BMT Baş katibinin "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" bağlı hesabatı yayılmışdır

 

BMT-nin baş qərargahında təşkilatın Baş katibi Pan Gi Munun "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət"lə bağlı hesabatı yayılmışdır. Xatırladaq ki, ötən ilin martında BMT Baş Məclisi 62-ci sessiyasında qəbul etdiyi eyni adlı qətnaməsində Baş katibdən bu sənədin həyata keçirilməsinə dair 63-cü sessiyaya ətraflı hesabat təqdim etməsini xahiş etmişdir. Buna uyğun olaraq, Baş katib tərəfindən hazırlanan hesabat məsələ ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinə göndərilən sorğulara cavablarını, eləcə də BMT-nin üzvü olan dövlətlərin münasibətini daxil etmişdir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri adından Birləşmiş Ştatların mövqeyini əks etdirən hesabatda deyilir ki, həmsədrlər 2007-ci ilin noyabrında Madriddə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının içlası çərçivəsində münaqişə tərəflərinə Helsinki Yekun Aktının əsaslarına uyğun təkliflər paketi təqdim etmişdilər. Danışıqlar masasında olan bu sənədə dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, insanların öz müqəddəratını həll etmək hüququ, təhdid və zorakılıqdan çəkinmək prinsipləri də daxildir. Lakin BMT Baş Məclisinin ötən il qəbul etdiyi qətnamə həmsədrlərin bütün tarazlı təkliflərini daxil etmədiyinə görə, hər üç həmsədr ölkə birtərəfli hesab etdiyi qətnamənin əleyhinə səs verməyə məcbur olmuşdur. Buna baxmayaraq, səsvermədən sonra mövqeyini izah edən həmsədr ölkələrinin nümayəndələri vurğulamışdılar ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Birləşmiş Ştatlar hesab edir ki, Azərbaycan ərazi bütövlüyünü qoruyub saxlamaq üçün əsas prinsipləri yekunlaşdırmaq üzrə Ermənistanla konstruktiv müzakirələri davam etdirməli, öz müqəddəratını həlletmə və qarşılıqlı zorakılıqdan çəkinmə prinsiplərini də daxil edən davamlı nizamlanma üçün çərçivə yaratmalıdır.

BMT Baş katibinin hesabatına Azərbaycanın da mövqeyi daxil edilmişdir. Ölkəmiz Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Azərbaycan hökumətinin strategiyasının məqsədi zəbt edilmiş ərazilərin azad edilməsi, məcburi köçkün əhalinin evlərinə qaytarılması, bütün Cənubi Qafqaz bölgəsində davamlı sülh və sabitliyin yaradılmasıdır. Son olaraq məqsəd Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın hüdudları çərçivəsində statusunun müəyyənləşməsidir. Eyni zamanda, Azərbaycan bildirir ki, bu statusun müəyyən edilməsi yalnız sülh şəraitində, Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmasının birbaşa və bərabər iştirakı ilə, hüquqi və demokratik proses vasitəsilə mümkündür. Qeyd olunmuşdur ki, BMT-nin ali orqanlarının münaqişə ilə bağlı qərarlarına, o cümlədən zəbt edilmiş ərazilərdən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı təsdiqləyən ATƏT-in faktaraşdırıcı missiyasının tövsiyələrinə baxmayaraq, Ermənistan bu sənədlərə açıq şəkildə etinasızlıq nümayiş etdirir.

Ermənistanın hesabatda əks edilən mövqeyi isə bundan ibarətdir ki, BMT Baş Məclisinin "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət"lə bağlı qəbul etdiyi qətnamə münaqişə üzrə sülh danışıqlarına nəinki maneə yaradır, həmçinin Azərbaycanın hərbçi siyasətini dəstəkləyərək dağıdıcı nəticələrə gətirib çıxarır. Ötən ilin noyabrında Rusiya Federasiyasının təşəbbüsü ilə tərəflərin imzaladığı Moskva bəyannaməsini müsbət hesab edən təcavüzkar dövlət bununla belə bildirmişdir ki, Azərbaycan bəyannamənin əsaslarını düzgün yozmur və hərbçi siyasətini gücləndirir. Ermənistan hesab edir ki, münaqişənin nizamlanması prosesi yüksək peşəkarlıq və hərtərəfli məlumatlı yanaşma tələb edir və müxtəlif forumlarda səsvermələr yolu ilə həll edilə bilməz.

BMT Baş katibinin hesabatı, həmçinin məsələyə dair Belarus, İndoneziya, Qazaxıstan, Malayziya, Pakistan, Slovakiya, Sudan, Türkiyə və Ukraynanın münasibətini də daxil etmişdir. Ukrayna xüsusi olaraq qeyd etmişdir ki, Dağlıq Qarabağ da daxil olmaqla dondurulmuş münaqişələrin həllində Kosovo ssenarisinin istifadəsinə qəti surətdə etiraz edir. BMT üzv dövlətləri münaqişəni beynəlxalq hüquq normalarına əsasən həllinə çağırmış, Azərbaycanın işğal edilmiş ərazilərində yaranan vəziyyəti qeyri-qanuni hesab etdiklərini diqqətə çatdırmışdılar.

 

 

Şəfəq Akifqizı,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.-2009.-2 may.-S.3.