Erməni fitnəkarlığı
ifşa olunur
Ermənilər son iki əsrdə Türkiyədə və Azərbaycanda törətdikləri dəhşətli soyqırımları və deportasiyaları, həmçinin dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri amansız terror əməliyyatlarını ört-basdır etmək, beynəlxalq ictimaiyyətdə özləri haqqında "əzabkeş millət" imici formalaşdırmaq üçün uzun onilliklərdir ki, hər il aprelin 24-nü "erməni genosidi" kimi qeyd etməkdədirlər. Uydurduqlarına görə, guya 1915-ci ildə, Birinci cahan müharibəsi dövründə Osmanlı türkləri onları "ağır soyqırımı"na məruz qoyub.
Halbuki arasında yaşadıqları xalqlara qarşı daim düşmən mövqedə dayandıqlarına, satqınlıq və riyakarlıqlarına, törətdikləri cinayətkar aksiyalara, millətlərarası münaqişələrin əsas qızışdırıcıları qismində çıxış etdiklərinə görə vaxtilə Avropanın müxtəlif ölkələrindən qovulmuş bu bədnam millətə öz qoynunda yeganə sığınacaq verən, onları ən bərəkətli torpaqlarında məskunlaşdıran, dillərinə, dinlərinə hörmət və ehtiramla yanaşan, hüquqlarını qoruyan məhz Osmanlı imperiyası olub. O vaxt planetimizin ən nəhəng imperiyalarından biri olan, qədim və zəngin dövlətçilik mədəniyyətinə malik bu qüdrətli ölkə bir tərəfdən çar Rusiyasının, digər tərəfdən İngiltərənin hücumlarına məruz qaldı, iç dünyaları xəyanət mənbəyi olan ermənilərin maska altındakı iblis siması dərhal üzə çıxdı. "Böyük Ermənistan" arzularını reallaşdırmaq üçün II Nikolayın yağlı vədlərinə aldanan Anadolu erməniləri türklərə qarşı sürətlə silahlanmağa başladılar və bu silahlanma həmin ərazilərdə yüz minlərlə dinc müsəlman əhalisinin kütləvi qırğınları ilə sonuclandı. Məşhur Amerika tarixçisi Jorj De Malevilin "1915-ci il erməni faciəsi" kitabında göstərilir ki, "erməni terror və quldur birləşmələri tərəfindən planlı surətdə məhv edilən Şərqi Anadolunun dinc müsəlman əhalisindən 1915-ci ilin fevral ayında olsa-olsa 1 milyon 600 min nəfər qalmışdı. Bir çox rus zabitləri insan qanına susayan ermənilərin törətdikləri dəhşətli qırğınlardan, əldən düşmüş qocalara, qadınlara, südəmər körpələrə belə, rəhm etmədən, hamısını ucdantutma qırıb doğramalarından hiddətlənərək erməni cəlladlara qarşı güc tətbiq etməyə başladılar. Dinc əhaliyə qarşı törədilən vəhşiliklər və qətl-qarətlərlə yanaşı, erməni təbliğat-təşviqatının açıq-aşkar ikiüzlülüyü Osmanlı dövlətinin səbr kasasını daşırdığından Türkiyənin Ali Baş Komandanının əmri ilə 1915-ci il aprelin 24-də Daxili İşlər Nazirliyi bütün erməni komitələrinin - İstanbuldakı və Türkiyənin digər iri şəhərlərindəki terror təşkilatlarının dərhal bağlanması barədə sərəncam verdi. Elə həmin gün müxtəlif vəzifə kürsülərində əyləşib, özlərini türk xalqına dost libasında təqdim etsələr də, dövlətçilik əleyhinə gizli təxribati işlərlə məşğul olan 2345 nəfər cinayətkar erməni lideri həbs edildi. Ermənilər məhz həmin həbs-qətimkan tədbirinin həyata keçirildiyi günü - 1915-ci il aprelin 24-nü "türklərin ermənilərə qarşı genosid günü" kimi qeyd etməyi planlaşdırdılar". Məşhur Amerika alimi C.S.Şou yazırdı ki, "1915-ci ildə rusların türklərə qarşı apardıqları cinayətkar müharibədə erməni generallarından Hamazaspın, Dar Pastirmaçiyanın, Andronikin, Karakinin, Hayk Liantsın və Kerinin komandanlığı altında 24 minə yaxın erməni əsgəri, 11 kazak taboru, bir kazak alayı, minlərlə erməni könüllüsü iştirak edirdi. Onların ümumi sayı 50 min nəfərdən artıq idi. Onlar Türkiyənin müxtəlif bölgələrində etnik təmiz zonalar yaratmaq üçün yüz minlərlə dinc sakini qılıncdan keçirib, qanına qəltan etmiş, ev-eşiklərini yandırıb külünü havaya sovurmuş, insan cəsədlərindən nəhəng tonqallar çatmışdılar". Bu cinayətkar aksiyalardan hiddətlənmiş türk hökuməti Van gölü ətrafında yaşayan və Osmanlı imperiyasına qarşı mübarizədə ruslara canfəşanlıq göstərən satqın erməniləri müharibə zonasından ölkənin uzaq guşələrinə köçürmüş və köçürmə zamanı ermənilərdən bir qrupu xəstəlikdən öz dünyasını dəyişmişdi. Sonralar erməni tarixçiləri bu köçürməyə "erməni soyqırımı" damğası vurmuş və türkləri tənqid hədəfinə çevirmək üçün bu faktdan böyük ustalıqla istifadə etmişlər. Halbuki Amerika alimlərinin məlumatlarına görə həmin vaxt erməni quldur və terror dəstələri tərəfindən qətlə yetirilən müsəlmanların sayı ölən ermənilərin sayından qat-qat çox idi. 1915-ci il iyunun 22-də hökumət qoşunları Van şəhərinə daxil olarkən onların gözləri qarşısında dəhşətli bir mənzərə canlanmışdı: meyitlər bir-birinin üstünə qalaqlanmışdı. Erməni terror birləşmələri burada vaxtında qaçıb canını qurtara bilməyən bütün müsəlman əhalini - türkləri, azərbaycanlıları, kürdləri vəhşicəsinə qətlə yetirmiş, 1000 körpəni diri-diri boğmuşdular. Həmin il iyulun 1-də rus generalı Nikolayev öz məlumatında təkcə Van şəhərində 15 min nəfərin ağır işgəncələrə məruz qalmasından, bu ağlasığmaz cinayətin Tero və Xeso adlı iki erməni qulduru tərəfindən törədildiyindən söz açır və insanlıq simasını itirmiş həmin qatilləri topların qarşısına qoyub güllələməyə çağırırdı. Ermənilər gülləyə qənaət etmək məqsədilə bəzən türk əhalisini kütləvi şəkildə zəhərləmək metodundan da istifadə edirdilər. Amerika tarixçisi Stenford C.Şou "Osmanlı imperatorluğunun tarixi" kitabında yazırdı ki, "Birinci dünya müharibəsi ərzində müsəlmanların ermənilər tərəfindən dəhşətli, amansız, kütləvi qırğını davam etmişdir. Bir milyondan çox türk kəndlisi doğma ocaqlarından didərgin düşmüşdür. Minlərlə qaçqın tikə-tikə doğranmış, qol və ayaqları, burun və qulaqları kəsilmiş, gözləri çıxarılmışdı. Həmin qırğınların əsas təşkilatçılarından və ideoloqlarından biri "Daşnaksütyun" terror təşkilatının üzvü, Atom ləqəbli Arutyun Şaxrikyan idi. Ermənilər Türkiyənin Abaağa, Bitlis, Tərcan, Malazagird, Edremid vilayətlərində də dəhşətli yanğınlar və qətliamlar törətmiş, təkcə Qars və Ərdahanda 30 min günahsız türkü vəhşicəsinə qətlə yetirmişdilər. Həmin qətllərin əsas törədicilərindən biri "Hnçaq" terror təşkilatının ideoloqu, Türkiyə parlamentinin deputatı Stepan Ter Danielyan olmuşdu. Ən dəhşətlisi budur ki, o iblis xislətli vəhşi öz seçicilərinin belə, bütün ailə üzvləri ilə birlikdə qətlə yetirilməsini, körpələrinin diri-diri tonqalda yandırılmasını əmr etmişdi. Erməni tarixçilərinin qondarma məlumatlarına görə, guya birinci cahan hərbi illərində Osmanlı imperiyasında 2 milyon 300 min erməni yaşayırmış. Halbuki Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, həmin vaxt onların sayı cəmi 1 milyon 200 min nəfər olub. Öz əhalisinin sayını birdən-birə 1 milyon 100 min nəfər artırmaq ermənilərin ənənəvi metodudur. Erməni tarixçilərinin yazdığına görə, guya 1915-ci ildə Anadoluda türklər tərəfindən 1 milyon 500 min nəfər erməni qətlə yetirilib. Halbuki statistik məlumatlara görə, həmin vaxt Anadoluda cəmi 600 min nəfər erməni həlak olub. Əksəriyyəti də köçürmə vaxtı, bir türk gülləsinə belə, tuş gəlmədən, sadəcə, aclıq və xəstəlikdən. Ermənilər isə məşhur Amerika alimi Castin Makkartinin "Anadolu erməniləri 1912-1922-ci illərdə" əsərində yazdığı kimi, "1915-ci ildə 600 min, bütövlükdə 1912-1922-ci illərdə isə 2 milyon 500 min günahsız türkü öz doğma ata-baba torpaqlarında amansızcasına qətlə yetirmiş, şəhər və kəndlərini yandırıb xarabazara çevirmişlər". Müsəlmanları son nəfərinədək qırıb torpaqlarına sahib olmağı qarşılarına məqsəd qoymuş ermənilər hətta rus-türk müharibəsində döyüş zonasından yüz kilometrlərlə kənarda yerləşən Sivas əyalətində dinc və əmin-amanlıq şəraitində yaşayan 180 min nəfər türkü qılıncdan keçirib qətlə yetirmişdilər. Qanlı cinayətlər törədən ermənilər qondarma "erməni soyqırımı"nı dünya ölkələrinə sırımaq iddialarından hələ də əl çəkməyiblər.
Lakin onların bütün cəhdləri əbəsdir. Beynəlxalq hüquq da, ədalət də bizim tərəfimizdədir. Ermənistan işğalçı dövlətdir. Ermənilər türklərə qarşı tarix boyu etnik təmizləmə siyasəti aparıb. Torpaqlarımızı işğala məruz qoyub. Artıq xalqımızın səbri tükənməkdədir. Azərbaycan hansı yolla olursa-olsun o torpaqları erməni işğalından azad edəcək və onlar törətdikləri cinayətlər üçün tarix və beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər.
Zeynal Vəfa
Azərbaycan.-2009.-3 may.-S.6.