Vergilər Nazirliyi rəsmi internet saytının yeni versiyasını təqdim
etdi
Paytaxtın "Park
İNN" otelində Vergilər Nazirliyinin rəsmi internet
saytının yeni versiyasının təqdimat mərasimi
keçirildi. Tədbirdə dövlət qurumlarının,
beynəlxalq təşkilatların ölkəmizdəki
nümayəndəliklərinin, Milli Elmlər
Akademiyasının, qeyri-hökumət təşkilatlarının,
Azərbaycanda internet sahəsində ixtisaslaşmış
qurumların nümayəndələri iştirak edirdi.
Tədbiri açan
vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirdi ki,
nazirlik hər zaman açıq informasiya siyasətini fəaliyyətində
prioritet istiqamət kimi müəyyən edib.
Vergilər Nazirliyinin rəsmi
internet səhifəsinin 2002-ci ilin sonlarında
yaradıldığını və ötən müddət ərzində
daim təkmilləşdirdiyini vurğulayan natiq onun həmin ilin
ən uğurlu saytı kimi "Humay" mükafatına,
2005-ci ildə ilin ən yaxşı dövlət saytı kimi
"NETTY" milli internet mükafatına, 2006-cı ildə
"İntellekt" mükafatına və World Summit Award beynəlxalq
mükafata, həmçinin hüquqi maarifləndirmə sahəsindəki
fəaliyyətinə görə Avrasiya
Hüquqşünaslar İttifaqının fəxri diplomuna
layiq görüldüyünü diqqətə
çatdırdı. Yeni internet saytında vergi qanunvericiliyinə
əməl olunması ilə bağlı biliklərin
yaxşılaşdırılması, informasiya məkanında
geniş istifadə olunması, vergi orqanları və biznes
strukturları arasında qarşılıqlı əlaqələrin
genişləndirilməsi, əhalinin və sahibkarların
maraqlarının daha asan və çevik təmin olunması
kimi vəzifələri reallaşdırmaq məqsədi
öz əksini tapmışdır.
Sonra Vergilər
Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin
rəisi Elçin Məmmədov çıxış edərək
saytın yeni versiyasının üstünlükləri,
texniki parametrləri barədə danışdı, yeni
saytın müqayisəli təhlilini apardı, saytda naviqasiya
rahatlığının yaradıldığını və
ən çox istifadə olunan bölmələrinin ümumi
paneldə cəmləşdirilməsini vurğuladı.
Təqdimat mərasimindən
sonra mətbuat nümayəndələri üçün
brifinq keçirildi.
Rizvan Cəfərov
Azərbaycan.-2009.-2 may.-S.7.