Azərbaycan Dövlət Neft Akademiyasında faciəli hadisədə həlak olanların xatirəsi ABŞ-da bir dəqiqəlik sükutla yad ediləcəkdir

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ hökuməti aprelin 30-da Bakıda baş vermiş faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı vermişdir. Dövlət Departamentinin mətbuat katibi Robert Vud bəyanatla çıxış edərək bildirmişdir ki, Birləşmiş Ştatlar dost strateji tərəfdaş olan Azərbaycanla bu çətin kədərli anda birlikdədir. O, Azərbaycan Dövlət Neft Akademiyasında faciəli hadisə nəticəsində həlak olanların ailələrinə yaxınlarına başsağlığı vermiş, yaralananlara şəfa diləmişdir. Robert Vud Dövlət Departamentinin Azərbaycan xalqının hüznünə şərik olduğunu vurğulamışdır.

Bakıda baş verən faciə ABŞ-da yaşayan həmyerlilərimizi heyrətə gətirmişdir. İcma təşkilatlarının aprelin 30-da yaydığı birgə bəyanatında qeyd edilmişdir ki, Dövlət Neft Akademiyasında günahsız insanların güllələnməsi bütün Azərbaycan cəmiyyəti ilə yanaşı, dünya azərbaycanlılarını da şoka salmışdır. ABŞ-ın Kolumbayn məktəbi Virciniya Texniki Universitetində baş verən eyni cinayətləri xatırladan Amerika azərbaycanlıları təhsil ocağında belə zorakılığı pislədiklərini vurğulamışdılar. Bəyanatda Birləşmiş Ştatlarda yaşayan bütün soydaşlarımız Dövlət Neft Akademiyasında baş verən faciə nəticəsində həlak olanların xatirəsini mayın 2-də saat 18-də bir dəqiqəlik sükutla yad etməyə çağırılır.

 

 

Azərbaycan.-2009.-2 may.-S.3.