Tarix şəhadət
verir
Azərbaycan tarixi boyu güclü
qonşularının süfrəsində
ləziz təama çevrilib. Tarixi saxtalaşdırılıb, mədəniyyəti yağmalanıb,
torpaqları qəsb edilib, bunlar azmış kimi, insanları zaman-zaman soyqırıma məruz qalıb. 100 il tarix üçün "bir göz qırpımı"
ilə ölçülən
zaman məsafəsi olsa da, millətlərin,
xalqların, məmləkətlərin
ömürlüyündə böyük rəqəmdir.
Başının qeylü-qalı, çəpərinin qarı
düşməni əskik
olmayan Azərbaycan təkcə elə ötən əsrin əvvəlində və sonunda ermənilər və sovet imperialist qoşunları tərəfindən
misli görünməmiş
soyqırıma, kütləvi
deportasiyalara məruz qalıb.
Millətin başına gələnlər
və gətirilənlər
o vaxt tarixin malına çevrilir, məxəz statusu qazanır ki, tarixçi alimlər tərəfindən damla-damla
toplanıb faktlaşdırılır,
hər hadisə, hər təfərrüat
dəlil-sübuta söykənir,
elmi nəticələrə
əsaslanır. Əlamətdar haldır ki, müstəqillik illərində
Azərbaycan alimləri
yalnız tariximizdəki
"ağ ləkə"ləri
təmizləməklə məşğul
olmur, eyni zamanda, keçmişimizin
təhrif edilmiş, gizlədilmiş məqamlarına
həqiqət işığı
salmaqla, əslində,
yeni və daha mötəbər bir tarixin qələmə
alınmasına töhfələrini
verirlər.
Belə fundamental sayıla biləcək nəşrlərdən biri də tarix elmləri doktoru Solmaz Rüstəmova - Tohidinin tərtib etmiş olduğu "Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə" toplusudur.
Kitab müəllifin mart hadisələrinin mahiyyətinə, tədqiq edilən məsələnin tarixçəsinə, bütövlükdə iki millət arasındakı öz miqyas və kütləsinə görə artıq geosiyasətin və intervent ambisiyaların predmetinə çevrilmiş münaqişənin şərhinə həsr olunmuş məqaləsi ilə açılır. Məlumdur ki, Azərbaycan torpaqlarının parçalanması, ərazilərinin ilhaq edilməsi, yerli əhalinin ata-baba yurdundan qovulması öz başlanğıcını şimallı-cənublu qonşularımızın öz maraqaları naminə bağladıqları Gülüstan və Türkmənçay müqavilələrindən götürür. Azərbaycan torpaqlarının işğal edilməsi və azərbaycanlıların qovulması ilə bağlı mənfur ümumerməni proqramı da məhz həmin tarıxdən işə düşdü. Sonrakı yüzillikdə Birinci Dünya müharibəsi dövründən Zaqafqaziyanın müsəlman əhalisinə qarşı kütləvi şəkildə və düşünülmüş qaydada soyqırımı siyasəti aparılmış, onların özləri və əmlakları məhv edilmiş, qarət olunmuş, amansız təzyiqlərə məruz qalmışlar. 1918-ci ilin məşum mart hadisələrində Bakıda və onun ətrafında bolşevik-daşnak birləşmələrinin əli ilə 12 min nəfərdən artıq günahsız azərbaycanlı qətlə yetirilmişdi. 1918-ci ilin iyulunda Azərbaycan hökuməti baş vermiş hadisələri təhqiq etmək məqsədilə fövqəladə istintaq komissiyası yaradır ki, onun da toplamış olduğu sənədlər təqdim olunan toplunun faktoloji əsasını təşkil edir.
Burada 1918-ci ilin mart, sentyabr aylarında Bakıda və onun ətraf kəndlərində tüğyan edən erməni silahlı dəstələrinin təzyiqinə məruz qalmış sakinlərin şahid ifadələri, həmçinin istintaqı gedən "Bakının darmadağın edilməsi haqqında" məhkəmə-istintaq sənədlərinin bir qismi toplanmışdır. Şahid ifadələri həmin günlər Bakıda baş vermış faciə, soyqırımı və talan hadisələrinin əsl səbəbkarları və miqyası barədə aydın və müfəssəl təsəvvürün yaranmasına kömək edir. Şəhərin ziyalı və az-çox varlı azərbaycanlılarının ünvanlarının əvvəlcədən hazırlanması, müxtəlif yerlərdə hərbi əməliyyatların başlanması barədə əldə edilmiş məlumatlar, dinc müsəlman əhalisinə qarşı ermənilərin amansızlığı və vəhşiliyi bütün bu hadısələrin irəlicədən düşünülüb planlaşdırıldığına dəlalət edir.
Topluda azərbaycanlılarla yanaşı, fərqli milli mənsubiyyətə malik bakılıların, əcnəbilərin də şahid ifadələri toplanmış, mülki, sənaye, sosial, ticarət və digər təyinatlı obyektlərlə bağlı itkilər haqqında məlumatlar daxil edilmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin təşəbbüsü ilə işıq üzü görmüş bu irihəcmli nəşr əsrlərdən bəri Azərbaycana qarşı soyqırımı siyasəti yeridən ermənilərin ötən əsrin əvvəlində Bakıda törətdikləri cinayət əməllərinin ifşa olunmasına kömək edəcək, erməni alimlərinin növbəti dəfə tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını alacaqdır.
X.Niyazov
Azərbaycan.-2009.-31 mart.-S.5.