Azərbaycan Dövlət
Neft Akademiyasında törədilmiş cinayətlə
bağlı istintaq-əməliyyat tədbirləri
davam etdirilir
Cari il aprelin 30-da Azərbaycan
Dövlət Neft Akademiyasında günahsız insanların qəsdən
öldürülməsi və həyatlarına sui-qəsd
faktı ilə əlaqədar başlanmış cinayət
işi üzrə Daxili İşlər Nazirliyi və Baş
Prokurorluğun peşəkar əməkdaşlarından ibarət
istintaq-əməliyyat qrupu tərəfindən istintaq hərəkətləri
və əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
Daxili İşlər
Nazirliyi və respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin
birgə məlumatında deyilir ki, istintaq qrupu tərəfindən
hadisə yeri və Dövlət Neft Akademiyasının 2-ci
korpusu tam müayinə olunmuş, maddi sübut kimi cinayəti
törətmiş şəxsin üzərində olan
"Makarov" tapançası, habelə patron, giliz, qan
nümunələri və digər maddi sübutlar
götürülərək çoxsaylı ekspertizalar
keçirilmişdir.
Müəyyən
olunmuşdur ki, cinayəti törətmiş Qədirov Fərda
Əsəd oğlu 1980-ci ildə Gürcüstanın Marneuli
rayonunun Daştəpə kəndində anadan olmuş, uzun
müddət Rusiya Federasiyasında yaşamış və
2008-ci ilin oktyabrında doğulduğu kəndə
qayıtmışdır. 2009-cu il martın 12-də
Marneuli-Bakı sərnişin avtobusunun
sürücüsünün köməkçisi işləyən
Marneuli şəhər sakini Qabulov Ariz Zahid oğlu ilə həmin
şəhərdə görüşən Fərda Qədirov
Bakıda kirayə mənzil axtardığını
bildirmişdir. Ariz Qabulov paytaxtın Nizami rayonunun Çobanzadə
küçəsində yerləşən, qardaşı -
Marneuli şəhər sakini Arif Qabulova məxsus birotaqlı mənzili
ona kirayəyə verməyə
razılaşmışdır. Ertəsi gün onlar avtobusla
Bakıya gəlmiş və Fərda Qədirov həmin mənzili
təhvil almışdır.
Həmin ünvanda
aparılmış axtarış zamanı mənzildən hər
biri bir ədəd olmaqla 9 millimetr kalibrli patron, üzərində
canavar təsviri olan sintetik materialdan hazırlanmış qara
rəngli maska və istifadə olunmuş rezin tibb əlcəkləri
aşkar edilib götürülmüşdür.
Ariz və Arif Qabulov
qardaşlarının baş vermiş cinayətdə əlaqələrinin
olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri
davam etdirilir.
Aparılmış
istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayətin törədilməsində
Fərda Qədirovun köməkçisi qismində iştirak
etmiş həmkəndlisi Əliyev Nadir Şirxan oğlu
müəyyən edilərək istintaqa cəlb olunmuşdur. Araşdırmalar
göstərmişdir ki, Fərda Qədirov Qazax rayonunun
Daş Salahlı kənd sakini Kazımov Mədət Qafur
oğlunun adına sənədləşdirilmiş mobil
telefonla Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi
saxlamışdır. Sonuncu martın 15-də Bakı şəhərinə
gələrək Fərda Qədirovla mütəmadi
görüşmüşdür.
Nadir Əliyev yarana biləcək
maneələri aradan qaldırmaq və
planlaşdırılmış cinayətin həyata
keçirilməsinə şərait yaratmaq məqsədilə
aprelin 30-u saat 9.30 radələrində odlu silahla
silahlanmış Fərda Qədirovla birlikdə Dövlət
Neft Akademiyasının inzibati binasının
qarşısına gələrək cinayətin törədilməsində
iştirak etmişdir. Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə təqsirləndirilən
şəxs qismində cəlb olunmuş Nadir Əliyev barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Cinayəti törətmiş Fərda Qədirovla qohumluq əlaqələri olan və hadisədən əvvəl onunla müntəzəm əlaqə saxlamaqla martın 12-də Bakı şəhərinə gəlmiş Marneuli rayonunun Şulaveri qəsəbəsinin sakini Amirov Cavidan Fərman oğlu da davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilərək istintaqa cəlb olunmuşdur. Onun yaşadığı mənzildə aparılmış axtarışla "AKM" avtomatına və "Makarov" tapançasına aid 12 ədəd patron, habelə 5,04 qram həşiş qatranı aşkar edilərək götürülmüşdür. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Cavidan Amirov barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onun törədilmiş cinayətlə əlaqəsinin olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prosessual araşdırmalar zamanı 300-dən artıq şahid, o cümlədən hadisəni mobil telefonlarının videokamerasına yazmış şəxslər müəyyən edilərək dindirilmiş və müvafiq videoçəkilişlər onlardan götürülmüşdür.
Xüsusi qeyd edilməlidir ki, maddi sübut olan giliz və güllələrin ilkin tədqiqatı nəticəsində onların yalnız bir silahdan - "Makarov" tapançasından atıldığı müəyyən edilmiş, habelə hadisə yerində digər hər hansı silah və ya giliz aşkarlanmamışdır. Tapılmış giliz və güllələrin Fərda Qədirovun üzərindən götürülmüş "Makarov" tapançasından atıldığı, eləcə də onun cinayətdə istifadə etdiyi məhz bu silahla gicgah nahiyəsinə bir atəş açmaqla özünü öldürməsi aparılmış ekspert müayinələri ilə sübuta yetirilmişdir.
Hadisənin şahidləri və zərərçəkənlər Fərda Qədirovun tanınmaya təqdim edilmiş fotoşəkli əsasında cinayətin məhz onun tərəfindən törədildiyini birmənalı olaraq göstərmişlər. Həmçinin bu qanlı cinayəti törədənin atası Rusiya Federasiyasında yaşayan Əsəd Qədirov da tanınma üçün təqdim edilmiş meyitin oğlu Fərda olduğunu təsdiqləmişdir.
Bütün bunlara baxmayaraq son günlər, sözügedən cinayətlə əlaqədar bəzi kütləvi informasiya vasitələrində bir çox hallarda peşə davranışı qaydalarına riayət olunmadan, bəzən də hadisə barədə insanlarda yanlış fikirlər, cəmiyyətdə çaşqınlıq yaradan və reallığa söykənməyən məlumatlar yayılır. Qərəzli şəkildə və ya bilməyərəkdən ortaya çıxan belə məlumatlar bu ağır cinayətdə bəzi xarici qüvvələrin iştirakının olub-olmaması fərziyyəsinin yoxlanılıb əsl həqiqətin müəyyən edilməsinə maneçilik törədən zərərli cəhdlər kimi qiymətləndirilir.
O da qeyd olunmalıdır ki, məhkəmə-ballistik ekspertiza ilə Fərda Qədirovun üzərindən götürümüş "Makarov" tapançasından Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, mərhum general-leytenant Rail Rzayevin qəsdən öldürülməsində istifadə olunması təsdiqlənməmişdir.
Hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin, digər iştirakçılarının və törədilmə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv şəkildə davam etdirilir.
Müvafiq cinayət işi ilə əlaqədar istintaq-əməliyyat qrupunun müəyyən etdiyi digər zəruri məqamlar barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-5 may.-S.2.