Milli Park
görünüşünü dəyişir
Bakı müasirləşir, yeniləşir... bir tərəfdə yaraşıqlı göydələnlər ucalır, bir yanda dünya standartlarına uyğun yollar salınır, müasir körpülər, yol qovşaqları, yol ötürücüləri, yeraltı və yerüstü keçidlər tikilir, bir yanda isə Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən qədim tikililərə, yerli əhəmiyyətli maddi mədəniyyət nümunələrinə, milli abidələrə, muzeylərə, inanc yerlərimizə xüsusi qayğı göstərilir, təmir və bərpa işləri aparılır...
Paytaxtda abadlıq, tikinti-quraşdırma və yaşıllaşdırma işlərinin aparıldığı ünvanlardan biri də - Milli Park, Dənizkənarı bulvardır. Doğru deyiblər ki, Bakını bulvarsız təsəvvür etmək çətindir. Bu yer, bu tarixi istirahət parkı əvəzsiz maddi-mədəniyyət ünvanlarındandır. Onu sahil bağı, bulvar, sevib-sevilənlər xiyabanı, xatirələr kitabxanası və s. adlandıranlar da az deyil. Bakıda, tələbə kimi gəncliyinin dörd-beş ilini qoyub-gedən istər yerli, istər əcnəbi gənclərdən tutmuş, bu şəhərdə ömür sürən insanların da Bakı bulvarına xüsusi rəğbəti, bağlantısı var. Vaxtilə Bakıda yaşamış Dağ yəhudilərinin nümayəndəsi, şair Simax Şeyda əvvəl İsraildə, indi isə Almaniyada yaşayır. Azərbaycan - Yəhudi ədəbi əlaqələrinin inkişafı ilə məşğuldur. Tez-tez Bakıya gəlir. Ötən il yayda yenə gəlmişdi, şeirlər kitabını nəşrə hazırlayırdı. Çay süfrəsi arxasında söz-sözə çəkdi. Söhbət Dənizkənarı bulvardan düşdü. "İsraillə, Almaniya ilə, demək olar ki, hər axşam danışıram" - dedi, "İsraildə Bakıdan köçən yəhudilər çoxdur, hal-əhvaldan sonra, "Bulvara getmişdin?", "Necədi?", "Məhəllə uşaqlarından, köhnə tanışlardan kimi gördün?", " Sən Allah, rastlaşsan filankəsə məndən çoxlu salam de! Kaş mən də orada olaydım!", "gecə yuxuda Bakını, Dənizkənarı bulvarı görmüşəm ..." deyə, qəhərlənənlər də olur.
O da xatırlandı ki, keçmiş Sovet İttifaqında iki mindən artıq mədəniyyət və istirahət parkına baxış keçiriləndə bizim Dənizkənarı bulvar "laureat park" adını almışdı. Bu, səbəbsiz deyildi. İstər uzaq xarici ölkələrdə, istərsə də yaxın postsovet məkanında ictimai rəydə böyük nüfuza malik bu istirahət parkının genişləndirilməsində, ona müasirlik və yeni həyat bəxş olunmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) Dənizkənarı bulvarda yeni yaşıllıq zolaqları salınıb, müxtəlif ağaclar əkilib, fəvvarələr quraşdırılıb, AMEA-nın Nəbatat bağından gətirilmiş dekorativ gül-çiçək və yaşıllıq kolları bu yerlərə xüsusi yaraşıq verib. Gənclərimizin sevimli yeri olan Əl Oyunları Sarayı tikilib istifadəyə verilib, müasir sərgi salonları quraşdırılıb, "Sahil" kafesi qapılarını gəzintiyə çıxanların üzünə açıb. Bir sözlə, ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Dənizkənarı bulvar kompleks şəkildə abadlaşdırılıb, inkişaf etdirilib.Ən nəhayət, aparılan yenidənqurma işləri nəticəsində bulvarın uzunluğu 3,7 kilometrə çatdırılıb.
Bu da Tanrının qismətidir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ictimai-siyasi xadim Heydər Əliyev mühüm dövlət quruculuğu məsələlərindən vaxt tapan kimi məlum 1990- 91-ci il olayları zamanı tapdaq altında qalmış, baxımsızlıqdan miskin görkəm almış Dənizkənarı bulvarın da taleyində çıraq yandırdı. Ölkə başçısının "Bakı şəhərindəki Dənizkənarı Bulvara Milli Park statusu verilməsi haqqında" 1998-ci il 29 dekabr tarixli fərmanından sonra burada yenidənqurma işlərinə start verildi. Sərəncama əsasən, bulvarın Bakı Şəhər İcra Hakimiyyətinin, habelə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsiylə onun məhv olmasının qarşısı alındı. Təmizlik, abadlıq və yenidənqurma işlərinə başlanıldı. Sahillə dəniz dalğaları arasında mühafizə bəndləri quruldu, dəniz səviyyəsinin qalxması və küləkli havalarda dalğaların "hücumu" nəticəsində dağılmış gediş-gəliş zolaqlarına asfalt döşəndi. O zamankı hakimiyyət boşluğundan istifadə edən dəllalların köşkləri yığışdırıldı, yöndəmsiz və qeyri-qanuni tikililər söküldü, antisanitariya aradan qaldırıldı, çəmənlik zolaqları salındı, sovet dönəmindən üzü bəri bulvarın tarixində ilk dəfə olaraq xarici ölkələrdən gətirilmiş ağaclar, müxtəlif növ qızıl gül kolları əkildi. Dağılmış, qırılmış sınıq-salxaq oturacaqlar təzələri ilə əvəz olundu, uşaqlar üçün yeni attraksionlar, xüsusi istirahət guşələri yaradıldı, gəmi ilə Xəzərə gəzinti təşkil olundu, işıqlandırma sistemi təzələndi və s. Beləliklə, insanların Dənizkənarı bulvara yeni axını başlandı.
Sevindirici haldır ki, bu işlər Heydər Əliyev siyasi irsinin varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dənizkənarı bulvarın Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulması, Azərbaycanın tarixi, mədəniyyəti, ekoloji təhlükəsizliyi, habelə istirahət və turizm infrastrukturu baxımından zəruriliyi nəzərə alınmaqla ötən il ölkə başçısı "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında" 10 yanvar 2008-ci il tarixli fərman imzalamışdır. Fərmana əsasən yeni qurum Dənizkənarı bulvarın mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunmasına dövlət nəzarətini həyata keçirməklə, abadlıq, səliqə-sahman və lazımi quruculuq işlərini həyata keçirir.
Milli Parkın direktor müavini N.Məcidov bununla bağlı bildirdi ki, sərəncama əsasən, bir ilə yaxındır ki, Milli Parkda təmir-tikinti işləri görülür köhnə, qollu-budaqlı ağaclar budanıb, bəziləri yeniləri ilə əvəzləşdirilib. Uzunluğu 3 km. 750 metr, eni isə bəzi yerlərdə 250-300 metrə çatan ərazidə asfalt örtük götürülərək, qırma-dekorativ daş döşənib. Yeni çəmənliklər, çiçəkliklər salınıb, İtaliya, Türkiyə, Hollandiya, İran və digər ölkələrdən gətirilmiş Banzayi, Taksus, Bakkafa, Buksus, Arizona şamı, İleks ağacları əkilib. Qonşu məmləkətlərdən alınmış Azaliya, Primilo, Viola, Maqnolya, Petinya, Solviya, Aqeratum, Vervena, Salviya, Veqonya növlü çiçəklər parka xüsusi yaraşıq verir. Yaxın vaxtlarda Belçika, Fransa, Almaniya və digər xarici ölkələrdən müxtəlif formalı ağaclar və kollar gətiriləcəkdir.
Parkda balacalara qayğı da diqqət mərkəzindədir. Burada fiziki cəhətdən ömrünü başa vurmuş, səsli-küylü, köhnə və istismara yararsız 10-dan çox attraksion, yelləncək yenisi ilə əvəz edilib. Hələlik 8 yerdə Fransa və İtaliyadan gətirilmiş müasir yelləncəklər balaca səyahətçilərin yolunu gözləyir. Parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən altı yeni kafe quraşdırılıb. Əsas yeniliklərdən biri də budur ki, parkda açıq havada, çox da böyük olmayan buz meydança yaradılacaq. Buraya gəzintiyə çıxanların təmiz içməli suya olan ehtiyacı da nəzərə alınıb. Yeni qurgu vasitəsilə təmizlənmiş dəniz suyundan hamı istifadə edə biləcək. Parkda axşam gəzintilərinin səmərəli keçməsi üçün işıqlandırma sistemi tamamilə yenidən qurulub. Oturacaqlar təzələnib, ətrafına zibil qutuları qoyulub. Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən tarixi əhəmiyyəti və memarlıq dəyəri olan "Mirvari" kafesi, eləcə də günün vaxtını, hava haqqında məlumatı bildirən qüllə də saxlanılmaqla bu obyektlərdə son tamamlama işləri görülür. Bulvar boyu, dəniz suyunun çəkildiyi ərazilərə İsmayıllı, Quba, Şamaxı və Oğuz rayonlarından gətirilmiş çay daşları tökülür. Dənizə bitişik yerlərdə qurudan suya doğru olan hissədə pilləkənlər quraşdırılır. Bir azdan bulvara çıxan bakılılar və qonaqlar həmin təbii pilləkənlər vasitəsilə dənizin ləpədöyəninəcən irəliləyə biləcəklər. Çay-çınqıl daşlarını yalnız üzərinə çəkilmiş məftil torlar saxlayır. Qum və sementdən yox, məhz bu üsuldan istifadə edilməsinin səbəbi isə dəniz suyunun pilləkənləri yumasının qarşısını almaqdır.
Bu il 100 yaşı tamam olacaq Dənizkənarı bulvar görkəmini dəyişməkdə, yeniləşməkdədir. Hazırda mavi Xəzərin şəhərlə qovuşuğunda 3 km. 750 metr sahəni əhatə edən Milli Parkın ərazisi gələcəkdə Əl Oyunları Sarayından Bibi-Heybət pirinədək, Dəniz Limanından isə Zığ qəsəbəsinədək genişləndiriləcəkdir.
Rəhman Salmanlı
Azərbaycan.-2009.-1 may.-S.5.