Gədəbəyin infrastrukturu
yeniləşir, müasirləşir
Dövlət Proqrami Yeni Yüksəlişə
Yol Açir
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" rayonun hər sahəsində sistemli yüksəlişin təməlini qoydu. Birinci proqramda nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirildi. Təkcə rayonun mərkəzində yox, hər bir yaşayış məntəqəsində, qəsəbələrdə, kəndlərdə neçə-neçə yadigarlar yarandı. Gədəbəy əsl tərəqqi yoluna qədəm qoydu.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə dağlar diyarında yeni yüksəlişə yol açır. İkinci proqramın tədbirlər planında çox gərəkli işlər nəzərdə tutulub. Onların icrası Gədəbəy rayonunu daha bir neçə mərtəbə ucaldacaq, tanınmaz edəcəkdir.
Gədəbəy şəhərində küçə və avtomobil yollarına asfalt örtüyünün salınması.
nElektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması.
nYaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası və qazlaşdırılması.
nKəndlərdə ATS-lərin yeni EATS-lərlə əvəz edilməsi, telefonlaşdırılmamış kəndlərdə yeni EATS-lərin quraşdırılması.
nRayonun mərkəzi və kənd ATS-lərinin rekonstruksiyası və poçt şöbələri üçün yeni binaların tikintisi.
nGədəbəy şəhərinin su təchizatının yenidənqurulması və kanalizasiya sisteminin yaradılması.
nKəndlərin su təchizatının yaxşılaşdırılması.
nRayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi.
nHərbi əməliyyatlar aparılmış ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi.
nSəhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi.
nMədəniyyət obyektlərinin təmiri, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası.
nMəktəblərin əsaslı təmiri, idman zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi.
Mən çox şadam ki, Azərbaycanın bütün yerlərində olduğu kimi, Gədəbəydə də sürətli inkişaf gedir, abadlıq-quruculuq işləri gedir, məktəb tikintisi geniş vüsət alıbdır. Çox istərdim ki, rayonun infrastrukturu yeniləşsin, müasirləşsinE
Əminəm ki, Gədəbəy rayonunun inkişafı bundan sonra da uğurlu olacaqdır. Bu, bizim hamımızdan - həm dövlətdən, həm yerli nümayəndələrdən, həm də burada yaşayan insanlardan asılıdır.
İlham Əliyev
Uzunömürlülər Diyarı
Mədəniyyət evinin işıqlı, yaraşıqlı foyesində iri bir lövhə diqqəti cəlb edir. Lövhəni neçə-neçə ağsaqqalın, ağbirçəyin şəkli bəzəyir. Onlar rayonun yaşı yüzdən artıq olan sakinləridir.
Səfalı Gədəbəy uzun ömürlülər diyarıdır. Hamıdan böyüyü Bəyaz Xəlilovadır. 129 yaşı tamam olur. Bir nəslin ağbirçəyidir. Beş övladı, 23 nəvəsi, 47 nəticəsi, 5 kötücəsi var. Maraq bizi sərhəd bölgəsindəki Şınığa apardı. Səliqə-sahmanlı kənd həyətində Bəyaz nənə asta yerişlə toyuq-cücəyə dən səpirdi. Eşitməyi, görməyi yerli-yerindədir. Söhbət etdik. "Məni yaşadan bu dağların saf təbiətidir" - dedi.
Rayonda bu cür ağsaqqalları, ağbirçəkləri arayır, axtarır, imkan daxilində onlara qayğı və kömək göstərirlər. Regionların inkişafı ictimai birliyinin dəstəyi ilə nəfis şəkildə buraxılmış "Hər kim yüz il yaşamasa..." kitabı çox şeydən xəbər verir, oxucunu yüzdən artıq ağsaqqalla, ağbirçəklə tanış edir.
Gədəbəydə hər bir insana beləcə qayğı və diqqət göstərilir. Qadınlar şurasının, veteranlar birliyinin, aşıqlar məclisinin ətrafına xeyli adam cəmlənib. Heç kəs unudulmur, hamı diqqət mərkəzindədir. Rayondan kənarda fəaliyyət göstərən həmyerlilərlə vaxtaşırı görüşlər keçirilir, onların doğma diyarla əlaqələrinin daha da möhkəmlənməsinə səy göstərilir. Təsadüfi deyildir ki, ölkəmizdən kənarda yaşayan xeyriyyəçilərin hərəsi imkan daxilində doğma diyarda faydalı bir iş görməyə çalışır. Məhz belə xeyirxahların əli ilə bir neçə kənddə məktəb binası, rayonun mərkəzində hər şəraiti olan avtovağzal tikilib, Kiçik Qaramurad çayı üzərində altmış metr uzunluğunda körpü salınıb. Ağamalı və Qoşabulaq kəndlərindəki körpülər əsaslı təmir edilib, Slavyanka-Qoşabulaq yolunda cari təmir işləri aparılıb.
Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə deyir ki, adamlarla əlaqə, ünsiyyət nə qədər çox olarsa, işlərimiz bir o qədər yaxşı gedər. Hamı istər siyasi məsələlərdə, istərsə də təsərrüfat tədbirlərində fəal iştirak edir. Mart ayında keçirilən referendum zamanı biz bu birliyi, bu mütəşəkkilliyi bir daha dərindən hiss elədik. Həmişə, hər sahədə belədir. Başqa bir misal, bu yaxınlarda yaşıllaşdırma həftəsi keçirirdik. Qısa müddətdə otuz mindən çox ağac və gül kolu əkildi. Yaxud mətbuata abunə yazılışını yada salaq. Nəzərdə tutulduğundan iki dəfə çox adam abunə yazılıb, özü də yarım illik yox, illik. Bu o deməkdir ki, adamlar siyasi ab-hava ilə yaxından maraqlanır, mənəvi cəhətcə getdikcə mətinləşir, möhkəmlənirlər.
Gədəbəy aşıqlar diyarı, söz-sənət məskənidir. Şairlər, aşıqlar həmişə diqqət mərkəzində, hər bir tədbirin, hər məclisin başında olurlar. "Gədəbəy şairləri və aşıqları" kitabının nəşri bu sahədə sistemli surətdə görülən işlərin bir hissəsidir. Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmov deyir ki, son illərdə aşıqlara göstərilən qayğı və diqqət hamını qəlbən fərəhləndirir, doğma diyarın adını daha da ucaltmağa ruhlandırır. Rayon icra hakimiyyətində bizə yaraşıqlı bir binanın maketini göstərdilər. Dedilər ki, şəhərin ən səfalı guşələrindən birində "Aşıq-musiqi mərkəzi"nin inşası nəzərdə tutulub.
Rayonda gənc nəslin tərbiyəsinə, istedadların üzə çıxarılmasına, idmanın inkişafına xüsusi diqqət yetirilir. Mərkəzi stadion əsaslı təmir edildi, Novosaratovkada Avropa tipli minifutbol meydanı yaradıldı, bir sıra təhsil ocağında idman zalları düzəldildi.
Gədəbəy rayonunda dövlətə, dövlətçiliyə sədaqət, məhəbbət çox böyükdür. Qarabağ savaşı dövründə düşmənə bir qarış belə torpaq verilməmişdir. Əksinə, bir zaman nadan qonşuların kök saldıqları Başkənd azad edilmişdir. Yaralar tədricən sağalır. Ermənilərin yandırıb viran etdikləri Mutudərə kəndi bərpa olundu. Qəsəbə və kəndlərdə yol-iz sahmana salındı, rayon əsl yüksəliş yoluna qədəm qoydu. Bir sözlə, hər sahədə uğurlar göz qabağındadır.
Bu gün-sabah isə qızıl zavodunun istifadəyə verilməsi gözlənilir. Gədəbəylilər deyirlər ki, bütün bunlara görə ümummilli lider Heydər Əliyevə minnətdardırlar. Ulu öndərin 85 illiyi ilə əlaqədar olaraq məktəblərdə keçirilən inşa yazı işlərində hər kəs dövlətə, dövlətçiliyə olan məhəbbətini özünəməxsus sadə, səmimi sözlərlə ifadə edir. Ümumrayon məhəbbəti isə yaşıllıqlar qoynunda salınmış Heydər Əliyev parkında daha aydın duyulur. Burada genişmiqyaslı yenidənqurma işləri aparılır. Enli, yaraşıqlı mərmər pillələr ulu öndərin abidəsinə doğru qalxır. El ağsaqqalı İkram Məmmədov deyir ki, Gədəbəy rayonu məhz Heydər Əliyevin və onun yolunun uğurlu davamçısı İlham Əliyevin qayğısı və diqqəti ilə beləcə ucalır.
Rayonun Güzgüsü
Büdcə rayonun güzgüsüdür. Faktlar, rəqəmlər sanki dil açıb danışır. Yerlərdə görülən işlər barədə ətraflı məlumat verir. Gədəbəyin büdcəsi son beş ildə beş dəfə artıb. Bu vəsaitin xeyli hissəsi yerli mənbələrdən daxilolmalar hesabına olub. Əgər 2004-cü ildə rayon üzrə cəmi 93 milyon manatlıq ümumdaxili məhsul istehsal edilmişdisə, keçən il bu rəqəm 107,6 milyon manata çatıb. Aqrar bölmənin, sənaye-emal sahəsinin və ümumən özəl sektorun inkişafı hesabına büdcəyə daxilolmalar ilbəil artır. Beş il bundan əvvəl yerlərdən büdcəyə 356 min manat daxil olmuşdusa, keçən il bu rəqəm üç milyon manata çatıb. Rayon üzrə orta aylıq əməkhaqqı üç dəfə artıb.
Ən əsası odur ki, dövlətimiz əhalinin gün-güzəranının daha da yaxşılaşması üçün daim qayğı, kömək göstərir. Son bir ildə Gədəbəydə pensiya və sosial yardımlar kimi əhaliyə nə qədər vəsait verilsə yaxşıdır? Düz 20,9 milyon manat! Müstəqil ölkəmizin öz sakinlərinə qayğısının və diqqətinin mənzərəsi bax, belədir!
Rayonda iqtisadiyyat hər sahədə, xüsusən aqrar bölmədə sürətlə inkişaf edir. İcra hakimiyyətinin başçısı Kamran Rzazadə deyir ki, bu yüksəliş ümummilli lider Heydər Əliyevin böyük ustalıqla apardığı aqrar islahatların bəhrəsidir. Torpaq əsl sahibinə verildi, əmlak özəlləşdirildi, sahibkarlığın inkişafı üçün hər cür şərait yaradıldı.
İndi hər sahədə məhsul istehsalı ilbəil artır. Kartof sahələrindən ötən il 200 min ton məhsul götürülüb ki, bu da beş-altı il əvvəl olduğundan iki dəfə çoxdur. Gədəbəy rayonu ən böyük qoyunçuluq bölgələrindən biri sayılır. Bu yerlər məşhur dağ merinosunun vətənidir. Ənənə bu gün də davam edir. Mal-qaranın sayı sürətlə artır. Hazırda dağlar qoynunda 80,5 min baş qaramal, 344 min baş qoyun-quzu bəslənilir. Təkcə Dəyəqaramurad kəndində mal-qaranın sayı 10 min başa çatır ki, bu da sovet dövründə bütövlükdə rayon üzrə olduğundan xeyli çoxdur. Gədəbəylilərin bir narahatlığı var. Qoyun-quzu, əsasən, Ceyrançöldə qışlayır. Uzun illər Gədəbəy rayonunun istifadəsində olan Ceyrançöl qış otlaq sahəsi 2006-cı ildə Tovuz rayonuna verilib. Niyə, nə üçün? Bilinmir. Gədəbəylilər bu uyğunsuzluğun aradan qaldırılmasını tələb edirlər.
Rayonda bir
sıra sosial problemlər uğurla həll olunur. Gəlir-qazanc
artdıqca, abadlıq və quruculuq işlərinin miqyası
genişlənir. Respublikanın hər
yerində olduğu kimi, Gədəbəydə də elektrik
enerjisinin fasiləsiz təchizatı bərpa edilib. Ən ucqar kəndlərə, ilk öncə sərhəd
bölgələrinə təbii qaz xətləri çəkilib.
Yollar bərpa olunur, ictimai binalar, fərdi evlər
tikilir, abadlıq-quruculuq işləri geniş miqyas alır.
Hər Gün Bir Yenilik
Bu günlərdə
Qaramurad və Xarxar kəndlərində hər şəraiti
olan məktəb binaları istifadəyə verildi. Arısu və Dəyə Qaramurad kəndlərində
inşa edilən məktəb binalarında tamamlama işləri
gedir. Ümumiyyətlə, son illərdə
iyirmi dörd məktəb binası tikilib, onlarca bina əsaslı
təmir olunub, otuz iki yerdə əlavə sinif otaqları
istifadəyə verilib. Təkcə bir neçə il ərzində rayonda 182 sosial obyekt istifadəyə
verilib. Bu yerlərdə hər gün bir
yeniliyin şahidi olursan.
Şəmkir-Gədəbəy
yolunun yenidən qurulması başa çatmaq üzrədir. Küçələrə,
yollara asfalt döşənib. Təhsil, səhiyyə,
mədəniyyət ocaqları sistemli surətdə yenidən
qurulur.
Akademik Zərifə Əliyeva
adına Mərkəzi rayon xəstəxanasında
genişləndirmə işləri aparılıb. Rüstəm Əliyev kənd xəstəxanası
müasir avadanlıqla təchiz olunub. Qoşabulaq,
Slavyanka, Düz Rəsullu, Novosaratovka kənd sahə xəstəxanaları
əsaslı təmir edilib.
Mədəniyyət
obyektlərinin də görkəmi dəyişilir. Qaraməmmədli
və Zəhmət kənd mədəniyyət evləri bərpa
olunub. Kənd kitabxanaları daha müvafiq
binalara köçürülür. Musiqi
məktəbləri və kitabxanalar üçün yeni
avadanlıq alınır.
Telekommunikasiya
və rabitə obyektlərinin inşasına diqqət xeyli
artıb. Rüstəm Əliyev kəndində, Slavyanka,
Ağamalı, Nərimankənd, Samanlıq, Qoşabulaq kəndlərində
və başqa yerlərdə elektron avtomat telefon
stansiyaları quraşdırılıb. Cari
ildə isə daha doqquz kənddə müasir tipli elektron
ATS-nin inşası nəzərdə tutulub.
İndi ilin ən
gözəl çağıdır. Çöl-çəmən
gül-çiçəyə bürünüb. Uca dağlar, səfalı yaylaqlar, sərin bulaqlar, məxməri
şəlalələr, çox yerdə bənzəri olmayan
tarixi memarlıq abidələri "gəl-gəl" deyir.
Hər dağın döşündə, hər
dərədə, düzdə bir bulaq çağlayır.
Turşsu, Mor-mor, Çaldaş... hərəsi
bir can dərmanı. Prezident İlham Əliyev bu yerlərdə
olarkən demişdir: "Gədəbəyin çox gözəl
təbiəti, çox gözəl iqlimi var. Burada turizmin
inkişafı üçün çox böyük işlər
görmək olar. Mən hesab edirəm ki, əgər biz bu məsələlər
üzərində birlikdə, səmərəli işləsək,
qısa müddət ərzində bu gözəl diyar turizm
üçün də çox cəlbedici ola
bilər".
Prezidentin bu
müdrik tövsiyəsindən sonra rayonda turizmin
inkişafı üçün sistemli şəkildə
işlər görülür. Neçə
vaxtdır burada "Bala Narzan", "Şirxan",
"Böyük Narzan" ailə istirahət mərkəzləri
fəaliyyət göstərir. İndi də
keçmiş yağ-pendir zavodunun iki hektarlıq ərazisində
müsafirlər üçün istirahət-sağlamlıq mərkəzi
yaradılır. Burada bir, iki, üç
yerlik otaqlar, restoran, disko-bar, idman zalı, habelə voleybol,
mini-futbol və kord meydançası inşa edilir. Yeni istirahət-sağlamlıq mərkəzinin bir
hissəsinin yay-turizm mövsümünə kimi istifadəyə
verilməsi nəzərdə tutulub.
Torpağın Altı Da Qızıldır, Üstü
Də
Hələ neçə
yüz il bundan əvvəl bu yerlərin
şöhrəti hər yana yayılmışdı. Gədəbəyin yeraltı sərvətinin
sorağına alman sahibkarları da gəldilər. 1849-cu ildə mis filizi kəşf edildi. 1855-1856-cı illərdə misəritmə zavodu
tikildi. 1865-ci ildə müəssisə
yenidən quruldu. 1883-cü ildə isə
ikinci obyekt - Qalakənd misəritmə zavodu inşa edildi.
Sənayenin
inkişafı bu yerlərə yeni ab-hava gətirdi. Gədəbəy
şəhərinin təməli qoyuldu. Gədəbəylə
Qalakənd arasında ensiz dəmir yolu xətti çəkildi.
Qalakənddə misi elektrik üsulu ilə əritmək
üçün su elektrik stansiyası quruldu. Beləcə, Gədəbəyin sərvəti
dünya bazarına çıxarıldı. On doqquzuncu yüzilliyin sonlarında Rusiya
imperiyasında istehsal edilən misin dörddə bir hissəsi
Gədəbəy-Qalakəndin payına düşürdü.
Bu yerlərin
tarixi böyük, taleyi mürəkkəb olmuşdur. Yadellilər
mislə bərabər xeyli miqdarda qızıl-gümüş
də əldə edirdilər. Diqqəti
yayındırmaq üçün guya elmi məqsədlərlə
arxeoloji qazıntılar aparılırdı. Bizə qalanı bu oldu ki, həmin axtarışlar
zamanı "Qalakənd qalaları" adlı dəyərli
elmi əsər meydana gəldi. "Folker
Şpis" nəşriyyatı tərəfindən
çapdan buraxılmış həmin kitab indi də Berlin
Dövlət Muzeyində saxlanılır.
Yeraltı,
yerüstü sərvətlərimizin taleyi beləcə,
yadlar tərəfindən həll edilir, xeyrini onlar
görürdülər. Yalnız Azərbaycanda müstəqillik əldə
olunandan sonra Gədəbəyin sərvəti öz
xalqının ixtiyarına verildi.
Ümummilli
lider Heydər Əliyev bu sərvətləri aramaq, axtarmaq,
ondan gələn gəlirləri xalqın güzəranının
yaxşılaşmasına yönəltmək yolunda əvəzsiz
xidmətlər göstərdi.
Ulu öndər 1996-cı il fevralın 5-də "Azərbaycan
Respublikasının bir sıra qızıl yataqlarının
kəşfiyyatı və işlənməsi barədə"
sərəncam verdi. Həmin sərəncama uyğun olaraq
1997-ci il avqustun 20-də "Azərqızıl" Dövlət
Şirkəti ilə R.V.INVESTMENT GROUP SERVIJES, LLJ USA arasında
qızıl filiz yataqlarının kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Saziş bağlandı. Buna
müvafiq bir sıra məsələlər nizama
salındı. Nəhayət, 17 mart 1998-ci ildə ölkə
Prezidenti Heydər Əliyev tərəfindən "Gədəbəy,
Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə,
Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli
perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında" Azərbaycan Respublikasının "Azərqızıl"
Dövlət Şirkəti ilə R.V.INVESTMENT GROUP SERVIJES, LLJ
USA arasında sazişin qəbul və təsdiq edilməsi, həyata
keçirilməsinə icazə verilməsi barədə"
Azərbaycan Respublikasının Qanunu" təsdiq edildi. Bir sözlə, Gədəbəy dağlarında
aparılan genişmiqyaslı işlər Heydər Əliyevin
məqsədyönlü iqtisadi siyasətinin bəhrəsidir.
2005-ci ilin
fevral ayından etibarən Azərbaycan Beynəlxalq Mədən
Əməliyyat Şirkəti yeni yataqların
axtarışına, kəşfiyyat-qazma işlərinə
başladı.
Ulu öndər Heydər Əliyevin
yolunu uğurla davam etdirən İlham Əliyev Gədəbəyə
tarixi səfəri zamanı bu mühüm işə
güclü təkan verdi. Prezident İlham
Əliyev ərazini seyr etdi, yatağın iş planı, filiz
nümunələri ilə
Hazırda
"Gədəbəy" filiz yatağında və zavodun
inşasında işlər başa çatmaq üzrədir. Avadanlıq
Kanada və Avstraliyadan alınıb. Bir
azdan qızılın sənaye üsulu ilə istehsalına
başlanacaq. Bu barədə Azərbaycan
Beynəlxalq Mədən Əməliyyat Şirkətinin
prezidenti Rza Vəziri məlumat verir.
- "Gədəbəy"
yatağında bir ton torpaqdan 1,7 qram
qızılın alınacağı gözlənilir. İstehsal prosesi zamanı əldə olunan
gümüş və misi də təmizləyib satışa
çıxaracağıq. Yatağın kəşfiyyat-istismar
işlərinə bu günədək 60 milyon ABŞ
dollarına yaxın investisiya yatırılıb. Aparılan son qiymətləndirmələrə əsasən
"Gədəbəy" yatağının qızıl
ekvivalentində çıxarıla bilən ümumi
ehtiyatı bir milyon unsiyadır.
Mineral ehtiyatların
istismarına dair bağlanmış otuz illik müqavilədə
Azərbaycan Hökumətinin iştirak payı 51,
Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin
payı isə 49 faiz təşkil edir.
Rayon əhalisi
işgüzardır, hünərvərdir. Aylar, illər
keçəcək. Heç şübhəsiz
ki, dövlət proqramında göstərilən tədbirlər
uğurla yerinə yetiriləcək, ölkə
başçısı İlham Əliyevin dediyi kimi, Gədəbəyin
infrastrukturu daha da yeniləşəcək, müasirləşəcəkdir.
Havası saf, sərvəti bol bu dağlar
diyarının yaşayışı daha xoş, daha firavan
olacaqdır.
Əhməd İsayev
Azərbaycan.-2009.-2
may.-S.6.