Demokratiyanın inkişafında yeni səhifə

 

Martın 18-də keçirilən referendum və onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən də geniş izlənməkdədir. Dünyanın demək olar ki, bütün aparıcı kütləvi informasiya vasitələrində ölkəmizdə keçirilən referenduma toxunulmuş və bu, ümumxalq səsverməsində xalqın Prezident İlham Əliyevi dəstəklədiyi vurğulanmışdır. Ayrı-ayrı dünya media orqanlarının referendumla bağlı yaydıqları materialların icmalı da bunu əyani sübut edir.

Türkiyənin aparıcı mətbu orqanlarından biri olan "Milliyyət" qəzeti referendumla bağlı aşağıdakıları yazır: "5 milyona qədər seçmək hüququ olan şəxsin 71 faizinin qatıldığı referendumda 90 faizdən çox seçici Konstitusiya dəyişikliyinin lehinə səs verib. Səsvermədə xalqın 92 faizindən çoxu Prezident İlham Əliyevi dəstəklədiyini nümayiş etdirdi. Beləliklə, müxalifətin boykot çağırışına rəğmən, xalq Prezident İlham Əliyevə yenidən dövlət başçısı seçilmək üçün namizədliyini növbəti seçkilərdə də irəli sürmək imkanı verdi. Konstitusiyaya əlavələr və dəyişiklikləri dəstəkləyənlər bununla Azərbaycanın daha demokratik ölkəyə çevriləcəyini bildirirlər".

Türkiyənin "Etikhaber" portalı isə referendumla bağlı yazır: "Prezident İlham Əliyevə xalq dəstəyi olduqca böyükdür. Ötən il keçirilən prezident seçkilərində o, 89 faiz səs alaraq yenidən Azərbaycanın dövlət başçısı seçilib. Xalq isə bu referendumda Prezident İlham Əliyevin yenidən dövlət başçısı kimi fəaliyyətini davam etdirməsi istəyini nümayiş etdirib".

Qardaş ölkənin TGRT telekanalı isə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova istinadən bildirir ki, referendum sakit şəraitdə və hər hansı ciddi problem yaşanmadan baş tutub: "Səsvermə prosesini izləyən xarici müşahidəçilər üçün lazım olan bütün şərait yaradılmışdı. Xaricdən olan media orqanlarının nümayəndələri də səsvermə prosesini asanlıqla izləyə bilirdilər. MSK rəhbəri Məzahir Pənahovun məlumatına görə, ilkin nəticələrə əsasən, səsvermə prosesinə 3 milyon 478 min 571 seçici qatılıb və onlar 6367 məntəqədə səs veriblər". Telekanal bir daha rəsmi açıqlamalara əsasən seçki hüququndan istifadə edənlərin 90 faizindən çoxunun Konstitusiyaya əlavə və dəyişiklikləri dəstəklədiklərini bildirir.

Dünyanın nüfuzlu informasiya vasitələrindən biri sayılan "Frans Press" agentliyi yazır ki, Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin əvvəlcədən xalq tərəfindən dəstəklənəcəyi şübhə doğurmurdu. Agentlik onu da bildirir ki, səsvermə məntəqələrinə gələnlərin böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəklədiklərini bildirirdi: "Onlar ölkənin iqtisadi yüksəlişə nail olduğundan söhbət açırdılar". "Frans Press" onu da yazır ki, müxalifətin referendumu boykot və tənqidinə baxmayaraq, Amerika Birləşmiş Ştatları və Avropa ölkələri əks mövqedən çıxış etməyə üstünlük verirlər.

Nüfuzlu "Euronews" telekanalı isə referendumun nəticələrini belə işıqlandırır: "Azərbaycanda martın 18-də keçirilən referendumda iştirak edən 90 faizdən çox seçici Konstitusiyaya əlavələr və dəyişiklikləri dəstəkləyib. Müxalifətin boykot çağırışılarına rəğmən, 70 faizdən çox seçici öz səsvermə hüququndan istifadə edib". Keçirilən referendum fonunda Azərbaycanın geosiyasi mövqeyinə görə daim diqqət mərkəzində olduğunu vurğulayan telekanal bildirir: "Azərbaycan Xəzər dənizindən Qərbə gedən tranzit enerji marşrutlarının üzərində yerləşir. Neft sənayesinin inkişafı nəticəsində bu ölkə iqtisadi sahədə də sürətli tərəqqi yoluna qədəm qoyub. Müxalifətin çağırışlarına rəğmən isə əhali referendumda fəal iştirak edib. Bakı Konstitusiyaya edilən əlavələr və dəyişikliklərin sırf demokratiyaya xidmət etdiyini bildirir".

"Bloomberq" məcmusəində referendum haqda reportaj hazırlayan Helena Badvell səsverməyə gələn bir çox vətəndaşın Prezident İlham Əliyevin idarəçiliyini dəstəklədiyini qeyd edir: "Referenduma qatılanlar bildirir ki, Azərbaycan xalqı üçün ciddi problemlər yaradan Qarabağ müharibəsini Prezident Heydər Əliyev dayandırıb. İndi onun oğlu Prezident İlham Əliyev problemləri həll etmək üçün əlindən gələni edir".

Rusiyanın "Qazeta" internet portalında referendumla bağlı yer alan yazıda isə bildirilir ki, Azərbaycan vətəndaşları Konstitusiyaya edilən əlavələr və dəyişiklikləri dəstəkləyib: "Martın 18-də keçirilən referendumda ölkə vətəndaşları Əsas Qanuna edilən əlavələr və dəyişiklikləri demək olar ki, yekdilliklə dəstəklədiklərini nümayiş etdirdilər. Konstitusiyaya irəli sürülən əlavələr və dəyişikliklərin müəllifi kimi Yeni Azərbaycan Partiyası çıxış edib. Ölkə müxalifəti bu əlavələr və dəyişikliklərin əleyhinə çıxsa da, xalq əks mövqe nümayiş etdirdi.

MSK sədri Məzahir Pənahov isə bildirdi ki, səsvermə gününün gedişində rəhbərlik etdiyi quruma məntəqələrlə 47 min müşahidəçinin iştirak etməsinə baxmayaraq, heç bir rəsmi şikayət daxil olmayıb".

Rusiyanın daha bir aparıcı media orqanı olan "Rosbalt" da yazır ki, Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi barədə təkliflər martın 18-də geniş ictimai dəstək qazandı: "Bülletenlərin sayılmasından sonra məlum oldu ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın aradan götürülməsilə bağlı təklifin lehinə daha çox səs verilib. Əgər Konstitusiyaya edilən digər əlavələr və dəyişikliklərin lehinə 87-89 faiz arasında səs verilibsə, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsini dəstəkləyənlərin sayı 92 faizdən çox olub. Bu, daha çox xalq arasında Prezident İlham Əliyevin nüfuzunun yüksək olması ilə izah edilir".

"Vesti FM" radiosu isə bildirir ki, bu referendum Azərbaycan xalqının Prezident İlham Əliyevi dəstəklədyini bir daha göstərdi. Referendumun gedişini izləmiş xarici ölkə və təşkilatlardan olan müşahidə missiyaları da səsvermə prosesindən razı qaldıqlarını bildirirlər. Məsələn, MDB müşahidə missiyasının açıqladığı rəyə görə, Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı martın 18-də baş tutmuş referendum ölkə qanunvericiliyinə və MDB məkanında ümumxalq səsverməsinə qarşı ümumi qəbul olunmuş yanaşmalara uyğun şəkildə keçirilib.

Müşahidə missiyası referendumun azad və şəffaf şəkildə keçirildiyini bir daha təsdiqləyərək qeyd edir: "Bu ümumxalq səsverməsi Azərbaycanın ictimai həyatının daha da demokratikləşməsi istiqamərində mühüm bir faktordur. Ümumxalq səsverməsi ölkənin suverenliyinin əsaslarını möhkəmlədib, stabil sosial-iqtisadi inkişafın əsasına çevrilib". Xatırladaq ki, MDB müşahidə missiyasının üzvləri 12 şəhər və rayon üzrə səsvermənin gedişini izləyiblər. Müşahidə missiyasının yekun rəyində səsvermə prosesinin sakit və yüksək seçici fəallığı fonunda keçdiyi, MSK-nın effektiv fəaliyyət göstərdiyi qeyd olunub.

MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Svetlana Orlova isə qeyd edib ki, son illər ərzində Azərbaycanda müsbətə doğru ciddi dəyişikliklər baş verib. S. Orlova MSK-nın effektiv çalışdığını vurğulayaraq referendumun açıq keçdiyini, seçicilərin isə fəallıq göstərdiyini bir daha təsdiq edib: "Xalq indiki hakimiyyətin lehinə öz seçimini etdi". Bununla yanaşı, o, Konstitusiyaya uşaqların hüquqlarının müdafiəsinə dair edilən əlavə və dəyişikliyi xüsusi olaraq qeyd edib: "Mən bir qadın kimi, uşaq hüquqlarına dair əlavə və dəyişikliyi qeyd etməyə bilmərəm. Çünki əksər ölkələrdə uşaq hüquqlarına riayət edilmir".

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) referendumla bağlı müşahidə missiyasının bəyanatında isə qeyd olunur ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklik edilməsi ilə əlaqədar keçirilən referendum xalqın sabitlik və demokratikləşmə elementlərinin genişləndirilməsinə hazır olduğunu göstərir. AŞ PA missiyasının rəhbəri Poll Ville isə qeyd edib ki, referendumun mürəkkəbliyinə baxmayaraq, səsvermə prosesi şəffaf olub, yaxşı təşkil edilib və sakit mühitdə keçirilib: "Konstitusiyaya uyğun olaraq referendum keçirilməsini legitim hesab edirik. AŞ PA nümayəndə heyətinin fikrinə görə, mediada daha geniş müzakirələrin aparılması referendumun demokratikliyinə xidmət edir. Bəzi dəyişikliklər Konstitusiyanın əhəmiyyətli dərəcədə təkmilləşməsinə səbəb olacaq. Azərbaycan hakimiyyətini həmin dəyişikliyə tam şəkildə əməl etməyə dəvət edirik. Belə nəticəyə gəlirik ki, referendum Azərbaycan xalqının demokratiya və sabitlik istiqamətində irəliləməyə hazır olduğunu göstərir. Referendum hakimiyyətin daha yaxşı tarazlaşdırılması və gələcəkdə islahatların aparılmasını tələb edəcək. Referendum şəffaf keçirilib". Nümayəndə heyəti bir daha qeyd edib ki, Azərbaycan xalqı referenduma çıxarılan məsələlərin lehinə səs verib.

Bütün bunlar həm keçirilmə şəraitinə, həm də nəticələrinə görə, referendumun dünya tərəfindən olduqca müsbət qarşılandığını göstərir. Belə hesab edilir ki, referendum Azərbaycanın demokratik inkişafını daha da sürətləndirəcək.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-20 mart.-S.4.