Müasirlik, inteqrasiya və inkişaf - Avrasiya dialoqunun hədəflədiyi ünvanlar

 

Bu gün dünyanın üzərində düşündüyü və həllinə çalışdığı çeşidli məsələlər var. Həyatın ümumi inkişaf ahəngi bu problemlər səbətini yeni-yeni mövzularla zənginləşdirən tələbkeş redaktor kimi çıxış edir. Hər bir ölkənin, cəmiyyətin müxtəlif seqmentlərini təşkil edən dövlət qurumları, ictimai institutlar, hansı coğrafi, siyasi, irqi, dini çətir altında birləşməsindən asılı olmayaraq insanlar, bütövlükdə bəşəriyyətin taleyindən yana narahatlıq ifadə edən həmin problemlərin həlli üçün maksimum zəhmət çəkir və məsuliyyət daşıyırlar. Məqsəd bir və alidir - insanlara darısqallıq etməyən, güvənli, rifah dolu, silah səslərini xoşbəxtlik qəhqəhələrinin əvəz etdiyi bir dünya qurmaq.

Türkiyənin nüfuzlu Mərmərə Qrupunun düzənlədiyi Avrasiya İqtisadi Zirvələri də nəinki iki qitənin əhatə etdiyi coğrafiyanı, bütövlükdə dünyanı düşündürən məsələləri, subregional və regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə adlamış problemləri müzakirə meydanına çəkib diqqətə yönəltməklə, dialoq predmetinə çevirməklə öz ictimai missiyasını yerinə yetirməyə çalışır. Sayca 12-ci forum öz işinə may ayının birinci ongünlüyündə İstanbulda başlayacaqdır. Zirvənin gündəliyində hansı məsələlərin yer aldığı, onların region ölkələri üçün əhəmiyyəti, Avrasiyanın bir məkan və düşüncə olaraq dünya coğrafi siyasətində və iqtisadi sistemində yeri və rolu ilə bağlı Zirvəyə ev sahibliyi edən Mərmərə Qrupu Vəqfinin başqanı dr. Akkan Suver fikirlərini bizimlə bölüşdü.

- Akkan bəy, əvvəla Sizi Qaradağ Monteneqro dövlətinin İstanbulda fəxri konsulu təyin olunmağınız münasibətilə təbrik edirik. Bütövlükdə, Zirvələrin məqsəd və əhəmiyyətini necə dəyərləndirərdiniz?

- Artıq 12 ildir ki, Avrasiya İqtisadi Zirvələri yol gəlir. Bu qədər gündəmdə qalmağın, ən müxtəlif coğrafiyaları və siyasi sistemləri təmsil edən ölkələrin marağını zəbt edə bilmənin özü elə zəhmətimizə, missiyamıza verilən ən bariz dəyər və qiymətin, haqq etdiyimiz uğurların nişanəsidir. Xüsusi iftixarla qeyd etmək istərdim ki, Mərmərə Qrupu Vəqfi bu gün Balkanlarda, Orta Asiyada, Qafqazlarda dövlət başçıları və hökumətlər tərəfindən tanınmaqda və qəbul edilməkdədir. Bu fakt uğurlarımızı şərtləndirən önəmli bir qaynaqdır. Digər mühüm bir şərt isə hər il tədbirimizin gündəliyini təzələməyimiz, sosial-iqtisadi həyatın ən təzadlı, müstəsna sorğularını faydalı və işgüzar dialoq predmetinə çevirə bilməyimizdir. Soruşa bilərsiniz ki, nədən qosqoca bir ölkənin - Türkiyənin problemlərini qoyub dünya çapında məsələlərin çözümünə girişmisiniz? Cavablayıram: bugünkü qloballaşma, ölkələr arasında sərhədlərin şəffaflaşdığı, inkişafla, uğurla paralel problemlərin də inteqrasiya etdiyi bir dönəmdə ölkələrlə yanaşı, insanların da qayğıları beynəlmiləlləşib, ümumi bir çətir altına gəlib. Azərbaycanın, Türkiyənin problemi Çinin, Fransanın, Macarıstanın problemlərindən, onlarınkı isə Rusiyanın, Monqolustanın, eləcə də qalan üç qitədə məskunlaşan insanların problemlərindən fərqlənmir. Digər tərəfdən, belə bir qlobal ilgi statusumuzla bağlıdır. Mərmərə Qrupu Vəqfi Türkiyəni BMT-nin sosial-iqtisadi komissiyasında təmsil edir. ATƏT-in müşahidəçi statuslu üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Balkan Siyasət Klubu, Xəzər dənizi Beynəlxalq İşbirliyi və Əməkdaşlıq Təşkilatının, habelə Dünya Azərbaycanlıları Forumunun, YUNESKO Mədəniyyətlərarası Dialoq Katibliyinin üzvüyük. Bunları nədən anladıram? Məhz həmin ilişgilər bizlərin Avrasiyada səmərəli iş apara bilməyimizi təmin edən nədənlərdir. 12-ci Zirvə görüşündə dünya miqyasında nüfuzlu Vyana İqtisadi Forumu ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşmaya imza atacağıq.

- Dünyanın geosiyasi və geoiqtisadi landşaftında ağırlıq mərkəzlərinin zaman-zaman yerdəyişmələri baş verir. Son onillikdə Avrasiya fenomeni özünü israrla isbat etməkdədir. Bu xəritə harada başlayıb, harada bitir? Avrasiya qloballaşmanın harasındadır? İrəlidə bir Avropa Birliyi hədəfi var ikən Avrasiya əməkdaşlığının pərsəng olacağını düşünmürsünüzmü?

- Azərbaycanın qurucu lideri, Vəqfimizin Şərəf başkanı olmuş Heydər Əliyev bu məsələyə üç təməl prinsipdən yanaşırdı: "Avrasiyada yerləşən yeni dövlətlərin müstəqilliyini qorumaq, Avrasiyada Türk birliyi naminə çalışmaq və əldə edilmiş birlik modelinin dünya miqyasında meydana bir harmoniya gətirəcəyi idealını müdafiə etmək". Ulu öndər Heydər Əliyev, sonralar isə onun varisi Prezident İlham Əliyev belə bir birlikdəliyin memarı adını haqq etdilər - Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz xətti, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə. Digər tərəfdən, zəngin təbii sərvətlər, karbohidrogen ehtiyatları, elmi-intellektual potensial, informasiya texnologiyalarının inkişaf səviyyəsi, insan resursları Avrasiya timsalında belə bir öncüllüyü şərtləndirib dayanıqlı edən çox ciddi sayıla biləcək səbəblər cərgəsindədir. Avrasiya məkanı bu gün inkişafın istisnasız olaraq bütün prioritet istiqamətləri üzrə Qərbə və Yeni Dünyaya meydan oxuyacaq durumdadır. Fəqət, günümüzün reallıqları, içində olduğumuz qloballaşmanın çağırışları prizmasından çıxış etdikdə, Avrasiya fəlsəfəsinə yaxınlıq bizi qloballaşmanın müqəyyəd prinsiplərindən heç vəchlə uzaqlaşdırmamalıdır. Türkiyə, qardaş Azərbaycan da qloballaşan dünyanın çox önəmli aktorları sırasındadır. Biz uzaqlaşmağa, təcrid olunmağa deyil, əməkdaşlıq müstəvisində bir araya gəlmək, barış, inkişaf və istiqrar fəlsəfəsinin çətiri altında birləşmək siyasətindən yanayıq. Bu qəbildən Zirvəyə çıxardığımız məsələlər ölkələrimiz, xalqlarımız üçün eyni - müstəsna əhəmiyyət kəsb edir. Zira, qloballaşmanı təfəkkürlərdə əngəlləyən kifayət qədər ciddi sayılacaq bir məqam var ki, o da milli-mənəvi kimliklə, millətin ənənə və dəyərlər sistemi ilə bağlıdır. Bizlər İslam mədəniyyətli dünyəvi dövlətləri təmsil edirik. Ona görə də qloballaşma fəlsəfəsinə kortəbii, kopyaçılıqla deyil, öz universal dəyərlərimizlə inteqrasiya yolları üzərində düşünməli, bu hədəfə Avrasiya ilə həmrəylik, Avropa Birliyi ilə əməkdaşlıq, NATO ilə tərəfdaşlıq, Amerika ilə işbirliyi, İslam ölkələri ilə sıx təmaslar şəraitində yetişməliyik. Avrasiya yalnız coğrafiya olaraq bir qitədir, təmsil etdiyi dəyərlər, bəyan etdiyi niyyət və meyarlar ortaya qoyulduqda, içinə Amerikanı, Afrikanı da alan bir xəritə ortaya çıxar. Biz belə bir ağıllı, düşünülmüş inteqrasiya fəlsəfəsini dostlarımıza da təklif və təşviq etməkdəyik. Düşünürəm ki, qloballaşmaya qucaq açmasaq, yadlaşma, təkləşmə bizi iqtisadi sahədə deyil, ruhumuzda, iç dünyamızda da təqib edəcəkdir. Zatən, Avrasiya həmrəyliyinin, fəlsəfəsinin ruhu da məhz bunda ifadə olunur.

- 12-ci Zirvədə müzakirəyə cıxarılacaq digər məsələlər hansılardır?

- Bəri başdan deyim ki, həmişəki kimi, bu dəfə də 40-a yaxın ölkənin dövlət və hökumət rəsmiləri, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar ən yüksək təmsilçiliklə tədbirimizdə iştirak edəcəklər. Coğrafiya rəngarəngdir. Dəvətlilərin sırasında Azərbaycan, Rusiya, ABŞ, Almaniya, İtaliya, Türkmənistan kimi ölkələrlə yanaşı, Qaradağ, Estoniya, Litva, Əfqanıstan, Fransa, İngiltərə, Avstriya, Nigeriya, Misir, Zambiya, İsveçrə, Rumıniya və başqa ölkələr yer alıblar. Üç gün ərzində baş nazir, nazir, deputat, səfir qismində təmsil olunan ali qonaqlarımız enerji təhlükəsizliyi və nəqli, dünya maliyyə böhranı, turizm, ekologiya, regional və beynəlxalq əhəmiyyətli əməkdaşlıqla bağlı düşüncələrini bölüşəcək, tərəfdaşlığın daha faydalı və konstruktiv modelləri ilə bağlı təkliflərini verəcəklər. Hesab edirəm ki, ötən ilin neft bazarındakı sərt qiymət enişi və Avropa bazarının yaşadığı təbii qaz böhranı sonrası enerji müzakirələri çox dinamik və işgüzar keçəcəkdir.

Yaxın günlərdə Azərbaycan Prezidenti zati-aliləri İlham Əliyev Belçika Krallığında işgüzar səfərdə olmuşdur. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüş zamanı Avropanın enerji təhlükəsizliyi konsepsiyasında yeni səhifəni açacaq Nabukko layihəsi barədə söhbət getmişdir. Azərbaycanı qardaşcasına sevən biri kimi söyləyirəm: qosqoca Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı aparıcı rol içimizdə qürur və iftixar oyadır. Bundan öncə Türkiyə-Yunanıstan qaz kəmərinin istismara verilməsi də Azərbaycanın Avropanın bir sıra dövlətlərinin enerji təhlükəsizliyindəki müstəsna rolunu təsdiq etməkdədir.

Beş ölkənin- Türkiyə, Rumıniya, Estoniya, Monqolustan və Bolqarıstanın əski çümhurbaşqanları hörmətli Süleyman Dəmirəl, İon İliesku, Emil Konstantinesku, Arnold Rüytel, Natsagiin Baqaandi və Jelyu Jelevin iştirakı və çıxışı ilə düzənlənəcək iclaslardan birində Baltikdən Balkana, Balkanlardan Orta Asiyaya uzanan coğrafiyada qlobal maliyyə böhranının aradan qaldırılması, ümumi sabitlik və inkişaf yolları barədə ortaq işbirliyi və əməkdaşlıq modelləri axtarılacaqdır.

Dünya sənayesinin, texnologiyanın müasir inkişaf ahənginin ekologiyaya, çevrəyə vurduğu sağalmaz yaralar, planetimizin texnogen böhran yaşaması bu gün Yer üzündə hər bir insanı düşündürməkdədir. Biz övadlarımıza, gələcək nəsillərə hansı bir dünyanı miras qoyub gedəcəyik? Bu məsələlər ətrafında işgüzar müzakirə və fikir mübadilələri gözlənilir. Avropa İttifaqının İstanbulu "2010-cu ilin mədəniyyət mərkəzi" elan etməsi ilə bağlı tədbirlərimiz, eləcə də Avrasiya İqtisadi Zirvəsinin kuboku uğrunda at yarışları tədbirimizin işinə bir ayrı rəng qatacaqdır. Hesab edirəm ki, 12-ci Zirvə çox işgüzar və faydalı ovqatda çalışacaq və hər bir dəvətli İstanbuldan xoş təəssüratlar və əzmlə ayrılacaqdır.

 

 

Müsahibəni apardı:

 

Xalid Niyazov

 

Azərbaycan.-2009.-3 may.-S.5.