"Azərbaycan Estoniyanın gömrük orqanları arasında əməkdaşlığın inkişafında problem yoxdur"

 

Görüşdə DGK-nın sədri Aydın Əliyev Azərbaycan ilə Estoniya arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən söhbət açmış, Estoniya Prezidenti Toomas Hendrik İlvesin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsinə təkan verdiyini vurğulamış, səfər zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlərin, gerçəkləşən biznes forumunun münasibətlərin daha da möhkəmləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirmiş, əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir. Qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni təkan verdiyini xatırladan DGK sədri iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Estoniyalı qonaq Enriko Aav isə Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etmiş, ölkədə iqtisadi tərəqqinin şahidi olduğunu söyləmişdir. Estoniya hökumətinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Enriko Aav, iki dost ölkə arasındakı münasibətlərin hazırkı durumundan razılıqla söhbət açmışdır.

Estoniya ilə Azərbaycanın gömrük orqanlarının birgə gələcək əməkdaşlığını müsbət qiymətləndirən qonaq iki ölkənin uyğun qurumları arasında münasibətlərin daha da dərinləşməsi üçün heç bir problemin olmadığını diqqətə çatdırmış, əlaqələrin dinamik inkişafı istiqamətində mövcud potensialdan maksimum yararlanmağın vacibliyinə toxunmuşdur.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2009.-1 may.-S.4.