Novruz mənəvi-əxlaqi dəyərlərimizin
aynasıdır
"Böyük mənəvi gücə malik olan Novruz
bayramı ulu əcdadlarımızın bizə verdiyi ən
gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və
yaddaşını, onun daxili aləmini bütün zənginliyi
ilə yaşadır. Təbiətin oyanmasının,
varlığın yenidən canlanmasının müjdəsini
verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat
və məişətimizə daxil olmuş, insanlara aydın
və işıqlı sabaha, xoşbəxt gələcəyə
inam duyğusu bəxş etmişdir.
Novruz bizim ümummilli bayramımızdır. Müstəqil
Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!"
Heydər ƏLİYEV
Azərbaycan xalqının çox qədim zamanlarda yaratdığı, milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan böyük bayramlardan biri Novruzdur. Əcdadlarımız ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramı bir-birindən oynaq, lətafətli nəğmələr, insanın ilkin törəniş atributları olan su, od, yel və torpaq görüşləri ilə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə zaman-zaman bəzəmişlər. Qərinələr və yüzilliklər dolabında bu nəğmə və mərasimlərin nəqşi pozulanı, bəzən unudulanı da, yeni-yeni ənənə və etiqadlarla cilalanıb ritmi səhv düşəni, yenidən düzülüb qoşulanı da olub. Ancaq xalq bayram təntənəsinin ahənginin pozulmasına yol verməmiş, onu özünün qüdrətli dünyasını əks etdirən yallılar, coşqun rəqslər, rəngarəng xalq oyunları, ibrətamiz meydan tamaşaları ilə bəzəmişdir. Xalqımız hər il bu bayramı yazın ilk günlərində, gecə ilə gündüzün bərabərləşdiyi bir məqamda - mart ayının 20-dən başlayaraq həmin ayın 21-22-də (köhnə təqvimlə fərvərdin ayının 7-8-9-da) keçirmişlər.
Novruz qədim Azərbaycan torpaqlarında, eləcə də Türküstan və İran xalqları içərisində çox qədimdən keçirilən əzəmətli yaz bayramlarından biri kimi tarixin yaddaşında yaşamaqdadır. Bir sıra tarixi qaynaqlar və mənbələrdə Novruz barədə dəyərli məlumatlar günümüzə qədər gəlib çatmışdır.
"Avesta"da Novruzun zərdüştlükdən çox-çox əvvəllərdə Muğanda geniş şəkildə bayram edildiyi qeyd olunur, bolluğa, qüdsiyyətə sitayiş bayramı hesab olunur.
Novruzun adı, yaz bayramı kimi keçirilmə tarixi, mənşəyi ilə bağlı günümüzə müxtəlif tarixi faktlar, mif və əfsanələr gəlib çatmışdır. Onlara görə Novruz - Turan və İran torpağında insanın yeni həyata başladığı təzə gün hesab edilir. Bayram rituallarından çıxış etsək, görərik ki, həmin gün insanın əkinçilik mədəniyyətinə qovuşduğu, torpağa ilk toxumu atıb ondan məhsul götürdüyü, insanın birinci dəfə əkinçilik məşğuliyyətinə başladığı gündür.
Novruz haqqında daha mükəmməl təsvirlər, məlumatlar XI əsr ərəb tarixçisi Əbu Reyhan əl-Biraninin (973-1048) "Qədim xalqlardan qalmış yadigarlar", "Qanuni-məsudi", "Ət-təfhim" əsərlərində, Ö.Xəyyamın (1045-1131) "Novruznamə"sində, yenə ərəb tarixçisi Nizamül-Mülkün "Siyasətnamə" əsərlərində vardır. Ö.Xəyyam "Novruznamə"sində yazırdı: "Cəmşid bu günü (Fərvərdin ayının əvvəlini - A.N.) Novruz adlandırılması barədə fərman verdi. Hər il fərvərdinin başlanğıcını bayram etməyi, yeni ili həmin gündən hesablamağı əmr etdi". Yaxud başqa bir mənbədə rəvayət olunur ki, İran və Turan övladı Keykavus oğlu Səyavuş Əfrasiyabın ölkəsinə qonaq gəlir, Əfrasiyab onu yaxşı qarşılayır, qızını ona verib Səyavuşla dost olur. Səyavuş Əfrasiyab ölkəsində özündən yadigar Buxara bazarını tikdirir. Lakin düşmənlər Əfrasiyabla Səyavuşun arasını vururlar. Əfrasiyab Səyavuşu öldürtdürüb Buxara hasarının üstünə atdırır. Atəşpərəstlər isə onu Şərq darvazası ağzında dəfn edirlər". Səyavuşun dəfn edildiyi gün Novruz adlandırılır.
Novruzun qədimdən bayram edilməsi Şərqin mötəbər ədəbi mənbələrində də öz əksini tapmışdır. Ə.Firdovsinin "Şahnamə"sində bu bayramın çox qədimdən mart ayının əvvəlində keçirildiyi göstərilir.
N.Gəncəvinin "İsgəndərnamə"sində, Ə.Nəvainin "Səddi-İsgəndəri"ndə bizim eradan 350 il əvvəl Novruzun xalq arasında böyük şənliklərlə keçirildiyi göstərilir. Təsadüfi deyildir ki, "İsgəndərnamə"də İsgəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz bayramı günü idi.
Azərbaycan mifologiyasının bizə gəlib çatan başqa bir əsatirində isə Novruzun bayram edilməsi daha erkən təsəvvürlərin mirası kimi yaddaşlara həkk edilmişdir. Əsatirdə deyilir: "Oğuz oğlu zağada yaşayanda qışdan yaman qorxardı. Ona görə də ilin üç fəslində qışa tədarük görər, dünyanın naz-nemətini zağaya yığıb gətirərdi. Bir il qış uzun çəkdi. Oğuz oğlunun azuqəsi qurtardı. Çarəsiz qalan Oğuz oğlu Böyük çillənin otuzuncu günü zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, əli-ayağı dondu - kor-peşman evə qayıdanda yolda bir qurd balasına rast gəldi.
- Oğuz oğlu, bu
qarda-boranda haradan gəlirsən - deyə qurd balası
soruşdu. Oğuz oğlu başına gələn əhvalatı
danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə
ay, var yaxşı dolanırıq, elə ay var, acından
qırılırıq. Ayları təriflədi, ayları
yamanladı.
Qurd balası dedi:
- Ey Oğuz oğlu,
qabaqdakı yolayrıcında sən bir sürü qoyun, bir
qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı
görəcəksən. Onları alıb zağana apararsan.
Qoyunu kəsib ətini yeyərsən, yunundan cəhrəndə
ip əyirər, özünə paltar tikərsən, dərisini
əyninə geyərsən. Sünbülün dənini də
əl dəyirmanında çəkər, unundan çörək
bişirərsən. Yaza çıxarsan. Ancaq sənə
verdiyim əmanətlərdən gərək muğayat olasan.
Sünbülü və qoyunu gərək özün
artırasan. Quzuları əlinin üstündə saxlayıb
böyüdərsən. Sünbülün dənini
torpağa səpib onu alnının təri ilə suvararsan.
Dediklərimə əməl edə bilməsən, yaşamaq
sənin üçün çətin olacaq.
Oğuz oğlu yol
ayrıcına gəldi, qurd balasının dediklərini
götürüb zağaya gətirdi. Qışı kefnən
dolandı. Yazda sürünü dağlara yaydı,
sünbülün dənini torpağa səpib gecə-gündüz
sürülərin, sarı sünbülün qulluğunda
dayandı. Oğuz oğluna bir bolluq üz verdi ki, gəl
görəsən. O gündən Oğuz oğlu bütün
ili işlədi. Qurd balasına rast gəldiyi günü
bayram kimi keçirmək üçün hazırlığa
başladı".
Novruzu oğuzlar
yaşadığı geniş ərazilərdə bayram etməyə
başladılar. Bu bayram təntənəsi yaxın-uzaq ellərə
yayıldı. Turan-İran torpaqlarında hər il bayram
tonqalları şölələndi.
Mənbələrdən məlum
olur ki, Əhəmənilər dövründə (Miladdan əvvəl
558-330-cu illərdə) Novruzu bayram etmək xalq arasında ən
qədim adətlərdən olmuşdur. Həmin bayram
maldarlıq və əkinçilik ənənələrini
qoruyub saxlamaq, törənişlə bağlı atributlara
etiqad bəsləmək, onları əzizləmək, şərəfinə
silsilə şənliklər keçirməklə əlamətdar
olmuşdur. Təqvim görüşlərində
bütün başqa xalqlarda olduğu kimi, il dörd fəsilə
bölünmüş, hər fəslin isə özünəməxsus
bayramları olmuşdur. Novruz yazın gəlişi ilə
bağlı keçirilən bayramlardandır, üç
aylıq qışın başa çatmasından sonra yaz
başlayır.
Novruz bayramı
bütövlükdə azərbaycançılıq
ideyalarının söykəndiyi yüksək mənəvi və
əxlaqi dəyərlərlə zəngindir. Ümumazərbaycan
mədəniyyətinin yaranıb formalaşmasında,
inkişafında və yüksəlməsində onun
böyük rolunun həqiqi mənasını hələ
bütöv şəkildə öyrənildiyinə hökm
vermək təbii ki, mümkün deyildir. Novruzun Azərbaycan
xalqının, Azərbaycan dilinin və xalqımıza məxsus
zəngin kulturoloji dəyərlərin qorunub saxlanmasında
mühüm rolu olmuşdur.
Bayramın söykəndiyi əxlaqi
dəyərlərin çevrəsi genişdir. Ən əvvəl,
Novruz ənənələri əməyi insan həyat və fəaliyyətinin
başlıca əxlaqi dəyəri kimi təqdim edir. Novruz fəlsəfəsinə
görə insanın yüksək rifaha, xoşbəxt həyata
qovuşması onun torpaqda işləmək, əkib-becərmək
istəyi ilə bağlıdır. Novruz nəğmə və
deyimlərində, meydan tamaşalarında bu görüş
özünü geniş şəkildə əks etdirir.
Novruzun qabaqcıl əxlaqi
görüş kimi təqdim etdiyi ikinci dəyər onun
törəniş və yaranışla bağlı dünyəvi
dəyərlərə ehtiram və məhəbbət
aşılaması, suyun, odun, havanın və torpağın
saflığını qoruyub saxlamaq düşüncəsidir.
Bayramın cəmiyyət
münasibətlərini tənzimləmək üçün
vacib olan başqa bir dəyəri insanlar arasında
qarşılıqlı xoş münasibətin zəruriliyidir.
Novruz ənənələrinə görə, bayram
günü bütün küsülülər barışar,
bir-biri ilə bayramlaşar, bir-birinin evinə qonaq gedər,
incikliklərə son qoyar, hətta qan intiqamını da yaddan
çıxarardı. Bu dəyər geniş çalarlara
malik olub təkcə cəmiyyət üzvləri arasında
deyil, eyni zamanda, ölkələr, dövlətlər,
xanlıqlar, tayfalar və nəsillər arasında incikliklərin,
qarşıdurmaların aradan qaldırılmasını
gündəmə gətirərdi.
Bayramda böyüyə,
uluya hörmət, ölən doğmaların ruhunu yad etmək,
keçmişin ən ülvi ənənələrini yada
salmaq, insani keyfiyyətləri daim qorumaq, düzlük,
doğruçuluq kimi keyfiyyətlər də yüksək dəyərlər
kimi təqdim edilir.
Müqəddəs çərşənbələrdən
başlayaraq Novruz etiqadları insanları pislikdən,
yamanlıqdan, şeytançılıq, dalca
danışmadan, ara vurmaqdan, ədalətsiz münasibətlərdən,
özünə rəva görülməyəni
başqasına qıymaqdan uzaq olmağa
çağırmış, insan şəxsiyyətini
alçaldan hər cür keyfiyyətlərdən uzaq
durmağa səsləmişdir.
Novruz dəyərləri xalq
diplomatiyasının sülh, barış, hökm,
bağışlamaq və digər hüquqi aktlarının
humanist formalarını özündə cəmləşdirmiş,
bayram ərəfəsində əfvetmənin ən müxtəlif
nümunələrini əhatə etmişdir ki, bütün
bunlar da çərşənbə və Novruz şənliklərinin
ən bəşəri və humanist görüşlərin
geniş çevrəsini ehtiva edib bayramın başlıca
ictimai-fəlsəfi məzmun daşıdığını
göstərmişdir.
Novruz dəyərləri
içərisində təmizliyə, paklığa
çağırış da güclüdür. İlaxır
çərşənbələrdən başlayaraq cəmiyyətdə
təmizlik işləri görmək, ölkədə, eldə,
mahallarda, kəndlərdə bu məqsədlə iməcilik
keçirmək, bağı-bağçanı, ev-eşiyi, həyət-bacanı
təmizləyib-sahmanlamaq, sobaları, ocaqları qurumdan,
küldən təmizləmək, sözün həqiqi mənasında,
geniş sanitar xidməti həyata keçirmək bayramın
başlıca tələblərindən hesab olunurdu.
Novruz dəyərləri uzun
yüzilliklər ərzində cəmiyyətin irəliyə
doğru inkişafını səmtləndirmiş, yüksək
mədəni dəyərlərin nəsildən-nəslə
ötürülməsinə, çox geniş bir ərazidə
azərbaycançılıq kimi milli-mənəvi keyfiyyətlərin
formalaşıb qabaqcıl və aparıcı bir ideologiyaya
çevrilməsinə gətirib
çıxarmışdır.
Ötən əsrin 90-cı
illərindən başlayaraq ulu öndər Heydər Əliyevin
Novruzun xalqın milli bayramı kimi dövlət səviyyəsində
qeyd edilməsi ilə bağlı tarixi sərəncamından
sonra bayram dəyərlərinə qayıdış güclənib
genişləndi və cəmiyyətin həyatına nüfuz
etməyə başladı. Azərbaycanda bu mərasimin daha təntənəli
şəkildə keçirilməsi, onun yüksək milli-mənəvi
dəyər kimi dünyaya təqdimatı, bir çox azərbaycanlının
Avropa ölkələrində onu kompleks milli dəyər
toplumu kimi geniş çevrədə qeyd etməsi bayramın
özününküləşdirilməsinə, onun təhrif
olunub dünya yaz bayramları sırasından arxa plana
keçirilmə meyillərini yenidən gündəmə gətirdi.
Xalqımızla yaxın qonşuluq münasibətlərində
olan bir sıra azsaylı xalqlar uzun yüzilliklər ərzində
torpaqlarımızda, bu gün isə onun yaxın və uzaq sərhədlərində
Novruzun təntənə ilə keçirmələrindən
çıxış edərək bayramı
özününküləşdirməyə müəyyən
cəhdlər göstərir, beləliklə də, onun daha
geniş coğrafiyada qeyd olunmasına əngəllər
yaradır, bayramın ümumtürk məzmununda
yayılıb genişlənməsinə yaranan tarixi
imkanların üzərinə kölgə salmağa cəhdlər
edir, hətta qısqanclıq duyğuları Novruzun
adının "Ərgənəkon"la əvəzləmək
səsləri, çağırışları eşidilir. Təbii
ki, bütün bunlar türkün mərasim folklorunu təhrif
etmək, onları eyniləşdirib, yaxud eyni ad altında birləşdirib
aşkara çıxarmaq istəklərindən irəli gəlir.
Novruz və "Ərgənəkon" bayramları
türkün mərasim folkloru tarixində qoşa qanad olub
türkün əski görüşlərini, həyat və
yaşayış uğrunda mübarizəsini özünəməxsus
şəkildə əks etdirən kulturoloji dəyər
toplumlarıdır. Onların adlarının əvəzlənməsinə
ehtiyac olmadığı kimi, bayramları bir-birinə
qarşı qoymaq, yaxud birində nəzərəçarpan mərasim
detalını digərində görməyəndə ona
siyasi rəng verib üzərinə kölgə salmaq
yanlış mövqedən yanaşılmadan xəbər
verir.
Son vaxtlarda Novruzun yalnız
bir xalqın adına çıxmaq meyilləri də güclənib
genişlənməkdədir. Dost və qardaş İran
İslam Respublikasında bu meyil getdikcə daha çox nəzərə
çarpır. Belə ki, 2000-ci ildən başlayaraq
ardıcıl olaraq burada Xarici İşlər Nazirliyinin nəzdində
mədəni irsi öyrənən mərkəz YUNESKO-nun dəstəyi
ilə ölkədə Novruz beynəlxalq konfransı
keçirir. Yaxşı cəhətdir ki, bu konfranslarda Novruz
xalqların əski və zəngin mədəniyyət dəyərləri
toplumu kimi qiymətləndirilir. Bayram dəyərlərinin
öyrənilməsinə maraq artır, bir çox yeni nəşrlər
çap edilib ölkəyə yayılır. Novruzun əsaslı
şəkildə öyrənilmə zərurətinin vacibliyi
qeyd olunur. Bununla belə, 2008-ci ildə keçirilən beynəlxalq
simpozium qərar qəbul edib ki, Novruz ancaq farslara məxsus
bayramdır və onun YUNESKO-da fars bayramı kimi keçirilməsi
üçün beynəlxalq təşkilata müraciət qəbul
etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun rəhbərliyi,
eləcə də respublikanın bir sıra mətbuat
orqanları və görkəmli ziyalılar bu yanlış qərardan
vaxtında xəbər tutaraq məsələyə haqlı
müdaxilə etmiş və Novruzun xalqımızın
böyük milli bayramlarından biri olduğunu əks etdirən
sənədləri geniş şəkildə tərtib edərək
YUNESKO-ya göndərmişdir. Göndərilən sənədlər
içərisində Novruzun tarixi, xalq arasında yaranıb
yayılma dövrü, bu barədəki araşdırmalar və
nəşrlər, eləcə də ölkə Prezidentinin
bayramın dövlət səviyyəsində keçirilməsi
barədə sərəncamı və başqa materiallar var.
Novruzun azərbaycançılıq
dəyərlərinə kölgə salan meyillərdən
biri də bayramları və mərasimləri o qədər də
zəngin olmayan xalqların yaz bayramları ilə müqayisə
edilməsidir. İddia olunur ki, məsələn, Novruz çərşənbələri
bir sıra türk xalqlarının mərasim folklorunda yoxdur.
Məgər "Ərgənəkon"da bütün mərasim
dəyərləri öz əksini tapmayıbsa, bu, onun üzərinə
kölgə salmağa əsas verirmi? Novruz dəyərləri
yalnız azərbaycanlılara məxsusdur. Başqa bir xalq isə
təbii ki, öz dünyagörüşü və mərasim
düşüncəsi səviyyəsində fərqli bayram
modeli yarada bilər. Elə tayfa var ki, eyni etnik kökdən
olduğu xalqın hər hansı mərasim detalını qəbul
edir, elə tayfa və toplum da var ki, öz kulturoloji səviyyəsinə
uyğun olaraq bayram, yaxud mərasimlərini məxsusi
düşüncə çevrəsində keçirir.
Xalqların yaradıcılıq ənənələri üzərinə
yasaqlar, senzuralar qoymaq sovet dövrünün
metodologiyasıdır. Bu faktdır ki, tatarlarda, kunuklarda,
darginlərdə və bir çox türk tayfalarının
yaz mərasimləri Novruzdan xeyli fərqlidir. Onlar çərşənbələri
bayram etmirlər. Farslar yalnız sonuncu çərşənbəni
qeyd edir, bir sıra türk ellərində isə heç
"Novruz" adlı bayram keçirmirlər. İndi nə
edək, biz onlara qoşulmalı, yoxsa onları öz
arxamızca aparmalıyıq?!
Dünya xalqlarının, eləcə
də türk xalqlarının yaz bayramları bir-birindən fərqli
keçirilir. Məsələn, Çin mərasim folklorunun
fransız tədqiqatçılarının
araşdırmalarına nəzər salsaq görərik ki,
onlarda Novruz bayramı daha şux keçirilir. Həmin tədqiqatlara
görə "bu bayram ənənələri çinlilərə
türklərdən, daha çox isə azəri türklərindən
gəlmişdir" kimi mülahizələrin də
folklorşünaslıq ədəbiyyatında yer tutduğunu
unutmaq olmaz.
Bayramın hansı xalqa məxsusluğunu
təsdiqləyən faktları üzə çıxarmaq
üçün ilk növbədə, ən mötəbər
mənbə, Novruz mərasim nəğmələri,
oyunları, ritualları və Novruz süfrəsinə qoyulan
bayram şirniyyatlarıdır. Novruz süfrəsini bəzəyən
bayram şirniyyatlarının üzərindəki rəmzi
işarələrin, əcdadların erkən mifoloji
düşüncəsini, astroloji baxışlarının əksi
olduğunu necə inkar edə bilərik?!
Bu gün Azərbaycana
dünya ölkələrindən gələn bir çox əcnəbiləri
Novruz süfrəsinin təkcə ləzzətli və
tamlı şirniyyatları deyil, eyni zamanda, onların üzərindəki
əski zamanların simvolları, astroloji atributların
ölçü və qəlibləri heyrətə gətirir.
Yalnız xalqımıza məxsus "Şorqoğalı"nın
Günəşin rəmzi ölçülərini və ona
bəslənən etiqadları əks etdirməsi, şəkərburanın
on beş günlük Ayın rəmzi mənasını,
bayram paxlavalarının ulduzlar sistemi simvollarını ifadə
etməsi, bu kimi bir çox başqa rəmzlər Novruzun
xalqımızın tarixində qədim köklərə və
təsəvvürlərə malik olduğunu bir daha təsdiqləməkdədir.
Məşhur Tur Heyerdal Bakıya ötən əsrin 80-ci illərinin
əvvəllərində birinci gəlişində Qobustanda bu
bayram şirniyyatlarına baxarkən demişdir: "Novruz
süfrəsinin bu şirniyyatları Qobustan qədər qədim
bir mədəniyyətin görüntülərini əks
etdirir". Yaxud başqa bir misal. Uzun müddət bayram
süfrəsinə qoyulan yeddi yemək - yeddiləvin törəniş
etiqadlarına əsaslı şəkildə bağlı
olduğunu təsdiqləməkdədir. Novruzu qeyd edən
xalqların çox böyük bir çevrəsində
yeddiləvin törənişlə bağlı yeddi məhsuldan
hazırlanmış aşağıdakı yeməklər əhatə
edilirdi: Heyvandarlıq məhsulları bolluğu istəyəni
əks etdirən süd (qaynanmış), südlü qaymaq,
sürmə, qüdriyyət rəmzi olan südlü
çörək, südlü aş, səməni
şorbası, səməni halvası. Səbzi plov, bundan əlavə,
süfrədə şirniyyat və məcməələrdə
Novruz xonçası olurdu. Bu xonçada da yeddi növ
şirni və bayram bişintiləri, eləcə də
noğul, nabat, xurma, qoz, fındıq ləpəsi, şəkərbura,
paxlava və s. olardı. Novruz süfrəsinə tünd,
acı yeməklər, sirkə, sarımsaq, ət xörəkləri
qoyulmazdı. Novruzdan sonrakı başqa bayramların biri sirkə,
sarımsaq və digər tünd yeməklərlə zəngin
olardı.
Novruzu daha şən, təntənəli
edən, onu bir-birindən gözəl və yaddaqalan bayrama
çevirən törəniş etiqadları ilə
bağlı İlaxır çərşənbə şənlikləridir.
Su, Od, Yel və Torpaq çərşənbələri
adı ilə keçirilən bu şənlikdə əcdad
kultlarına etiqad, onları əzizləmək, yeni ildə hər
birinin insanlara uğur gətirmək istəyi ilə
bağlı keçirilən şənliklər, eyni zamanda,
insanın öz ulu əcdadının törəniş
etiqadlarına ehtiramını bildirməklə Novruzun daha qədim
çağlardan azərbaycanlıların həyatına və
məişətinə daxil olduğunu əks etdirir. Təbii
ki, bütün bu kimi əski tarixi köklərə
bağlı olan bayramı dünyanın rituallar, mərasimlər
və ənənələrlə zəngin, ən qədim yaz
bayramlarından biri kimi daha dərindən öyrənmək,
onu qabaqcıl dünyaya daha bütöv halda təqdim etmək
qarşıda duran mühüm vəzifələrdəndir.
Ancaq təəssüf ki, son zamanlarda bəzi mətbuat səhifələrində,
müxtəlif radio və televiziya kanallarında çərşənbələrin
törəniş atributları ilə bağlı
sırası pozulduğu kimi, azərbaycançılıq
görüşlərinin söykəndiyi yüksək
kultroloji dəyərlər çevrəsində onların
yeri və məzmunu da təhrif edilir. Çərşənbələr
yalançı çərşənbə, xəbərçi
çərşənbə, qara çərşənbə və
başqa elmi əsası olmayan adlar altında oxuculara, dinləyicilərə
və tamaşaçılara təlqin edilir. Güman olunur ki,
Od çərşənbəsi bu od-ocaqda kösov
üstündə odun səhərə qədər
qalmasından sonra, yəni, şənlik başa çatandan
sonra müəyyən edilir. Çərşənbələrin
başlanma xəbərini isə xalqa xəbərçi
çərşənbə gətirir. Məlumdur ki, xalq etiqad
və inanclarını yalanlar və illüziyalar üzərində
deyil, dönə-dönə sınaqdan çıxarıb
inandığı həqiqətlər əsasında
yaratmışdır. O ki qaldı Yalançı çərşənbəyə,
onun adı elə üstündədir. Çərşənbələrlə
bağlı bu uydurmalar isə bayramı bağlı olduğu
qaynaqlardan qoparıb yanlış istiqamətlərə
yönəltməklə onun yüksək dəyərlərini
azaltmaq məqsədi daşıyır.
Son vaxtlarda Novruz dəyərlərinin
təhrifi, bayramın adının "Ərgənəkon"la
əvəzlənməsi, Kosa və Keçəlin Novruz ənənələrinə
yad olması ilə bağlı fikirlər ortaya atılır.
Ölkəmizdə haqlı olaraq çox şən və
şux keçirilən bu bayram şənliklərinə
müəyyən qısqanclıq müşahidə edilir ki,
Novruz törənlərinin bir çoxu, məsələn, elə
çərşənbələr, Keçəl və Kosa və
başqaları bir sıra türk və qeyri-türk
xalqları içərisində keçirilmir. "Ərgənəkon"da
da belə şənliklər yoxdur, farslar içərisində
isə şənliklər müxtəlif formada dəyişir,
Keçəl və Kosa fərqli adlarla əvəzlənir.
Bütün bunlar hər bir xalqın özünəməxsusluğu
baxımından təbiidir. Bəziləri bunlardan
çıxış edərək bayramı siyasiləşdirir,
onu türkçülüyə, yaxud hamını başqa
ideologiyalara qarşı qoymağı
çalışırlar. Bu kimi riyakar mülahizələr mərasim
düşüncəsindən tamam uzaq, hələ də məkrli
məqsədlərlə yaşamaqdan başqa bir şey
olmayıb, perspektivsiz mülahizələrdir.
Bu yaxınlarda Novruz
bayramını xalqımızın yüksək mənəvi-əxlaqi
dəyərləri toplumu kimi dünyaya təqdim etmək məqsədilə
"Novruz bayramı ensiklopediyası" adlı bir tərtib
işi işıq üzü görmüşdür. Ancaq
ciddi rəsmi nəşr kimi nəzərdə tutulan bu topluda
ensiklopediyalara verilən bütün tələblər
pozulmuşdur. Nəşrdə yer verilən təhrifləri
aradan qaldıra biləcək redaksiya heyətinin olmaması, əsərin
respublikada fəaliyyət göstərən AMEA-nın Folklor
İnstitutunun iştirakı və rəyi olmadan nəşrə
verilməsi vacib və faydalı bir təşəbbüsün
əhəmiyyətini kifayət qədər dəyərdən
salmışdır. Nəşr ilk səhifəsindən
başlayaraq ciddi yanlışlıqlarla doludur. Burada təkcə
Novruzun mərasim və ritual sistemi və ensiklopediyanın məlumat
sırası təhrif edilməmiş, eyni zamanda, bir sıra
bayramlar və mərasimlər bir-birinə
qarışdırılaraq yanlışlıqlara yol
verilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Su, Od, Yel və Torpaq
çərşənbələri adı ilə bağlı
günlər yüzilliklərdən bəri Novruza qədərki
şənliklər kimi xalq arasında yaşayıb silsilə
mərasim və rituallarla zəngin bayram törənişlərindəndir.
"Ensiklopediya"da təkcə onların sırası yox,
məzmunu da pozulub və yüksək kultroloji dəyəri təhrif
edilmişdir. Su çərşənbəsi "Kiçik
çərşənbə" "Yalan çərşənbə"
kimi verilərək təhriflər bir-birinin ardınca davam
etdirilmişdir. Burada göstərilir ki, ikinci çərşənbə
"Müjdəverən", "Muştuluqçu",
"Külə", "Kül", "Xəbərçi"
adları ilə tanınır. Üçüncü sərşənbə
"Gül" çərşənbədir. Bu çərşənbədə
rəhmətə gedənlərin ruhu xatırlanır, qəbirüstə
gedildiyindən ona "Ata-baba" günü də deyilir.
Sonuncusu Axır çərşənbədir... Ona el
arasında Böyük çərşənbə də
deyilir. "Od" çərşənbəsinin inkarı
Novruz atəşpərəst görüşlərdən təmizlənmək
məqsədi daşıyırsa, üçüncü Yel
çərşənbəsini "Gül" çərşənbə
adlandırmaqla bütövlükdə, bayramın təbiətin
oyanmasından, həyatın yenidən dirçəlməsi
görüşlərindən, maldar və əkinçilik ənənələrindən
uzaqlaşdırıb. Onun məişət mərasimi səviyyəsinə
endirilməsinə təşəbbüs olunur. O ki qaldı
"ata-baba" günü şəraitinə, bu da təqdimatda
təhrifə məruz qalır. "Ata-baba" günü 13
aylıq qədim təqvimin sonuncu - 5-ci günündə
keçirilən mərasimlərdən olub, hər il
martın 20-si günündə sübh tezdən
başlayıb tonqallar şölələnə qədər
davam etdirilir, bayram xonçalarında qəbirüstünə
ruhlara pay aparılır, dualar oxunur. Axırıncı çərşənbə
isə "Novruz" kultroloji dəyərlərini tamamlayan
Torpaq çərşənbəsidir. Onun adını təhrif
etmək, axır çərşənbə kimi vermək
düzgün deyil. Təbii ki, bütün bu kimi mülahizələr
Novruzu dərindən öyrənməyi, onun hər bir adət-ənənələrinə
daha diqqətlə yanaşmağı, Novruzun öz tarixi
köklərindən qoparılıb dünyanın əzəmətli
yaz bayramları içərisindəki mövqeyinə kölgə
salmamağı tələb edir.
Novruz xalqımızın mənəvi-əxlaqi
dəyərlərinin aynası olub azərbaycançılıq
düşüncəsinin söykəndiyi mötəbər
qaynaqlardandır. Ona rəxnə salmaq isə mümkün
olmadığı kimi, həm də yolverilməzdir.
Azad NƏBİYEV,
AMEA-nın müxbir üzvü,
professor
Azərbaycan.-2009.-21 mart.-S. 9.