Beynəlxalq müşahidəçilər
ümumxalq səsverməsi
prosesinin gedişindən
tam razıdırlar, referendumun açıq və şəffaf keçirildiyini bəyan edirlər
Avropa ölkələrinin
parlament nümayəndələrindən
ibarət beynəlxalq
qrup Azərbaycan Respublikası Konstitusiyasına
əlavələr və
dəyişikliklərlə bağlı martın 18-də
keçirilmiş ümumxalq
səsverməsində (referendum) apardıqları müşahidənin
nəticələri ilə
əlaqədar "Hyatt Park" mehmanxanasında mətbuat
konfransı keçirmişdir.
Tədbirdə Azərbaycan
Milli Məclisi tərəfindən dəvət
olunmuş və Avropanın 6 ölkəsini
(İspaniya, Böyük
Britaniya, Belçika, Fransa, Estoniya və Finlandiya) təmsil edən 20 nəfərlik qrupun üzvləri adından Belçika parlamentinin deputatı, bu ölkənin Avropa Şurası Parlament Assambleyasında nümayəndə
heyətinin üzvü
Alan Deştex Azərbaycanda
referendumun beynəlxalq
demokratik standartlara cavab verdiyini, fəal, sakit və peşəkarlıqla
keçirildiyini bildirmişdir.
Beynəlxalq müşahidəçilər
onların səfər
etdikləri bütün
seçki məntəqələrində
səsvermə prosesinin
yaxşı keçirildiyini
və qanun pozuntusu hallarının müşahidə olunmadığını
diqqətə çatdırmışlar.
Mətbuat konfransında müşahidəçi
qrupunun referendumla bağlı bəyanatı
oxunmuşdur.
Bəyanatda deyilir ki, seçki
məntəqələrinə giriş sərbəst olmuş və seçicilər bütün
sualları ayrı-ayrılıqda
cavablandırmaq imkanına
malik idilər. Səsvermə prosesi zamanı gecikdirmə və mümkün problemlərin
qarşısını almaq
üçün kifayət
qədər heyət və seçki qutuları var idi. Səslərin hesablanması açıq,
şəffaf şəkildə
aparılmış və
heç bir problem aşkar edilməmişdir.
Müşahidəçi qrupu belə bir nəticəyə gəlmişdir ki, referendumun nəticəsi Azərbaycan xalqının
iradəsini tam əks
etdirir. Bu referendum Azərbaycanın mürəkkəb
regionda inkişaf edən, sabit və dinc ölkə
kimi mövqeyini möhkəmləndirir.
Bəyanatın sonunda beynəlxalq müşahidəçilər bu missiyaya edilən
köməyə görə
Milli Məclisə və Mərkəzi Seçki Komissiyasına təşəkkürlərini bildirmişlər.
AzərTAc
Azərbaycan.-2009.-20 mart.-S.3.