Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, ümummilli liderin adını daşıyan parkla və rayon icra hakimiyyətinin yeni binası ilə tanış olmuşdur

 

 Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Bakının Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkı və rayon icra hakimiyyətinin yeni binası ilə tanış olmuşdur.

Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin bürüncdən hazırlanmış abidəsi önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev sonra Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, mərkəzlə tanış oldu.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilmişdir. Binanın hər mərtəbəsinin sahəsi 360 kvadratmetrdir.

Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.

Mərkəzin birinci mərtəbəsi ilə tanış olan Prezident İlham Əliyev ulu öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillərə baxdı. Dövlətimizin başçısına buradakı multimedia və rəsm studiyaları, elektron kitabxana haqqında ətraflı məlumat verildi.

Bildirildi ki, elektron kitabxana hələlik 50 min səhifəlik 200 adda müxtəlif kitabları əhatə edir. Multimedia studiyasında uşaqlar üçün ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqında üçhissəli film hazırlanmışdır. Bundan başqa, mərkəzin xüsusi internet səhifəsi də yaradılmışdır. Mərkəzin fəaliyyəti ilə tanış olmaq istəyənlər girişdə quraşdırılan elektron informasiya köşkünün xidmətindən istifadə edə bilərlər.

İkinci mərtəbədəki geniş sərgi salonunda əməkdar rəssam Rəfael Abbasovun 2008-ci ildə yağlı boya ilə yaratdığı "Ulu öndər" əsəri ilə yanaşı, ümummilli liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzi ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə məşğələlər keçirilməsi üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılmışdır.

Üçüncü mərtəbədə "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron sərgi nümayiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş konfrans zalı - lektoriya fəaliyyət göstərir.

Mərkəzdə toplanmış materiallar həyatının mənasını xalqına və Vətəninə xidmətdə görən ulu öndərin zəngin və çoxşaxəli fəaliyyəti, ümumən Azərbaycan tarixinin bütöv bir qərinəsi barədə dolğun təsəvvür yaradır.

Dövlətimizin başçısı mərkəzlə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Prezident İlham Əliyev ümummilli liderin adını daşıyan yeni mədəniyyət və istirahət parkı ilə tanış oldu.

 Dövlətimizin başçısının park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yaradılan və Suraxanı rayonunun Əmircan qəsəbəsinə xüsusi yaraşıq verən park sakinlərin sevimli istirahət guşələrindən biridir.

Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev adına Parkın ərazisi 4 hektardır və onun 3 hektara qədəri yaşıllaşdırılmışdır. Burada 15 min müxtəlif ağac və gül kolları əkilmiş, bütün ərazi yaşıl çəmənlə örtülmüş, əyləncə, ən müasir tələblərə cavab verən idman-trenajor qurğuları, kölgəliklər quraşdırılmış, uşaq meydançası və qumluq sahə düzəldilmişdir. Parkda müxtəlif formalı 100-ə qədər oturacaq, ən müasir işıqlandırma sistemi quraşdırılmış, musiqili fəvvarələr və "Su teatrı" yaradılmışdır. Fəvvarələrin ətrafında amfiteatrı olan meydanda təqribən 3 min nəfərin iştirak edə biləcəyi kütləvi tədbirlər keçiriləcəkdir.

Parkdaxili piyada yolları salınmış, transformator və generator məntəqəsi tikilmiş, su quyusu qazılmış, ərazidə suvarma sistemi quraşdırılmış, su anbarı inşa edilmişdir. Çoxlu sayda dekorativ daş, gül və başqa landşaft kompozisiyalarından ibarət guşələr parkın simasını daha da gözəlləşdirir.

Buradakı "Bayraq meydanı"nda hündürlüyü 26 metr olan qüllədə Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Həmin meydanda "Günəş saatı" da vardır. Gənc heykəltəraşların əl işlərindən ibarət heykəltəraşlıq guşəsi parka xüsusi yaraşıq verir. Parkın ərazisində müxtəlif yerlərdə xüsusi müşahidə kameraları quraşdırılmış, mühafizə təmin edilmişdir.

Dövlətimizin başçısı daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, binanın ümumi sahəsi 4186 kvadratmetrdir. Yeraltı avtomobil dayanacağı olan binanın birinci mərtəbəsində vestibül, qəbul otağı, 70 yerlik yeməkxana, qarderob və 320 yerlik akt zalı yerləşir. Akt zalı ayrıca tikilərək keçid vasitəsilə əsas korpusa birləşir. İkinci, üçüncü və dördüncü mərtəbələrdə işçi və xidməti otaqlar, qəbul otaqları və konfrans zalı vardır. Kompleksdə işıqlandırma, su təchizatı, havalandırma, rabitə, videomüşahidə, təhlükəsizlik, kompüter, televiziya sistemləri qurulmuşdur. Binanın fasadının bəzək işlərində yüksək keyfiyyətli ağ lövhələrdən, qranitdən istifadə olunmuş və zövqlə işıqlandırılmışdır.

 Bildirildi ki, yeni binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bu isə icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir.

Prezident İlham Əliyev akt zalı, konfrans salonu, iş otaqları ilə tanış oldu, dördüncü mərtəbədəki açıq eyvandan Heydər Əliyev adına Parkı seyr etdi.

Dövlətimizin başçısı yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirdi, tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-5 may.-S.1.