Unudulmaz sənətkar
Kino sənətinin inkişafında
xidmətləri olan xalq rəssamı, neçə-neçə təltiflər,
mükafatlar laureatı
Məmmədağa Hüseyn
oğlu Hüseynovun Dövlət Film Fondunda 80
illik yubileyi qeyd edilmişdir. Əməkdar
incəsənət xadimi Cəmil Quliyev mərhum fırça ustası haqqında məlumat verərək demişdir:
- Ölkəmizdə ekran yaradıcılığının inkişafında, tanınmasında əməyi olan Məmmədağa Hüseynov Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, respublikamızın incəsənət həyatında yaxından iştirak etmişdir. Onun bədii, tammetrajlı filmlərə çəkdiyi eskizlər, fərdi rəngkarlıq əsərləri - mənzərələr, portretlər neçə-neçə sərgilərdə nümayiş olunmuşdur.
İstedadlı fırça ustası 1969-1975-ci illərdə respublika Kinematoqrafiya İttifaqının katibi vəzifəsində, ömrünün sonuna kimi "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləmişdir. "Kölgələr sürünür", "Böyük dayaq", "Əhməd haradadır?", "Dağlarda döyüş", "Bizim Cəbiş müəllim", "İntizar", "O qızı tapın", "Qocalar, qocalar", "Asif, Vasif, Ağasif" və başqa bədii filmlərə bədii tərtibat vermişdir.
Təsviri sənət məktəbinin layiqli davamçısı Məmmədağa Hüseynov gənc rəssamların yetişməsinə var gücü ilə qayğı göstərmişdir. O, xeyli müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəngkarlıq kafedrasının müəllimi olmuşdur.
Unudulmaz fırça ustası haqqında xoş xatirələr dinlənildikdən sonra, onun bədii tərtibat verdiyi filmlərdən bəzi fraqmentlər də göstərildi.
Azərbaycan.-2009.-21 mart.-S.11.