"Uşaqların taleyi üçün məsuliyyətin dərəcəsini dövlət müəyyənləşdirir"

 

2009-cu il Azərbaycanda "Uşaq İli" elan edilmişdir. Bununla əlaqədar nəzərdə tutulmuş tədbirlər və bütövlükdə ölkədə uşaqlara qayğı sahəsində dövlət siyasətinin prioritetləri barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru Hicran Hüseynovanın məlumat verməsini xahiş etdik.

 

Qaliyə ƏLİYEVA

 

SUAL: Statusuna uyğun olaraq Sizin idarə "Uşaq İli" tədbirlərinin keçirilməsində başlıca rol oynayır. Uşaq İli çərçivəsində hansı fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir?

CAVAB: Təsdiq olunmuş plan bir neçə dövlət strukturunu əhatə etsə də, bütün tədbirlərin keçirilməsinə məsuliyyəti bizim komitə daşıyır. Hər şeydən əvvəl, əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Birincisi, Azərbaycan uşaqları haqqında geniş məlumat bankı yaradılır. Bu məqsədlə xüsusi internet-portal hazırlayırıq. Müvafiq tövsiyələr tərtib etmək üçün müasir Azərbaycan ailəsinin modeli hazırlanır. Bundan əlavə, "Uşaq İli" çərçivəsində bir neçə festivalın (o cümlədən, diqqəti bir daha uşaq hüquqlarının müdafiəsi probleminə cəlb etmək məqsədi ilə beynəlxalq festivalların) keçirilməsi, əhali arasında, xüsusilə, BMT Konvensiyasının müddəalarının izah olunmasına dair geniş maarifləndirmə işinin aparılmasının və əlbəttə, inklyüziv təhsil, uşaq sağlamlığının qorunması, de-institusionallaşdırma, istedadlı uşaqlarla bağlı tədbirlərin davam etdirilməsi planlaşdırılmışdır. Qeyd olunan mövzularla əlaqədar ölkəmizdə qəbul edilmiş dövlət proqramları uğurla həyata keçirilir. Bizim vəzifəmiz - "Uşaq İli" çərçivəsində onlara yeni impuls vermək və bu istiqamətdə görülən işləri canlandırmaqdır.

SUAL: Uşaq evləri və internatlarla iş nə vəziyyətdədir?

CAVAB: Bu, işimizin çox mühüm hissəsidir. Ölkədə uşaq evlərində tərbiyə alan yetimlər hələ də çoxdur və bizim vəzifəmiz onları təkcə yetkinlik yaşına çatdırmaq deyil, həm də gələcək həyatlarında kömək göstərməkdir. Heydər Əliyev Fondunun və xüsusən, fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi sayəsində xüsusi uşaq müəssisələrinə lazımi kömək göstərilir, ciddi layihələr həyata keçirilir. Ölkənin bir çox regionlarında internat məktəblərinin məzunları üçün xüsusi yataqxanalar inşa edilir, yerli sahibkarların və icra hakimiyyətlərinin köməyi ilə onların işlə təmin olunması məsələsi həll olunur. Əgər uşaq istedadlıdırsa və ali təhsil almaq istəyirsə, biz onlara yardım edirik, əgər təhsil pulludursa, sponsorlar tapırıq. Bəzi hallarda böyüyən nəslin, istedadlı gənclərin təhsilinə və peşə yüksəlişinə məqsədyönlü qayğı göstərən dövlətin özü sponsorluq edir.

SUAL: Sizin komitədə istedadlı uşaqların üzə çıxarılması sistemi mövcuddurmu?

CAVAB: Bir qayda olaraq hər il mayın 15-də ölkəmizdə qeyd olunan Ailə Günü ərəfəsində bu bayrama həsr olunmuş müxtəlif tədbirlər, müsabiqələr, sərgilər, festivallar və s. keçirilir. Əksər hallarda balaca idmançıların, rəssamların, musiqiçilərin istedadı elə həmin tədbirlərdə aşkar edilir. Yeri gəlmişkən, artıq bir neçə ildir ki, Azərbaycanda istedadlı uşaqlarla bağlı dövlət proqramı həyata keçirilir. Bir çox istedadlı uşaq Prezident təqaüdü alır və öz təhsilini davam etdirmək, dünyanın nüfuzlu təhsil müəssisələrində öz qabiliyyətlərini inkişaf etdirmək imkanı əldə edirlər.

SUAL: Beynəlxalq strukturlarla necə əməkdaşlıq edirsiniz?

CAVAB: Hesab edirəm ki, kifayət qədər məhsuldar. Bizim Avropa Şurasının, BMT-nin, xüsusən, Əhalinin Məskunlaşması Fondunun (UNFPA) müvafiq strukturları, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan bir neçə beynəlxalq təşkilatla sıx və işgüzar əlaqələrimiz yaranmışdır. Bununla əlaqədar Heydər Əliyev Fondu ilə birlikdə "Qadınlara qarşı zorakılıqsız XXI əsr" genişmiqyaslı layihə üzərində apardığımız işi xüsusi qeyd etmək istəyirəm. Layihə çərçivəsində ölkənin əksər rayonlarında böhran mərkəzləri yaradılır, qadın və uşaqlar öz problemlərini həll etmək üçün həmin mərkəzlərə müraciət edə biləcəklər.

SUAL: Komitəniz öz işi ilə bağlı müxtəlif dövlət strukturları ilə qarşılıqlı fəaliyyət göstərir - daxili işlər, ədliyyə, səhiyyə, təhsil nazirlikləri, sosial müdafiə orqanları...

CAVAB: ...Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə də. Sual oluna bilər ki, onların bizə nə aidiyyəti var? Bəs, xaricdən gətirilən müxtəlif allergiya doğuran keyfiyyətsiz oyuncaqlar, bəs uşaq qidası? Dövlət buna nəzarət etməldir. Bu baxımdan yuxarıda adları çəkilən qurumlarla sıx və səmərəli iş aparırıq, əksər tədbirləri birgə keçiririk və bu, yaxşı nəticələr verir.

SUAL: Uşaq əməyindən istifadə bütün dünyada kəskin problem kimi qarşıda durur. Azərbaycanda buna dövlət tərəfindən nəzarət edilirmi, yoxsa bu iş qeyri-hökumət sektorunun ixtiyarına verilib?

CAVAB: Şübhəsiz, bu problem dövlətin nəzarəti altındadır. Əvvəla, qanun var və burada aktiv əmək fəaliyyəti ilə məşğul olmağın dəqiq yaş həddi müəyyənləşdirilib. Bu qanunun pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Biz uşaqların əvəzinə qərar vermək hüququnun onlara məxsus olduğunu düşünən valideynlərə uşaq hüquqlarına dair Konvensiyanın müvafiq müddəalarını izah edirik. Bəri başdan deyim ki, ölkəmiz üçün bu o qədər də kəskin problem deyil. Düzdür, uşaqlar, xüsusən, kənd yerlərində ailə biznesinə cəlb olunurlar, lakin bu əmək fəaliyyətinin ağır forması deyil.

SUAL: Sizin fikrinizcə, uşaqlara qayğı göstərilməsinin hansı sahəsi bu gün daha çox problem yaradır?

CAVAB: Mən xüsusi fərqlənən konkret bir sahəni göstərmək istəmirəm. Hətta ən ağır illərdə, keçid dövründə dövlət uşaqlara böyük qayğı göstərib. Sirr deyil ki, bizim ən ciddi problemimiz Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin uşaqlarıdır. Onların normal həyata cəlb olunması necə təşkil edilməlidir? Onlar yeni şəraitə necə uyğunlaşdırılmalıdır? Hətta dövlətin qaçqın ailələrinə kömək göstərilməsi üçün külli miqdarda vəsait ayırdığını nəzərə alsaq, belə uşaqlar normal həyat tərzindən qoparılmışlar. Bu uşaqlar tamamilə başqa şəraitdə böyümüşlər, onların həm psixoloji və həm də sosial problemləri çoxdur. Bizim mütəxəssislərin gördüyü işlərin xeyli hissəsi bu qəbildən olan uşaqların müxtəlif problemlərinin həll edilməsinə yönəlmişdir.

SUAL: Necə bilirsiniz, uşaqlara yalnız valideynlərin qayğısı kifayətdirmi, yoxsa, dövlətin bu işdə rolu əvəzsizdir?

CAVAB: Əminəm ki, valideynlərin uşaqları üçün daşıdığı məsuliyyətin dərəcəsi artmalı və dövlətin nəzarəti altında olmalıdır. Xüsusən, həm uşaqlar və həm də qadınlarla əlaqədar mükəmməl dövlət siyasəti həyata keçirilirsə, onun prioritetləri müəyyənləşdirilibsə bu, qarşıya qoyulmuş vəzifələrin həllinin tamamilə yeni səviyyəsidir.

 

 

Azərbaycan.-2009.-2 may.-S.5.