Regional inkişafa yeni təkan
Konkret zaman kəsiyində
qarşıda duran hədəflərin düzgün müəyyənləşdirilərək
çağdaş dövrün gerçəkliklərinə
cavab verən çevik iqtisadi siyasətin həyata
keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi
yolu ilə çoxvektorlu inkişaf strategiyasının
reallaşdırılması, infrastrukturun bütün sahələrdə
müasirləşdirilməsi Azərbaycan hökumətinin
qarşıya qoyduğu məqsədlər sırasında
mühüm yer tutur. Modernləşməyə əsaslanan bu strategiya
respublikanın perspektiv inkişaf modelinin əsasını təşkil
edən başlıca amilə çevrilmiş, iqtisadi, siyasi
və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi
səmərəli nəticələrə yol
açmışdır.
Təcrübə
göstərir ki, hər hansı iqtisadi islahatın uğuru təkcə
ölkənin malik olduğu təbii-bioloji resurslarla deyil, həm
də cəmiyyətin tətbiq olunan yeniliklərə adekvat
reaksiyası ilə şərtlənir. Son illər
yeni dövrün gerçəklikləri nəzərə
alınmaqla həyata keçirilən iqtisadi islahatlar da məhz
bu reallığa söykənərək cəmiyyətdəki
yeniliklərin mahiyyətindən irəli gəlmişdir.
Uğurla gerçəkləşdirilən yeni
neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə
yol açması, respublikamızın regionda analoqu olmayan
inkişaf mərhələsinə qədəm qoyması -
ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin
ildən-ilə əhəmiyyətli dərəcədə
çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə,
sosial-mədəni modernləşməyə imkan
yaratmışdır. Belə vacib mərhələdə
mövcud uğurların qorunub saxlanılması
üçün idarəçilikdə yüksək səmərəliliyin,
məqsədyönlüyün və çevikliyin təmin edilməsi,
strateji əhəmiyyətli sahələrin inkişafında
tarazlığın saxlanılması vacib məsələlərdəndir.
Azərbaycan Prezidenti
İlham Əliyevin ötən beş ildə
praqmatizmə və real əməli siyasətə söykənən
siyasətinin qayəsində məhz insan və şəxsiyyət
amili dayanmışdır. "Hər bir məmur
xalqının xidmətçisi olmalıdır", - deyə
hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən
dövlət başçısının qətiyyəti və
prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli
fəaliyyətini şərtləndirməklə
yanaşı, həyata keçirilən islahatların səmərəli
nəticələr verməsini də təmin etmişdir.
Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun
olaraq hökumətin fəaliyyəti ilə bağlı
müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın
və sosial ədalət normalarının qorunmasını təmin
edir, dövlət məmurlarının xalq və Prezident
qarşısında məsuliyyətini artırır,
onları qarşıya qoyulmuş vəzifələrin
uğurla həyata keçirilməsi üçün daha səylə
çalışmağa sövq edir. Effektiv
müzakirələrlə yadda qalan bu cür hesabatlar həm də
konkret zaman intervalında əldə edilmiş nailiyyətlərin
qiymətləndirilməsi, hökumətin fəaliyyət
istiqamətlərinin ictimaiyyətə düzgün, obyektiv
çatdırılması, mövcud problemlər ətrafında
ictimai müzakirələrin aparılması və onların
həlli yollarının tapılması üçün səmərəli
vasitəyə çevrilmişdir.
"Maliyyə qasırğası"na
etibarlı sipər
Dəqiq iqtisadi hesablama əsasında
həyata keçirilən çevik islahatlar nəticəsində
ümumi daxili məhsul istehsalına görə
dünyanın ən sürətlə inkişaf edən
dövlətlərindən birinə çevrilən Azərbaycan
qlobal maliyyə böhranının təsirlərinə ən
az məruz qalan dövlətlər
sırasındadır. Bir sıra dünya
ölkələrində iqtisadi inkişafa ciddi zərbə
vuran qlobal maliyyə böhranına rəğmən,
respublikamızın 2009-cu ilin birinci rübündə
qazandığı yüksək nailiyyətlər sistemli və
düzgün koordinasiya olunmuş preventiv tədbirlərin nəticəsidir.
Dövlət başçısı İlham Əliyev
Təhlükəsizlik Şurasının bir müddət əvvəl
keçirilmiş iclasında xüsusi
vurğulamışdır ki, bir çox dövlətlərin
milli valyutası devalvasiyaya məruz qalaraq yüksək faizlərlə
qiymətdən düşsə də, Azərbaycanda
manatın kursunun sabit saxlanılması əhalinin
alıcılıq qabiliyyətinə mənfi təsir göstərmir.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq
maliyyə institutları 2009-cu ildə dünya üzrə
iqtisadi geriləmənin baş verəcəyini
proqnozlaşdırsalar da, Azərbaycanda qeyri-neft sektoru ilin
birinci rübündə 14 faiz artmışdır.
Respublikamızın qlobal böhranın sərt təsirlərinə
məruz qalmamasının səbəblərindən biri də
xarici borclanmanın səviyyəsinin ümumi daxili məhsul
istehsalına nəzərən ildən-ilə aşağı
düşməsidir: əgər xarici borclanmanın ÜDM-ə
nisbəti 2005-ci ildə 18, 2006-cı ildə 12, 2007-ci ildə
6 faiz idisə, 2008-ci ildə bu rəqəm 6,5 faiz təşkil
etmişdir.
Dövlət
başçısı İlham Əliyev Nazirlər Kabinetinin
2009-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasında, qlobal maliyyə-iqtisadi böhranına
baxmayaraq, Azərbaycanın bütün sahələrdə
dinamik inkişaf etdiyini, makroiqtisadi nəticələrə
imza atdığını razılıqla
vurğulamışdır. Dövlət
başçısı bildirmişdir ki, iqtisadiyyatın neftdən
asılılığının aradan qaldırılması
istiqamətində həyata keçirilən tədbirlər
artıq praktik nəticələrə yol açır. "Azərbaycanın iqtisadi inkişafı ilin
birinci rübündə uğurlu olmuşdur.
Bütün çətinliklərə, böhrana baxmayaraq,
birinci üç ayda Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artmışdır. Hesab edirəm ki,
böhranlı il üçün bu,
çox böyük nəticədir. Ən
sevindirici hal ondan ibarətdir ki, bu üç ayda qeyri-neft
sektorunda inkişaf təxminən 14 faiz olmuşdur. Bu da
son beş il ərzində aparılan
islahatların nəticəsidir. Onun nəticəsidir
ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi
istiqamətində əməli-praktik addımlar ata
bilmişdik və bunların nəticələrini artıq
görürük. Keçən dövr əsas istiqamətlərimiz
iqtisadiyyatın neft amilindən
asılılığının aradan götürülməsi
idi və biz buna nail ola bilmişik. Əgər bu olmasaydı, qeyri-neft sektoru təxminən
14 faiz artmazdı. Xüsusilə regionların
sosial-iqtisadi inkişafı dövlət proqramının
icrası nəticəsində bölgələrdə
dayanıqlı inkişaf üçün çox gözəl
şərait yaradılmışdır... Birinci
üç ayda bizim ixracımız 20 faizdən çox
artmışdır. Azərbaycana qoyulan
investisiyaların həcmi 15 faiz artmışdır. Əhalinin pul gəlirləri 20 faizdən çox
artmışdır. Orta əməkhaqqı
20 faizdən çox artmışdır. Yəni
bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm
iqtisadiyyatdır" deyən dövlət
başçısı əlavə etmişdir ki, daxili
istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin
verilməsi, özəl sektorun maraqlarının müdafiəsi
respublikanın neft amilindən
asılılığını əhəmiyyətli dərəcədə
azaltmışdır. Cənab İlham Əliyev
demişdir ki, qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycanın
iqtisadiyyatının neftdən asılı olması ilə
bağlı qərəzli iddiaları alt-üst edir.
Azərbaycan
Prezidenti İlham Əliyev 2008-ci ilin ikinci yarısından
başlayaraq özünü qabarıq göstərməyə
başlayan qlobal maliyyə böhranının respublikamıza
ciddi təsir göstərməməsi üçün
lazımi tapşırıq və tövsiyələrini
vermiş, bu sahədə preventiv tədbirlərin
görülməsini zəruri saymışdır. Ölkəmizin
müstəqil iqtisadi siyasət yeritməsi, beynəlxalq maliyyə
qurumlarının təsiri ilə hərəkət etməməsi,
maliyyə təhlükəsizliyinin təmini baxımından
beynəlxalq fond birjalarında, qiymətli kağızlar
bazarında fəal iştirakdan çəkinməsi qlobal
iqtisadi böhranın respublikamıza təsirini zəiflədən
əsas amillər sırasındadır. Azərbaycanın
dünya maliyyə institutlarına öz kapitalı, fond aktivləri
və qiymətli kağızları ilə fəal inteqrasiya
etməməsi ölkəmizi qlobal böhrandan hifz edir. Respublika iqtisadiyyatında müşahidə olunan
dinamik artımın maliyyə iqtisadiyyatına deyil, real əmtəəyə,
istehsala əsaslanması qlobal böhrana qarşı
etibarlı sipər rolunu oynayır. Bundan
başqa, hökumət böhrandan ziyan çəkmiş
müəssisələrə əlavə yardımlar etmək
niyyətindədir və bu, yaxın perspektivdə imzalanacaq
antiböhran tədbirləri haqqında proqramda əksini
tapacaqdır.
Kompleks inkişafın uğurlu bünövrəsi
İnkişaf
etmiş dövlətlərin təcrübəsi sübut edir
ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional
inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin
qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət
başçısı İlham Əliyevin son beş
illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə
xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə
yönəlmiş dövlət proqramlarının, fərman
və sərəncamların imzalanması məhz bu
reallığa əsaslanmışdır. İcrası
uğurla başa çatmış "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Rroqramı (2004-2008-ci illər)" çərçivəsində
bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Proqram regional inkişafdakı kəskin
fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur
layihələrinin həyata keçirilməsi,
sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə
əhəmiyyətli sənəd olmuş, bu təkmil
konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri
keçirilmişdir.
Dövlət
proqramının əsas qayəsi regionlarda
sahibkarlığın inkişafını sürətləndirmək
və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi
resurslardan kifayət qədər səmərəli istifadə
etməklə iqtisadiyyatın tarazlı və davamlı
inkişafına, infrastrukturun müasirləşdirilməsinə,
əhalinin məşğulluğunun artırılmasına,
yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan
ibarət olmuşdur. Proqram əsasında Azərbaycan hökuməti
2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının,
qeyri-neft sektorunun inkişafına yardım göstərmiş,
o cümlədən emal müəssisələrinin
yaradılmasını, xidmət və digər infrastruktur
obyektlərinin, turizmin inkişafını və bütün
bunların fonunda çoxlu sayda yeni iş yerinin
açılmasını təmin etmişdir. Regionların
sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramı
insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur
obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə,
rabitə müəssisələrinin tikintisi, yeni yolların
çəkilişi və əsaslı bərpasını nəzərdə
tutmuşdur. Son beş ildə
proqramda nəzərdə tutulmuş bu tədbirlər insan
amilinin yüksəlişinə, mədəni-intellektual
potensialın güclənməsinə, mənəvi-əxlaqi
dəyərlərin daha möhkəm əsasda intişar
tapmasına zəmin yaratmışdır.
Azərbaycan
Prezidenti İlham Əliyev 2004-2008-ci illərdə
respublikanın əksər rayonlarına, o cümlədən
Bakı kəndlərinə səfərlər etmiş,
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramı çərçivəsində görülən
işlərlə maraqlanmış, tapşırıq və
tövsiyələrini vermişdir. Eyni zamanda,
Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran,
Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına
daxil olan şəhər və rayonların sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
olaraq 17 sərəncam imzalamışdır. Cənab
İlham Əliyev beş ildə respublika regionlarının
bütün rayonlarına 127 səfər etmiş, o cümlədən
6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş,
yerlərdə görülən işlərlə, xalqın həyat
səviyyəsi ilə maraqlanmış, tapşırıq və
tövsiyələrini vermiş, ölkənin
abadlaşması və inkişafı üçün əhəmiyyətli
olan 500-dək müəssisə və obyektin təməlqoyma
və açılış mərasimlərində şəxsən
iştirak etmişdir.
I Dövlət
Proqramının uğurlu icrası nəticəsində
ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində
yüksək artım əldə edilmiş, sosial-iqtisadi
inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi əhalinin həyat səviyyəsinin
yüksəlməsində mühüm rol
oynamışdır. Son beş ildə ümumi daxili məhsulun (ÜDM) real
həcmi 2,6 dəfə artaraq 38 milyard manata
çatmış, ÜDM-in adambaşına düşən
nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil
etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə
artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də
qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil
etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi son
beş ildə 6,2 dəfə
artmış, ümumi investisiyaların strukturunda onun
xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən
2008-ci ildə 69 faizə çatmışdır. Sənayedə
2,5 dəfə, kənd təsərrüfatında
25,2 faiz artım olmuşdur.
İqtisadiyyatın
sürətli inkişafı ilə yanaşı, son illərdə
əhalinin rifahını səciyyələndirən göstəricilərdə
də yüksək artım dinamikası müşahidə
edilir.
2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin
gəlirləri 4 dəfə artmış, bu dövrdə
muzdla işləyənlərin orta aylıq əməkhaqqı
3,5 dəfə yüksələrək 268 manata
çatmış, inflyasiya səviyyəsini 1,7 dəfə
üstələmişdir. 2008-ci ilin
sentyabrından minimum əməkhaqqının və
pensiyanın minimum məbləğinin həddi 75 manata
çatdırılmışdır. 2003-cü ildə
ölkə əhalisinin təxminən 45 faizi yoxsulluq şəraitində
yaşayırdısa, 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin
yalnız 13,2 faizi aid olunur.
Regional intibahın keyfiyyətcə yeni mərhələsi
Regional
inkişafa kompleks məsələ kimi yanaşan dövlət
başçısı İlham Əliyev I Dövlət
Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin
gerçəkləşdirilməsi üçün
2009-2013-cü illəri əhatə edən analoji proqramın
hazırlanmasını da diqqət mərkəzində
saxlamışdır. Dövlət başçısı belə
bir sənədin hazırlanması barədə hələ
2007-ci ildə - regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramının imzalanmasının
dördüncü ilinə həsr olunmuş müşavirədə
məlumat vermişdir. Xüsusi
vurğulamışdır ki, qarşıda duran vacib vəzifələrdən
biri də məhz Azərbaycanın regionlarında
formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına
çatdırılmasıdır: "Regionların
inkişafına dair ikinci proqramın nəticəsi bu
olmalıdır ki, Azərbaycanda bütün infrastruktur
dünya səviyyəsinə çatsın və Avropa Birliyinin
meyarlarına bərabər olsun. Bu,
bütövlükdə bizim siyasətimizin əsasıdır.
Avropa Birliyi ilə qonşuluq siyasətinə başlayanda məhz
bu məqsədi qarşımıza qoymuşduq ki, beş il ərzində Azərbaycanda
mümkün olan bütün meyarlar Avropa Birliyinin
meyarlarına uyğunlaşdırılsın. İstər
siyasi məsələlər, siyasi sistem, istərsə də
iqtisadi, regional, infrastruktur baxımından. Avropa Birliyinin təcrübəsi çox müsbətdir
və əlbəttə, əgər biz növbəti illərdə
buna nail olsaq, demək olar ki, qarşımıza qoyduğumuz əsas
məsələləri həll etmiş olarıq. Ona görə çox vacibdir ki, növbəti
proqramda məhz bu meyarlar əsas götürülsün və
proqramın icrası üçün lazımi tədbirlər
görüləcəkdir".
Dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın əsas məqsədi bu sahədə
həyata keçirilən siyasətin davamı olaraq ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət proqramında müəyyən edilmiş məqsədlərə
nail olmaq üçün qarşıdakı 5 il müddətində
ölkənin təbii və əmək potensialından səmərəli
istifadə etməklə qeyri-neft sektorunun sürətli
inkişafının təmin edilməsi; infrastruktur təminatının
yaxşılaşdırılması istiqamətində tədbirlərin
davam etdirilməsi; sahibkarlıq mühitinin
yaxşılaşdırılması ilə bağlı məqsədyönlü
tədbirlərin həyata keçirilməsi və
sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;
iqtisadiyyatın inkişafına investisiyaların cəlb
olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul
istehsalının stimullaşdırılması; müasir
tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin
beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin
kommunal xidmətlərlə təminatının
yaxşılaşdırılması; əhalinin məşğulluq
səviyyəsinin artırılması istiqamətində tədbirlərin
davam etdirilməsi; yoxsulluğun səviyyəsinin
azaldılması nəzərdə tutulur.
Dövlət
proqramında müəyyənləşdirilmiş məqsədlərin
gerçəkləşdirilməsi baxımından ölkədə
makroiqtisadi sabitliyin qorunub saxlanılması vacib əhəmiyyət
kəsb edir.
Qarşıdakı illərdə bütövlükdə
iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı
sahələrin inkişafının başlıca şərtlərindən
biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin
məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin
optimal həddə müəyyənləşdirilməsi, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına tətbiq edilən güzəştlərin
müddətinin artırılması, yeni iş yerlərinin
açılmasının stimullaşdırılması,
gömrük dərəcələrinin optimal səviyyədə
saxlanılması, xarici borcların səmərəli idarə
olunması siyasəti davam etdiriləcəkdir. Valyuta
gəlirlərinin artırılması, inflyasiya risklərinin
azaldılması, monetar və büdcə-vergi siyasətinin
koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin
artımının nəzarətdə saxlanılması və
digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə,
habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin
qarşısının alınması növbəti illərdə
də iqtisadi siyasətin başlıca məsələləri
hesab olunur.
Dövlət
proqramında göstərildiyi kimi, büdcə-vergi siyasətində
əsas məqsədlərdən biri qeyri-neft sektorunun
dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin
sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi
və onun dinamik inkişafının
stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan
qarşıdakı illərdə ölkədə
istehsalın genişləndirilməsi, rəqabətqabiliyyətli
iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya
mühitinin yaradılması və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə
ölkənin daxili resurslarının payının
artırılması zəruridir. Dövlət
proqramında, həmçinin, kənd təsərrüfatına
dövlət qayğısının və bu sahəyə
birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin
yaradılmasına investisiyaların cəlb edilməsi,
qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin
inkişafının təmin edilməsi qarşıdakı 5 il üçün prioritet istiqamətlər
kimi müəyyən edilmişdir.
Dövlət
proqramında vergi sisteminin təkmilləşdirilməsi məqsədilə
həyata keçiriləcək tədbirlər də yer
almışdır. Sənədə əsasən, beş
il ərzində vergi dərəcələrinin
optimallaşdırılması, sahibkarlığın təşviqinə
yönəlmiş vergi-gömrük siyasətinin həyata
keçirilməsi, kənd təsərrüfatı məhsullarının
istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin
müddətinin uzadılması, sahibkarlara göstərilən
vergi xidmətinin yaxşılaşdırılması və əhatə
dairəsinin genişləndirilməsi üçün
kompüter terminallarının və özəl vergi məsləhəti
xidmətinin yaradılması nəzərdə tutulur. Azərbaycan
Respublikasında pul-kredit sahəsində, o cümlədən
regionlarda maliyyə xidmətlərinin inkişaf etdirilməsi
üçün həyata keçirilən vahid dövlət
siyasətinin başlıca məqsədləri kimi ölkənin
valyuta ehtiyatlarının artırılması, monetar siyasət
və monetar tənzimləmə alət və mexanizmlərinin
təkmilləşdirilməsi, manatın sabitliyinin
qorunması, bankların regional filial şəbəkəsinin
genişləndirilməsi, nağdsız ödəniş vasitələrinin
(POS-terminallar, bankomatlar, info-köşklər)
quraşdırılmasının sürətləndirilməsi
üçün stimullaşdırıcı tədbirlərin
görülməsi, sığorta və lizinq xidmətlərinin
əhatə dairəsinin genişləndirilməsi, kənd təsərrüfatında
sığortanın stimullaşdırılması və
inkişafı məqsədilə beynəlxalq təcrübəyə
əsaslanan yeni iqtisadi metodların tətbiqi məqsədəuyğun
sayılır.
Ölkənin
uzunmüddətli iqtisadi və sosial inkişafına
hesablanmış investisiya siyasəti isə iqtisadiyyatın
bütün sahələrinə investisiya qoyuluşu
imkanlarının genişləndirilməsindən, daha əlverişli
investisiya mühitinin təmin edilməsi məqsədilə
bütün investorlar üçün azad rəqabət
mühitinin yaradılmasından və bu sahədə
mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən
ibarət olacaqdır.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda
dövlət investisiya siyasətinin regionlarda yeni iş yerlərinin
açılmasına, infrastruktur obyektlərinin etibarlı
istismarının təmin edilməsinə, insan
kapitalının inkişafı və vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin
həyata keçirilməsinə yönəldiləcəyi
vurğulanır. Şübhəsiz, məşğulluq siyasətinin
mühüm istiqamətlərindən biri yeni iş yerlərinin
yaradılmasını məhdudlaşdıran amillərin
aradan qaldırılması, məşğulluq səviyyəsinin
artırılmasını stimullaşdıran şəraitin təmin
edilməsidir. Bu baxımdan kiçik və orta
sahibkarlığın inkişafına yönəlmiş tədbirlər
xüsusi əhəmiyyət kəsb edir. Qarşıdakı
illərdə məşğulluq siyasətində əsas məqsəd
əmək ehtiyatlarından daha dolğun istifadə yolu ilə
əhalinin səmərəli məşğulluğunun təmin
edilməsindən ibarət olacaqdır. Bu məqsədlə
dövlət proqramında sahibkarlığın, xüsusilə
kiçik və orta sahibkarlığın inkişafı
üçün daha münbit şəraitin
yaradılması; məşğulluğun səmərəli
inkişafını təmin edən investisiya fəallığının
dəstəklənməsi; işaxtaran və işsiz vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi; qeyri-formal əmək
münasibətlərinin leqallaşdırılması istiqamətində
tədbirlərin həyata keçirilməsi; əmək
bazarında tələb və təklif arasında dinamik
uyğunluğun gücləndirilməsinə yönəldilmiş
infrastrukturun təkmilləşdirilməsi; kadr
hazırlığı sisteminin, o cümlədən peşə
hazırlığı və ixtisasartırma şəbəkələrinin
fəaliyyətinin dinamik inkişaf edən əmək
bazarının tələblərinə
uyğunlaşdırılması məsələləri
xüsusi yer almışdır.
Sahibkarlığın inkişafı yenə də
prioritetdir
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" regionların
davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün kompleks
tədbirlər müəyyənləşdirməklə
yanaşı, iş adamlarının fəaliyyəti
üçün də yaxşı imkanlar
açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi
ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər
bir daha təsdiqləyir ki, zəngin iqtisadi biliklərə,
menecment təfəkkürünə malik olan, dünyada
baş verən iqtisadi prosesləri dərindən bilən
Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində
sahibkarların rolunu düzgün dəyərləndirir və
onlara hərtərəfli dəstəyini əsirgəmir.
Yeni dövlət
proqramında vurğulandığı kimi,
sahibkarlığın inkişafı ölkə
iqtisadiyyatının diversifikasiyası baxımından həyata
keçirilən dövlət siyasətinin aparıcı
istiqamətlərindən birini təşkil edir. Davamlı iqtisadi
inkişafın təmin edilməsi baxımından kiçik
və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına
inteqrasiyasının sürətləndirilməsi, ixrac
potensialının artırılmasında və cəmiyyətin
sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi;
sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji
baxımdan strukturunun optimallaşdırılması;
kiçik, orta və iri müəssisələr arasında
qarşılıqlı səmərəli əməkdaşlığın,
o cümlədən istehsal-kooperasiya əlaqələrinin
genişləndirilməsi; sahibkarlığın dəstəklənməsinin
müasir təşkilati modellərinin yaradılması, o
cümlədən, sahibkarlar üçün məsləhət
xidməti, informasiya təminatı, marketinq xidməti və
sair strukturların yaradılmasının davam etdirilməsi;
ticarət yarmarkalarının yaradılması; yerli
iqtisadiyyatın yönümünü nəzərə almaqla
rayonlarda işsizlər üçün kadrların peşə
hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin
yaradılması; sahibkarlıq fəaliyyətinə
müdaxilələrin qarşısının alınması
nəzərdə tutulur.
Sahibkarlığa
dövlət dəstəyi eyni zamanda ixracyönümlü məhsulların
istehsalını sürətləndirən müvafiq iqtisadi
mexanizmlərin tətbiqini nəzərdə tutur. Ölkənin
ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan
malları və xidmətlərinin xarici bazarlara
çıxarılması, bunun üçün əlverişli
şəraitin yaradılması, ölkə
iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli
inteqrasiyasının təmini də prioritet istiqamətlər
kimi önə çəkilmişdir. Özəl sektorda
ixracın stimullaşdırılması və ixrac
mallarının çeşidinin artırılması, milli
istehsalçıların xarici bazarlarda mövqelərinin
möhkəmləndirilməsi, ticarət, iaşə və məişət
sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi,
Ümumdünya Ticarət Təşkilatı prinsipləri
çərçivəsində daxili bazarın qorunması,
haqsız rəqabət hallarına qarşı mübarizənin
gücləndirilməsi, istehlak mallarının keyfiyyətinə
və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi
xüsusi əhəmiyyət kəsb edən tədbirlər
kimi diqqəti çəkir.
Azərbaycan
Prezidenti İlham Əliyev özəl sektorun dinamik
inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin
deyil, həm də demokratikləşmə prosesinin
ardıcıllığını, vətəndaş hüquq
və azadlıqlarının etibarlı şəkildə qorunmasını
təmin edən başlıca vasitələrdən biri kimi
yanaşır.
Azad sahibkarlığın inkişafı istiqamətində
atılan ardıcıl addımlar həm də
respublikamızda demokratik islahatların iqtisadi yüksəlişə
paralel şəkildə davam etdirilməsinə, ölkəmizin
siyasi, hüquqi, iqtisadi və digər sferalarda beynəlxalq əlaqələrinin
genişlənməsinə, qloballaşan dünyada etibarlı
tərəfdaş kimi mövqelərini möhkəmləndirməsinə
yaradılan etibarlı zəmindir.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
çərçivəsində həyata keçiriləcək
tədbirlərin Azərbaycan Respublikasının Dövlət
büdcəsi, büdcədənkənar dövlət
fondları, mülkiyyət formasından asılı olmayaraq
idarə, müəssisə və təşkilatların, Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun
və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin,
yerli və xarici sahibkarların, beynəlxalq təşkilatların
və xarici dövlətlərin maliyyə vəsaitləri
hesabına maliyyələşdirilməsi nəzərdə
tutulmuşdur.
Son dərəcə əhatəli,
sistemli və məqsədyönlü səciyyə
daşıyan dövlət proqramı son beş
ildə qazanılmış uğurlu nəticələrin
qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə
respublikamızın perspektiv inkişaf hədəflərinin dəqiq
müəyyənləşdirilməsi, ümumi potensialın
regional inkişaf tədbirlərinə yönəldilməsi
baxımından əlahiddə əhəmiyyətə
malikdir. İnanırıq ki, dövlət
proqramında nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi Azərbaycanın dinamik
inkişafını daha da sürətləndirəcək,
regionlara göstərilən diqqət və qayğı hərtərəfli
inkişaf və tərəqqi üçün etibarlı zəminə
çevriləcəkdir.
Müşfiq Atakişiyev,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.-2009.-3 may.-S.4.