Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

 

- Əziz dostlar,

hörmətli xanımlar və cənablar,

İlk növbədə, sizin hamınızı bu gözəl Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm, hər birinizə və bütün Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulamaq istəyirəm.

Bu gün Azərbaycan xalqının böyük bayramıdır. Novruz bayramı xalqımızın qəlbində daim yaşamışdır və bu gün Azərbaycanda çox geniş qeyd olunur. Bir həftədən çox müddətdə istirahət günləridir. Əminəm ki, bu günlər hər bir Azərbaycan vətəndaşı üçün xoş keçəcəkdir.

Eyni zamanda, bu bayram günündə Azərbaycanın mədəni həyatında çox əlamətdar və əminəm ki, tarixi bir hadisə baş verir. Bu gün biz Azərbaycanda Müasir İncəsənət Muzeyinin açılışını qeyd edirik. Həqiqətən, çox böyük və əlamətdar hadisədir. Burada qeyd edildi ki, bəlkə də ilk dəfə olaraq, Azərbaycanın görkəmli, tanınmış, bəzən unudulmuş rəssamlarının gözəl əsərləri burada nümayiş etdirilir. Bu gözəl binada, gözəl zövqlə yaradılmış muzeydə Azərbaycan rəssamlarının gözəl əsərləri nümayiş etdirilir. Hesab edirəm ki, bu, eyni zamanda, tarixi ədalətin bərpasıdır. Hər bir rəssamın əsəri onun üçün əzizdir və hər bir rəssamın əsəri ancaq haradasa nümayiş etdiriləndə yaşayır. Əlbəttə ki, şəxsi kolleksiyalar da var, müxtəlif digər formatlar mövcuddur. Ancaq mən hesab edirəm və yəqin rəssamlar mənimlə razılşarlar, o əsərlər ki, nümayiş etdirilir, insanların diqqətinə təqdim olunur o əsərlər yaşayır və əsərlər yaşadıqca, rəssamlar da yaşayır və rəssamlar əbədiləşdirilir. Azərbaycanın çox zəngin rəssamlıq məktəbi var. Artıq bunu dünyada kifayət qədər bilirlər.

Əvvəllər, biz Sovet İttifaqının tərkibində yaşayanda Azərbaycan rəssamlarının əsərləri ümumi Sovet İttifaqının rəssamlıq məktəbinin məhsulları kimi qəbul edilirdi. Bu gün isə həm indi həyatda olmayanların əsərləri ilə fəxr etmək olar, həm də bu gün bizimlə olan rəssamlar və xüsusilə gənc nəslin nümayəndələri öz əsərləri ilə fəxr edə bilərlər və Azərbaycan xalqı öz rəssamlıq məktəbi ilə fəxr edə bilər. Bu muzeyin xüsusiyyətləri çoxdur. Yenə də demək istəyirəm ki, burada nümayiş etdirilən əsərlərin böyük əksəriyyəti ya evlərdə saxlanılırdı, ya anbarlarda, yaxud da haradasa yararsız yerlərdə saxlanılırdı. İndi bu əsərlərin burada nümayiş etdirilməsi, əslində, onlara yeni həyat verir. Əminəm ki, əsərlərin müəlliflərinə yeni qüvvə verir, ruh yüksəkliyi, inam verir. Eyni zamanda, Azərbaycan vətəndaşları üçün gözəl imkanlar yaranır ki, onlar Azərbaycanın rəssamlıq məktəbinin nümayəndələrinin nə qədər yüksək peşəkarlığa, zövqə malik olduqlarını öz gözləri ilə burada görsünlər.

Mən şübhə etmirəm ki, muzeyə maraq getdikcə daha da artacaqdır. Kənardan baxanda yəqin heç kim təsəvvür edə bilməzdi ki, bu müasir binanın birinci və ikinci mərtəbələrində muzey yaradılır. Adətən, gözəl binaların birinci, ikinci mərtəbələrində ya kommersiya müəssisələri, ya restoranlar, ya dükanlar yerləşir, yaxud da daha çox biznesyönümlü məsələlər həll olunur, bu da yəqin ki, zəmanənin əlamətidir. Mən hesab edirəm ki, bu muzeyin belə böyük bir sahədə yaradılması Azərbaycanda yeni ənənənin təməlini qoyacaq və mən bütün imkanlı adamları bir daha Azərbaycanın mədəni irsinin qorunmasına, zəngin mədəniyyətinin inkişafına çağırıram. Azərbaycan dövləti öz tərəfindən bu missiyanı üzərinə götürübdür. Biz istənilən şəraitdə, dünyada neftin qiymətinin dərəcəsindən asılı olmayaraq doğma ölkəmizin, Vətənimizin mədəni irsinin qorunması, təbliği üçün və daha da mütəşəkkil qaydada təqdim edilməsi üçün səylərimizi göstərəcəyik. Azərbaycan dövləti bundan sonra da mədəniyyət ocaqlarının inkişafına, onların bərpasına, qorunmasına və təbliğinə böyük maliyyə, siyasi və inzibati dəstəyini verəcək və mən ümid etmək istəyirəm ki, bu ənənə yaşayacaqdır.

Mən bu gün bizim dostumuz cənab Matsuuranın Azərbaycana olan münasibətini xüsusilə qeyd etmək istəyirəm. Cənab Matsuura Azərbaycanın böyük dostudur və hər dəfə ölkəmizdə olanda biz birlikdə ölkəmiz üçün mühüm olan hansısa mədəni ocağın ya açılışında, ya da təməlinin qoyulmasında iştirak edirik. Əvvəlki illərdə də belə olub və bu gün də mən çox şadam ki, bu bayram günündə cənab Matsuura bizimlə bərabərdir və birlikdə bu gözəl muzeyin açılışını qeyd edirik.

Mən bütün Azərbaycan rəssamlarına, Azərbaycanın bütün mədəniyyət xadimlərinə yeni uğurlar arzulayıram. Biz onlardan yeni əsərlər gözləyirik. Bu fürsətdən istifadə edib, hamınızı həm muzeyin açılışı münasibətilə, həm də bizim üçün ən əziz, doğma olan Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-21 mart.-S.4.