Muğam üzrə beynəlxalq elmi simpozium başa çatmışdır
Martın 20-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində muğam üzrə beynəlxalq elmi simpoziumun yekunlarına həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, xalq artisti Firəngiz Əlizadə bütün
iştirakçıları salamlamış və bölmə iclaslarında
dinlənilən məruzələri
yüksək qiymətləndirmişdir.
F.Əlizadə bildirmişdir ki, muğamla bağlı keçirilən simpoziumlar,
festivallar mədəniyyət
sahəsində dünya
alimlərinin ən gözəl işbirliyinə
bariz nümunədir. Biz "Muğam aləmi" beynəlxalq festivalı çərçivəsində muğamı təbliğ
etməklə yanaşı,
həm də bu musiqinin nəyə
qadir olduğunu, hansı kökə, tarixə məxsusluğunu
göstərəcəyik. Festival iştirakçıları
bir daha Azərbaycan muğamlarının
və bütövlükdə
musiqimizin özəlliklərini,
orijinallığını dərk edəcək və bu tədbirlərdən
xüsusi zövq alacaqlar. Simpozium bu istiqamətdə
yeni beynəlxalq tədbirlərə yol açdı.
Təklif edilmişdir ki, növbəti simpoziumlarda,
beynəlxalq festivallarda
müəllif musiqisi və muğam sənəti, müxtəlif
xalqların ənənəvi
musiqisində muğamın
rolu, onun mənbəyi və digər bu kimi
mövzulara daha geniş yer ayrılsın.
Bildirilmişdir ki, "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində
keçirilən beynəlxalq
elmi simpoziumda 20-dək
ölkəni təmsil
edən alimlərin
80-ə yaxın məruzəsi
dinlənilmişdir.
Tədbirdə Almaniyadan,
Rusiyadan, Niderlanddan, Parisdən, Tunisdən gələn nümayəndələr,
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik Bəkir Nəbiyev, akademik Vasim Məmmədəliyev və
başqaları çıxış
etmişlər.
Birmənalı
olaraq vurğulanmışdır ki, simpozium çərçivəsində
dinlənilən məruzələr muğamın öyrənilməsi,
tədqiqi baxımından olduqca vacibdir.
Çıxış
edənlər YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya tədbirin təşkilinə
görə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc
Azərbaycan.-2009.-21 mart.-S.12.