Azərbaycan Prezidenti
İlham Əliyevin Belçika
Krallığına səfəri
Avropa
Siyasi Mərkəzində görüş
Xəbər verdiyimiz
kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin aprelin 28-də Brüsseldə
Avropa Siyasi Mərkəzində (ASM) "Azərbaycan:
Avropa İttifaqı üçün əhəmiyyəti
artan tərəfdaş"
mövzusunda görüşü
olmuşdur.
Görüşü mərkəzin
rəhbəri Hans Martens açaraq
dedi:
- Hörmətli
qonaqlar və mərkəzin üzvləri,
mən sizi salamlayıram.
Bu gün keçirilən görüşə xoş gəlmisiniz. Hazırkı görüş "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa Siyasi Mərkəzi tərəfindən yenicə başlanmış layihədir. Bildiyiniz kimi, "Şərq tərəfdaşlığı" Avropa İttifaqının Şərqdə yerləşən ölkələrlə, o cümlədən Cənubi Qafqaz regionundakı dövlətlərlə münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmişdir. Beləliklə, biz bir sıra müxtəlif məsələləri, nəinki Avropa İttifaqına, o cümlədən digər ölkələrə aid enerji təhlükəsizliyi, miqrasiya və regional təhlükəsizliklə bağlı məqamları, idarəçilik məsələlərini nəzərdən keçirəcəyik. Fikrimcə, aparılacaq müzakirələr bizi maraqlandıran məsələlərə aydınlıq gətirəcəkdir.
Azərbaycana gəldikdə hesab edirəm ki, bu ölkənin get-gedə artan strateji əhəmiyyəti haqqında söhbət açsaq, heç də yanılmarıq. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri uzun illər ərzində inkişaf etmişdir. 1996-cı ilin aprel ayında Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Lakin, təbii ki, Avropa İttifaqının Qonşuluq Siyasəti də mövcuddur. Bununla belə, qeyd etməliyəm ki, "Şərq tərəfdaşlığı" Proqramı Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdıracaqdır. Eyni zamanda, nəinki neft və qaz hasilatı, o cümlədən enerjidaşıyıcılarının tranziti xüsusi maraq kəsb edən məsələlərdəndir və Nabukko layihəsi də bu baxımdan nəzərdən keçirilməlidir. Neft sənayesi Sizin ölkənizdə gözəçarpan dərəcədə inkişaf edib və zənnimcə, iqtisadi baxımdan Azərbaycan daha yaxşı mövqedədir. Biz bu gün həmin məsələlər haqqında məlumatları məhz Sizdən almaq istərdik.
Hazırda bir çox yeni hadisələr baş verir və çox güman ki, biz Dağlıq Qarabağ münaqişəsi haqqında da danışacağıq. Bununla belə, nəyin baş verdiyini bilmək məqsədilə biz birbaşa Sizdən məlumat almaq fikrindəyik. Hesab edirəm ki, həmin məsələləri Prezident Əliyevdən yaxşı heç kəs bilmir. Beş ildən sonra biz burada yenidən Prezident Əliyevlə görüşürük. Həmin vaxtdan etibarən bir çox mühüm dəyişikliklər baş vermişdir. Cənab Prezident, Sizə minnətdarıq ki, bu gün vaxt tapıb bizimlə görüşürsünüz.
İştirakçılara dövlət başçısının tərcümeyi-halı paylanıb. Mən sadəcə qeyd etmək istəyirəm ki, cənab Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Müxtəlif sahələrdə çalışmış, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləmişdir. Bu şəxs böyük siyasi yol keçmişdir. Bir neçə dəfə parlamentə seçilmiş, 2003-cü ilin avqust ayında Baş nazir vəzifəsində işləmiş, həmin ildə Prezident vəzifəsinə seçilmişdir. Bu yaxınlarda o, yenidən bu vəzifəyə seçilmişdir. Bu, qısaca giriş sözü idi.
Diqqətinizə görə minnətdaram. İndi isə söz Sizə verilir, cənab Prezident. Biz Azərbaycan haqqında çıxışınızı böyük maraqla gözləyirik.
Azərbaycan
Prezidenti İlham Əliyev
görüşdə çıxış etdi.
Azərbaycan.-2009.-2 may.-S.1.