Bakıda Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyanın 5-ci iclası keçirilmişdir

 

Martın 19-da Bakıda Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyanın 5-ci iclası keçirilmişdir.

İclası Prezident İlham Əliyevin sərəncamı ilə komissiyanın Azərbaycan tərəfdən yeni həmsədri təyin edilən maliyyə naziri Samir Şərifov açaraq belə görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdır. Ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin səviyyəsini yüksək qiymətləndirən nazir Azərbaycanın Fransa ilə istər ikitərəfli, istərsə də regional əməkdaşlığı daha da genişləndirməyə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.

Nazir qeyd etmişdir ki, Avropa İttifaqının üzvü olan Fransa ilə əməkdaşlıq, Azərbaycan-Fransa əlaqələrinin inkişafı Prezident İlham Əliyevin xüsusi diqqəti mərkəzindədir.

Azərbaycan ilə Fransa arasında infrastruktur, energetika, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndiyini bildirən S.Şərifov, Fransanın ticarət üzrə Azərbaycan ilə əməkdaşlıqda beşinci yer tutduğunu, sərmayə qoyuluşu üzrə isə ən böyük investorlardan biri olduğunu vurğulamışdır. Nazir qeyd etmişdir ki, 2004-cü ildən bəri dövlət başçılarının dəstəyi sayəsində ölkələrimiz arasında əmtəə dövriyyəsi iki dəfədən çox artmışdır. Ümumilikdə isə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmlənməsində dövlət başçılarının dostluq münasibətləri mühüm rol oynamışdır.

Dünya maliyyə və iqtisadi böhranını geniş xarakterizə edən S.Şərifov bu böhranın ötən illərdə məqsədyönlü siyasət yürüdən Azərbaycan iqtisadiyyatına əsaslı təsir göstərmədiyini, 2008-ci ildə ümumi daxili məhsulun 10,8 faiz artdığını və respublikamızın Dünya Bankı tərəfindən ən islahatçı ölkə elan olunduğunu demişdir.

Komissiyanın Fransa tərəfdən həmsədri, bu ölkənin xarici ticarət üzrə dövlət katibi xanım Ann-Mari İdrak da Azərbaycan ilə Fransa arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə yüksələn xətlə inkişafında dövlət başçılarının səylərinin həlledici rolu olduğunu təsdiqləmişdir. Fransalı həmsədr ölkəsinin Azərbaycan iqtisadiyyatının inkişafına bundan sonra da hərtərəfli dəstəyini əsirgəməyəcəyini bildirmişdir.

A.-M.İdrak 2008-ci ildə Azərbaycan ilə Fransa arasında əmtəə dövriyyəsi həcminin 1,8 milyard avronu üstələdiyini demişdir. Komissiyanın beşinci iclasının Azərbaycan ilə Fransanın ətraf mühit, sığorta, hava nəqliyyatı, enerji daşıyıcıları və iqtisadiyyatın digər sahələrindəki əməkdaşlığının daha da genişlənməsinə təkan verəcəyini demişdir.

İclasda Azərbaycan və Fransadakı iqtisadi vəziyyət, qlobal iqtisadi və maliyyə böhranına qarşı həyata keçirilən tədbirlər, iqtisadi, ticarət və maliyyə sahəsində əməkdaşlığa dair konkret məsələlər və layihələr barədə fikir mübadiləsi aparılmışdır.

Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyanın beşinci iclasının yekunlarına dair protokol imzalanmışdır. Protokolu nazir S.Şərifov və xanım A.-M.İdrak imzalamışdır.

 

* * *

Sonra Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyanın beşinci iclasının yekunlarına dair komissiyanın həmsədrləri Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət üzrə dövlət katibi xanım Ann-Mari İdrak birgə mətbuat konfransı keçirmişlər.

S.Şərifov bildirmişdir ki, iclasda Azərbaycan ilə Fransa arasında iqtisadi münasibətlərin inkişaf səviyyəsi yüksək qiymətləndirilmiş, bir çox sahələrdə bu əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün imkanların mövcudluğu qeyd olunmuşdur. Nazir demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Fransaya səfəri ölkələrimiz arasında münasibətlərin, xüsusilə də iqtisadi əməkdaşlığın inkişafına təkan verdiyi iclasda xüsusi qeyd edilmişdir.

Nazir vurğulamışdır ki, Prezident İlham Əliyevin xanım Ann-Mari İdrakı qəbul etməsi əməkdaşlığımızın gələcək inkişafı baxımından olduqca vacibdir.

Fransalı həmsədr Azərbaycan-Fransa əlaqələrinin inkişafında iqtisadi komissiyanın rolunu xüsusi vurğulamışdır. O, Fransa Prezidenti Nikola Sarkozinin göndərdiyi məktubda da komissiyanın fəaliyyətinə xüsusi önəm verdiyini bildirmişdir. Azərbaycanla Fransa arasında dərin əməkdaşlığın olduğunu qeyd edən xanım A.-M.İdrak bildirmişdir ki, onun ölkəsi gələcəkdə bu əməkdaşlığın bütün sahələri əhatə etməsini istəyir.

Fransanın xarici ticarət üzrə dövlət katibi qeyd etmişdir ki, dünya maliyyə və iqtisadi böhranının tüğyan etməsinə baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf etməkdədir, hətta Azərbaycan iqtisadi sahədə Fransa ilə müqayisədə daha çox uğurlar qazanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 mart.-S.3.