Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 19-da YUNESKO-nun baş
direktoru Koişiro Matsuuranı qəbul etmişdir.
YUNESKO-nun rəhbəri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Muğam Festivalının rəsmi
açılış mərasimində
iştirak etmək üçün ölkəmizə
səfər etməsindən
məmnunluğunu bildirdi. Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinə toxunan Koişiro Matsuura ölkəmizdə
mədəniyyət sahəsində
də böyük işlərin görüldüyünü
söylədi.
Azərbaycan Prezidenti dünyadakı maliyyə böhranına baxmayaraq, ölkəmizdə
bütün istiqamətlərdə,
o cümlədən mədəniyyət
sahəsində də
sürətli inkişafa
nail olunduğunu bildirdi. Azərbaycanda mədəniyyətlə bağlı
həyata keçirilən
layihələrdən danışan
dövlətimizin başçısı
bu baxımdan Bakıda Beynəlxalq Muğam Festivalının
keçirilməsinin əhəmiyyətini
xüsusi vurğuladı.
Prezident İlham Əliyev Koişiro
Matsuuranın ölkəmizə bu səfərinin Azərbaycanla
YUNESKO arasında əməkdaşlığın daha da
genişlənməsinə xidmət edəcəyinə əminliyini
söylədi.
AzərTAc
Azərbaycan.-2009.-20 mart.-S.1.