İdmana yüksək diqqət və qayğı örnəyi

 

Ötən əsrin 70-80-ci illərində idmanla fəal məşğul olmuş, Olimpiya oyunlarına vəsiqə qazanmış bir şəxs kimi xüsusi vurğulamaq istərdim ki, ulu öndər rəhbər vəzifələrdə olduğu bütün dövrlərdə idmançıların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasını vacib sayıb. 1980-ci ildən SSRİ dağılanadək İttifaqın klassik güləş üzrə yığma komandasının tərkibində qazandığım idman uğurlarını da məhz ulu öndərin respublikada bu sahənin inkişafı naminə həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi sayıram.

SSRİ yığma komandasının üzvü olarkən daim Heydər Əliyevin diqqətini, xoş münasibətini hiss etmişəm. Ulu öndər 1982-ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirirdi. Bu diqqət və qayğının nəticəsi kimi ilk dəfə 1983-cü ilin noyabrında SSRİ yığmasının tərkibində dünya kubokunun sahibi, 1985-ci ildə isə ilk dəfə klassik güləş üzrə dünya çempionu oldum. 1986-1987-ci illərdə bu uğuru ardıcıl şəkildə davam etdirərək üçqat dünya çempionu tituluna imza atdım.

1987-ci ildə ulu öndərin qərəzli hücumlara məruz qalaraq vəzifəsindən uzaqlaşdırılması respublikanın digər idmançıları kimi, məni də daxilən sarsıtmışdı. 1991-ci ildə Heydər Əliyevin üzləşdiyi haqsızlıqlara dözməyib Naxçıvana teleqram göndərdim və onunla həmrəyliyimi ifadə etdim. 1991-1993-cü illərdə Azərbaycanda həqiqətən də acınacaqlı vəziyyət hökm sürürdü. Adlı-sanlı idmançılar məcburiyyət qarşısında qalıb bir tikə çörək qazanmaq üçün ölkəni tərk edirdi. Bu arzuolunmaz vəziyyət yalnız 1993-cü ildən - ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qalxdı. İdmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm qollarından birinə çevrildi. Bədən tərbiyəsi və idman sahəsində ciddi irəliləyiş təmin olundu.

Olimpiya oyunlarında iştirak edən hər bir dövlət, ilk növbədə, dünya miqyasında özünütəsdiq imkanı qazanır. Müstəqil Azərbaycan dövləti də 1996-cı ildə ilk dəfə Atlantada keçirilən XXVI Yay Olimpiya Oyunlarında iştirak etməklə dövlətlər sırasında layiqli yerini müəyyənləşdirməyə, bayrağını göylərə ucaltmağa çalışdı. Atlanta Yay Olimpiya Oyunlarının keçirildiyi 1996-cı ildə Azərbaycanın iqtisadi durumu ürəkaçan olmasa da, ulu öndər idmançılarımızın bu beynəlxalq idman tədbirində yüksək səviyyədə iştirakı üçün lazımi maddi və mənəvi dəstəyi əsirgəmədi. Ümummilli lider Heydər Əliyevin 1995-ci ilin fevralında imzaladığı "1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" sərəncama uyğun olaraq xüsusi təşkilat komitəsi yaradıldı.

İdmançılarımız ilk dəfə qatıldıqları Atlanta olimpiadasında ciddi əzmkarlıq göstərsələr də, vətənə qızıl medal gətirə bilmədilər. Yalnız sərbəst güləş ustası Namiq Abdullayev yarışlarda yüksək ustalıq nümayiş etdirərək gümüş medal qazana bildi. Bununla belə, ümummilli lider Atlantadan məyus qayıdan idmançılarımızın pessimist ovqatını isti kəlmələri ilə aradan götürdü. Vətənə dönən idmançıları Prezident Sarayında qəbul edən ulu öndərimiz onları təbrik etdi və qələbələrə ruhlandırdı. Ümumilikdə, Olimpiya oyunlarında iştirak müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınmasını, olimpiya hərəkatına qoşulması prosesini təmin etdi.

Ulu öndərin təşəbbüsü əsasında qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanunlar Azərbaycan idmanının inkişafına ciddi təkan verdi. Bu qanunların yaratdığı imkanlar idmançıların yaşayış səviyyəsinin, təlim-məşq şəraitinin ildən-ilə yaxşılaşdırılmasına da real zəmin yaratdı.

Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasəti 2003-cü ilin oktyabrından Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir. Cənab İlham Əliyevin bu sahədə gördüyü işlərin son 5 illə məhdudlaşmadığı da xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, hələ 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK-un prezidenti cənab İlham Əliyev ölkədə olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda da işlər görüldü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhda tərbiyə edilməsi məqsədindən irəli gəlirdi.

Cənab İlham Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 20-yə yaxın müasir tipli olimpiya kompleksi inşa olunub. Son 10 ildə Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Zaqatalada, Masallıda, Qazaxda, Şamaxıda, Tovuzda, Salyanda, Yevlaxda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya-idman kompleksləri tikilərək idmançıların istifadəsinə verilib. "Yaxt-klub", atıcılıq stendi və taekvando mərkəzi də MOK-un uğurlu fəaliyyətini əks etdirən möhtəşəm idman obyektləridir. Hazırda Mingəçevir şəhərində Avropada analoqu olmayan avarçəkmə bazası yaradılır. Bütün bunlar da gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.

Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş neçə-neçə gənc geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutub, üçrəngli bayrağımızı göylərə qaldırıb. Artıq neçə vaxtdır ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq uğurlu nəticələr göstərirlər. Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilir. Dövlət başçısı İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Azərbaycanda idmançıların sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl addımlar atılır. Yəqin çoxları bu fikirlə razılaşar ki, ölkədə heç zaman idmana və idmançılara bu cür yüksək diqqət, qayğı olmayıb. Bu məqamda dövlət başçısının hələ 2004-cü ildə Afinada keçirilmiş Olimpiya oyunlarının gedişində söylədiyi fikirləri də xatırlatmaq istərdim. "İdmançılar böyük idmandan getdikdən sonra heç kimə lazım olmurlar. Onlar sağlamlığını və gənclik illərini böyük idmana qurban verdilər. Mən onlara həmişə dayaq olacağam" deyən dövlət başçısı idmançılara hörmətini ifadə etmişdir. Həqiqətən də obyektiv səbəblərdən bu gün idmandan uzaqlaşan insanlar dövlət başçısının diqqət və qayğısını aşkar hiss edirlər.

Hər vədini əməli fəaliyyəti ilə doğruldan Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı fərmanla martın 5-i Azərbaycanda İdman və bədən tərbiyəsi günü kimi qeyd edilir. Artıq üç ildir ki, idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar. Cənab İlham Əliyev 2009-cu ildə də ənənəsinə sadiq qalaraq respublikanın idman həyatında seçilən bir qrup idmançını fəxri adlara, dövlət mükafatlarına layiq görmüşdür.

Cənab İlham Əliyev idmana yüksək qayğının nümunəsi kimi idmançılar üçün Prezident təqaüdü, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis etmişdir. Hər ilin yekunlarına görə 20-dən çox idmançıya mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir. Prezident İlham Əliyev qazanılmış idman nailiyyətlərinin nümayiş etdirilməsi ilə yanaşı, idman tarixinin öyrənilməsi və təbliği, gənc nəslə sağlam həyat tərzi vərdişlərinin aşılanması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində də kompleks tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin 22 yanvar 2008-ci il tarixli "Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılması haqqında" sərəncamı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncam milli idman tarixinin və olimpiya hərəkatında əldə etdiyi uğurların mədəni sərvət kimi öyrənilməsi və təbliğinin daha da gücləndirilməsi məqsədi daşıyır. Sərəncamla Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə bağlı təkliflər hazırlamaq barədə tapşırıqlar verilib.

Dövlət başçısı Olimpiya oyunlarında idmançıların layiqincə iştirak etməsi, uğur qazanması üçün bütün lazımi tədbirləri görüb. 2007-ci il iyulun 24-də imzaladığı sərəncamla Pekin Olimpiya oyunlarına hazırlığın yüksək səviyyədə aparılmasını təmin edib. Nəticədə ötən il Çin Xalq Respublikasında keçirilmiş XXIX Yay Olimpiya oyunları idman hərəkatının geniş vüsət aldığı Azərbaycan üçün də əlamətdar oldu. Beynəlxalq miqyaslı tədbirin yekunları ölkə idmanının yüksəliş yolunda olduğunu təsdiqləməklə yanaşı, bu sahənin inkişafına qayğı və zəhmətin hədər getmədiyini göstərdi. Azərbaycan yığmasının üzvləri son olimpiadada layiqincə mübarizə apararaq mümkün ən uğurlu nəticəni göstərməyə, adlarını olimpiya salnaməsinə yazmağa müvəffəq oldular. Atlantadan 1, Sidneydən 3, Afinadan isə 5 medalla qayıtmışdıqsa, Pekindən 7 medalla döndük. Azərbaycan qızıl medalların sayına görə 39-cu, medalların sayına görə isə 27-ci yeri tutdu. Bu həm də göstərdi ki, ümumbəşəri dəyərlərin tərkib hissəsi kimi, Azərbaycanda idman və bədən tərbiyəsinin kütləviləşməsinə mühüm önəm verilir. Eyni zamanda MOK rəhbərliyinin peşəkarlığı, təşkilatçılıq məharəti, qətiyyəti, iradəsi, qarşıya qoyulmuş məqsəd və vəzifəyə doğru addım-addım, təmkinlə irəliləmək bacarığı sayəsində Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Ölkə Prezidentinin böyük diqqət və qayğısı idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır.

 

 

Məhəddin Allahverdiyev,

yunan-roma güləşi üzrə

 üçqat dünya çempionu,

olimpiya təqaüdçüsü

 

Azərbaycan.-2009.-21 mart.-S. 6.