YUNESKO-nun Baş Direktoru Koişiro Matsuuranın çıxışı
- Cənab Azərbaycan Respublikasının Prezidenti!
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva!
Xanımlar və cənablar!
Bu gün, Novruz bayramında Bakı Müasir İncəsənət Muzeyinin açılış mərasimində sizinlə birlikdə olmağımdan çox məmnunam.
Cənab Prezident, ilk növbədə, icazə verin, ötən ilin payızında yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edim. Mən təbrikimi Sizə bildirmişdim, lakin bunu Sizin qarşınızda çıxışımda bir daha təkrarlayıram. Əminəm ki, Siz ölkənin inkişaf etdirilməsi sahəsində göstərdiyiniz məharəti, bacarığı ikinci mandatınız dövründə daha da gücləndirəcəksiniz. Hazırda, dünyada böhran vəziyyətinin olduğu şəraitdə bu cür keyfiyyətlər çox vacibdir. Bu, eyni zamanda, imkan verəcək ki, biz Azərbaycanla YUNESKO arasında olan gözəl əməkdaşlığı daha da gücləndirək. Xüsusilə də təhsil və mədəniyyət sahəsində. Çünki bu, bizim, hər iki tərəfin ən üstün prioritetləridir. Azərbaycan və YUNESKO təhsil və mədəniyyət sahələrində gözəl əməkdaşlıq edir.
Mən, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Xanım Əliyeva Azərbaycanın Milli Məclisinin hörmətli deputatıdır və eyni zamanda, YUNESKO-nun xoşməramlı səfiridir. 2004-cü ildən etibarən Siz Azərbaycan ilə YUNESKO arasında ikitərəfli əməkdaşlığın qurulması sahəsində böyük nailiyyətin əldə edilməsində mühüm rol oynamısınız. Siz həm də mədəni irsin qorunması, xüsusən də şifahi mədəni irsin, nəinki Azərbaycanın, o cümlədən dünyanın digər yerlərində mədəni irsin qorunması işində çox mühüm tərəfdaş olmusunuz. Buna görə də mən xanım Mehriban Əliyevaya minnətdaram.
Mən, eyni zamanda, muzeyin qalereyasında nümayiş etdirilmək üçün 800-dən artıq incəsənət əsərinin və heykəltəraşlıq nümunələrinin seçilməsi və qorunması kimi mürəkkəb işin öhdəsindən gələn hörmətli Altay Sadıqzadəni, tanınmış rəssamı təbrik etmək istəyirəm. O, bu işin öhdəsindən ustalıqla gəlmişdir.
Mən məmnunluqla demək istəyirəm ki, bu gün bizim aramızda çoxlu Azərbaycan rəssamları var. Eyni zamanda, biz burada çox tanınmış rəssam Səttar Bəhlulzadənin işlərini də gördük. YUNESKO bu il onun anadan olmasının ildönümünü rəsmi şəkildə qeyd edəcək və bundan fərəh hissi duyur.
Müasir incəsənətə aid olan belə əsərlərin burada nümayiş olunması ilə yanaşı, gəlin, YUNESKO-nun ideallarının bütün dünyada təşviq olunmasında muzeylərin oynadığı mühüm rolu bir daha vurğulayaq. Bundan əlavə, mədəni irsi və müxtəlifliyi özündə əks etdirən muzeylər və onların kolleksiyaları, eyni zamanda, bəşəriyyətin inkişafı və sosial birliyin mühüm və güclü göstəriciləridir. Bunlar bizim üçün çox vacibdir və xanım Əliyevanın çıxışında qeyd edildi. Biz hesab edirik ki, bu cür işlər hazırkı sürətli dəyişiklik, kütləvi miqrasiya və iqtisadi böhran şəraitində xüsusi əhəmiyyət daşıyır. Hazırda beynəlxalq ictimaiyyət müvafiq çıxış yollarını axtarır və belə bir vəziyyətdə get-gedə tamamilə aydın olur ki, bu gün tərəqqi sahəsində mövcud olan məhfumlara əsaslanan üsullar, modellər, XX əsrdə mövcud olmuş qəliblər yenidən qiymətləndirilməlidir. YUNESKO öz geniş və zəngin təcrübəsinə əsaslanaraq, mədəni irsin və muzeylərin qorunmasına yardım göstərir, sülhün bərqərar olmasına kömək edir.
Cənab Prezident!
Hörmətli birinci xanım!
Xanımlar və cənablar!
Mən yekunda Bakının mədəni
ab-havasını bu cür muzeylə, Müasir İncəsənət
Muzeyinin açılışı
ilə daha da zənginləşdirən
bu tədbir münasibətilə Azərbaycan
hökumətinə, hörmətli
cənab Prezidentə,
Azərbaycan xalqına
bir daha təbriklərimi çatdırıram.
Əminəm ki, biz bəşəriyyətin
bu cür ən mühüm resurslarının təşviqinə
nail olacağıq.
Çox sağ olun.
* * *
Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov Azərbaycan rəssamlarının sevincini
ifadə edərək
dedi:
- Hörmətli
cənab Prezident!
Azərbaycanın birinci xanımı hörmətli
Mehriban Əliyeva!
Azərbaycanın böyük
dostu cənab Matsuura!
Əziz dostlar!
Bu gün Azərbaycanın ən sevimli bayramını qeyd edirik və mən istərdim ki, bütün Azərbaycan rəssamları
adından hamınızı
bu gözəl bayram münasibətilə
təbrik edim. Amma Azərbaycan
rəssamları bu günləri ikiqat bayram keçirir. Azərbaycanda elə bir mühit yaranıb ki, mədəniyyətə
böyük qayğı,
diqqət göstərilir.
Çox
vaxt bunlardan danışanda bizə inanmırlar. Tam səmimi
deyirəm, heç kim inanmır,
ona görə ki, bu işlər
heç bir yerdə yoxdur.
Mən demək istəyirəm ki, bu muzeyin
yaranması mühitdən
asılıdır. Mühitin olması
isə insanın qəlbindən, arzularından
asılıdır. Ona görə
mən hesab edirəm ki, biz çox xoşbəxt bir zamanda yaşayırıq.
Cənab Prezident, mən istərdim ki, ilk növbədə, Mehriban xanıma bu böyük təşəbbüsünə görə dərin təşəkkürümüzü bildirəm. Burada çox böyük,
maraqlı bir əsər yaranıb.
Muzeyin interyeri özlüyündə
bir əsərdir.
Mən burada Azərbaycanın çox gözəl rəssamı Altay Sadıqzadəni
mütləq qeyd etməliyəm. Ona görə ki, o, bu bir ilin
ərzində burada böyük iş görübdür. Mən bunun
şahidi olmuşam, görmüşəm ki, nə qədər əziyyət çəkibdir.
Bunu da açıq deməliyəm ki, o, Azərbaycanın ən tanınmış və ən dəyərli rəssamlarındandır.
Azərbaycan rəssamlarının buradakı
əsərləri ilk dəfədir
layiqincə göstərilir,
nümayiş olunur. Onların arasında
elə rəssamlar var ki, sovet
dövründə heç
vaxt sərgi üzünü görməyibdir.
Burada dahi Əşrəf Murad var, tam məsuliyyətlə deyirəm
ki, onun əsərləri dünyanın
hər bir muzeyində asıla bilər. Yenə demək istəyirəm,
bu muzeyin mühüm cəhəti odur ki, buradakı
bir çox əsərləri tamaşaçı
ilk dəfə görür.
Azərbaycan.-2009.-21 mart.-S.3.