Bayramlar bayramı
Novruz bayramı Azərbaycan
xalqının ən çox sevdiyi və səbirsizliklə
gözlədiyi bayramlardan ən birincisidir. Ona bahar bayramı
da deyirlər. Bu bayram təbiətin oyanması, gecə ilə
gündüzün bərabərləşməsi, həyatın
təzələnməsi ilə əlamətdardır. Novruz həm
də xeyir-bərəkət bayramıdır. Novruz
qışın qurtarmasının və yazın gəlməsinin
carçısıdır. Novruz yeni ildir, baharın ilk təqvim
günüdür. Onun gəlməsi ilə torpaq canlanır,
isti günlər başlayır. Baharın insanların həyatında
əhəmiyyəti lap qədim zamanlardan bir çox adətlərin
və mərasimlərin meydana gəlməsi ilə nəticələnmişdi.
Adamlar bayrama bir ay, yəni, dörd həftə qabaqcadan hazırlaşmağa başlayırdılar. Hər həftənin çərşənbə günü dörd təbiət ünsüründən birinə həsr olunurdu. Xalq inancına görə, ilk çərşənbədə su təzələnir və durğun sular hərəkətə gəlirdi. Od da insanın xəstəliklərdən, pis əməllərdən təmizlənməsi üçün bir vasitə idi. Küçələrdə, meydanlarda, hətta evlərin damlarında, təpələrdə və s. tonqallar qalanır, kişilər və qadınlar, oğlanlar və qızlar "sarılığım sənə, qırmızılığın mənə" deyərək tonqal üzərindən tullanırdılar. Qədimlərdə tonqalları həddi-büluğa çatmamış oğlan uşaqları çaxmaq daşının odu ilə qalayırdılar. Həmin od təmiz hesab edilirdi. Tonqalın üstünə su töküb söndürmək günah sayılırdı. Hamı inanırdı ki, tonqalın üzərindən tullanan adamın ağrı-acıları odda yanaraq məhv olur, ona görə də tonqalın külünü qırağa atmaq lazımdır.
Su çərşənbəsində axar suyun üstündən tullanırdılar ki, su ötən ildə yol verilmiş günahları yuyub aparsın. Belə də olurdu ki, ailə üzvləri köhnə ilin son günü axşamında yatmazdan qabaq bir-birlərinə su sıçradırdılar. Xalq inanclarına görə son çərşənbə axşamı axar sular guya ki, dayanırdı. Adamlar həmin axşam çay kənarına gedib suya sitayiş edirdilər. Xalqda belə bir inanc vardı ki, bahar vaxtı sel suyundan içən hər bir adam Yeni ildə bütün xəstəliklərdən canını qurtarır.
Xalq inancına görə ilk çərşənbədə hava qızır, ikinci çərşənbədə suyun hərarəti artır, üçüncü çərşənbədə torpaq, axır çərşənbədə ağaclar və otlar cana gəlir. Axır çərşənbə xüsusi təntənə ilə qeyd olunurdu. Bütün evlərdə bayram süfrəsi açılırdı. Ətirli plov hazırlanırdı, paxlava, şəkərbura, şəkərçörək, şorqoğal və s. bişirilirdi. Bayram süfrəsinə xonça, xonçanın da ortasına səməni, adambaşına bir şam, boyanmış yumurta qoyulurdu.
Bayramın ən yüksək zirvəsi Novruz günü sayılırdı. Həmin gün köhnə il öz səlahiyyətlərini yeni ilə verirdi.
Novruzun gəlişi zamanı münəccim tez-tez yerindən qalxaraq Günəş saatına baxmaqla onun yüksəkliyini müşahidə edirdi. Günəş gündüzün gecə ilə tarazlıq nöqtəsinə çatan anda münəccim bərkdən "Yeni il gəldi" - deyə qışqırırdı.
Azərbaycanlılar ta qədimlərdən bayram süfrəsinin hazırlanmasına xüsusi diqqət yetirirdilər. Bayram süfrəsində adları "S" hərfi ilə başlayan yeddi şeyin olması vacib idi: sumax, süd, sirkə, səməni, səbzi və i. a.
Bütün bunlardan əlavə, süfrəyə şam, güzgü, güzgünün də üstünə müxtəlif rənglərə boyadılmış yumurta qoyulurdu. Bunların hamısının rəmzi mənası vardı. Şam insanı öz işığı ilə əcinnələrdən qorumaq məqsədi güdürdü. Güzgü aydınlıq nişanəsi, yaxud təzə ilin gəlişini müəyyənləşdirmək vasitəsi idi. Dünya xalqlarının bir çoxunun əsatirlərində Yer kürəsi nəhəng buğanın buynuzları üzərində qərar tutmuşdur. İl ərzində həmin buğa yorulduğundan Yer kürəsini bir buynuzundan o biri buynuzunun üstünə qoyur. Bundan sonra yeni il gəlir. Azərbaycanlılar köhnə ilin qurtarmasını və yeni ilin ilk gününün başlanmasını müəyyənləşdirmək üçün boyanmış yumurtaları güzgünün üstünə qoyurdular. Yumurta tərpənən kimi güman olunurdu ki, buğa yorulub və Yer kürəsini digər buynuzunun üstünə qoyub və təzə il gəlib. Bu zaman süfrə başında oturanlar bir-birini təbrik edir, hamıya səadət, sağlamlıq, müvəffəqiyyət arzulayırdılar. Bayram günü bütün qadınlar başlarına və əllərinə xına yaxırdılar. Qohum-qonşu qadınlar matəm saxlayan yaxın qadınları bayram hamamına aparır, başlarına və əllərinə xına yaxır və yasdan çıxarırdılar.
Bayram ərəfəsindəki günlər otaqların və həyət-bacanın əsaslı surətdə yır-yığış edilməsinə və bayram yeməkləri hazırlanmasına həsr olunurdu. Bunun da öz xüsusiyyətləri vardı. Bayram yeməkləri gündəlik ərzaqlardan hazırlanmırdı. 7 rəqəminə xüsusi önəm verilirdi. Axır çərşənbədə bayram süfrəsinə duz, çörək, yumurta, sədəfotu, kömür, güzgü və s. bu kimi 7 vacib sayılan əşya qoyulurdu. Ənənəyə görə, bütün bunlar Günəş üçün rəmzi hədiyyə sayılırdı. Süfrədə yaradılmış bolluq və çox sayda bişirilmiş yeməklər ailəni Yeni ildə həmin ərzaqlarla gen-bol təmin etməli idi.
Rəmzi yeməklərin bəzisi, məsələn, yumurta magik əhəmiyyət daşıyırdı. Düşünürdülər ki, yumurta gələcək həyatın başlanğıcını qoymalıdır.
Həftənin hər ikinci günü evlərin həyətlərində, yaxud həyət qapısının yanında tonqal qalayır, qadınlar tonqala üzərlik atır və ailələrinin şərdən-xatadan, dərd-bəladan qorunmasını ifadə edən sözlər deyirdilər.
Hamıdan çox uşaqlar şənlənir, məzəli "kos-kosa" oyunu oynayır və qonum-qonşudan hədiyyələr toplayırdılar.
Ənənəyə görə, bayramın birinci günü ailə üzvləri evdən bayıra çıxmır, heç yerə getmir və gələnləri də qəbul etmirdilər. Belə bir inanc vardı ki, bayram günü evdə olmayan adamı 7 il sərgərdan gəzmək gözləyir.
Bayram günləri bir qayda olaraq evlərin qapıları kilidlənmirdi. Bununla da, ev sahibləri bildirmək istəyirdilər ki, evdədirlər və gələn qonaqları qəbul etməyə şad olarlar.
Yeni ilin ilk günü hər bir ailədə bütün gecə işıq yanmalı idi. Bu, əmin-amanlıq, sağlamlıq, xoşbəxtlik əlamətidir. İşığı söndürmək olmaz, ona görə ki, işığı söndürmək bədbəxtlik əlaməti olardı.
Novruzu bayram edən kənd adamları ilin quraqlıq, yaxud yağışlı keçəcəyini, məhsuldarlığın necə olacağını müəyyənləşdirirdilər. Ənənəyə görə, Novruzun birinci günü bahar, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü qış hesab edilirdi. Əgər birinci gün yağışsız və küləksiz olsaydı, onda baharın kənd təsərrüfatı işləri üçün əlverişli olacağı güman edilirdi. Əgər həmin gün yağış yağsaydı, hava tutqun olsaydı, baharın necə olacağı qabaqcadan müəyyənləşirdi. Sonrakı üç gün də yayın, payızın və qışın necə keçəcəyindən xəbər verirdi.
Alimlərin yazdıqlarına görə, bahar bayramının kökləri eramızdan əvvəl üçüncü minilliyə gedib çıxır. Güman edildiyinə görə, bahar bayramı ənənəsi qədim Misirdə meydana gəlmişdir.
Burada hər il martın 21-də bahar gecə-gündüz bərabərliyindən sonra əvvəlcə Dəclə çayında, iki həftə keçdikdə isə Fərat çayında suyun səviyyəsi artır. Bu yerlərdə əkinçilik də elə bu ayda başlayır.
Baharın mart-aprel aylarında bayram edilməsi ənənəsi əvvəlcə yəhudilərə, onlardan yunanlara, yunanlardan da Qərbi Avropa xalqlarına keçmişdi.
Bahar bayramı 12 gün davam
edirdi. Bu günlərdə uşaqları, qulları cəzalandırmaq,
iş görmək, məhkəmədə hökm
çıxarmaq olmazdı. Bahar bayramına hazırlıq
zamanı məbədlərdə dörd gün teatr
tamaşaları göstərilir, miflər söylənilir,
poemalar oxunurdu. Beşinci gün Babil
yaxınlığındakı məbəddən bayram
nümayişi başlayır, adamlar aydınlıq Allahına
öz ehtiramlarını bildirməyə gedirdilər. Həmin
andan hesab edilirdi ki, işıqlı günlər səmada
öz yerini tutur. Yəni, gecə-gündüz bərabərliyinin
başlanması ilə ilin işıqlı günləri
üstünlük təşkil edir. Beləliklə də, səmanın
işıq allahı təmiz adamların tələbi ilə
qara qüvvələrdən azad olur.
Altıncı gün insanlar
iri şəhərlərə gedirdilər. Yeddinci gün
assurların allahlara düşmənçilik rəmzi hesab
etdikləri böyük sayda donuz kəsirdilər. Səkkizinci
gün axşamı hər bir evə maqlar, sehrbazlar,
falçılar çağırılırdı ki, onlar
qarşıdan gələn ildə talelərin necə
olacağını söyləsinlər. Həmin gün
Babilin padşah sarayının arxasındakı "Talelər
palatası" məbədinin kandarında səma
allahının və eyni zamanda, bütün digər
allahların qızıl heykəlləri sərgilənir və
onların yanına müxtəlif qurbanlıq hədiyyələr
gətirilirdi. Sonra məbəddə bayram qonaqlığı
düzəldilir, gecə isə yenə də bütün
ölkədə insanların talelərinin necə
olacağı barədə qabaqcadan xəbərlər
yayılırdı.
On birinci gün bütün
kahinlərin, yuxu yozucularının, görücülərin,
Babil şəhərinin əhalisinin və qonaqların
müşayiət etdiyi təntənəli mərasim səma
allahının heykəlini məbədə gətirir və həmişə
orada saxlayırdılar. Bayramın sonuncu günü şəhərin
meydanlarında, məbədlərində və küçələrində
artistlər, müğənnilər, musiqiçilər
çıxış edirdilər.
Babilistanda Yeni ilin ilk dəfə
bayram edilməsindən min illər keçib. Onun bir çox
atributu qorunmayıb. Lakin bayram ideyası hazırda da
yaşamaqdadır. Latın Amerikası ölkələrində
hər il karnavallar keçirilir. "Karnaval"
sözünün Babil dilində hərfi mənası "dəniz
gəmisi"dir. Yeni il ərəfəsində ağac bəzəmək
adəti də qədimlərdən gəlib. Babilistanda və
digər ölkələrdə
Ədəbiyyatda Novruz
bayramının meydana gəlməsini azərbaycanlıların
qədim dini olan atəşpərəstliklə də əlaqələndirilər.
Amma qətiyyətlə demək olar ki, Novruz islamdan qabaq və
sonra da milli bayram kimi qeyd edilib. Novruzun islamdan qabaqkı mənşəyini
Şərqin Rudaki, Firdovsi, Əbu Əli ibn-Sina, Nizami, Sədi,
Hafiz, Cami də öz əsərlərində təsdiq
etmişlər.
Sovetlər dönəmində
Azərbaycanda Novruzun bayram edilməsinə qadağa
qoyulmuşdu. Orta Asiyada isə bu bayramı Novruz adı ilə
yox, Bahar bayramı kimi geniş qeyd edirdilər.
Arif Hüseynov
Azərbaycan.-2009.-21 mart.-S.8.