"Azərbaycan
- 2003-2008: zaman haqqında
düşünərkən"
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin Azərbaycan dilində iki, ingilis və
rus dillərində bir sanballı məqaləsindən ibarət
"Azərbaycan - 2003-2008: zaman haqqında düşünərkən" kitabı çapdan çıxmışdır. Kitabın birinci
məqaləsi Prezident İlham Əliyevin bu sözləri ilə
başlayır: "Bizim son beş il ərzindəki
təcrübəmiz onu göstərir ki, nəyi
planlaşdırmışıqsa, nəyi bəyan etmişiksə
onu icra etmişik və çox hallarda vaxtından tez
etmişik".
Məqalədə
deyilir ki, ətrafımızda baş verən hadisələr
dünyada müxtəlif cür şərh olunur,
çünki hər xalq üçün tarixən
formalaşmış özünəməxsus sosiomədəni
yaddaş, mentalitet xasdır. Bu, ümumən qəbul
olunmuş fikirdir. Hər bir xalqın
öz dəyərlər ölçüsü, iyerarxiyası
var və şəxsiyyət cəmiyyətdə baş verən
hadisələri bunları əsas götürərək təhlil
edir. Qlobal məsələləri
qarşıya qoymaq və həll etməyi isə az-az adamlar
bacarır və konkret xalqı, ölkəni və ya bəşəriyyəti
yalnız onlar öz arxasınca apara bilərlər.
Gözlərimiz qarşısında dəyişən reallıqlardan söhbət açan akademik Ramiz Mehdiyev yazır ki, bu dəyişən reallıqların adekvat dərk edilməsi üçün zəruri olan yeni metodik novasiya - yaşanılan və gələcək "zamanın simvolu" rakursundan təhlili gündəmə gəlmişdir. XXI əsr nəinki qütblərin, ideologiyaların, sivilizasiyaların qarşı durduğu, həm də arxaik, ənənəvi, modern və postmodern dünyagörüşü və simvollarının üz-üzə gəldiyi zaman kimi səciyyələnir. Bu baxımdan, son beş il ərzində istər dünyada, istərsə də Azərbaycanda baş verən prosesləri düzgün qiymətləndirmək üçün onları "sürət" simvolu formatında təhlil etmək lazımdır. Beş il əvvəl ölkədə və dünyada vəziyyət o qədər də sadə deyildi. Lakin Prezident İlham Əliyev keçid dövrünün bütün çətinliklərini aradan qaldıraraq, dünyaya öz inkişaf modelini təqdim edərək ölkəni iqtisadi yüksəlişin səviyyəsinə görə dünyanın lider dövlətləri arasına çıxarmışdır.
Kitab E.Tofflerin sözləri ilə açılır. O, yeni sivilizasiyanın gündəlik həyatımıza daxil olmasını görərək özü-özündən soruşur: bəlkə biz də köhnəlmişik? Sonra yaşanan illər təhlil olunur. Bu dövr ərzində bir-birini əvəz edən hadisələr sosiumu kökündən dəyişmiş, ya azadlıq mehi, ya da totalitar rejim şəraitində yarımkölə həyatı gətirmişdir. Bütün bu transformasiyalarda cəmiyyətin dəyişməz vəzifəsi siyasi elitanın yaradılması olmuşdur.
R.Mehdiyev yazır ki, indiki mərhələdə qarşımızda duran vəzifə Azərbaycan dövlətçiliyinin perspektivli və səmərəli inkişafını, ayrılıqda götürülmüş hər bir şəxsiyyətin intellektual inkişafını və mənəvi-əxlaqi təşəkkülünü təcəssüm etdirəcək yeni bir dəyər oriyentirlərini təkamül yolu ilə irəlilətməkdən ibarətdir.
Demokratik inkişafın iqtisadi təkamüllə sıx əlaqəsindən danışan müəllif vurğulayır ki, azad vətəndaş ilk növbədə maddi və maliyyə baxımından azaddır, bu da ona siyasi azadlıq verir. Akademik R.Mehdiyev yazır: "Vəzifəsi inkişaf strategiyasını və dövlətin gələcəyini müəyyən etməkdən ibarət olan "seçilmişlər zümrəsi"nin formalaşmasında yalnız hər cəhətdən azad vətəndaş mühüm, həlledici amil ola bilər. İnnovasiya təfəkkürünə malik olan istedadlı insanlar yalnız azad və müstəqil cəmiyyətdə mütərəqqi ideyalar verməyə, inkişafın strategiyasını yaratmağa, cəmiyyətin mənafelərini dövlətin mənafeləri ilə əlaqələndirməyə qadirdirlər".
Deməli, elita cəmiyyətin o hissəsidir ki, dövlətin inkişaf yollarının və mexanizmlərinin aşkar edilməsində ona həlledici rol ayrılır. Müəllif vurğulayır ki, "elita" dedikdə, "ölkənin bütün hakim orqanlarını, dövlət qərarları qəbul edən və onlara görə xalqın qarşısında şəxsi vətəndaş məsuliyyəti daşıyan insanları, habelə dövlət qulluqçuları olmayan, lakin öz hərəkətləri ilə ölkədəki sosial-siyasi, iqtisadi, mədəni və başqa proseslərə bu və ya digər şəkildə təsir göstərən insanları nəzərdə tutur".
Azərbaycanın dövlətçiliyin inkişafının yeni fazasına daxil olduğunu nəzərə alaraq R.Mehdiyev heç bir riskə yol vermədən, elitaların ehtiyatlı transformasiyası barədə düşünməyi tövsiyə edir. Bu gün islahatlar bir-birini tamamlamalı və Azərbaycan sosiumunun ümumi transformasiyası üçün stimul olmalıdır. Müəllif yazır ki, hər hansı dəyişiklik üç amilə - sabitliyin qorunub saxlanmasına, dövlətçiliyin möhkəmlənməsinə və ümumi rifaha xidmət etməlidir.
Mentalitetdən bəhs edən müəllif tarixi nümunələr əsasında inandırıcı şəkildə sübut edir ki, mentalitet zamanın məhsuludur və o, bu və ya digər cəmiyyətlərdə baş verən dəyişikliklər nəticəsində transformasiya edə bilməz, ictimai tərəqqi üçün tormoz ola bilməz.
Beləliklə, müəllif Azərbaycan cəmiyyətinin gələcək inkişaf perspektivlərini müəyyən edərək, belə bir nəticəyə gəlir ki, elita problemi müasir Azərbaycanın sosial-siyasi modernləşməsinin həlledici amilidir.
Nəfis tərtib olunmuş kitab "Şərq-Qərb" nəşriyyatında çap edilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-20 mart.-S.1.