Balaca rəssamların
sevdikləri ünvan
Ümummilli lider Heydər Əliyev Azərbaycan məktəblilərinin, gənclərinin
zehni, fiziki cəhətdən hazırlıqlı
olmalarını, onların
öz ölkələrinin,
yaşadıqları rayonun
tarixini, adət-ənənələrini
öyrənmələrini arzulayırdı. Bu məqsədlə ötən
əsrin 70-80-ci illərində
bütün rayonlarda olduğu kimi, Salyanda da bir
sıra mədəni-maarif
ocaqları yaradıldı.
Onlardan biri Salyan Dövlət Rəsm Qalereyasıdır. Hazırda bu qalereya Salyan şəhərindəki Heydər Əliyev prospekti, 85-də yerləşir. Hər gün çiynində rəssam çantası, neçə-neçə balaca rəssam bu ünvana gəlir. Qalereya əvvəllər müxtəlif binalarda fəaliyyət göstərirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə qısa müddət ərzində inşa olunan müasir tipli bu rəsm qalereyası keçən ilin noyabr ayında istifadəyə verildi. İndi burada tədbirlər, sərgilər keçirmək üçün hər cür imkan var. Bu il qalereyada respublikamızın bir çox tanınmış rəssamlarının, habelə yerli fırça ustalarının rəsmlərindən ibarət sərgilərin keçirilməsi nəzərdə tutulmuşdur.
Qalereyanın direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü İman Mustafayev bizi balaca rəssamların sənət ocağındakı əl işləri ilə tanış etdi. Əli bəy Hüseynzadənin, Əliağa Kürçaylının, Xəlil Rza Ulutürkün, Əlövsət Quliyevin portretləri, ermənilərin 1918-ci ildə Salyanda, habelə keçən əsrin sonlarında Qarabağda törətdikləri vəhşiliklər qalereyada nümayiş etdirilən rəsmlərdə öz əksini tapmışdır.
Müsahibim söhbət əsnasında dedi ki, təsviri sənətin böyük yolunda ilk kövrək addımlarını burada atan neçə-neçə yeniyetmə sonradan rəssamlığı özünə peşə seçmişlər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunları Coşqun Məmmədov, Xəyyam Mustafayev, Arzu Bayramova, Novruz İbrahimoğlu, Həmid Məhərrəmov belələrindəndir.
Seyran Cavadov
Azərbaycan.-2009.-3 may.-S.8.