Bakıda "Muğam aləmi"
Beynəlxalq festivalının rəsmi açılış
mərasimi keçirilmişdir
YUNESKO-nun Baş Direktoru Koişiro Matsuuranın
çıxışı
- Hörmətli Azərbaycan
Respublikasının Prezidenti!
Hörmətli birinci
xanım!
Hörmətli qonaqlar,
xanımlar və cənablar!
İlk növbədə,
mən Novruz bayramı münasibətilə Azərbaycan
xalqına ən səmimi təbriklərimi çatdırmaq
istəyirəm. Novruz bayramınız mübarək!
Prezident Əliyev və
birinci xanım Əliyeva ilə bərabər sizinlə birlikdə
Beynəlxalq muğam festivalının açılış
mərasimində iştirak etmək mənim üçün
böyük şərəfdir. Bu açılış mərasimi
Novruz bayramı ilə üst-üstə düşür.
Buraya gələndə mənim xatirimdə əvvəlki səfərim
yaşanır. Prezident Əliyev qeyd etdiyi kimi, mən buraya
2005-ci ildə səfər etdim. İndi burada vurğulandı,
o vaxt biz Prezident Əliyev və birinci xanım Əliyeva ilə
birlikdə Muğam Mərkəzinin təməlinin qoyulması
mərasimində iştirak etdik. Ondan sonra mən buraya bir daha
səfər etdim, tikinti işləri ilə tanış oldum.
O vaxt interyer işləri tamamlanmamışdı. İndi
görürəm ki, işlərin hamısı başa
çatdırılmışdır.
Azərbaycana səfərlərim
zamanı mən bir daha şahid oldum ki, Prezident Əliyev və
xanım Əliyeva qeyri-maddi mədəni irsin qorunmasına
xüsusi diqqət yetirirlər. Azərbaycan xalqının mənəvi
dəyərlərinin yaşanmasına böyük
qayğı göstərirlər. Mən buna görə
Prezident Əliyevə və birinci xanım Əliyevaya öz dərin
minnətdarlığımı bildirirəm. Mən dəfələrlə
ölkənizə səfər etdikdə sizin zəngin mədəniyyətinizin
şahidi olmuşam, burada musiqinizi dinləmişəm, rəqslərinizi
görmüşəm. Bütün bunlar qeyri-maddi mədəni
irsin tərkib hissələridir.
Hörmətli Prezident Əliyev!
Hörmətli xanım Əliyeva!
Hörmətli dostlar,
xanımlar və cənablar!
2003-cü ildə Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin dəyəri kimi elan edilmiş və ümumi mədəni irs siyahısına salınmışdır. 2006-cı ildə YUNESKO qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanı qəbul etdikdən sonra bu sahədə ölkəniz bir çox səylər göstərmişdir. Bu tədbirlərin keçirilməsi bütün Azərbaycan xalqının iradəsini bir daha nümayiş etdirir. Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması və gənc nəslə ötürülməsi və çatdırılmasında böyük, vacib işlər görülür. Bu gün açılışını etdiyimiz Beynəlxalq muğam festivalı gələcək illərdə də daim bizim ürəyimizdə yaşayacaqdır.
Xanımlar və cənablar!
Mən çox şadam ki, Azərbaycan özünün zəngin mədəni irsinin qorunması istiqamətində aşıq sənətinin də YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunduğu şah əsərlərin siyahısına daxil olunmasını təklif etmişdir. Mən bununla bağlı bildirmək istəyirəm ki, YUNESKO-nun qeyri-maddi mədəni irs Komitəsinin 2009-cu ilin sentyabrında Abu-Dabidə keçiriləcək iclasında bu təklifə baxılacaqdır. Ümidvaram ki, Azərbaycan bu sahədə uğura nail olacaqdır.
Azərbaycan eyni zamanda, Qırğızıstan, Pakistan, Türkiyə, Hindistan və Özbəkistan kimi Novruz bayramını qeyd edir. Bahar bayramı bu xalqların, ölkələrin mədəniyyətinin vacib bir hissəsi hesab olunur və bu bayram hazırda ekspertlər tərəfindən öyrənilməkdədir.
Xanımlar və cənablar!
YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyası bizim bu sahədə gördüyümüz işi özündə əks etdirir. Bildirmək istəyirəm ki, bu cür mühüm Konvensiya YUNESKO-ya üzv olan bir çox ölkələr tərəfindən ratifikasiya ediləndən sonra ölkələr arasında bu sahədə dialoqu daha da gücləndirəcək, qeyri-maddi mədəni irsin qorunmasında səyləri birləşdirəcək və sərhədləri siləcəkdir. Ona görə də beynəlxalq ictimaiyyət arzulayır ki, bu sahədə səylər birləşdirilsin və bütün ölkələr davamlı şəkildə birgə işləsinlər. Bütün bəşəri mədəni irsin qorunması, mədəniyyətin müxtəlifliyinin mühafizəsi üçün çalışsınlar. Bu baxımdan bizim təşkilat bu ölkələrin, o cümlədən sizin ölkənizin dəyərli səylərini alqışlayır və istəyir ki, nəinki gənc muğam istedadlarının, o cümlədən digər incəsənət nümayəndələrinin işinin, fəaliyyətinin daha da yaxşı şəkildə təşviq olunması üçün əlavə işlər görülsün. Bu baxımdan təşkilatımız öz yardımını göstərməyə hazırdır.
Mən, eyni zamanda, bu Mərkəzin yaradılmasında zəhməti olan bütün şəxslərə öz minnətdarlığımı bildirirəm. Sizi festivalın açılışı münasibətilə bir daha təbrik edirəm.
* * *
Sonra gənc muğam ifaçıları konsert proqramı ilə çıxış etdilər. Konsertin gedişində xalq şairi Bəxtiyar Vahabzadənin "Muğam" poemasından parçalar səsləndi.
* * *
Həmin gün "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimində iştirak edən qonaqların şərəfinə ziyafət verildi.
AzərTAc
Azərbaycan.-2009.-21 mart.-S.4.