Görkəmli sərkərdə
Görkəmli sərkərdə, artilleriya generalı Əliağa Şıxlinski hərb sənətinin inkişafında, 1918-1920-ci illərdə Azərbaycanda nizami ordu quruculuğu sahəsində və milli hərbi kadrların hazırlanmasında misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycanda ilk dəfə "Hərbi bilik" jurnalının, Hərbi-Elmi Cəmiyyətin, hərbi lüğətin, nizamnamələrin yazılmasında və tərcüməsində böyük əmək vermiş, artilleriya tarixində ilk dəfə olaraq toplardan gözlə görünməyən hədəfə atəş açmağı kəşf etmiş və topların təkmilləşdirilməsi işinə bir sıra dəyərli yeniliklər gətirmişdir. Ə.Şıxlinski yeganə azərbaycanlı idi ki, ilk dəfə Fransanın fəxri "Legion ordeni" və zabitlərə verilən "Legion xaçı" ilə təltif olunmuşdur.
Əliağa Şıxlinski 1865-ci il aprelin 23-də Qazax qəzasının Qazaxlı kəndində dünyaya göz açmışdır. Anası Şahyəmən xanım Qayıbova böyük şair Molla Vəli Vidadinin nəvəsi idi. 1883-cü ildə orduda xidmətə başlayan Ə.Şıxlinski hərb sənətinin sirlərinə yiyələnməyi qarşısına məqsəd qoymuşdu. Peterburq artilleriya məktəbinə daxil olub, 1886-cı ildə oranı əla qiymətlərlə bitirmişdir. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri Ə.Şıxlinski Port-Artur qalasının müdafiəsi zamanı göstərdiyi şücaətə görə "Qızıl qılınc" mükafatına layiq görülmüşdür.
Hərb sənətinin daha dərindən mənimsənilməsi məqsədilə 1910-cu ildə yazdığı və dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" kitabı ixtisaslı hərbi kadrların hazırlanmasında böyük töhfə olmuşdur. Bundan başqa, onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı əsərləri topçu zabitlər üçün nəzərdə tutulmuş dərsliklərə daxil edilmişdir. 1912-ci ildə "Şıxlinski üçbucağı" əsəri Varşavada nəşr olunandan sonra o, Avstriya, Fransa, Norveç və digər ölkələrdə daha yaxşı tanınmışdı. Həmin il Peterburqda Artilleriya Zabitləri Məktəbinə birinci müavin təyin edilən Ə.Şıxlinskiyə dünyanın adlı-sanlı topçuları təbrik teleqramları göndərmişdilər. Fransa Topçu Zabitlər Məktəbinin rəisi, general-mayor Nolle bununla bağlı iftixarla yazmışdır: "Rus topçu məktəbinin ikinci şefi təyin edilməyinizi eşitdim. Sizin simanızda rus artilleriyasını təbrik edirəm". Bir şəxsin timsalında bütöv bir ölkənin artilleriya heyətini təbrik etmək Ə. Şıxlinskinin hərb sənətində göstərdiyi xidmətlərə verilən qiymət idi. Həmin il Əliağa Şıxlinskinin təşəbbüsü ilə Peterburqda ilk dəfə "Artilleriya Zabitləri Məktəbinin jurnalı" çap olunmuşdur.
Dərin zəkası, iti ağlı, hərb elminin mahir bilicisi və qeyri-adi bacarığı ilə seçilən Ə. Şıxlinskiyə 1912-ci ildə general-mayor rütbəsi verilmişdi. Beləliklə, o, Azərbaycanın ilk hərbi generallarından olmuşdur. Görkəmli filosof Heydər Hüseynov dahi sərkərdənin şəxsiyyəti haqqında yazmışdır: "General Əliağa Şıxlinski ilə yaxından tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli bir şəxs idi".
1914-cü ildə Birinci dünya müharibəsi zamanı Petroqrad şəhərinin artilleriya müdafiəsi general Ə.Şıxlinskiyə tapşırılmışdı. Sonralar o, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi vəzifəsində çalışmışdır. 1917-ci il aprelin 2-də general-leytenant rütbəsi alan görkəmli hərbçi sentyabr ayında 10-cu ordunun komandanı təyin olunmuşdur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar vətənpərvər Ə.Şıxlinski doğma elə qayıtmışdır. Həmin ilin dekabr ayında dövlətin hərbi işi Azərbaycanın iki görkəmli sərkərdəsinə tapşırılmışdı. Səməd bəy Mehmandarov respublikanın hərbi naziri, Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edilmişdi. Bu iki şəxsiyyətin gərgin əməyi sayəsində qısa bir zamanda Azərbaycanın nizami ordusu - əsasən azərbaycanlılardan ibarət müsəlman korpusu, əlahiddə Azərbaycan korpusu yaradılmış və cəbbəxanası formalaşmışdır. Bununla da, Azərbaycan Milli Ordusunun əsası qoyulmuşdur.
1920-ci ilin aprelində sovet imperiyasının "qızıl ordu"su Azərbaycanı işğal edən ərəfədə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi. Müqavimətsiz təslim olmaq üçün gənc Azərbaycan Demokratik Respublikasına altı şərt irəli sürülmüşdü. Bu şərtlərdən biri də ordunun ləğv olunmaması ilə bağlı idi. Ə.Şıxlinski qan tökülməsinin qarşısını almaq, eyni zamanda, 72 minlik qoşunla vuruşmağın mümkünsüz olduğunu nəzərə alaraq minalanmış körpülərin partladılmasına icazə verməmişdi. İşğaldan sonra isə imperiya yetkililəri verdikləri sözə əməl etməmiş və milli ordu hissə-hissə dağıdılmışdı.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dövlət xadimi Nəriman Nərimanovun V.İ.Leninə məktubu əsasında Ə.Şıxlinski S.Mehmandarovla birlikdə baş qərargahda işləmək üçün Moskvaya göndərilmişdi.
Ə.Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra qərargahında çalışmış, 1921-ci ildə isə Azərbaycan sovet qoşunları qərargahına göndərilmişdi. Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini, Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri vəzifəsində işləmişdi. 1924-cü ildə Ə.Şıxlinski Birləşmiş Hərbi Komanda Heyəti məktəbinə rəis müavini təyin edilmişdi. 1928-ci ildə o, hərb tarixində ilk dəfə olaraq "Rusca-azərbaycanca qısa hərbi lüğət" çap etdirmiş, və bu lüğətə görə 1928-ci ildə SSRİ Hərbi İnqilab Şurasının fəxri fərmanı ilə təltif olunmuşdu.
Ə.Şıxlinski hərb sahəsində göstərdiyi misilsiz xidmətlərə görə bir çox orden və medallarla, o cümlədən I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi, eyni zamanda, Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdu. 1929-cu ildə istefaya çıxan Ə.Şıxlinski ömrünün sonuna kimi Azərbaycanda hərbi diviziyaların təşkilində, hərbi sənədlərin hazırlanmasında iştirak etmişdir. Görkəmli sərkərdə 1943-cü ildə vəfat etmişdir.
Dünyasını dəyişəndən
sonra da bu məşhur artilleriya generalı həmişə böyük
ehtiramla yad edilir, xatirəsi əziz tutulur.
Adilə Qocayeva
Azərbaycan.-2009.-3 may.-S.7.