Soyqırımına məruz qalmış abidələr

 

Memarlığın ən qədim növlərindən sayılan qalalar müxtəlif tipli olmaqla adətən, müdafiə məqsədilə tikilərdi. İbtidai icma cəmiyyətindən üzü bəri qalalar həmişə mövcud olub. İlkin dövrlərdə qalalar adətən, torpaq bəndlər, ağac, daş, kərpic... divarlarla əhatə olunurdu. Quruluş dəyişdikcə, insanlar əmək vərdişlərinə dərindən yiyələndikcə, sənətkarlıq artdıqca, inşaat işləri inkişaf etdikcə qalaların görünüşü də təkmilləşirdi. Beləliklə, divarların hündürlüyü, qalınlığı artırdı, hətta qülləli qalalar ucaldılırdı.

Hələ çox qədimdən Şərq ölkələrində bir neçə sədli qala-şəhərlər mövcud olub. Bəzi ölkələrdə qalanın içində də bir iç qala olardı. Azərbaycanda da hələ qədimdən qalalar tikilmişdir. Mütəxəssislərin fikrincə, bu qalaların əsasən üç tipi mövcud olub:

1) Feodal şəhərlərin yaranması ilə meydana gələn şəhər tipli qalalar. Bu tipli qalalar iki və üçqat divarla, eləcə də xəndəklə əhatə olunurdu. Məsələn, Bakı, Qəbələ, Gəncə, Beyləqan qalaları bu tipdəndir.

2) Sığınacaq və müdafiə məqsədi ilə tikilmiş qalalar. Bu qalaları adətən, dağ zirvəsində, hündür qayaların başında, ya da dəryanın ortasında tikərdilər. Məsələn, Çıraqqala, Cavanşirqala, Əlincəqala, Gülüstanqalası, Qız qalası. (Məlumat üçün deyək ki, dünyada 30-a yaxın Qız qalası var. Bunun 15-i Azərbaycandadır. Nümunə üçün xatırladaq ki, Qız qalası Gədəbəydə dağ zirvəsində, Bakıda isə Xəzərin içində tikilmişdir.)

3) Məbədləri və din xadimlərinin əmlakını qorumağa xidmət edən qalalar. Məsələn, Kiş məbədi, Gavurqala (Azərbaycanda sayı çoxdur), Ləkid məbədi, Xanəgah və başqaları.

Azərbaycanda qala-şəhərlər bu günümüzə qədər gəlib çatmışdır. Məsələn, Pənah xanın tikdirdiyi Şuşa qalası. Təəssüf ki, bütün azərbaycanlıların ruhunun vətəni olan bu qədim qala indi düşmən əsarətindədir. Eləcə də, Əsgəran qalası yağı əlindədir. Qarabağın dağ zirvələrində xarabalıqları qalan neçə-neçə səngərimiz, Zəngəzurda, Göyçədə illərdir bayram tonqalına həsrət qalmış qalalar da düşmən pəncəsində inildəməkdədir. "Əzəldən səngərli-qalalı dağlar" əslində keçmişimizdən soraq verir. Onların ucalığında ərşə qalxan tonqalların atəşi vaxtilə düşmən bağrını yarıb dosta soraq verərdi.

Bu gün düşmən pəncəsində imdad diləyən qalalarımız var ki, onlar da əslində soyqırıma məruz qalmış qədim türk abidələridir. Təbii sərvətləri, gözəl təbiəti, əlverişli coğrafi mövqeyi, yerli şəraiti əzəldən Zəngəzur mahalının başına bəla olub.

Yadelli işğalçılar zaman-zaman bu torpaqda qanlar töküb, evlər talayıb, kəndləri xaraba qoyub, şəhərləri dağıdıb, zülmü ərşə çıxarıblar. Bəlkə də elə bu səbəbə görədir ki, Zəngəzurda qalaların sayı çoxdur. Uca dağların zirvəsində, hündür qayaların başında indiyədək xarabalıqları, qismən də özü salamat qalan bu qalalar keçmişimizdən - babalarımızın mərdlik dünyasından bir əmanət idi. Təəssüf ki, təkcə insanlarımız deyil, tarixi abidələrimiz də ermənilər tərəfindən soyqırıma məruz qaldı. Bir məsələ də ürək ağrıdır ki, bu qalaların dəqiq siyahısı tutulmamış, barələrində az yazılmışdır, hətta bəziləri haqqında heç məlumat yoxdur. Bir sözlə, bu qalalar tarixin daş yaddaşı olmasına baxmayaraq çox az öyrənilmişdir. Onların haqqında məlumatı olan insanlar da dünyasını dəyişməkdədir. Qalalarımız isə əsl sahiblərindən ayrı düşüblər.

Zəngəzurda elə bir dağ çətin tapılar ki, onun zirvəsində məbəd, pir, ziyarət yeri olmasın. Maraqlıdır ki, bu müqəddəs yerləri müsəlmanlarla bərabər, ermənilər də ziyarət edərdilər. Onlar deyərdilər ki, müsəlman ocağına niyyət tutub nəzir edəndə işimiz yaxşı gedir. Bəs müsəlman ocağını, pirini, məbədini amansızcasına dağıdanda necə? Bu sualın cavabını tarix verəcək. Heç ola bilməz ki, haqsızlıq uzun davam edə bilsin. İnsanı xəlq edəndə Tanrı onu zalımlıqla, vəhşiliklə məşğul olmaq üçün yaratmamışdı.

Zəngəzurda Babəkin adi ilə bağlı beş qalanın olması çox mətləblərdən xəbər verir. Tarixçi alim Ziya Bünyadov "Azərbaycan VII-IX əsrlərdə" adlı kitabında bildirmişdi ki, Babəkin son döyüşlərindən biri məhz Urud qalasında və onun ətrafındakı dağlarda baş vermişdir. Qədim Zəngəzurun Urud kəndində Bazar çayının sağ sahilində tikilmiş bu möhtəşəm qala yaxın günlərə kimi öz əzəmətini saxlamaqda idi. VI-VII əsrlərdə tikildiyi barədə qala divarlarına vurulmuş lövhədə də bu məlumat göstərilmişdir. Hətta bu qala barəsində Türkiyə arxivlərində də müəyyən məlumatlar vardır. 1590-cı ildə yazılmış "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə də Urud qalası ilə bağlı maraqlı faktlara rast gəlinir. Vaxtilə bu qalanı zəbt etmək məqsədilə üzərinə dəfələrlə hücumlar edilmiş, lakin döyüşlər uğursuz nəticələnmişdi. Qala bacarıqla müdafiə edildiyindən işğalçılar geri çəkilmişlər.

Sonralar el arasında bu qalaya Babək qalası deyirdilər. Dildən-dilə keçən və yaşayan söz-söhbətdən belə məlum olurdu ki, Azərbaycanın böyük sərkərdəsi Babək öz mübarizəsinin son mərhələsində bu qalada məskən salaraq ərəb işğalçılarına qarşı vuruşmuşdu. Bu faktı ərəb və fars salnaməçiləri də təsdiqləyiblər. Onların əsərlərində qalanın adı tez-tez çəkilir. 22 il ərəb xilafətinə qarşı mübarizə aparan, çox qüdrətli sərkərdələri məğlub edən Babək döyüşlərinin çoxunu qalalar, istehkamlar, keçilməz sıldırımlı dağlar, uçurumlu dərələr ölkəsi kimi tanınan Zəngəzurda aparmışdır.

22 il düşmənlərini lərzəyə salan bu böyük sərkərdə məhz bu qalada adi bir feodal - Səhl ibn Sumbat (səhvən onu erməni adlandırırlar, əslində, alban olmuşdur. O, Şəki qalasında yaşayırdı. Elə bir xüsusi igidliyi və qəhrəmanlığı olmamışdır. - F.X.) Babəki dilə tutaraq öz qalasına dəvət etmişdir. Zəngəzurda yerləşən bu qalada (hər iki qala Qarakilsə bölgəsindədir) Babək düşmənlər tərəfindən əsir aparılıb. Məhz bu satqınlığından sonra Səhl ibn Sumbat məşhurlaşıb. Əlbəttə, Babək kimi dəyanətli bir sərkərdəni xəyanət yolu ilə satmağı heç düşmənlərinin də xoşuna gəlmədi. Onlar Babəkin ölümündən sonra bu xristian dinli albanı da başqa xəyanətdə təqsirləndirərək cəzasını verdilər. Babəkin ölümündən sonra əsrlər keçməsinə baxmayaraq onun igidliyi, dönməzliyi, mərdliyi barədə Zəngəzurda həmişə maraqlı hadisələr danışırdılar. Bu hadisələrin hər biri ayrı-ayrılıqda təsirli bir hekayədir. İllər bir-birinə bağlanıb keçsə də, Zəngəzurdakı Babək qalaları qəhrəmanlıq simvolu kimi qürurla ucalırdı.

Oxçu qalası da Zəngəzurda yerləşən beş Babək qalasından biridir. Qafan rayonunun Novruzyurd adlı hündür bir təpəliyin üstündə tikilmiş bu qaladan Zəngəzur dağlarının uca zirvələri görünərdi. Deyilənə görə bu qalanın bürclərində yandırılan tonqallar uzaq məsafədə yaşayan insanlara hansısa bir işarəni çatdırarmış. Ovçu qalası Zəngəzurda ən çox bürclü qala sayılırdı. Danışılırdı ki, qalanın 30-a yaxın bürcü olub. Onun yarısı son vaxtlara kimi dururdu. Qala bir neçə dəfə yadellilər tərəfindən dağıntıya məruz qalsa da, həmişə bərpa olunaraq əvvəlki görkəminə qaytarılırdı. İstehkam məqsədilə tikilmiş bu qala da acınacaqlı bir ömür yaşadı. Əsrlər boyu mərdlik, qəhrəmanlıq simvolu kimi ucalmasına baxmayaraq ermənilər tərəfindən soyqırıma məruz qaldı.

Zəngəzurda analoqu olmayan müdafiə istehkam xarakterli qalalardan biri də Mığrı qalası idi. Meğri şəhərinin şimal hissəsində dağ təpələri üzərində nal formasında inşa edilmiş qalanın divarları yonulmamış, hamarlanmamış qranit daşlardan və gil palçıqla hörülmüşdür. Qalanın bir hissəsini də sıldırımlı qalalar, dağlar, təbii hasar kimi qoruyurdu. Altıbürclü bu qala haqqında 1083-cü ildə ilk dəfə məlumat verilmişdir: Zəngəzurdakı digər qalalar kimi bu tarixi abidəmiz də soyqırıma məruz qalmışdır. Meğrinin Quşçular kəndində iki qala var. Bəzz və Cavidan qalaları. Adlarından göründüyü kimi bu qalalar da Babəkin adı ilə bağlıdır. Eləcə də Əmir Teymurun, onun sərkərdələrinin adları ilə bağlı Qarakilsədə (Sisianda) qalalar var idi. Məsələn, Ərəfcə kəndindəki Camal qalası Əmir Teymurun sərkərdələrindən birinin adı idi. Sofulu kəndindəki Daş qala müdafiə məqsədilə tikilmişdir. Bu qalanın da tarixində Əmir Teymurun adı var.

Əlbəttə, əsrlərin dizlərini qatlayıb günümüzə qədər yaşayan, öz xarici görkəmi, tikilişi ilə insanları heyrətə gətirən qalalar da var, müharibələr, təbii fəlakətlər nəticəsində eləcə adları qalanlar da. Bu gün göydələnlərin, qeyri-adi tikililərin inşa edildiyi, insanın kosmosda möcüzəli tədqiqat apardığı bir zamanda bəlkə də belə qalalar kiçik görünə bilər. Amma onların yarandığı tarixi məqamları xatırlayanda heyrətlənməyə bilmirsən. Zəngəzurda uca dağlar başında tikilmiş elə möhtəşəm qalalarımız var idi ki, onlar yaranan zaman insan ox-kamanla ova gedərmiş. Belə bir quruluşda nəhəng daşları, qayaları, dağ zirvəsində üst-üstə qoyub istehkam qurmaq, qala yaratmaq həqiqətən möcüzədir. Qalalar qədim memarlığın ən maraqlı və əhəmiyyətli növlərindən biridir. Xüsusilə də, təbiətin oyanan vaxtlarında qala divarlarının əzəmətli görünüşü çox düşündürücü olur. İstər-istəməz adamın yadına uzaq keçmişini salır. Nə qədər sivil ölkələrdə dolaşsaq da, torpağa və millətə bağlılığımız məhz o qalaların divarlarında hörülmüş daş kitabələrdə öz əksini tapıb. Nə acılar ki, xəttat babalarımızın min bir əziyyətlə, amma torpaq, millət eşqi ilə ucaltdığı o qalalar düşmən həmləsinə məruz qaldı. Tariximizin daş yaddaşı olan abidələr də ermənilər tərəfindən törədilmiş soyqırıma tuş oldu. Dillər əzbəri olan bir bayatıda deyilir:

 

Əzizim bizim qala,

Bu qala, bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

 

Hər bir qalanı bu məqsədlə tikən babalarımızın izləri düşmən tapdağında inildəməkdədir. Yəqin ki, nə vaxtsa biz o torpaqlara qayıdacağıq. Bəlkə də yaşayış məskənlərindən, evlərdən, yollardan öncə o qalaların yenidən bərpasına can atacağıq. Dünyada ən dəhşətli hal ruhların incidilməsidir. Bu incik düşmüş ruhların bizi bağışlaması üçün elə qalalardan başlamaq gərəkdir.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-31 mart.-S.5.