BBC NEWS: Azərbaycan vətəndaşları Prezidentə sadiqlik nümayiş etdirirlər

 

Martın 17-də nüfuzlu BBC News ölkəmizdə Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı referendum haqqında "Azərbaycan vətəndaşları Prezidentə sadiqlik nümayiş etdirirlər" sərlövhəli məqalə yaymışdır. AzərTAc həmin məqalənin xülasəsini oxuculara təqdim edir.

Məqalənin müəllifi Tom Esslemont yazır: "Referendumla bağlı qərar qəbul edilərkən hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov bildirmişdir ki, Konstitusiyanın bir şəxsin iki dəfədən çox prezident seçilməsini məhdudlaşdıran müddəası seçicilərin hüquqlarının pozulması deməkdir. Bu müddəa aradan qaldırılmalı və Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi üçün referendum keçirilməlidir.

İndi isə hakimiyyət Konstitusiyaya əlavələrin və dəyişikliklərin dəstəklənməsi üçün səsvermədə seçicilərin yüksək fəallığına ümid edir".

Müəllif yazır ki, Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlmişdir. 2008-ci ilin oktyabrında isə o, təxminən 89 faiz səslə ikinci dəfə prezident seçilmişdir.

Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla söhbət zamanı o, Azərbaycanda demokratiya ilə bağlı heç bir problemin olmadığını bildirmişdir. E.Aslanov demişdir ki, beynəlxalq təşkilatlar Azərbaycanda sonuncu prezident seçkilərinin şəffaf və demokratik keçirildiyini bəyan etmişlər. Mən Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsində heç bir problem görmürəm. Hətta bəzi Qərb liderləri də iki dəfədən artıq seçilmələri üçün qaydaların dəyişdirilməsinə çalışmışlar.

Söhbət zamanı E.Aslanov masası üzərindəki kağızların arasında Nyu-York şəhərinin meri Maykl Blumberqin vəzifə müddətinin uzadılması üçün göstərdiyi səylərdən bəhs edən məqaləni göstərdi. O, həmçinin Franklin Ruzveltin 4 dəfə ABŞ Prezidenti seçilməsini xatırlatdı.

Xarici radiokanalların Azərbaycanın milli tezliklərində yayımının dayandırılması ilə bağlı məsələyə münasibət bildirərən E.Aslanov demişdir ki, bu qərar söz azadlığının məhdudlaşdırılması kimi qəbul edilməməlidir. XXI əsrdə kimisə susdurmaq mümkün deyil, əgər FM stansiyalarını bağlasan, insanlar başqa vasitələrlə danışacaqlar. Biz kimisə susdurmağa çalışmırıq, lakin ikili standartların da əleyhinəyik. Biz xarici radiostansiyaların ölkəmizdə yayımlanmasının əleyhinə deyilik, lakin onlar da obyektivliyə riayət etməlidir".

Müəllif bildirir ki, Azərbaycanda əhalinin Prezidentə münasibəti ilə bağlı sual verilərsə, dövlət başçısından narazılıq haqqında heç bir fikir eşitmək mümkün deyildir. Dünyanı qlobal iqtisadi və maliyyə böhranının bürüməsinə baxmayaraq, ölkədə geniş tikinti-quruculuq işləri davam edir. Mən bir qrup inşaatçı ilə söhbət etdim. Referendumdan söz düşəndə onlardan biri belə cavab verdi: "Problem hər yerdə var. Buna görə nə üçün Prezident təqsirləndirilməlidir? Bizim Prezidentin apardığı iqtisadi siyasət nəticəsində ölkədə geniş tikinti işləri görülür. Biz çoxlu binalar tikmişik. Bu o deməkdir ki, biz işləyə və pul qazana bilirik. Referendumun əleyhinə səs verməklə mən niyə öz ölkəmə xəyanət etməliyəm?".

 

 

Azərbaycan.-2009.-20 mart.-S.4.