Mehriban Əliyeva: İnsan
heç vaxt ləyaqətini itirməməlidir
Bu qadın
çox ağıllı, çox gözəl olmaqla bərabər
hər bir işdə nəticə əldə etməyi
bacarır. O,
sözün həqiqi mənasında, öz ölkəsinin
Birinci xanımıdır.
Azərbaycan Prezidentinin
xanımı Mehriban Əliyeva həyatda hər şeyə
nail olmuşdur - üç övlad böyütmüş, ərinə
arxa və kömək olmuş, öz xalqının rifahı
naminə çoxsaylı ictimai vəzifələri yerinə
yetirmişdir.
Onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu ölkənin sosial
inkişafının ən mühüm vasitələrindən
birinə çevrilmişdir. Bu qadının sayəsində
Azərbaycan dünyada bədii gimnastika mərkəzlərindən
birinə çevrilmişdir. O, yeganə qadındır
ki, həm YUNESKO-nun, həm də İSESKO-nun (İslam Ölkələrinin
Təhsil, Elm və Mədəniyyət Təşkilatının)
xoşməramlı səfiridir.
Nəhayət,
o, sevimli həyat yoldaşı və anadır. Bəs xanım Əliyeva
bütün bunlara necə nail olur? Bu gün biz
"Exo planetı" jurnalının oxucularına Mehriban
xanımdan aldığımız məxsusi müsahibədə
bu barədə söhbət açmağa
çalışacağıq.
- Son vaxtlar "Birinci
xanım" anlayışının özü müəyyən
informasiya brendinə çevrilmişdir. Dünya Ağ evin
yeni sahibəsi Mişel Obama haqqında informasiyanı
xüsusi maraqla izləyir, Karla Bruninin nə ilə
maraqlandığını müzakirə edir, Hillari Klinton isə
uğurla sübut edir ki, dövlət
başçısının xanımı özü də
ali dövlət vəzifəsinə iddia edə bilər.
Siz necə
hesab edirsiniz, birinci ledi öz əri ilə yanaşı
hansı funksiyaları yerinə yetirməlidir? Şərq ənənələrinin
zəngin olduğu Azərbaycan kimi ölkədə bu ictimai vəzifə
ilə əlaqədar yükü daşımaq nə dərəcədə
çətindir?
- Mən deməzdim ki, sizin
dediyiniz bu brendə diqqətin artması hansısa
ümumdünya prosesləri ilə bağlıdır. Hesab edirəm ki, cəmiyyət həmişə
birinci lediləri diqqətlə izləmişdir.
Nisbətən
yaxın vaxtlarda çoxlu gənc dövlətlərin
yarandığı keçmiş SSRİ məkanında bu, bəlkə
də bir yenilikdir.
Bu məsələdə
hər bir ölkənin tarixi və mədəni xüsusiyyətləri
rol oynayır.
Elə cəmiyyətlər var ki, ənənəvi
olaraq orada dövlət başçısının
xanımı ictimai həyatda mühüm rol oynayır. Elə cəmiyyətlər də var ki, orada əksinə,
ənənəyə görə belə hallar qəbul edilməmişdir
və bu cəmiyyətlərdə birinci xanımlar fəal
ictimai həyatda bir növ "kadr arxasında"
qalırlar.
Diplomatik və
siyasi protokolun formalaşmış qaydaları da güclü
təsirini göstərir. Məsələn,
yaranmış ənənələrə görə, hətta
dövlət başçısının rəsmi dövlət
səfərləri zamanı da Birinci xanımın səfər
proqramı, adətən, o qədər də geniş olmur.
Mənim fikrimcə,
bu məsələ hər bir halda subyektiv şəkildə həll
edilir. O,
ölkənin liderinin xanımının öz seçiminin nəticəsidir.
Əgər belə
qadın ictimai həyatda özü üçün fəal
rol seçərsə, bir qayda olaraq, onun mühüm humanitar
layihələrdə iştirakından söhbət gedir.
Bu yük nə
dərəcədə ağırdır? Hər şey
bu və ya digər insanın öz vəzifələrinə
nə dərəcədə ciddi yanaşmasından
asılıdır. Aydın şəkildə
dərk etmək lazımdır ki, müəyyən anda sən
fərdi şəxsdən ictimai şəxsiyyətə
çevrilirsən. Sən artıq təkcə
özünü və ya öz ailəni yox, öz ölkəni
təmsil edirsən. Bu barədə
özünə hesabat verməli, sözlərində, qərarlarında,
hərəkətlərində daha təmkinli olmalısan.
Bu, çox məsuliyyətli yükdür.
Dövlət
başçısının xanımı kimi mənim
üçün həmişə ən vacibi o olmuşdur ki,
mən öz ölkəm üçün nə edə bilərəm. Axı, mənim bu gün məşğul
olduğum ictimai fəaliyyət beş il
bundan əvvəl, ərim Azərbaycanın Prezidenti olan vaxtdan
başlamamışdır. Sadəcə olaraq,
indi həmin fəaliyyət mətbuatda daha tez-tez
işıqlandırılır.
Mən Heydər Əliyev
Fondunun prezidenti olandan sonra bu iş geniş miqyas almış,
yeni səviyyəyə çıxmışdır.
Bu fondun əsas iş istiqaməti
ən müxtəlif istiqamətlərdə humanitar fəaliyyətdir.
Buraya valideyn himayəsindən məhrum olan
uşaqlara kömək, uşaq evlərinin, internat məktəblərinin
abadlaşdırılması və maddi bazasının
yaxşılaşdırılması daxildir. Biz təhsil, səhiyyə və mədəniyyət
sahələrində geniş proqramlar nəzərdə tutmuşuq
və həyata keçiririk.
Təbii ki, mən
bütün bu layihələrlə əvvəllər də məşğul
olurdum. Lakin Birinci xanım statusu və fondda işləməyim
bu fəaliyyəti sistemləşdirməyə, layihələrin
miqyasını genişləndirməyə, onların həyata
keçirilməsinə əlavə resurslar cəlb etməyə
imkan vermişdir.
Bir daha
vurğulamaq istəyirəm ki, mən Azərbaycan
xalqının rifahına xidmət edən bu cür humanitar
proqramların səmərəsini artırmaq üçün
bütün mövcud imkanlardan istifadə etməyi
özümə borc bilirəm.
- Sizin ictimai vəzifələriniz
arasında YUNESKO-nun xoşməramlı səfiri və
İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (İSESKO) xoşməramlı səfiri
kimi fəxri missiyalar var. Bu, beynəlxalq ictimaiyyət tərəfindən
göstərilmiş nadir etimaddır. YUNESKO-nun
xoşməramlı səfirlərinin sayı 40 nəfərdən
çox deyil. İSESKO-nun xoşməramlı
səfirləri arasında yeganə qadın sizsiniz. Siz bu fəaliyyətdə nəyi özünüz
üçün əsas hesab edirsiniz?
- Əlbəttə,
bu cür nüfuzlu beynəlxalq təşkilatların səfiri
olmaq çox şərəfli və məsuliyyətli
missiyadır.
Həm YUNESKO, həm də
İSESKO qeyri-siyasi təsisatlardır, bu, onların nizamnamələrində
yazılmışdır. Ona görə də mənim
hər iki təşkilatda fəaliyyətimin əsas tərkib
hissəsi elə həmin humanitar layihələrdir.
Bu fəaliyyət
mənim ölkə daxilində görməyə
çalışdığım işlərə çox
yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır və
mən orada öz ölkəmi təmsil edə bilərəm.
Bu, müasir Azərbaycanı, onun çox dərin
tarixi və mədəni köklərə malik olan
xalqını göstərmək, bizim incəsənətin,
musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün
dünyaya çatdırmaq imkanıdır.
Azərbaycan
müasir dünyəvi, müsəlman dövlətidir. Son dərəcə
tolerantlığı ilə seçilən bu dövlətdə
müxtəlif dinlərin nümayəndələri birlikdə
rahat yaşayır, burada dini və ya etnik zəmində
problemlər yaranmır.
Müasir
dünyada belə ölkənin nümunəsi çox
vacibdir. İndiki dövrdə Qərb-Şərq dialoqunun əhəmiyyəti
son dərəcə aktualdır. Buna görə də
xoşməramlı səfir kimi mənim vəzifəm elm, mədəniyyət,
təhsil vasitəsilə islam
dünyasının malik olduğu imkanları göstərməkdir.
Göstərməliyik ki,
biz, yəni Qərb və Şərq, müxtəlif
sivilizasiyalar kimi bir-birimiz üçün nə dərəcədə
maraqlı və faydalı ola bilərik.
- Siz Azərbaycan
Gimnastika Federasiyasının prezidentisiniz. Bu işdə
sizi cəlb edən nədir?
- Mən 2002-ci ildən Azərbaycan
Gimnastika Federasiyasının prezidentiyəm. Federasiyaya
rəhbərlik etməyə razılıq verəndə
tamamilə aydın və kifayət qədər praqmatik bir məqsədim
vardı - gimnastikanı ölkəmizdə perspektivli və
populyar idman növünə çevirmək.
İdmanın
bu növü bizim respublikada ənənəvi olaraq populyar
növ deyildi.
Azərbaycanlılar həmişə idmanın güləş,
boks və digər təkbətək
mübarizə növlərini sevmişlər. Son
illərdə komanda idman növləri fəal inkişaf etməyə
başlamışdır.
Çoxları
gimnastikanı, o cümlədən bədii gimnastikanı
perspektivsiz idman növü hesab edirdi. Qızları bu idman
bölmələrinə buraxmırdılar, çünki beynəlxalq
yarışlarda nəinki qalib gəlməyə, heç
iştirak etməyə də ümid yox idi. Halbuki bu, idmanın ən gözəl növlərindən
biridir. Biz ən birinci həmfikir məşqçilər
və inzibatçılar komandası yaratmaqdan başladıq.
Həqiqətən, nəticə əldə etmək
əzmində olan insanları topladıq.
Mən
insanlarda peşəkarlığı çox yüksək
qiymətləndirirəm. Bu iş mənim üçün
yeni olduğuna görə, kömək üçün bu sahədə
aparıcı mütəxəssis olan İrina Aleksandrovna Vinerə
müraciət etdik. O, görkəmli məşqci və parlaq
şəxsiyyətdir və idman dili ilə desək, startda
İrina Aleksandrovna bizə çox kömək etdi.
2003-cü ildən
etibarən biz Bakıda bədii gimnastika üzrə Dünya
kubokunun mərhələ yarışlarını keçirməyə
başladıq. Bunun sayəsində 2005-ci ildə bizim
ölkədə ilk dəfə dünya
çempionatını, 2007-ci ildə isə ilk Avropa
birinciliyini keçirmək hüququ əldə etdik. O
vaxt bizim gimnast Aliyə Qarayeva Azərbaycan tarixində ilk dəfə
Avropa yarışlarında qızıl medal qazandı.
Sonra, yenə
Azərbaycan tarixində ilk dəfə olaraq, biz Afina
Olimpiadasında iştirak etmək üçün lisenziya
aldıq. Pekində isə bizim idmançı qızlar
gimnastikanın həmişə çox güclü olduğu
İtaliya və Bolqarıstan kimi ölkələrin
komandalarını geridə qoydular.
Yeri gəlmişkən deyim
ki, bu il may ayında bizim paytaxtda yenə bədii
gimnastika üzrə Avropa çempionatı keçiriləcəkdir.
Mənim fikrimcə,
bütün bunlar onu göstərir ki, səylər birləşdirildikdə,
istək və təbii ki, dövlətin dəstəyi olduqda
arzu edilən nəticələrə nail olmaq mümkündür.
Ən
başlıcası isə odur ki, idmanın bu növü ilə
məşğul olmaq istəyən qızların gimnastika
bölmələrinə kütləvi axını
başlamışdır. Özü də bu, təkcə
paytaxta aid deyil.
Son illərdə
respublikada 30-dan çox olimpiya idman kompleksi tikilib və
tikilir, gənclər bu komplekslərə üz tutmuşlar. Bu, ona görədir
ki, yarışlarda nəinki iştirak etmək, həm də
qalib gəlmək, tanınmış idmançılara
çevrilmək perspektivi yaranmışdır.
- Müasir Azərbaycanda
qadının ictimai fəaliyyətdə, peşə sahəsində
fəal rol oynamaqla yanaşı, həyat yoldaşı və
ana, ailə ocağının qoruyucusu kimi ənənəvi
rolunu saxlaması çətindirmi?
- Bu problem var, lakin bizim
respublikada heç vaxt kəskin problem olmamışdır. Bu gün Azərbaycan qadını həqiqətən
cəmiyyətin tam hüquqlu üzvüdür. O, ictimai
həyatda kişilərlə bərabər iştirak edir və
bunun üçün hər cür imkan vardır.
Kişilərlə
bu rəqabət mübarizəsində qadınlar daha çox
iştirak etmək arzusuna görə, öz lider keyfiyyətlərinə
görə geri qalırlar. Lakin bu, hələlik
belədir. Biz bu vəziyyəti dəyişmək
üçün qızlarımızda, sözün həqiqi
mənasında, məktəb partasından başlayaraq
özünə, öz qüvvəsinə inam hissi tərbiyə
etməli, peşə fəaliyyətində və ictimai həyatda
kişilərlə rəqabət aparmaq üçün malik
olduqları perspektivləri onlara göstərməliyik.
- Yəqin ki, siz şəxsi
nümunənizlə də qadınları daha fəal həyat
mövqeyi tutmağa istiqamətləndirirsiniz?
- İstərdim
ki, bunu məhz belə qəbul etsinlər.
- Siz Azərbaycanda
çox böyük hörmət bəslənilən bir nəsildən
çıxmısınız. Öz ailənizin ənənələrinə
münasibətiniz necədir?
- Mən elə bir ailədə
doğulub böyümüşəm ki, orada qohumluq əlaqələri
və ailə dəyərləri sarsılmaz olub və indi də
belədir. Mənim babam Mir Cəlal Paşayevin ailəsi, o
biri babam Nəsir İmanquliyevin ailəsi - bunlar hər ikisi Azərbaycanda
yaxşı tanınmışdır, hər iki ailə elmdə,
ədəbiyyatda, jurnalistikada, habelə ölkənin ictimai həyatında
iz qoymuşdur.
Belə bir ailədə
doğulmaq mənim üçün xoşbəxtlikdir. Mən hələ
uşaq yaşlarımdan gördüyüm ənənələri
heç vaxt unutmuram.
Hər
hansı mühüm hadisələr - ad günləri, yubileylər,
böyüklərin peşə uğurları, növbəti
elmi adlar alması bütün ailənin iştirakı ilə
qeyd edilirdi. Bütün nəsillərin nümayəndələri
bir yerə toplaşırdı. Maraqlıdır
ki, bu ailə mühitində heç birimiz
darıxmırdıq.
Yaşlılar
qəribə, çox demokratik bir ab-hava yaradırdılar,
lakin bunun onların nüfuzuna təsiri yox idi.
Bunun nə qədər
müdrik və biz gənclər üçün nə qədər
vacib olmasını indi başa düşürəm. Deyə bilərəm
ki, biz uşaqlar üçün belə hadisələr ilk həyat
universitetləri idi. Onlar bizi çox nəzakətli
formada və məcburiyyətə əsla əl atmadan yetkin həyata
hazırlayırdılar.
Biz öz milli
köklərimizi və ənənələrimizi dərk edir,
insanlarla ünsiyyətdə olmağı öyrənirdik, nəyin
həqiqi, nəyin illüziya olmasını bizə izah edirdilər.
Ailədə
başa düşməyə başlamışdıq ki,
vicdanlı, namuslu olmaq həmişə fayda gətirəcəkdir. Bizə
yaxşı zövq aşılayırdılar, başa
salırdılar ki, mənəviyyat həmişə hər
şeydən qiymətlidir.
Bizə dəqiq
və düzgün həyat yolları göstərirdilər. Yaşlı həyatımızın
bütün təməli məhz o vaxt, uşaqlıq
dövründə, bu ailə mühitində qoyulmuşdu.
Bütün bunlar bizim ailənin yaşlı nəslinin
çox böyük xidmətidir.
Təəssüf
ki, nənələrim və babalarım dünyasını dəyişmişlər. Onlar həyatdan
gedəndə bütöv bir epoxa da onlarla birlikdə gedir.
Lakin atam bu ailə ənənələrini əziz
tutur, indiyə qədər də bütün ailə, bu ailənin
bütün nəsilləri onun başına toplaşır və
bu mühitdə hamı özünü yaxşı hiss edir.
Ümid edirəm ki, bu ənənə qorunub
saxlanacaqdır.
Bilirsinizmi,
ümumiyyətlə, həyatda mənim bəxtim çox gətirib. Ərə gedib Əliyevlər
ailəsinin üzvü olandan sonra mən iyirmi il
Heydər Əliyev kimi bir insanın yanında
yaşamışam. Ailəmiz həmişə
bir yerdə olmuşdur. Biz çətin
illərində də, xoşbəxt anlarında da onun
yanında olmuşuq.
Heydər Əliyev
çox sadə bir azərbaycanlı ailəsindən
çıxmışdı. O, özünün tamamilə
fenomenal qabiliyyətləri, sarsılmaz iradəsi, Azərbaycana
və Azərbaycan xalqına hədsiz sevgisi sayəsində həqiqətən
əsl ümummilli lider olmuşdur. Bu insan qalib
kimi yaşamış və dünyadan qalib kimi getmişdir.
Adamların
böyük əksəriyyətindən fərqli olaraq, biz onu
təkcə siyasi xadim, dövlət rəhbəri rolunda deyil,
həm də adi insan, ailə başçısı,
övladlarını sevən ata və baba kimi
görmüşük. Mən taleyimə minnətdaram ki, belə
bir imkanım olmuşdur. Bu insanla ünsiyyət
mənim üçün qeyri-adi bir həyat məktəbi
olmuşdur. Ümid edirəm ki, ondan nə
isə öyrənə bilmişəm.
Mənə son
dərəcə ağırdır ki, o, nəticələrinin
dünyaya gəlməsini görmədi.
- Bu yaxınlarda
qızınız Leylanın əkiz oğlanlarının
olması yəqin ki, ailənizin həyatında böyük
bir hadisəyə çevrilmişdir?
- Leylanın və əri
Eminin iki gözəl oğlunun olması mənim
üçün çox böyük sevincdir. İlk
növbədə ona görə ki, bu, mənim
qızımın xoşbəxtliyidir.
Leyla və Emin
bir-birinə çox gözəl yaraşırlar. Özü də
təkcə zahirən yox, - hər ikisi gözəldir, - həm
də daxilən yaraşırlar və bu, daha vacibdir. Onlar əvvəlcə iki nəfər idi, indi isə
dörd nəfərdirlər - əməlli-başlı ailədir.
Mən bu
uşaqların doğulmasına həm də ona görə
sevinirəm ki, atam ömründə ilk dəfə ulu baba
olmuşdur. Bir daha təkrar edirəm, çox təəssüflənirəm
ki, Heydər Əliyev bu günü görmədi. Lakin inanıram ki, o da hansı şəkildəsə
bizim bu sevincimizi bölüşür.
- Siz hədiyyə
almağı, yoxsa hədiyyə etməyi çox
xoşlayırsınız? Yaxın
adamlarınız üçün hansı hədiyyələri
və necə seçirsiniz?
- Adətən, bu suala
hamı belə cavab verir ki, onlar hədiyyə almağı
yox, özləri hədiyyə verməyi xoşlayırlar. Mən bu cür cavabların səmimiliyinə
inanıram, çünki özüm də beləyəm.
Hədiyyə vermək mənə hədiyyə
almaqdan daha çox sevinc bəxş edir. Xüsusən də
o adamın ürəyindən keçəni hiss edəndə
və həqiqətən onun arzuladığı hədiyyəni
verəndə.
Qəribə də
olsa, oğlum üçün hədiyyə seçmək hər
şeydən çətin olur. O, lap balaca olanda hansı
oyuncaqları xoşladığını və
hansıları xoşlamadığını dəqiq bilirdim.
İndi onun 11 yaşı var, zövqü dəyişib
və bəzən mən çətin vəziyyətə
düşürəm.
Ərim
üçün hədiyyə seçmək də asan deyil. O, çox təvazökar
adamdır, adətən, yalnız məişətdə zəruri
olan şeylərdən istifadə edir.
Yadımdadır,
ərimin 45 yaşı tamam olanda ona nə
bağışlamaq barədə uşaqlarla uzun müddət
götür-qoy etdik. Axırda uşaqlarla birlikdə şəkil çəkdirdik,
bu şəkil üçün çərçivə
sifariş etdik və bu sözləri yazdırdıq: "Biz
səni çox sevirik".
Bu, onu çox
mütəəssir etmişdi, çox razı
qalmışdı və bizim həmin fotoşəklimiz o
vaxtdan bəri həmişə onun stolunun üstündədir.
- Sizin həyatınızda
elə bir şey varmı ki, onu dəyişmək istərdiniz?
Daha bir sual. Nəyi
özünüzün ən böyük uğurunuz hesab
edirsiniz?
- Bilirsinizmi, mən əminəm
ki, bizim həyatımız istənilən rəssam təxəyyülündən,
öz keçmişimiz və gələcəyimiz barədə
hər hansı fantaziyadan daha mürəkkəb və
çoxşaxəlidir.
Mənim həyatımda
çətin anlar da olub, əvəzolunmaz itkilər də,
son dərəcə məyus olduğum hallar da.
Lakin mən
öz həyatımda nə isə dəyişmək və ya
başqa cür etmək istərdimmi? Yəqin ki, yox. Ona görə ki, həyatın hər bir təcrübəsi
vacib və qiymətlidir. Çünki bəzən
hətta bir şeyi itirəndə də, əvəzində nə
isə qazanırsan və həyatın ən acı təcrübəsinin
özü də bir təcrübədir.
Mənim fikrimcə,
başlıca məsələ heç vaxt, heç bir şəraitdə
ləyaqətini itirməmək, öz vicdanı ilə alver
etməməkdir. İnsan özündən narazı
olmayanda onun yaşaması xeyli asan olur. Bir
də, əlbəttə, xeyirxah əməllər sahibi
olmağa çalışmaq lazımdır. Ona görə ki, ömür qısadır və
daha çox xeyirxah işlər görməyə
çalışmaq lazımdır. Bayağı
səslənsə də, bu, belədir.
Nailiyyətlərə
gəldikdə isə, mənim babam Mir Cəlal Paşayev
görkəmli yazıçı və alim olmuşdur. Çoxlu
kitabların, elmi əsərlərin müəllifi idi.
Lakin ölümündən bir qədər əvvəl sizin
indi mənə verdiyiniz sualı ona da verəndə
demişdi: "Mənim ən böyük nailiyyətim mənim
ailəmdir".
Mənim də
cavabım belə olacaqdır. Mən əminəm
ki, həyatda əsas uğurum üç təmiz, ləyaqətli
və xeyirxah insan tərbiyə etməyimdir. İndi, onlar artıq böyüyüblər və
mən inamla deyə bilərəm ki, bu, belədir.
Söhbəti apardılar:
Mixail Qusman,
Elmar Hüseynov
Azərbaycan.-2009.-20 mart.-S.3.