Bakıda Novruz bayramı münasibətilə
ümumxalq şənliyi
Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qarçiçəyi
çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən
sağ olsun...
Şəhriyar
Xalqımızın ən əziz
bayramı olan Novruz münasibətilə
martın 20-də Bakıda
izdihamlı bayram şənliyi keçirilmişdir.
Qədim
İçərişəhərin qoşa qala qapıları qarşısındakı
meydanda böyük mərasim təşkil olunmuş, ətrafdakı
binalar, əsrlərin
şahidi olan qədim qala divarları al-əlvan plakatlarla bəzədilmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Novruz şənliklərində
iştirak etmək üçün meydana gəldilər. Buraya toplaşmış minlərlə şəhər
sakini, paytaxtın qonaqları dövlətimizin
başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev burada "Muğam aləmi" Beynəlxalq festivalında iştirak etmək üçün ölkəmizdə səfərdə
olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə salamlaşdı.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü
olan Novruz doğma Azərbaycanımızın
hər yerində böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Builki Novruz
bayramı özünün
yeni dövrünü
yaşayan Azərbaycan
muğamının da
bayramıdır və
Beynəlxalq muğam festivalının keçirilməsi
ilə əlamətdardır.
Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə
xalqımıza təbrikində
deyildiyi kimi, milli təfəkkürümüzün
və mədəni-mənəvi
dəyərlərimizin parlaq
təcəssümü sayılan
Novruz bayramı suveren Azərbaycan dövlətinin rəsmi bayramı kimi müstəqil respublikamızın
hər bir guşəsində kütləvi
şənliklərlə qeyd
edilir. Yaz bayramının insanlarımızda
qurub-yaratmaq əzmini artıran yeniləşdirici
ovqatı ölkəmizin
dinamik inkişafla əlamətdar həyatında
son illər ən müxtəlif sahələrdə
ürəkaçan nailiyyətlərlə,
paytaxtda və bölgələrdə geniş
miqyasda aparılan quruculuq-abadlıq işləri
ilə ümumi ahəng təşkil edir.
Azərbaycanın hüdudlarından kənarda
yaşayan soydaşlarımız
da Bahar bayramını böyük
sevinclə qarşılayırlar. Dünya azərbaycanlılarının
milli həmrəyliyinin
rəmzinə çevrilən
bu bayram hər gəlişi ilə onların azərbaycançılıq məfkurəsi
işığında doğma
Vətənə bağlılıq
duyğularını daha
da gücləndirir.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər
dayanmışdılar.
Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının millətimizə
ruzi-bərəkət gətirməsini
arzuladı.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı
tərənnüm edən
mahnıları ətrafa
yayılır, bayram şənliyinə gələnlərdə
daha xoş ovqat doğururdu.
Dövlətimizin başçısı bayram
şənliyində nitq
söylədi.
Azərbaycan.-2009.-21 mart.-S.1.