Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla bağlı cinayət işi başlanmışdır

 

Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda qaz-neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölmüş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəlmişlər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürmüşdür.

Cinayətin törədildiyi yer və meyitlər müayinə olunmuş, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilmişdir.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutan və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülmüşdür.

İlkin məlumatlara görə, cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev, Ceyhun Sakit oğlu Aslanov və Ruslan Babaşov həlak olmuş, Mustafa Muxammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanmışlar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29-cu, 120.2.7-ci (adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır. Cinayətin başvermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır.

Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılmışdır. Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurorluqda "Qaynar xətt" əlaqə mərkəzi fəaliyyət göstərir.

 

 

Əlaqə telefonlarını nəzərinizə çatdırırıq:

Qərargah - 498-73-34;

"Qaynar xətt" - 498- 20-25; 590-91-15; 590-96-15.

 

AzərTAc

 

Azərbaycan.-2009.-1 may.-S.4.