Sahibkarlığa Kömək Milli Fondu ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir

 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtsiadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində ölkəmizdə aparılan uğurlu islahatlar kontekstində yerli sahibkarlığın inkişafı üçün əməli-praktik işlər görüldüyünü, dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, büdcədən sahibkarlara kömək məqsədilə ayrılan vəsaitin böyük həcmdə artırıldığını diqqətə çatdırmışdır. Dövlət başçısı əmin olduğunu bildirmişdir ki, verilən kreditlərin hesabına yerli sahibkarlar yeni müəssisələr yaradacaq, perspektivli imkanlar əldə edəcəklər.

Sahibkarlığın inkişafına dövlət dəstəyini həyata keçirən maliyyə qurumlarından biri olan Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu dövlət proqramlarının uğurla reallaşmasına mühüm töhfələr verir. Bu qurum sahibkarlığın inkişafına güzəştli kreditlərlə maliyyə təminatı yaradaraq müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasına uyğun zəruri tədbirləri həyata keçirir. Bu tədbirlər hansılardır:

Fondun icraçı direktoru Şirzad Abdullayev bu barədə belə dedi:

- Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, iqtisadiyyatın aparıcı qüvvəsi olan özəl sektorun dövlət tərəfindən dəstəklənməsi onun fəaliyyət dairəsinin daha da genişlənməsi üçün əlverişli şərait yaratmışdır.

Sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsində İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti xüsusilə əhəmiyyətlidir. Məlum olduğu kimi, fondun vəsaitləri Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında müəyyən edilmiş sosial-iqtisadi inkişaf istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun və regionların inkişafına, sahibkarlığın dəstəklənməsinə, yoxsulluğun azaldılmasına, məşğulluğun təmin edilməsinə və digər prioritet məqsədlərin reallaşdırılmasına yönəldilir.

Genişmiqyaslı fəaliyyətimizi xarakterizə edən bəzi statistik göstəricilərə nəzər salaq: 2002-ci ildən başlayaraq dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün ayrılan güzəştli kredit vəsaitlərinin həcmi ilbəil artırılmışdır. 2006-cı ildən isə Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına qaytarılan vəsaitlərdən də istifadə olunmasına başlanmışdır. Beləliklə, 2002-2008-ci illərdə Sahibkarlığa Kömək Milli Fonduna güzəştli kreditlərin verilməsi məqsədilə dövlət büdcəsindən 290 milyon manat vəsait ayrılmışdır.

Ötən illər ərzində dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, güzəştli kreditlərin geri qaytarılması hesabına 7 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 335,6 milyon manat həcmində güzəştli kreditlər verilmişdir. Nəticədə ölkəmizdə, xüsusilə regionlarda sahibkarlıq fəaliyyəti xeyli genişlənmiş, yeni istehsal və emal sahələri yaradılmış, əhalinin məşğulluq səviyyəsi artmış, 75 minədək yeni iş yeri açılmışdır.

Bu il də qarşımızda mühüm vəzifələr durur. 2009-cu il üçün dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna güzəştli kreditlərin verilməsi məqsədilə 74 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Ümumilikdə isə, fondun xəzinə hesabına qaytarılacaq kreditlər və faizlər də daxil olmaqla, sahibkarlıq subyektlərinə 130 milyon manat məbləğində güzəştli kredit vəsaitinin verilməsi proqnozlaşdırılır.

Sahibkarlığa Kömək Milli Fondu 2009-cu ilin I rübünü uğurla başa vurmuşdur. Fondun müşahidə şurası tərəfindən sahibkarlıq subyektlərinin təqdim etdikləri 184 layihəyə baxılmış və 119 sahibkara müvəkkil kredit təşkilatlarına müraciət hüququ verilmişdir. Bu statusu qazananların 99,5 faizdən (118 sahibkarlıq subyekti) çoxunu respublikanın regionlarında fəaliyyət göstərən sahibkarlıq subyektləri təşkil edir. Bu isə regionlarda sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitin bariz nümunəsidir.

Sahibkarlığa Kömək Milli Fondunun əsas vəzifələrindən biri də verilmiş güzəştli kreditlərin təyinatı üzrə və səmərəli istifadəsinə, habelə geri qaytarılmasına nəzarət etməkdir. Bu iş fondda yaradılmış nəzarət-uçot proqramı vasitəsilə həyata keçirilir, Sahibkarlığa Kömək Milli Fonduna ödənilməli olan kredit və faiz məbləğləri hesablanaraq dəqiqləşdirilir, onların vaxtında ödənilməsini təmin etmək üçün müvəkkil kredit təşkilatları ilə müntəzəm əlaqə saxlanılır. 2009-cu ilin I rübü ərzində müvəkkil kredit təşkilatları tərəfindən fondun xəzinə hesabına təxminən 19 milyon manat, ayrılmış kreditlər üzrə aparılmış monitorinqlərin sonunda isə 10 milyon manatdan çox vəsaitin vaxtından əvvəl geri qaytarılması təmin olunmuşdur. Kredit və faiz məbləğləri üzrə Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına daxil olmuş vəsaitlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artmışdır.

Bəzən sahibkarlıq subyektləri biznes məqsədlərini qanunvericiliyə uyğun ifadə edə bilmirlər və ya ümumiyyətlə, fondun vəsaitlərindən istifadə mexanizmi haqqında məlumatsız olurlar. Məhz bu problemin aradan qaldırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi və Sahibkarlığa Kömək Milli Fondu mart ayından etibarən sahibkarlar üçün treninqlərin keçirilməsinə başlamışlar. İndiyədək Lənkəran, Şəki, Sumqayıt, Horadiz və Göyçay şəhərlərində keçirilmiş treninqlərdə 300-dək sahibkara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilməsi qaydaları, güzəştli kreditlərdən daha səmərəli istifadə üsulları barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Sahibkarlıq subyektləri tərəfindən fonda təqdim edilən investisiya layihələri "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadə Qaydaları"na uyğun araşdırılır, ətraflı təhlil olunduqdan sonra müvafiq rəy fondun Müşahidə Şurasına təqdim edilir. Müşahidə Şurasından müvəkkil kredit təşkilatına müraciət etmək hüququ qazanan sahibkarların investisiya layihələri fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları tərəfindən maliyyələşdirilir. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 30 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı tərəfindən həyata keçirilir.

İlin I rübündə Sahibkarlığa Kömək Milli Fondunun Müşahidə Şurasında baxılmış investisiya layihələrində kiçik həcmli kreditlərə olan tələbatın daha çox olması yaz mövsümünün başlanması ilə kənd təsərrüfatında çalışan fermerlərin güzəştli kreditlərə daha çox ehtiyacının olması ilə əlaqədardır.

2009-cu ilin dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna güzəştli kreditlərin verilməsi məqsədilə ayrılan 74 milyon manat vəsaitin 37 milyon manatı fondun xəzinə hesabına köçürülmüşdür. Bütünlükdə isə ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondundan müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 20 milyon manata yaxın güzəştli kredit verilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələrin həyata keçirilməsi nəticəsində 1500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Aprelin 24-də Xaçmaz şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları Quba-Xaçmaz iqtisadi rayonunda (Quba, Xaçmaz, Qusar, Dəvəçi və Siyəzən) fəaliyyət göstərən və indiyədək Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etmiş sahibkarların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin sərgisi ilə tanış olmuşlar. Sonra fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə kənd təsərrüfatı və sənaye məhsulları istehsalı və emalı, xalq sənətkarlığı, o cümlədən xalçaçılıq sahələrində çalışan 48 sahibkara güzəştli kreditlər verilmişdir. Sahibkarlar bu addımın gələcəkdə yeni iş yerlərinin yaradılmasına imkan verəcəyini xüsusi vurğulamışlar.

Tədbir çərçivəsində sahibkarlar üçün "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi mövzusunda treninq keçirilmişdir.

Mayın 1-də Qazax şəhərində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən növbəti tədbir çərçivəsində güzəştli kredit almış müəssisələrin məhsullarının və xidmətlərinin sərgisi təşkil olunmuş, sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində faydalı müzakirələr aparılmışdır. Sonra yeni texnika və texnologiyalara əsaslanan istehsalın yaradılması layihəsinin təqdimatı olmuşdur.

Şəmkir rayonunda faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün istixananın yaradılmasını nəzərdə tutan layihənin maliyyələşdirilməsi üçün fondun vəsaiti hesabına "Azarqo" MMC-yə 3 milyon manat məbləğində irihəcmli güzəştli kredit ayrılması üzrə müqavilə imzalanmışdır. Xatırladaq ki, "Azarqo" MMC-də istehsal olunan məhsulun təxminən 80 faizi ixraca yönəldiləcəkdir.

Ümumilikdə mayın 1-də keçirilmiş tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 6 müvəkkil kredit təşkilatı vasitəsilə Qazax, Tovuz, Ağstafa, Şəmkir və Samux rayonlarında fəaliyyət göstərən 61 sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 3,3 milyon manat məbləğində güzəştli kredit ayrılmışdır.

Maliyyələşdirilmiş layihələrin 99,5 faizi respublika regionlarının payına düşür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kredit vəsaitləri istehsal və emal sahələrinin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu layihələr üzrə 1232 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İnvestisiya layihələrinin maliyyələşdirilməsi zamanı innovasiya, ixrac qabiliyyətli və idxalı əvəz edən məhsulların istehsalı yönümlü layihələrə üstünlük verilmişdir.

Bu ilin I rübündə sənaye məhsullarının istehsalı və emalına verilmiş güzəştli kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çox olmuşdur. Bu isə qeyri-neft sektorunun inkişafında sahibkarların maraqlı olmasını, həmçinin dövlətin də onlara kifayət qədər maliyyə dəstəyi göstərməsini şərtləndirir.

Kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün əlavə vəsaitin cəlb edilməsi ilə əlaqədar beynəlxalq maliyyə institutları ilə danışıqlar aparılır. Sahibkarlığın inkişafına verilən güzəştli kreditlər haqqında daha geniş məlumat əldə edilməsi və fondun fəaliyyəti haqqında ictimaiyyəti vaxtaşırı məlumatlandırmaq məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun veb-saytı yaradılmışdır. Eyni zamanda, fondun fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığının təmin olunması üçün 2008-ci ilin maliyyə hesabatının beynəlxalq auditor qurumları tərəfindən yoxlanması və təsdiq olunması məqsədilə müvafiq tədbirlər görülür.

Sahibkarlığa Kömək Milli Fondu gələcəkdə də sahibkarlara güzəştli kreditlərlə maliyyə köməyinin göstərilməsi, güzəştli kreditlərin verilmə mexanizminin və qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi ilə yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalına rəvac verilməsi, işgüzar əlaqələrin intensivləşdirilməsi istiqamətində fəaliyyətini bundan sonra da uğurla davam etdirməyi qarşıya məqsəd qoyub.

 

 

Söhbəti yazdı:

 

Akif Cabbarlı

 

Azərbaycan.-2009.-3 may.-S.5.