Milli Məclisdə Tikinti Məcəlləsinin layihəsi müzakirə olunacaqdır

 

Mayın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirildi. İclası açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov gündəlikdə Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin layihəsinin olduğunu bildirdi. Müzakirələrə keçməzdən əvvəl iclas iştirakçıları Dövlət Neft Akademiyasına silahlı basqın nəticəsində həlak olanların xatirəsini yad etdilər.

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı tikinti sektorunun da canlanmasına təkan verib. İndi respublikamızın bütün bölgələrində tikinti və quruculuq işləri həyata keçirilir. Lakin bu sahənin də hazırda müasir inzibati hüquq çərçivəsində tənzimlənməsinə ehtiyac var.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İlqar Cəfərov layihə ilə bağlı ətraflı məlumat verdi. Onun sözlərinə görə, hazırda tikinti fəaliyyəti sahəsində qanunvericilik sovet dövründə qəbul edilmiş müxtəlif texniki sənədlərdən ibarətdir ki, onlar da müasir tələblərə cavab vermir. Bu gün tikintinin geniş vüsət alması, müxtəlif təyinatlı obyektlərin inşası ilə bağlı tələblər bu sahədə yaranan münasibətlərin ilk növbədə xüsusi qanunla tənzimlənməsi zərurətini yaradıb. Tikinti Məcəlləsinin layihəsi hazırlanarkən MDB və Avropa ölkələrinin, xüsusən də Almaniyanın qanunvericilik təcrübəsi öyrənilmiş, layihə ilə əlaqədar müvafiq dövlət orqanlarından daxil olmuş təkliflər işçi qrup tərəfindən nəzərə alınmışdır.

Tikinti Məcəlləsinin layihəsində tikinti sahəsinə dair əsas anlayışların tərifi, tikinti fəaliyyəti iştirakçılarının hüquq və vəzifələri, tikinti fəaliyyətinin əsas prinsipləri, tikinti işlərinin növləri, aparılma qaydaları, tikinti işlərinin bütün mərhələlərində dövlət, müəllif, texniki, daxili əməliyyat nəzarətinin aparılması və obyektlərin istismara verilməsi qaydaları əksini tapıb.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, bu layihə inzibati münasibətlər çərçivəsində hazırlanmış sənəddir. Məcəllə tikinti sahəsində inzibati münasibətləri, vətəndaşlar və dövlət arasındakı münasibətləri tənzimləyəcəkdir. Tikinti işlərinə nəzarət və bu nəzarəti tənzimləmək layihənin əsas predmetidir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev, deputatlar, dəvət olunmuş mütəxəssislər layihə ilə bağlı rəy və təkliflərini bildirdilər.

İclasın sonunda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev layihə ilə bağlı deputatların fikirlərinə münasibətini bildirdi və layihə birinci oxunuşda müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 

Azərbaycan.-2009.-2 may.-S.3.