Mirzə Kazım bəy
Azərbaycan xalqı
özünün dünyanın elm aləmində ad
çıxarmış dahi alimləri ilə həmişə
fəxr etmişdir və yenə də fəxr edə bilər.
Onlardan biri də Mirzə Məhəmmədəli Kazım bəydir.
Bu böyük alimin siyasi, fəlsəfi və hüquqi məsələlərə
dair əsərləri Şərq və Qərb elm aləminin
qızıl fonduna daxil olmuşdur. Ruslar professor Mirzə
Kazım bəyi özlərinin qabaqcıl ictimai fikrinin
görkəmli nümayəndəsi hesab edirlər. Rusiyanın,
Böyük Britaniyanın, Fransanın, Almaniyanın ,
Hollandiyanın və ABŞ-ın elmi cəmiyyətlərinin
adlı-sanlı üzvü olmuş Mirzə Kazım bəy
elm aləmində tarix, fəlsəfə, siyasət, hüquq
, Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını
tədqiq edən, islamın və müsəlman hüquq
elminin böyük bilicisi kimi tanınmışdır. Vətəndən
uzaqlarda yaşamasına və yazıb yaratmasına baxmayaraq həmişə
doğma Azərbaycana bağlı olmuş, onu
ömrünün axırınadək ürəkdən
sevmişdir.
Mirzə Kazım bəyin atası Hacı Məhəmməd Qasım Kazım bəy məşhur qubalı Fətəli xanın hakimiyyəti dövründə onun maliyyə işləri üzrə naziri olmuş, 1807-20-ci illərdə Dərbəndin şeyxülislamı kimi fəaliyyət göstərmişdir. Məhəmməd peyğəmbərin adı ilə bağlı olan müqəddəs yerlərə ziyarət zamanı Rəştin qubernatoru Mirbağır xanın qızı ilə evlənmişdi. Mirzə Kazım bəy 1802-ci il iyunun 22-də Rəşt şəhərində doğulmuşdur. O, 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına getmişdi. Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən Kazım bəy atasının köməyi ilə müsəlman məzhəbinin tam kursunu bitirmiş, Azərbaycan, tatar, fars dillərini mükəmməl öyrənmişdi. O, eyni zamanda ərəb, rus və türk dillərinə də dərindən yiyələnmişdi. Kazım bəy 17 yaşında ikən özünün ərəb dilində ilk əsərini yazmışdı. Əsər "Ərəb dilinin qrammatikası təcrübəsi" adlanırdı. Atası oğlu Məhəmmədəlinin dərin zəka sahibi olduğunu bildiyindən onu özünün gələcəyi hesab edir və buna çox sevinirdi. Xoşbəxt ata oğlunun mükəmməl islami biliklərə yiyələnməsi üçün onu İrana və Ərəbistana göndərmək arzusunda idi. Lakin bu arzusu həyata keçmədi. Onu gözü götürməyənlərin böhtanla dolu xəbərçiliyi nəticəsində çar hökuməti Hacı Məhəmməd Qasımı guya Rusiyaya İranın xeyrinə xəyanət etməsi səbəbindən şeyxülislamlıqdan kənarlaşdırdı və məhkəmənin hökmü ilə Həştərxana sürgün olundu. Şeyxülislama qarşı ədalətsizliyin bir səbəbi arvadının fars qızı olması idi.
Kazım bəy Dərbənddə yaşadığı illərdə atasının tanışlarından olan Şotlandiya xristian missionerləri ilə tanış olmuşdu. O, şotlandiyalılar ilə söhbətlərində xristian missionerlərini islamın üstünlüklərindən faydalanmağa, düz yola qayıtmağa inandırmağa çalışırdı. Kazım bəy xristianlığın mahiyyətini anlamağa çalışdığından yəhudi və ingilis dillərini öyrənməyə başlamışdı.
Məhəmmədəli
atasına baş çəkməkdən ötrü 1821-ci
ildə Həştərxana getmişdi. Onun bir məramı da
oradan Şərq ölkələrinə getmək və təhsilini
başa çatdırmaq idi. Məhəmmədəli Həştərxanda
yenə də Şotlandiya missionerləri ilə
rastlaşdı. O, şotlandiyalılara Şərq dillərini
öyrətməyə, onlardan isə Avropa dillərini öyrənməyə
başladı. Şotlandiyalılar özlərinin missionerlik əməllərinə
sadiq qalaraq təcrübəsiz və fanatik müsəlman gənci
yolundan döndərməyə
çalışırdılar. Nəhayət ki, istəklərinə
nail ola bildilər. Fanatik müsəlman Məhəmmədəli
islamdan uzaqlaşdı və xristianlığın bir qolu olan
presviterianlığı (İngiltərə və Amerikada
protestant məzhəbinin tərəfdarlarının dinini) qəbul
etdi. O vaxtdan sonra Mirzə Aleksandr Kazım bəy adı ilə
fəaliyyətə başladı. Valideynləri və digər
müsəlmanlar kafir saydıqları Məhəmmədəlidən
üz döndərdilər. Kazım bəy Həştərxanda
qaldığı dörd il ərzində ingilis, fransız,
alman və qismən yəhudi dillərini öyrəndi.
Sonralar altı xarici dildə yaza, oxuya və danışa
bilirdi. Kazım bəyi 1824-cü ildə Avropa elmlərini
mükəmməl öyrənməsi üçün
İngiltərəyə dəvət etdilər. Lakin çar
hökuməti ingilislərin Kazım bəydən öz xeyirlərinə
istifadə edəcəklərindən qorxaraq onu ingilislərdən
təcrid etmək qərarına gəldi. Qafqazda baş
komandan A.P.Yermolovun raportuna əsasən o, Sibirin Omsk şəhərinin
kadet korpusuna göndərildi və tatar dili müəllimi vəzifəsinə
təyin olundu. Bu, əslində sürgünə göndərilmək
idi. 1826-cı ilin əvvəlində Omska gedərkən yolda
ağır xəstələnən Kazım bəy Kazanda
dayanmaq qərarına gəldi. Kazan Universitetinin rektoru, professor K.F.Fuksun təklifi ilə
onun evində qonaq oldu. Kazım bəyin istedadından heyrətə
gələn professor onu şəhərin çox görkəmli
adamları ilə
Kazım bəy Rusiyanın
elm aləmində dərin bilikli alim kimi tanınırdı.
Ona görə də Kazım bəy Rusiya Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdi.
Kazım bəy böyük
rus yazıçısı L.N.Tolstoyla da yaxından
Professor Kazım bəy
Kazanda yaşadığı iyirmi ildən artıq müddətdə
son dərəcə səmərəli elmi və pedaqoji fəaliyyət
göstərmişdi. Onun Azərbaycan dilinin öyrənilməsi
sahəsində tədqiqatları xüsusi qeyd
olunmalıdır. Azərbaycan dilinin elmi qrammatikasının əsas
prinsiplərini Kazım bəy işləyib
hazırlamışdır. "Azərbaycan dili" termininin
elmi əsaslarını ilk dəfə o, vermişdir.
Brokhauz və Efronun
Ensiklopedik lüğətində Kazım bəy haqqında bu
sözlər yazılmışdır: "Şərqşünaslıq
sahəsində dərin erudisiyası, Avropa dillərini
yaxşı bilməsi Kazım bəyi həm Qərbi
Avropanın, həm də Rusiyanın birinci yerdə dayanan
şərqşünasları sırasına
çıxarmışdır".
1849-cu ildə Sankt-Peterburq
Universitetinin rəsmi dəvəti ilə Peterburqa gedən
Kazım bəy orada fars dili ilə bərabər ərəb
dilini də tədris etmişdi.1850-ci ilin fevral ayında Rusiya
coğrafiya cəmiyyətinin həqiqi üzvü
seçilmiş, bir müddətdən sonra Şirvan və Dərbəndin
qədim tarixinə dair "Dərbəndnamə" adlı
çox mühüm əsərini nəşrə
hazıramışdı. Təqribən 12 il ərzində ərsəyə
gətirdiyi bu əsərində Kazım bəy təkcə
ona məlum əlyazmalardan deyil, həm də Qərbi Avropa
alimlərinin əsərlərindən də
faydalanmışdı. Rusiyada və Qərbi Avropa ölkələrində
geniş rezonans doğurmuş bu əsərə görə
o, Peterburq Elmlər Akademiyasının çox prestijli
sayılan Demidov mükafatına layiq
görülmüşdü. Sonralar bu əsərə görə
Kazım bəyə Britaniya kraliçasının
qızıl medalı verilmişdi.
Kazım bəy Peterburq
Universitetində çalışmaqla kifayətlənməyib
Hərbi Akademiyanın zabit heyəti üçün türk
dilindən mühazirələr oxuyurdu. O, İmperator Hərbi
Akademiyasında keçilən türk dili kursu
üçün dərs vəsaiti də hazırlamış
və bu əsərinə görə ona növbəti dəfə
Demidov mükafatı verilmişdi.
1854-cü ilin oktyabrında
Peterburq Universitetinin Şərq dilləri şöbəsi
fakültəyə çevriləndən sonra Kazım bəy
oranın ilk dekanı seçilmişdi. Onun təklifi ilə
bu fakültədə qədim ərəb, yeni ərəb,
fars, osmanlı türkcəsi, Azərbaycan-türk, caqatay,
monqol, kalmık, mancur, Çin, qədim yəhudi, yeni yəhudi,
gürcü dili və ləhcələrinin tədrisi
başlamışdı. Qərbi Avropanın heç bir
ölkəsində belə bir iş görülməmişdi.
Kazım bəy Şərq dilləri fakültəsində əlavə
olaraq xarici əlaqələr, siyasi-iqtisad, mülki hüquq və
cinayət hüququ məsələlərinin, latın dilinin
və pedaqogikanın tədrisinin aparılmasına nail
olmuşdu.
Həmin illərdə
Kazım bəy hələ Kazanda başladığı
"Quranın tam konkordansı"nı (Konkordans mətnin
öyrənilməsinin çoxdan məlum olan, lakin bu vaxtadək
lazımınca dəyərləndirilməyən ənənəvi
öyrənilməsi üsuluna deyilir - red.) nəşrə
hazırlamışdı. Kazım bəy bu əsərini 25
ilə tamamlamışdı. Xalq maarifi nazirliyinin jurnalı
"Konkordans" əsərinə münasibətini belə
bildirmişdi: "Bu əsərə görə həm islam
aləmi, həm də bu aləmi tədqiq edən
bütün ölkələrin şərqşünasları
Kazım bəyə yüksək dərəcədə minnətdardır".
Kazım bəy ərəb,
fars, türk və Azərbaycan ədəbi əsərlərinin
məxəzlərini və onların qarşılıqlı əlaqələrini
tədqiq etmişdir. İslamın meydana gəlməsi
dövründən XIX əsrin başlanğıcına qədər
ərəb ədəbiyyatının, Firdovsi zamanından fars
ədəbiyyatının, Nizamidən başlamış Mirzə
Fətəli Axundov dövrünədək Azərbaycan ədəbiyyatının
vəziyyəti böyük alimin əsərlərində
öz əksini tapmışdır.
Peterburqda Kazım bəy elmi
fəaliyyətini daha da genişləndirmişdi. O, həm
türkologiyaya, həm də Şərqin tarixinə və
onun dinlərinə dair əsərlər dərc etdirmişdi.
Onlardan biri də 1854-cü ildə işıq üzü
görmüş "Türk dili kursu üçün dərs
vəsaiti" idi . Əsərdə türk dilinin qısa
qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə
yazılmış mətnlər, 6700-dən artıq rus
sözlərinin tərcüməsi olan türk lüğəti
verilmişdi. Onun həmin il dərc etdirdiyi "Şərq
dillərindəki sözlərə oxşar rus sözlərinin
izahı" adlı məqalə rus lüğətində
oriyentalizmlərin öyrənilməsi metodikasına həsr
olunmuşdu.
Rusiyada XIX əsrin siyasi fəlsəfəsinin
təşəkkül tapması Kazım bəyin adı ilə
bağlıdır. Bu fəlsəfə indiyədək də
öz müasirliyini itirməmişdir.
Kazım bəyin siyasi
görüşləri onun "Müridizm və
Şamil", "Bab və babilər" əsərlərində
əsaslı şəkildə şərh edilmişdir.
"Müridizm və Şamil" Qafqaz
dağlılarının çarizmin müstəmləkəçilik
siyasətinə qarşı hərəkatının öyrənilməsinə
böyük töhfədir. Kazım bəy bu hərəkatı
xalis dini hərəkat kimi yox, siyasət bayrağı
altında siyasi hərəkat kimi səciyyələndirmişdir.
O, qətiyyətlə deyirdi ki, azadlıq sevən xalqları
silah gücünə tabe etmək mümkün deyil.
Bütün Qafqazı ancaq üç silahla- alicənablıq,
təmənnasız cəsurluq və ədalət yolu ilə
ram etmək olar.
Kazım bəyin Peterburqda əsir
saxlanan Şamil ilə dalbadal iki dəfə
görüşü onun Qafqaz dağlıları hərəkatı
haqqında təsəvvürünü xeyli zənginləşdirmişdi.
Şamil Kazım bəyə bir çox maraqlı əhvalatlar
danışmışdı. Kazım bəy özünə
xas olan uzaqgörənliklə bildirmişdi ki, dağlılar
hərəkatı hələ sona çatmamışdır və
istənilən vaxt yenidən qızışa bilər.
Kazım bəyin İran dinlərinin tarixinə dair 1865-ci ildə
nəşr etdirdiyi geniş tutumlu əsər İranda Babi
üsyanlarına və bu üsyanların rəhbəri, babi təriqətinin
başçısı Seyid Əli Məhəmməd Baba (Bab ərəb
dilində "qapı" deməkdir) həsr olunmuşdu. Bu əsərin
müqəddiməsində müəllif yazırdı ki,
"islam sivilizasiyaya əngəl törədə bilən din
deyildir". Abbasilər sülaləsinin hakimiyyəti
zamanı yunanların bütün maarif qaynaqlarının
islam paytaxtı Bağdada köçürülməsi və
oradan da sonralar bütün elm və incəsənət sahələrinin
müxtəlif yollarla Avropaya yayılması faktı bunun bariz
sübutudur.
Mirzə Kazım bəy
Şərq haqqında dünya elminin inkişafına
böyük töhfələr verməkdə aparıcı
rol oynayan çox istedadlı alim olmuşdur. Onun bu sahədə
yaratdığı elmi məktəbin ən yaxşı ənənələri
bizim əsrimizdə də davam etdirilir. Kazım bəy
dünya səviyyəli oriyentalist alim, Rusiyada şərqşünaslığın
əsasını qoyan çox istedadlı elm dahisi
olmuşdur.
Gecəsini
gündüzünə qatıb şərqşünaslıq
sahəsində əhatəli tədqiqatlar aparmaqla elmi yeniliklərə
imza atan Kazım bəyin səhhəti qəflətən pisləşdiyindən
onun xarici ölkələrdə müalicəyə getməsini
məsləhət görmüşdülər. O, bir neçə
ay Almaniyada, Paris və Londonda müalicə alan vaxtlarda da elmi
tədqiqatlarını davam etdirmişdi. 1859-cu ildə
Peterburqa qayıdan böyük istedad sahibi fakültədə
elmi quruculuq planlarını davam etdirmək üçün
var qüvvəsi ilə fəaliyyət göstərmişdi.
1869-cu il noyabrın 27-də dünyasını dəyişən
unudulmaz elm fədaisi Sankt-Peterburqun Pavlovsk məzarlığında
torpağa tapşırılmışdır.
Arif Hüseynov
Azərbaycan.-2009.-21 mart.-S.10.