Heydər Əliyev Fondunda görüş

 

Belçika Krallığı Senatının Qadın Kişi Hüquqlarının Bərabərliyi üzrə Məsləhət Şurasının sədri, senator xanım Dominique Tilmans martın 30-da Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Belçikalı qonaqlar ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dahi şəxsiyyət haqqında kitablarla tanış olmuş, fondun Xatirə kitabına ürək sözlərini yazmışlar.

Burada gördüklərindən xoş təəssürat aldıqlarını deyən xanım Dominique Tilmans fonda xatirə hədiyyələri təqdim etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-31 mart.-S.7.