Sənət zirvəsinə yüksələn yol

 

Cəmi 35 il yaşamış, lakin yaddaqalımlı yaradıcılığına görə adı milli ədəbiyyatımızın tarixinə yazılmış Cəfər Cabbarlı yeniyetmə yaşlarında şeir yazsa da, sonralar məşhur dramaturq kimi tanınmış, səhnədə oynanılan əsərləri ədəbi hadisə kimi qarşılanmışdı. Vaxt keçdikcə tərcüməçi, bəstəkar, kino xadimi kimi də şöhrət qazanmışdı. Ədibin ev-muzeyinin baş elmi işçisi Qəmər xanım SEYFƏDDİNQIZI ilə söhbətimiz də elə bu barədə oldu.

C.Cabbarlı tərcüməçi kimi: - Azərbaycanda tərcümə sənətinin inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. Həm ictimai-siyasi, həm də ədəbi-bədii mətnlərin oxuculara çatdırılması sahəsində ilk addımlar atılır, rus və qismən Qərbi Avropa dillərindən əsərlər tərcümə olunurdu. Həmin dövrdə tərcümə sənətinin yaranması və inkişafında ilk xidmət göstərənlərdən biri də Cəfər Cabbarlı olmuşdur. Onun ədəbiyyatımıza bəxş etdiyi tərcümə nümunələri indi də maraqla oxunur.

Ədibin bu sahədə fəaliyyəti "Kommunist" qəzetinin redaksiyasında olmuşdur. O, 1920-ci ildən 1927-ci ilə qədər orada işləmişdir. Əfrasiyab Bədəlbəyli, İbrahimxəlil İbrahimov, Əsəd Tahir, Süleyman Məlikov, Dadaş Cavadlı və başqa tərcüməçilərlə birgə əsasən Teleqraf Agentliyinin məlumatlarını rus dilindən Azərbaycan dilinə tərcümə edirdi. O vaxt "Kommunist" qəzeti redaksiyasının çap olunduğu "III İnternasional" mətbəəsində linotipçi işləmiş Qulam Məmmədli xatirələrində yazıb: "Cəfər gecələr mətbəədə növbətçi-tərcüməçi olarkən son teleqramları bilavasitə linotipə diktə edir və həmin xəbərlər birbaşa səhifəyə qoyulurdu. Yenilik carçısı olan qələm sahibinin nəcib məqsədi yalnız təbliğ-təşviq etməklə kifayətlənmirdi. Mübarizənin fəal iştirakçılarından, yeniliyin qabaqcıl yaradıcılarından biri idi və öz arzularını orijinal əsərləri ilə yanaşı tərcümələrində də həyata keçirirdi".

Onun Qərb və rus klassiklərindən etdiyi tərcümələrin siyahısı böyük, janrları müxtəlif, üslubu zəngindir. V.Şekspirin "Hamlet", "Otello" və F.Şillerin "Qaçaqlar" əsərləri ilə yanaşı, Bomarşenin "Fiqaronun toyu" komediyasını, L.Tolstoyun "Hacı Murad" povestini, C.Uelsin "Yeraltı dünya" romanını, A.Afinogenovun "Qorxu", L.Slavinin "Müdaxilə", M.Qorkinin "Cocuqluq" əsərləri bu gün də nümunə göstərilən tərcümə əsərləridir. Yazıçı tərcümə zamanı müəlliflərin dəst-xəttini nəzərə almış, milli koloritlərinə uyğun səciyyələndirə bilmişdir. Onun əməyinə yüksək qiymət verən xalq yazıçısı M.İbrahimov yazıb: "C.Cabbarlının tərcümə etdiyi "Hamlet" Şekspirin şah əsəridir, onu tərcümə etmək o qədər də asan deyildir. Lakin Cabbarlı buna nail olmuşdu. Əsərin tərcümə edildiyi zamanın bəzi dil və istilah xüsusiyyətləri nəzərə alınmazsa, Cəfərin tərcüməsi doğrudan da bir möcüzədir". Cəfər Cabbarlı bədii tərcümə işini sənət yüksəkliyinə qaldırmış, bu sahədə elə zəngin məktəb yaratmışdı ki, sonra gələn tərcüməçi nəsillər ondan bəhrələnmişlər.

C.Cabbarlı bəstəkar kimi: - Fitri istedadı, parlaq zəkası C.Cabbarlının yaradıcılığında birləşmişdi. O, teatrda işləməklə bərabər, incəsənətin bütün sahələrində də yazıb-yaradırdı. Təxminən 20 il nəsr, dramaturgiya, tərcümə, kino və opera sahəsində çalışmış, ədəbiyyat və teatr sənətinə dair məqalələr dərc etdirmişdi. Yazıçının həyat yoldaşı Sona xanım xatirələrində yazıb: "Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü bir mahnı yaradırdı. Bu mahnını uzun zaman dodaqaltı zümzümə edir, pianoda çalırdı. Sonra pyesi yazmağa başlayırdı. Məsələn, "Od gəlini"ndə Solmazın "Mən bir solmaz yarpağam ki", "1905-ci ildə" əsərində Sonanın "Azad bir quşdum", "Almaz"da Yaxşının "Gərək günəş dağları aşıb sönməyəydi", "Yaşar"da Yaqutun "Sənin dərdindən" mahnıları belə yaranmışdır".

Dramaturqun yaxın qohumu, yazıçı Şəmsəddin Abbasovun da xatirələri bu günümüzə yadigar qalıb: "Bir gün Yarımca yaylasının zirvəsinə qalxdıq. Dəniz səthindən min metrdən uca olan bu zirvədən insanı valeh edən mənzərə görünür. Qalın meşələr, təpələr, əlvan çəmənlər, çağlayan bulaqlar, mavi Xəzər adamın xəyalını təravətləndirir. Cəfər könül açan mənzərəni seyr etdikcə zümzümə edirdi. Bilirdik ki, o, nə isə yazmazdan əvvəl düşünür, fikrini toplayır, əsərin mühüm monoloqlarını və xüsusən mahnılarını hazırlayır. Ümumiyyətlə o, nə əsərinin mövzusunu kimsəyə deyər, nə də ondan parça oxuyardı. Bir neçə gündən sonra öyrəndim ki, Cəfərin zümzümə etdiyi mahnı sonralar dillər əzbəri olmuş aşağıdakı lirik parça imiş:

 

Bir mən idim, bir sən idin, bir də yamaclar,

Meşə yolu, yarpaq dolu yaşıl ağaclar,

Onda ki, ağ umuzlara töküldü saçlar,

Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,

Qəlbimdəki kaman kimi tellər oynadı...

 

Yazıçının qısa vaxt ərzində yaratdıqlarına - teatr, kino, tərcümə, jurnalistika, opera və teatrşünaslıq sahəsində gördüyü işlərə bir də bəstəkarlıq yaradıcılığını əlavə etsək, belə qənaətə gəlmək olar ki, Cəfər Cabbarlı əsl sənət fədaisi, xalqının maariflənməsi yolunda canını əsirgəməyən, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı üçün ömrünün sonuna qədər çalışan şəxsiyyət olmuşdur".

C.Cabbarlı kino xadimi kimi: - O, mədəniyyətin bütün sahələrində qələmini sınamış, qarşısına qoyduğu məqsədlərə çatmışdır. Lakin teatra olan qeyri-adi marağı onun əsasən dramaturgiya sahəsində məşhurlaşmasına səbəb olmuşdur. Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində M.F.Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri əsasında "Sona" kinofilminin ssenarisini yazmışdı. İlk milli kinossenarist kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını çadradan xilas edib siyasi, iqtisadi və ictimai həyata çıxarmaq üçün kinematoqrafiyanın imkanlarından istifadə etmək fikrində idi. Amma o bu arzusunu "Sevil" filmində həyata keçirdi. Bu film Azərbaycan kinematqrafçılarının qadın hüquqsuzluğuna, əsarətinə aid ilk ekran əsəri idi. Filmdə Sevilin acınacaqlı taleyi ürək ağrısı ilə təsvir olunursa, digər tərəfdən onun nankor əri Balaşın meşşan təbiəti iri planda canlanır. Sevili ayaqları altında tapdalamaq istəyən Edilya, başqa görüntülərdə Sevili ayaq üstə qaldıran, onu "qoç döyüşünə aslan kimi" çıxaran Gülüş, əyninə zorla ölü paltarı geyindirilən qoca kişi, çadrasını ərinin üzünə çırpan, azadlığa çıxan gənc qadının ifaları kəskin mübarizə cəbhəsi və qəti qələbə kimi yadda qalır.

"Bakinski raboçi" qəzeti filmin ilk tamaşasından sonra dərc etdiyi resenziyada yazmışdı: "Azərbaycan ictimaiyyəti bu filmdən sonra çox mühüm suallara cavab tapa bildi. Çünki burada hər şey, Azərbaycan qadınının zəngin aləmi, onun neçə vaxtdan bəri lənətlədiyi köhnə qayda-qanunlar dəqiq, anlaşıqlı şəkildə nümayiş etdirilmişdir. Filmin nümayiş olunduğu salonlarda tamaşaçıların hiss və həyəcanı bitib-tükənməz, ölçüyəgəlməz idi. Cəfər öz qəhrəmanının ekranda surətini canlandıracaq aktrisanı tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə azərbaycanlı qız - ifaçı axtarmışdı...".

Onun bədxahları isə iddia edirdilər ki, guya yazıçı Azərbaycan Dövlət Dram Teatrını monopoliyaya götürüb. O isə belə şər-şəbədələrə cavab olaraq Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə məktub yazmışdı:"...

Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya, heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-ci ildə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən rus işçi teatrına: 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya, habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar". Onun son qərarı isə tamamilə teatrdan çıxıb, Bakı kino fabrikində daimi işə keçmək oldu.

C.Cabbarlı "Hara gedir Azərkino" məqaləsində yazmışdı: "Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, "gözəl qızlar" - "gözəl qozlar" kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur...".

Bu gün iftixar hissi ilə xatırlayırıq ki, Cəfər Cabbarlı milli kino sənətimizin inkişafında, bu sahədə kadrların yetişməsində, kino işinin yeni əsaslar üzərində qurulmasında onun xidmətləri əvəzsizdir. O, ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi filmlər bəxş etmişdir.

 

 

Söhbəti yazdı:

Telman Ağaoğlu

 

Azərbaycan.-2009.-21 mart.-S.10.