Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Hörmətli həmvətənlər!

Sizi xalqımızın ən əziz bayramı - Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı səadət arzulayıram.

Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin xeyirxahlığın təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır.

Milli təfəkkürümüzün mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü sayılan Novruz bayramı suveren Azərbaycan dövlətinin rəsmi bayramı olaraq müstəqil respublikamızın hər bir guşəsində kütləvi şənliklərlə qeyd edilir. Yaz bayramının insanlarımızda qurub-yaratmaq əzmini artıran yeniləşdirici ovqatı ölkəmizin dinamik inkişafla əlamətdar həyatında son illər ən müxtəlif sahələrdə ürəkaçan nailiyyətlərlə, paytaxtda bölgələrdə geniş miqyasda aparılan quruculuq-abadlıq işləri ilə ümumi ahəng təşkil edir. Builki Novruz bayramı özünün yeni dövrünü yaşayan Azərbaycan muğamının da bayramıdır Beynəlxalq Muğam Festivalının keçirilməsi ilə əlamətdardır.

Doğma Vətənimizin müstəqilliyi ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz gündə ehtiramla yad olunur. Ölkəmizin hüdudlarından uzaqlarda soydaşlarımız da bizimlə bərabər Bahar bayramını böyük sevinclə qarşılayırlar. İnanıram ki, milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu el bayramı azərbaycançılıq məfkurəsi ətrafında onların müqəddəs Vətənə bağlılıq duyğularını daha da möhkəmləndirəcəkdir.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm.

Novruz bayramınız mübarək olsun!

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2009-cu il

 

Azərbaycan.-2009.-20 mart.-S.1.