Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın çıxışı
- Hörmətli qonaqlar!
Novruz bayramı münasibətilə
sizi ürəkdən təbrik edirəm. Sizə həyatda
nurla, işıqla, məhəbbətlə dolu, sevinclə
dolu günlər arzulayıram. Mən çox şadam ki, bu
bayram günlərində ölkəmizin mədəni-ictimai həyatında
çox mühüm hadisələr baş verir. Bildiyiniz kimi,
artıq iki gündür ki, "Muğam aləmi" Beynəlxalq
simpoziumu öz işinə başlayıbdır. Bu axşam
biz Beynəlxalq muğam festivalının
açılış mərasimini keçirəcəyik. Nəhayət,
bu gün Müasir İncəsənət Muzeyinin
açılışında birlikdə iştirak edirik.
Cənab Prezident, bu gün bizimlə olduğunuza görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuranı Azərbaycanda salamlayıram. Azərbaycanın elminə, təhsil və mədəniyyətinə göstərdiyi diqqət və qayğıya görə ona öz dərin minnətdarlığımı bildirirəm. Simpoziumda, festivalda iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlarımızı salamlayıram. Azərbaycanın tanınmış rəssamlarını burada görməyə çox şadam. Bir il bundan əvvəl arzu və ideya kimi irəli sürülən layihə bu gün həqiqətə, reallığa çevrilmişdir. Bu məkan bir müddət bundan əvvəl yeni inşa olunmuş hündürmərtəbəli binanın, sadəcə, bir hissəsi idi. Bu gün isə bura sənət ocağı - muzeydir. Muzeydə Azərbaycanın rəngkarlıq və heykəltəraşlıq məktəbinə aid olan çox dəyərli və nadir eksponatlar toplanmışdır. Demək olar ki, son 70 ildə Azərbaycan rəssamlarının əldə etdiyi uğurlar və nailiyyətlər burada öz parlaq əksini tapmışdır. Muzeydə rəssamlıq sənətinin bütün üslubları təqdim olunur, amma əsas diqqət məhz müasir sənət nümunələrinə verilmişdir. Mən ümidvaram ki, sənətindən və yaşından asılı olmayaraq, muzeyə gələn hər bir insan burada müasir, şablondan kənar ab-havanı, yeni bir nəfəsi hiss edəcəkdir. İnanıram ki, muzeyin hər bir qonağı elə ilk anlardan burada təqdim olunmuş əsərlərin təsir qüvvəsini duyub, bu mədəniyyət layihəsinə layiqli qiymət verəcəkdir.
Kökünü qədim əsrlərdən, Qobustanın qayaüstü rəsmlərindən götürən Azərbaycan təsviri sənəti bu gün öz professional dəyəri və bədii tutumu baxımından müasir dünyada ən yüksək yerə layiqdir. Bu da öz növbəsində Azərbaycanın zəngin tarixinin, mədəni-mənəvi köklərinin, ənənələrinin dərinliyinin, Azərbaycanın odlar yurdu, nur və işıq diyarı olmasının ən gözəl sübutudur.
Əziz dostlar, fikrimcə, belə bir gözəlliklə və sənət nümunələri ilə dolu məkanda çoxlu sözlərə heç ehtiyac yoxdur. Mən, sadəcə, bir daha sizin hamınızı bu muzeyin açılışı münasibətilə ürəkdən təbrik edirəm, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər, cansağlığı arzulayıram. Bu layihənin reallaşmağında mənə dəstək olan bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm. Qoy, bu təzə açılmış muzey Azərbaycanın mədəniyyətinin və incəsənətinin yeni bir qələbə rəmzinə çevrilsin.
Çox
sağ olun!
Azərbaycan.-2009.-21 mart.-S.3.