tamamilə məhv
olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə
Qarabağındır. Bütün bunların itirilməsi
üçün siz Azərbaycan xalqı və Azərbaycan
qarşısında cavab verəcəksiniz".
Yanvarın 22-də isə Cəbrayıl
məktəbinin müəllimi H.Axundzadə Azərbaycan
parlamentinə göndərdiyi teleqramda yazırdı:
"Yanvarın 19-da səhərdən erməni silahlı
qüvvələri Zəngəzurda Xocahandan Qaladərəsinə
kimi ərazidə bütün cəbhə boyu toplardan və
pulemyotlardan müsəlman kəndlərini atəşə
tuturlar. Altı kənd tamam dağılmışdır,
doqquz kənd isə od içərisində yanır. Ermənilər
qadınlara və uşaqlara belə rəhm etmədən qəddarlıqla
müsəlmanları qırır, kəndləri
dağıdırlar. Müqavimət göstərməyə
heç bir qüvvələri olmayan müsəlmanlar
bütün əmlaklarını ermənilərə qoyaraq
yalnız qaçmaqla canlarını qurtarırlar".
Erməni millətçilərinin
Zəngəzurdakı dəhşətli cinayətləri və
onlara layiqli cavab verilməməsi - azərbaycanlı əhali
arasında ümidsizlik doğururdu. 1920-ci il yanvar
ayının 23-də Cəbrayıldan müəllim Hüseyn
Axundzadənin vurduğu təkrar teleqramda deyilirdi: "Zəngəzur
müsəlmanları tərəfindən başınız
sağ olsun. Nə qədər zəngəzurlular
ağladılarsa da, nalələri Zəngəzur
dağları, dərələri və obalarından kənara
çıxmadı. Qarı arvadların namusu təhqir
olunmuş, məsum balaların başsız bədənləri
qırmızı qanlarına bulaşmış çöllərdə
qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə
keçmiş, onların namuslarına təcavüz
edilmişdir. Zəngəzurda düşmənə müqavimət
göstərən çox az kişi qalıb. Lakin onlar da tam
ümidsiz vəziyyətdədirlər. Üzümüzü
Azərbaycan dindarlarına çevirir, onları Zəngəzurdakı
qardaşlarımızın, bacılarımızın, məsum
balalarımızın məlumanə şəkildə şəhid
olmalarına qarşı kömək, kömək deyə
yalvarışlarına cavab verməyə
çağırırıq".
1918-ci ilin avqustunda İgdir və
Eçmiədzin qəzalarında azərbaycanlıların
qırğını Dronun rəhbərliyi altında həyata
keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların
60-dan çox kəndi dağıdılmış,
yandırılmış, əhalisinə qarşı ən sərt
tədbirlər görülmüşdü.
Çəmbərəkənd
(Krasnoselo) rayonunun Ağbulaq, Ardanış, Bəriyabad,
Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd
(Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil,
Şorca və başqa kəndlərinə hücum etmiş
Andranikin quldur dəstəsi əhalini qırmış, kəndləri
dağıtmış, xalqın var-dövlətini talan edib
aparmış, əhalinin bir qisminə ağır işgəncələr
vermiş, qaça bilməyənləri, qocaları, qadın
və uşaqları vəhşicəsinə qılıncdan
keçirmişdir. 1918-ci ildə Eçmiədzin rayonunda azərbaycanlılar
sayca üstunluk təşkil etsələr də, bu rayonun əksər
kəndi ermənilərin vəhşiliyinə, işgəncələrinə
məruz qalmışdır. Rayonun Ayarlı kəndi 1918-ci ildə
bütünlüklə soyqırıma məruz
qalmışdır. Bu kənddə həmin vaxt 700-dən
çox azərbaycanlı yaşayırdı. Onların əksəriyyəti
işgəncələrlə öldürülmüş,
salamat qalanlar didərgin düşmüş,
dağlarda-daşlarda tələf olmuşdur. İri azərbaycanlı
kəndi olan Qarğabazarın 800 nəfərdən çox əhalisi
erməni quldur dəstələri tərəfindən işgəncələrlə
qətlə yetirilmişdir. Bu kənd talan edilmiş,
dağıdılmış, binaları
yandırılmışdır. Qəmərli kəndinin də
başına eyni müsibətlər gətirilmişdir. Bu kənddə
yaşayan 500 nəfərə yaxın azərbaycanlı əhali
erməni silahlı dəstələri tərəfindən məhv
edilmiş, bir qismi isə doğma yurd-yuvasını tərk
etməyə məcbur olmuşdur.
1918-ci ilin martında İrəvan
qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin
sentyabr ayına qədər isə Eçmiədzin qəzasına
məxsus 62 azərbaycanlı kəndi bütünlüklə
yerlə yeksan edilmişdir. 1919-cu ilin axırında Zəngibasarın
bir neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının,
o cümlədən Vedibasarın bütün kəndləri məhv
edilmiş, əhalisi vəhşicəsinə
öldürülmüş, sağ qalanlar canlarını
xilas edərək başqa yerlərə qaçmışlar.
Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişdir.
1918-ci ildə İrəvan
quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi
dağıdılmış, yandırılmış və
talan edilmişdi. İrəvan azərbaycanlılarının
çoxsaylı müraciətlərindən birində
göstərilir ki, qısa müddət ərzində bu tarixi
Azərbaycan şəhərində (İrəvan) və onun
çevrəsində 88 kənd dağıldılmış,
1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv
edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri
vəhşiliklər, daşnak hakimiyyəti dövründə
yürüdülən "türksüz Ermənistan"
siyasəti nəticəsində İrəvan
quberniyasının azərbaycanlı əhalisinin sayı
1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min
nəfərə enmişdir.
Andranikin quldur qoşununun və
daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara
qarşı apardıqları soyqırımı nəticəsində
indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan
torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi,
təxminən 565 min nəfəri vəhşicəsinə
qırılmış, yaxud öz dədə-baba
torpaqlarından qovulmuş, didərgin
salınmışdır.
1920-ci ilin aprelində "Azərbaycan"
qəzeti yazırdı: "Artıq Göyçə
mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid
qəzasında 84 müsəlman kəndi
dağıdılmışdır, onlardan 22 kənd apreldə
dağıdılmışdır. Otuz kəndin 15 mindən
artıq evi olan əhalisi bütün malı, dövləti
başlı-başına buraxıb qaçmışdır.
Bütün bu var-dövlət hazırda ermənilərə
qalıb, qarət edilmiş əmlak bir neçə milyon və
hətta milyardlar qədərdir".
1920-ci il aprelin 27-də rus
ordusu tərəfindən Azərbaycanın işğal edilməsi
Azərbaycanın ərazi bütövlüyünü təmin
etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin
gördüyü tədbirləri başa
çatdırmağa imkan vermədi, sovetləşən Zəngəzur
qəzası sovet Ermənistanına bağışlandı.
Beləliklə, 1918-1920-ci
illərdə türk-müsəlman əhalisinə
qarşı həyata keçirilən qətllər və
kütləvi insan qırğını təsadüfi hadisə
deyil, "Daşnaksütyun" partiyasının
"böyük Ermənistan" yaratmaq planını
reallaşdırmaq yolunda atılan addım və
soyqırım siyasəti olmuşdur.
Anar İsgəndərov,
tarix elmləri doktoru,
professor
Azərbaycan.-2009.-31 mart.-S.2-4.