Heydər Əliyev Fondu əlil insanların informasiya-kommunikasiya
texnologiyalarından istifadə
imkanlarının artırılması
məqsədilə yeni
layihə həyata keçirir
Heydər Əliyev
Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının
birgə həyata keçirdiyi layihə əsasında yaradılan
mərkəzin xidmətindən
Gəncə və Naftalan şəhərlərində,
eləcə də Ağstafa, Daşkəsən,
Qazax, Gədəbəy,
Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarında
yaşayan və fiziki qüsuru olan 60 mindən çox insan istifadə edə biləcəkdir.
Müasir texnologiyalarla təchiz olunmuş mərkəzdə
oxu zalı, təlim-tədris mərkəzi,
audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün
səsyazma studiyası,
internetə çıxış,
internetdə informasiyanın
tapılması, əldə
edilməsi kimi xidmətləri təmin edən kompüter mərkəzi yaradılır. 50 adda audiokitab fonduna malik kitabxananın
səsyazma studiyasının
köməyi ilə daha da zənginləşdirilməsi
nəzərdə tutulur.
Sürətli internetlə
təmin olunmuş mərkəzdə 20 kompüterdən
ibarət lokal şəbəkə yaradılacaq,
görmə qabiliyyətini
itirmiş insanlar üçün Brayl disleyləri, 2 ədəd
sərbəst oxuyan maşın, eləcə də Brayl printeri
quraşdırılacaqdır.
Oxu maşınının vasitəsilə
müxtəlif dillərdə
nəşrləri səsləndirmək
mümkündür. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompüterlərə elektron
böyüdücü cihazların
quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar
üçün subtitrli
filmlərin nümayişi,
əqli cəhətdən
zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunlarının
təşkili nəzərdə
tutulur. Burada əlil arabası
ilə gələnlərin
maneəsiz hərəkəti
üçün bütün
şərait yaradılmışdır.
Regional İnformasiya Mərkəzinin
internet saytı yaradılır. Burada fiziki
qüsurlu insanlar lazım olan informasiyanı əldə
etməklə yanaşı,
saytdakı "Tanışlıq"
bölməsində bir-birləri
ilə ünsiyyət
qura biləcəklər.
Birgə əməkdaşlıq çərçivəsində
həyata keçirilən
layihə fiziki qüsuru olan insanların cəmiyyət
həyatında fəal
iştirakını, informasiya-kommunikasiyaları
vasitəsilə məlumat
əldə etmək və biliklərini artırmaq imkanlarının
genişləndirilməsini, bütövlükdə yaşayış
tərzinin yaxşılaşdırılmasını
təmin edəcəkdir.
Layihə Heydər Əliyev Fondunun bu sahədə
həyata keçirdiyi
ikinci layihədir. 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında "Görmə qabiliyyətini
itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsinə dair" layihə sənədi imzalanmışdı.
Layihə çərçivəsində
Nərimanov rayonundakı
kor və zəif görən uşaqlar üçün
respublika internet məktəbində
model İKT sinifləri yaradılmış,
proqram təminatı lokallaşdırılmış, internetə çıxış,
tədris-təlim proqramlarının
hazırlanması, audiostudiya
və kitabxananın fəaliyyəti təmin edilmişdir. Geniş zal
elektron kitabxana üçün uyğunlaşdırılmış,
Almaniya istehsalı olan kompüterlər quraşdırılmışdır. Bu kompüterlər xüsusi olaraq kor və görmə
qabiliyyəti zəif uşaqlar üçün
hazırlanmış ən
son model texnologiyadır.
AzərTAc
Azərbaycan.-2009.-2 may.-S.3.