Dağlıq Qarabağ məsələsinin Azərbaycan
üçün önəmi
haqqında AŞ PA-da
sənəd hazırlanmışdır
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Azərbaycanın
milli və dövlət maraqlarını
ifadə edən daha bir mühüm
sənəd hazırlanmışdır. "Regional münasibətlərin inkişafı
kontekstində Dağlıq
Qarabağ probleminin vacibliyinin nəzərdə
tutulması" adlı
bu sənədin müəllifi AŞ PA-dakı
Azərbaycan daimi nümayəndə heyətinin
üzvü Rafael Hüseynovdur.
Yazılı bəyannamə
kimi təqdim edilmiş bu sənədi AŞ PA-da 15
ölkədən olan
beş partiya
qrupundan 21 deputat imzalamışdır. Onlar
aşağıdakılardır: Rafael Hüseynov - Azərbaycan, Doriç Milyenko - Xorvatiya, Andreas Qross - İsveçrə, Holger Haybax - Almaniya, Maykl Hənkok- Böyük Britaniya, Olqa Herasimyuk - Ukrayna, Andres Herkel - Estoniya, Mladen İvaniç - Bosniya-Herseqovina,
Hakki Keskin -Almaniya, Haluk Koç - Türkiyə, Edvard Lintner - Almaniya, Kerstin Lindqren - İsveç, İndrek
Saar - Estoniya, Kimmo Sasi - Finlandiya, Serhiy Sobolev - Ukrayna, Kristofer Strasser - Almaniya, Oyvind Vaksdal - Norveç, Edidiyus Varekis - Litva, Pol Villi - Belçika,
Rene Volvend - Listenşteyn,
Emaniul Zingeris - Litva.
Sənədin müəllifi R.Hüseynov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində məsələnin mahiyyəti ilə əlaqədar bunları demişdir: "Azərbaycan torpaqlarının bir qisminin Ermənistan və ona havadar qüvvələr tərəfindən zəbt edilməsi, Dağlıq Qarabağ problemi AŞ-da müxtəlif səviyyələrdə mütəmadi qaldırdığımız, xüsusi əhəmiyyət verdiyimiz məsələdir. Azərbaycanın Cənubi Qafqazda aparıcı mövqeyi, bir çox regional və Ümumavropa layihələrində müstəsna rolu məlumdur. Azərbaycanla iqtisadi əlaqələr qurmaq, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələrində iştirak etmək istəyində olan ölkələr çoxdur. Azərbaycana qarşı təcavüz siyasəti aparan Ermənistan məhz buna görə bütün regional layihələrdən kənarda qalmış və o, işğalçılıq siyasətinə son qoymayınca, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyincə düşdüyü girdabdan çıxa bilməyəcəkdir.
Hazırlanmış sənəd Azərbaycanın belə bir qəti mövqeyini ifadə edir ki, ölkəmizlə ciddi regional layihələrdə birgə iştirak edən və bu arzuda olan dövlətlər mütləq Dağlıq Qarabağ problemini, Ermənistanın Azərbaycan ərazilərini zəbt etməsi amilini nəzərə almalıdırlar.
Azərbaycan bütün əzəli və yeni dostları ilə qarşılıqlı faydalı əməkdaşlığa açıqdır, amma ölkəmizin ərazi bütövlüyünün bərpasının hər dəfə bu müstəvidə diqqətdə saxlanılması da ümdə hesab etdiyimiz şərtdir".
Sənəddə göstərilir:
- regiondakı ölkələr
arasında ikitərəfli
və çoxtərəfli
əlaqələrin inkişafı
istiqamətindəki artan
beynəlxalq təşəbbüsləri,
- regiondakı ölkələrin münasibətlərin yaxşılaşdırılması naminə razılaşdırılmış "yol xəritələri"nin tərtib edilməsi istiqamətindəki səyləri,
- Cənubi Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasında Azərbaycanın xüsusi yerini,
- regional və Ümumavropa əhəmiyyətli iqtisadi, o cümlədən enerji layihələrində Azərbaycanın həlledici rolunu,
- Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin birmənalılığını qeyd edərək,
- region ölkələri arasında qurulması və inkişaf etdirilməsi nəzərdə tutulan təqdirəlayiq dövlətlərarası əməkdaşlıq səylərinin real nəticələrə gətirib çıxarmasını təmin etmək üçün həmin çərçivədə Dağlıq Qarabağ probleminin mütləq qaydada nəzərə alınması,
- regional əməkdaşlığın mümkün perspektivlərinin Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların məsələ ilə əlaqədar qərar və qətnamələri əsasında həlli ilə uzlaşdırılması təkidlə tövsiyə edilir.
Avropa Şurası Parlament Assambleyasının prosedurlarına uyğun olaraq, bu mühüm sənəd nəşr edilərək yayılmaqdan əlavə, bəyannamə olduğu üçün assambleyanın geniş iclasında ayrıca elan edilmişdir.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.-2009.-1 may.-S.6.